Parlaq Fasad, Qaranlıq Arxaplan: Ermənistanın Süni Zəka Xülyası, Ölçüyə Sığmayan Reallıq və Gizli Təhlükələr

  Parlaq Fasad, Qaranlıq Arxaplan:  Ermənistanın Süni Zəka Xülyası, Ölçüyə Sığmayan Reallıq və Gizli Təhlükələr
19     09:17     16 02 2026    
2026-cı ilin fevral ayında ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı elan olunan investisiya vədləri (9 milyard dollarlıq nüvə energetikası layihəsi, 500 milyon dollarlıq süni zəka məlumat mərkəzi, 4 milyard dollarlıq əlavə genişlənmə planı) Ermənistanı bir gecədə qlobal texnoloji xəritənin parlaq nöqtəsinə çevirmək iddiasındadır. Vensin “bunlar elə çiplərdir ki, dünyanın əksər ölkələrində yoxdur və ola da bilməz” bəyanatı, “Forbes”in Ermənistanı “güclü geosiyasi mərkəz” adlandırması, “Bloomberg”in 13 milyard dolları keçə biləcək investisiya dalğasından bəhs etməsi ilk baxışda Ermənistan üçün tarixi dönüş nöqtəsi təsəvvürü yaradır. Lakin bu parlaq başlıqların arxasında duran texnoloji, iqtisadi, infrastruktur, hüquqi və geosiyasi reallıqları dərindən araşdırdıqda mənzərə tamamilə fərqli görünür. Vədlərin miqyası ilə Ermənistanın icra qabiliyyəti arasındakı uçurum o qədər böyükdür ki, bu prosesin şişirdilmə olduğunu əsaslandırmaq üçün çoxlu obyektiv dəlil mövcuddur.

Hər şeydən əvvəl, elan olunan rəqəmlərin Ermənistan iqtisadiyyatının miqyası ilə müqayisəsini aparmaq lazımdır. Ermənistanın ümumi daxili məhsulu təxminən 27 milyard dollar civarındadır. Vəd olunan 13 milyard dolları keçən investisiya həcmi ölkənin illik ümumi daxili məhsulunun yarısından çoxuna bərabərdir. Dünya iqtisadi tarixində heç bir ölkə öz ümumi daxili məhsulunun yarısı həcmində birbaşa xarici investisiyanı qısa müddətdə effektiv şəkildə mənimsəyə bilməyib. Belə miqyasda investisiya axını yalnız rəqəm olaraq böyük deyil, onu qəbul etmək, idarə etmək, istiqamətləndirmək və nəticəyə çevirmək üçün müvafiq institusional, infrastruktur və kadr potensialı tələb olunur. Ermənistanın bu potensialının kifayət qədər olub-olmadığı ciddi sualdır.

Süni zəka məlumat mərkəzi layihəsini – “Firebird” və “Nvidia” əməkdaşlığını daha yaxından araşdırdıqda bir neçə fundamental problem üzə çıxır. İlk və ən əhəmiyyətli sual enerji təchizatı məsələsidir. 100 meqavat gücündə məlumat mərkəzi nəhəng enerji istehlakçısıdır, bu, təxminən 75 min evin elektrik tələbatına bərabərdir və Ermənistanda istehsal olunan bütün elektrik enerjisinin təxminən 3 faizini istehlak edəcək. Ermənistanın hazırkı enerji sistemi zərif tarazlıq üzərində qurulub: “Metsamor” AES ölkənin enerji istehsalının əhəmiyyətli hissəsini təmin edir, hidroelektrik stansiyaları mövsümi dəyişkənliyə məruz qalır, qaz isə əsasən Rusiyadan idxal olunur. Ermənistanın enerji balansının strukturu problemi daha da ağırlaşdırır, ölkənin statistika idarəsinin 2023-cü il üçün məlumatlarına görə, enerji istehsalının 58,4 faizi təbii qazdan, 18,3 faizi nüvə enerjisindən və 16,9 faizi neftdən əldə edilir. Yəni ölkə qazıntı yanacaqlarından kritik dərəcədə asılı vəziyyətdədir. Məlumat mərkəzinin fasiləsiz enerji tələb etdiyini (24 saat, 365 gün kəsintisiz işləməli olduğunu) nəzərə alsaq, bu əlavə yük enerji sistemini sabitləşdirsizləşdirə bilər. Yüksək texnologiyalı obyektlərin sürətli tikintisi nadir hallarda şəbəkə infrastrukturunun təkmilləşdirilməsinin mürəkkəb prosesləri ilə sinxronlaşır. “Firebird” şirkəti təmiz enerji mənbələri axtardığını bəyan etsə də, Ermənistanın nüvə enerjisi “Metsamor”un köhnəlmiş və bağlanmağa namizəd reaktoruna söykənir, yeni modul reaktorların isə ən erkən 2030-cu illərdə işə düşəcəyi gözlənilir. Arada yaranan enerji boşluğu necə doldurulacaq? Layihə nəinki enerji boşluğunu doldurmur, əksinə karbon tutumlu enerji modelinin davam etməsinə rəvac verir ki, bunun uzunmüddətli ekoloji və sosial xərcləri Ermənistan üçün ağır olacaq.

İkinci kritik məsələ insan resurslarıdır. “Nvidia Blackwell” prosessorları ilə işləyən superkompüter infrastrukturu olduqca yüksək ixtisaslı mütəxəssislər tələb edir: süni zəka mühəndisləri, məlumat mərkəzi arxitektorları, soyutma sistemləri mütəxəssisləri, kiber təhlükəsizlik ekspertləri və proqram təminatı inkişafçıları. Ermənistanın informasiya texnologiyaları sektoru son illərdə müəyyən inkişaf göstərsə də, ölkənin əhalisi cəmi 3 milyon nəfərdən azdır. Müqayisə üçün, İrlandiya (Avropanın texnoloji mərkəzlərindən biri) təxminən 5 milyon əhaliyə malikdir və onilliklər boyu texnoloji kadr bazası yaradıb. Estoniya (digər kiçik texnoloji uğur hekayəsi) 1,3 milyon əhaliyə malik olsa da, rəqəmsal infrastrukturunu 20 ildən artıq müddətdə sistematik şəkildə qurub. Ermənistanın bir-iki il ərzində dünya səviyyəli süni zəka infrastrukturunu idarə edəcək kadr bazası yarada biləcəyi iddiası ciddi şübhə doğurur. Ölkədə beyin axını problemi hələ də aktualdır. “Forbes”un özü yazır ki, “gənc ermənilər ali təhsil imkanları üçün getdikcə daha çox Avropaya üz tuturlar.” Texnoloji kadrlara ən çox ehtiyac olan ölkədə istedadlı gənclərin ölkəni tərk etməsi paradoksal vəziyyət yaradır.

Üçüncü əhəmiyyətli sual fiziki infrastruktur problemidir. Müasir məlumat mərkəzləri yalnız serverlər və prosessorlardan ibarət deyil, onlar yüksək sürətli fiber-optik rabitə şəbəkəsi, mürəkkəb soyutma sistemləri, ehtiyat enerji təchizatı, fiziki təhlükəsizlik infrastrukturu və beynəlxalq rabitə magistrallarına qoşulma tələb edir. Ermənistan coğrafi baxımdan dənizə çıxışı olmayan, iki qonşusu ilə sərhədləri bağlı olan ölkədir. Beynəlxalq rabitə kanallarına çıxış yalnız Gürcüstan və İran vasitəsilə mümkündür. Bu coğrafi məhdudiyyət məlumat mərkəzinin beynəlxalq müştərilərə xidmət göstərmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. “Firebird”ün “hesablama gücünün böyük hissəsini bütün dünya müştərilərinə paylamağı” planlaşdırması fiziki olaraq bu rabitə infrastrukturu ilə necə mümkün olacaq? Məlumat emalında saniyənin millisaniyələri belə əhəmiyyət daşıyır və coğrafi uzaqlıq, məhdud rabitə kanalları bu baxımdan ciddi çatışmazlıqdır. Qlobal texnoloji şirkətlər məlumat mərkəzlərini Şimali Virciniya, Frankfurt, Sinqapur, Dublin kimi yüksək sürətli beynəlxalq rabitə qovşaqlarında yerləşdirirlər, Hrazdan şəhərinin bu rəqabətdə hansı üstünlüyü var?

Dördüncü fundamental məsələ layihənin maliyyələşdirmə strukturudur. “Bloomberg”un yazdığına görə, birinci mərhələ “Firebird” tərəfindən cəlb olunmuş borclar və kapital hesabına maliyyələşdiriləcək, bu maliyyələşdirməni “Moderna” şirkətinin həmtəsisçisi Nubar Afeyan təmin edir. Yəni layihənin maliyyə bazası əsasən diaspor sahibkarlarının şəxsi investisiyalarına və borc kapitalına söykənir. Bu, çox riskli maliyyələşdirmə modelidir, diaspor sahibkarlarının patriotik hissləri ilə motivasiya olunan investisiyalar həmişə iqtisadi rasionallıq prinsipinə tabe olmur və bazar şəraitinin dəyişməsi halında bu investisiyaların davam etdirilməsi sual altına düşə bilər. Dünya süni zəka bazarı sürətlə dəyişir, rəqabət amansızdır və bu gün perspektivli görünən layihə sabah köhnələ bilər.

Beşincisi və bəlkə də ən az diqqət yetirilən məqam layihənin hüquqi və suverenlik ölçüsüdür. Bu məsələ bütün parlaq vədlərin arxasındakı ən qaranlıq tərəfi ortaya qoyur. ABŞ şirkətlərinin (“Nvidia”, “Dell”, “Firebird”) iştirakı ilə tikilən məlumat mərkəzi avtomatik olaraq ABŞ qanunvericiliyinin, xüsusən də 2018-ci ildə qəbul edilmiş CLOUD Aktının tələblərinə tabe olur. Bu qanun ABŞ hüquq-mühafizə və kəşfiyyat orqanlarına dünyanın istənilən yerində saxlanılan istifadəçi hesablarına ABŞ provayderlərindən, yəni yeni məlumat mərkəzindən daxil olmaq hüququ verir. Ən kritik məqam budur ki, bunun üçün Ermənistan hüquq-mühafizə orqanlarından heç bir icazə tələb olunmur. ABŞ-nin öz qanunvericiliyi çərçivəsində xarici ölkədə yerləşən serverlərdəki məlumatlara birbaşa çıxış əldə etmə hüququ Ermənistanın məlumat suverenliyini xarici yurisdiksiyaya həvalə edir. Bu, sadəcə nəzəri risk deyil, ABŞ qanunvericiliyinə institusional şəkildə daxil edilmiş mexanizmdir.

Bu hüquqi reallığın praktiki nəticələri son dərəcə genişdir. Əgər Ermənistanın əhəmiyyətli sektorları (enerji, nəqliyyat, maliyyə, hökumət strukturları) bu platformaya ötürülərsə, ABŞ kəşfiyyat orqanları Ermənistanın iqtisadi, siyasi və strateji məlumatlarına qanuniləşdirilmiş, davamlı çıxış əldə edəcək. Bu, bir neçə kritik təhlükə yaradır. Birincisi, təhlükəsizliyə sistemli risklər meydana çıxır, hökumət yazışmaları, hərbi planlaşdırma məlumatları, kəşfiyyat hesabatları və digər həssas dövlət məlumatlarının ABŞ kəşfiyyatının potensial nəzarəti altına düşməsi Ermənistanın müstəqil dövlət kimi qərar qəbul etmə qabiliyyətini fundamental şəkildə zəiflədir. İkincisi, iqtisadi suverenlik baxımından yüksək dəqiqlikli proqnozlar vermək, iqtisadiyyatdakı zəiflikləri müəyyən etmək və vacib qərarlara təsir göstərmək üçün dərin məlumat təhlilinin mümkünlüyü Ermənistanın iqtisadi müstəqilliyinə birbaşa təhdiddir. Üçüncüsü, rəqabətli casusluq riski mövcuddur. Ermənistan şirkətlərinin yüksək həssas kommersiya məlumatlarının qlobal rəqiblərin xeyrinə istifadə edilmə ehtimalı ölkənin yerli sahibkarlarını çətin vəziyyətə salar. Dördüncüsü, bu yolla əldə edilən məlumatlar ABŞ tərəfindən siyasi təzyiq alətinə çevrilə bilər ki, bu da Ermənistanın müstəqil xarici və daxili siyasət yürütmə imkanlarını obyektiv şəkildə məhdudlaşdırır.

Bundan əlavə, texnoloji nəzarət baxımından da ciddi problemlər mövcuddur. “Nvidia” əsaslı infrastruktur Ermənistan tərəfi üçün tam nəzarət baxımından “qara qutu” olaraq qalır. Memarlıq xüsusiyyətləri, potensial “arxa qapılar”, yəni icazəsiz giriş mexanizmləri və ya aparat səhvləri Ermənistan tənzimləyiciləri tərəfindən diqqətdən kənarda qala bilər. “Nvidia” çiplərinin daxili arxitekturası mülkiyyət hüququ ilə qorunan qapalı texnologiyadır və Ermənistanın bu texnologiyanın təhlükəsizliyini müstəqil şəkildə yoxlama imkanı praktiki olaraq yoxdur. Bu, təhlükəni təkcə qanuni müstəvidə deyil, həm də layihənin texnoloji arxitekturasına xas edir.

Altıncı məqam məlumat mərkəzinin gəlirlilik modeli məsələnin əsasını ortaya qoyur. “Bloomberg”un məlumatına görə, gələcək Hrazdan məlumat mərkəzinin tutumunun yalnız 20 faizi Ermənistanın sərəncamında qalacaq, böyük əksəriyyəti – 80 faizi isə ABŞ şirkətlərinin ehtiyacları üçündür. Bu bölgü layihənin real iqtisadi məntiqini aydın şəkildə göstərir, ABŞ Ermənistanda əslində öz texnologiya şirkətlərinə rəqabət üstünlüyü təmin edən ucuz hesablama mərkəzi yaradır. Ermənistan bu sxemdə fiziki sahə, enerji, ucuz əmək qüvvəsi və siyasi legitimlik təmin edir, texnoloji əlavə dəyərin əsas hissəsi isə ABŞ şirkətlərinə qayıdır. Bu, Ermənistanı texnoloji inkişaf mərkəzinə yox, serverlərin yerləşdiyi fiziki hostinq platformasına çevirir. Mahiyyət etibarilə söhbət texnoloji müstəqillikdən deyil, texnoloji asılılığın yeni formasından gedir, əvvəl Rusiyadan enerji asılılığı var idi, indi ona ABŞ-dən texnoloji asılılıq əlavə olunur.

Yeddinci kritik məqam “Nvidia” çiplərinin Ermənistana ixracının geosiyasi kontekstidir. Vensin “bunlar elə çiplərdir ki, dünyanın əksər ölkələrində yoxdur və ola da bilməz” bəyanatı ilk baxışda Ermənistanın xüsusi seçildiyini göstərsə də, reallıqda bu, ABŞ-nin Rusiyaya qarşı texnoloji mühasirə strategiyasının hissəsidir. ABŞ “Nvidia” çiplərini Ermənistana yönəltməklə bir tərəfdən bu ölkəni Rusiya orbitindən çıxarmağa çalışır, digər tərəfdən isə Rusiyanın bu texnologiyalara dolayı yollarla çıxış əldə etməsinə mane olmaq üçün ciddi nəzarət mexanizmləri tətbiq etməli olacaq. “Bloomberg”un özü qeyd edir ki, Ermənistanın “ən böyük ticarət tərəfdaşı Rusiya ilə dərin iqtisadi və siyasi əlaqələri mövcuddur, həmçinin Gümrüdə Rusiya hərbi bazası yerləşir”. Bu şəraitdə ABŞ-nin ən qabaqcıl süni zəka çiplərini Ermənistana göndərməsi nə qədər risksizdir? Texnologiyanın Rusiyaya sızma ehtimalı necə qarşılanacaq? Bayden administrasiyasının Ermənistanı 2-ci səviyyəli ölkə kimi təsnif etməsi əslində Vaşinqtonun Ermənistana tam etibar etmədiyini göstərirdi. Tramp administrasiyasının bu məhdudiyyətləri ləğv etməsi siyasi qərar olsa da, texnoloji nəzarət problemi aradan qalxmır.

Səkkizinci əhəmiyyətli məsələ müqayisəli təhlildir. Oxşar miqyasda süni zəka infrastrukturu quran ölkələrin – Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanının, Sinqapurun təcrübəsi göstərir ki, belə layihələr üçün onilliklər ərzində formalaşmış infrastruktur bazası, zəngin maliyyə ehtiyatları, strateji coğrafi mövqe və güclü dövlət idarəetmə sistemi lazımdır. Birləşmiş Ərəb Əmirlikləri süni zəka strategiyasını 2017-ci ildə elan edib və bu sahəyə illik olaraq nəhəng büdcə ayırsa da, hələ də inkişaf prosesindədir. Sinqapur 50 ildən artıq müddətdə texnoloji infrastrukturunu sistematik şəkildə qurub. Ermənistanın bu ölkələrlə müqayisə oluna biləcək nə maliyyə ehtiyatı, nə infrastruktur bazası, nə kadr potensialı, nə də idarəetmə təcrübəsi mövcuddur.

Doqquzuncu məqam layihənin siyasi kontekstidir. “Bloomberg” açıq şəkildə yazır ki, “investisiya elanları Paşinyana iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində böyük dəstək verir”. Bu, layihənin iqtisadi rasionallıqdan daha çox siyasi motivasiyaya əsaslandığının birbaşa etirafıdır. Seçki ərəfəsində elan olunan nəhəng investisiya vədlərinin sonradan reallaşma faizi dünya təcrübəsində adətən aşağı olur. Siyasi dividendlər qısamüddətlidir, lakin iqtisadi layihələr uzunmüddətli öhdəlik tələb edir. Paşinyanın həm daxili seçki siyasəti, həm də Avropa Siyasi Birliyinin may ayında İrəvanda keçiriləcək sammiti kontekstində bu elanları siyasi kapitalа çevirmək istəyi aydındır.

Onuncu məqam vədlərin reallaşma tarixidir. “Firebird”ün baş direktoru birinci mərhələnin 2026-cı ilin ikinci rübündə nəzərdə tutulduğunu bildirib. Lakin dünya təcrübəsi göstərir ki, bu miqyasda məlumat mərkəzlərinin tikintisi adətən 2-3 il çəkir, yəni ən erkən 2028-2029-cu illərdə tam fəaliyyətə başlama mümkündür. Nüvə energetikası layihəsinin isə 2030-cu illərin ortalarından əvvəl reallaşması praktiki olaraq mümkün deyil. Bu qədər uzun müddətdə texnoloji bazar, geosiyasi vəziyyət və siyasi iradə dəyişə bilər. Süni zəka çiplərinin arxitekturası sürətlə inkişaf edir, bu gün “Blackwell” ən qabaqcıl hesab olunur, lakin 2-3 il sonra yeni nəsil prosessorlar bu texnologiyanı köhnəldə bilər.

Bütün bu təhlilin fonunda Ermənistanın real vəziyyətini daha aydın görmək mümkündür. Ölkə əslində iki asılılıq arasında sıxışır, bir tərəfdən Rusiyanın enerji, hərbi və iqtisadi hegemoniyasından qurtulmağa çalışır, digər tərəfdən isə ABŞ-nin texnoloji, hüquqi və siyasi nəzarəti altına düşmə riski ilə üzləşir. CLOUD Aktının yaratdığı hüquqi çərçivə, hesablama gücünün 80 faizinin ABŞ şirkətlərinə ayrılması, texnoloji “qara qutu” problemi və siyasi təzyiq potensialı birlikdə nəzərə alındıqda, Ermənistan əslində müstəqilliyini artırmır, sadəcə asılılığın ünvanını dəyişdirir. Rusiyadan ABŞ-yə keçid suverenlik baxımından fundamental dəyişiklik deyil, asılılığın formasının transformasiyasıdır.

Beləliklə, Ermənistanın süni zəka və texnoloji inkişaf sahəsində elan olunan layihələr bir neçə səviyyədə şişirdilib. Birincisi, rəqəmlərin miqyası Ermənistanın iqtisadi çapına uyğun deyil. İkincisi, infrastruktur, enerji və kadr potensialı layihələrin icrasını ciddi sual altına qoyur. Üçüncüsü, coğrafi məhdudiyyətlər məlumat mərkəzinin qlobal rəqabət qabiliyyətini zəiflədir. Dördüncüsü, maliyyələşdirmə modeli risklidir və davamlılığı şübhəli olan diaspor investisiyalarına söykənir. Beşincisi və ən mühüm olanı layihə Ermənistanın məlumat suverenliyini, iqtisadi müstəqilliyini və siyasi manevr məkanını ABŞ-nin institusional nəzarəti altına keçirmə potensialı daşıyır. Altıncısı, siyasi motivasiya iqtisadi rasionallığı üstələyir.

Azərbaycan bu prosesi diqqətlə izləməli, lakin həddən artıq narahat olmamalıdır. Azərbaycanın 24 milyard dollarlıq dövlət neft fondunun mövcudluğu, diversifikasiya olunan iqtisadi strukturu, ABŞ ilə yeni imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eyni zamanda süni zəka mərkəzlərinin yaradılmasını nəzərdə tutan addımlar Ermənistanın diaspor maliyyələşdirməsinə və xarici asılılığa söykənən layihələrindən daha möhkəm əsaslara malikdir. Azərbaycanın öz süni zəka strategiyasını müstəqil şəkildə, öz suverenliyini qoruyaraq inkişaf etdirməsi ən doğru cavabdır. Çünki texnoloji müstəqillik yalnız serverlər və prosessorlarla ölçülmür, o, həm də məlumatlarına, qərarlarına və gələcəyinə kimin nəzarət etdiyi ilə müəyyən olunur. Ermənistan bu fundamental sualı hələ cavablandırmayıb.
Strategyvision.org

Teq: Ermənistan   SZ   Firebird   Nvidia  


Oxşar məqalələr
Son əlavə olunanlar