SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir

SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
616     12:29     06 10 2022    
Son bir neçə ay ərzində İranın Ukraynadakı müharibəsi üçün Rusiyaya Pilotsuz uçuş Aparatları (PUA) göndərdiyinə dair məlumatlar ortaya çıxıb və indi Rusiyanın onları istifadə etdiyinə dair foto sübutlar var. Ukraynalı partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssis tərəfindən “Twitter”də yerləşdirilən görüntülərdə İran və onun proksiləri tərəfindən Yaxın Şərqdə artıq bir neçə dəfə istifadə edilmiş “Şahed-136” model PUA-nın fraqmentləri əks olunub.

Keçən aya qədər olan müddətdə açıq mənbəli uçuş məlumatları göstərdi ki, Putin fevral ayında Ukraynaya hücumunu genişləndirdikdən sonra Moskvaya 42-yə qədər İran yük təyyarəsinin reysi enib. Bu, 2021-ci ildəki uçuşlardan dəfələrlə çoxdur. Digər mətbuat xəbərlərinə görə, İran Rusiyaya bir neçə növ PUA satıb. Söhbət “Şahed”in 171, 129 və hətta 191 konfiqurasiyalarından gedir. Rusiya kosmosa uçan bir neçə dövlətdən biridir. Yüksək performanslı reaktiv qırıcılar və qitələrarası ballistik raketlər istehsal edən aerokosmik sənayeyə malikdir. Bəs İran kimi ikinci dərəcəli dövlətdən PUA almaqla nə əldə etmək isətiyr? Bunun müasir PUA-ların mürəkkəbliyi, eləcə də sanksiyalarla çox əlaqəsi var.

2008-ci ildə Gürcüstan ordusu ilə döyüşdə PUA ilə qarşılaşdıqdan sonra Rusiya İsraildən “Hermes 450” platformaları almaqla xarici hərbi PUA-ların tədarükünə başlayıb. İsrailin dizayn etdiyi Rusiyada istehsal edilən PUA-lardan bəziləri Ukrayna üzərində döyüşlərdə göründü. Rusiya silah sənayesi öz yerli müasir hərbi PUA-larını istehsal etmək üçün çox çalışıb. Ancaq Rusiyanın müasir PUA istehsalı cəhdləri nəticəsiz qalıb. “Orlan 10” adlı Rusiyanın öyündüyü PUA-ların komponentləri xaricdən gəlib. Rusiya onu yerli istehsal kimi təqdim etsə də, PUA-da Fransadan gələn termal kamera, Yapon mühərriki və cib telefonlarını izləmək üçün istifadə edilən Amerika istehsalı elektron lövhə aşkarlanıb. Rusiyanın bu PUA-lardan kütləvi istehsal etməsi üçün xarici yardıma ehtiyacı var.

Hər bir müasir PUA-nın giroskoplara, sensorlara, elektrik mühərriklərinə, mikroçiplərə və müşahidə üçün istifadə olunan mürəkkəb faydalı yüklərə ehtiyacı var. Rusiya sənayesi müasir PUA üçün alüminium qanad və gövdə hazırlanmasını həyata keçirə bilər, lakin daxili komponentlər hələ də xarici idxaldan çox asılıdır.

İran bu sahədə bir sıra nailiyyətlər əldə edib. Rusiyadan fərqli olaraq, İran onilliklər ərzində Qərbin ağır sanksiyaları və müxtəlif iqtisadi və texnoloji təzyiqləri altındadır.

İran İsrailin PUA-larını ala bilmir və İsrail, Amerika və digər casusluq və hüquq-mühafizə xidmətləri İranın PUA hissələrini əldə etməsini çətinləşdirmək üçün çox çalışırlar. Bu, İranı qaçaqmalçılıq və hiylə yolu ilə mühüm komponentləri əldə etmək üçün daha çox işləməyə məcbur edib. Əsasən bu sahədə Çinin köməyinə arxalanıblar. İran bu məhdudiyyətlərə baxmayaraq, nisbətən təkmil hərbi PUA proqramına malikdir.

İkili istifadə texnologiyası komponentləri İran PUA istehsalçılarının yoxlamadan yayına bilməsi və sursatlar daşıya bilən PUA-ların kütləvi istehsal edə bilmələrinin əsas yoludur. PUA-ların ürəyi mühərrikdir və İranın “Şahed-129” PUA-ları ABŞ-ın “Predator” PUA-larında olduğu kimi “Rotax 914” təyyarə mühərrikindən istifadə edir. “Rotax 914” mühərriki Avstriyada “BRP-Rotax” şirkəti tərəfindən istehsal olunur, bu müəssisə Kanadanın “Bombardier Recreational Products” (BRP) şirkətinə məxsusdur.

Bildirilir ki, “Şahed-129” Rusiyanın İrandan aldığı PUA-lardan biridir və bu xəbərlər doğru olarsa, Kanada şirkətinin Avropadakı törəmə şirkəti tərəfindən istehsal olunan mühərriklərin öz ölkələrini müdafiə edən ukraynalıları öldürmək üçün istifadə olunduğu aşkara çıxacaq.

İran və Rusiyaya mühərriklərin tədarükü dayandırıla və ya ləngidə bilərmi? Avstriyanın “BRP-Rotax” şirkətinin PR nümayəndəsi belə cavab verib: “Biz “Rotax” təyyarə mühərriklərini müstəqil, ümumdünya distribyutorlar şəbəkəsi vasitəsilə satırıq və mühərriklərimiz yalnız mülki məqsədlər üçün nəzərdə tutulub və istehsal olunub, habelə müvafiq mülki tənzimləmə orqanı tərəfindən sertifikatlaşdırılıb”.

O qeyd edib ki, “BRP-Rotax” mühərriklərinin hərbi məqsədlər üçün istifadə edildiyi 2020-ci ilin payızında məlum olub: “O vaxtdan biz daxili nəzarətimizi gücləndirmək və mühərriklərimizin münaqişə vəziyyətində istifadəsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmüşük”.

İran liderləri öz PUA-larının ukraynalılara “dağıdıcı” zərbələr endirməsi barədə nə düşünür? Bu incə sualdır, çünki İranın PUA proqramı artıq ağır sanksiya təzyiqi altındadır və İranın Rusiyaya yardım etməsi xəbəri nüvə danışıqları üçün müstəsna həssas dövrdə ictimai diplomatiya cəbhəsində faydalı olmayacaq. İranın xarici işlər nazirinin ukraynalı həmkarı ilə telefon danışığında Rusiyaya bu PUA-ların satışını inkar etdiyi bildirilir, lakin onun ənənəvi silah təchizatçılarından birinə silah satmaqda qürur hissi var. İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş lideri Möhsün Rezainin nəzarəti altında olan İran xəbər saytı Rusiyanın avqustun ortalarında İrandan PUA alması ilə bağlı məqalə dərc edib. Məqalədə bu xəbərlərin İran PUA-larının vəziyyəti, texnoloji və hərbi gücünü nümayiş etdirməsi ilə fəxr etməklə yanaşı, “İranofobiya layihəsi”nin davamı və ABŞ-ın İran İslam Respublikasını təhdid etməsinin bir hissəsi olduğu da vurğulanır. Məqalədə qeyd edilir ki, Amerika daima PUA məsələsini nüvə problemi ilə birləşdirməyə və onları Avropanın bəzi hissələrinə də təsir edən vahid təhlükə kimi təqdim etməyə çalışır.

ABŞ üçün bu məsələnin müəyyən təsirləri var. Ukrayna və onun tərəfdarları dəfələrlə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıblar. Prezident Bayden Rusiyanın Ukraynadakı terror təşkilatlarını dəstəkləməsinə, NATO ölkələrinin daxilində Rusiyanın təxribat hücumlarına, Rusiyanın Ukraynanın mülki əhalisinə qarşı kütləvi şəkildə terrordan istifadə etməsinə baxmayaraq, indiyədək belə bir bəyanatın əleyhinə qərar verib.

“Şahed -129” Tehranın “Qods Aviation Industries” şirkəti tərəfindən istehsal olunur. Bu dövlət firması SEPAH-ın nəzarətində olan qurum kimi BMT, ABŞ və digərləri tərəfindən sanksiyaya məruz qalıb. 2012-ci ildə Aİ bu şirkəti İranın nüvə fəaliyyətləri ilə əlaqəli siyahıya salıb. ABŞ SEPAH-ı xarici terror təşkilatı kimi tanıyıb. Bu PUA-ların birbaşa SEPAH-ın nəzarətində olan qurumdan alınması ABŞ-ın “beynəlxalq terror aktlarına dəfələrlə dəstək vermək” tərifinə uyğun gəlməyə bilər, lakin əgər Rusiya SEPAH-ın şirkətindən hərbi PUA-lar alıbsa, Moskvanın xarici terror təşkilatına sponsorluq etdiyini söyləmək düzgün ola bilər.
Strategyvision.org

Teq: İran   PUA   Rusiya  


Oxşar məqalələr
Son əlavə olunanlar