Geosiyasətdə süni zəka yarışı: Risklər və imkanlar

Geosiyasətdə süni zəka yarışı: Risklər və imkanlar
16     13:18     25 12 2025    
Beynəlxalq münasibətlərin müasir inkişafı inanılmaz sürətlə texnoloji tərəqqinin əsas istiqamətləri ilə kəsişir və bu prosesdə daha sürətli və təsirli rol hazırda süni zəkaya verilir.

Süni zəka sahəsində inkişaflar əvvəllər texnoloji innovasiyanın bir hissəsi kimi dəyərləndirilirdisə, indi beynəlxalq qüvvələr arasındakı qarşılıqlı təsirin elə bir struktur dayağına çevrilib ki, bu, rəqabət, əməkdaşlıq, təhlükəsizlik, beynəlxalq hüquq və iqtisadi inkişaf gündəmlərinə təsir göstərir. Məhz bu çoxqatlı təsirdir ki, süni zəkanı təkcə texnoloji deyil, həm də geosiyasi, siyasi və diplomatik hadisəyə çevirir. Bu sahənin beynəlxalq münasibətlər baxımından təhlili isə hərtərəfli yanaşma tələb edir.

İlk növbədə, süni zəka güc və üstünlük anlayışlarını dəyişir. Əgər əvvəllər dövlətin gücü əsasən hərbi potensialı, iqtisadi həcmi və ya strateji mövqeyi ilə ölçülürdüsə, indi gücün paylanma məntiqinə həm də süni zəka üzrə texnoloji təminat, həm işləmələr, həm tətbiqlər, həm də yayılma aspektləri daxil edilib. Bu kontekstdə ABŞ və Çin, eləcə də bu sahədə irəliləyiş əldə etmiş digər ölkələr arasındakı rəqabət təkcə iqtisadi və ya strateji mübarizə deyil, həm də süni zəka sahəsində təsir uğrunda aparılan qlobal yarış kimi dəyərləndirilir.

Eyni zamanda, süni zəkanın inkişafı dövlət institutlarının, müdafiə sektorunun, kəşfiyyat xidmətlərinin və hətta xarici siyasət diplomatik strukturlarının müasirləşməsinin əsas amillərindən birinə çevrilib. Məsələn, ABŞ, Çin, Böyük Britaniya, İsrail və digər ölkələrdə artıq strateji səviyyədə fəaliyyət göstərən mexanizmlər var ki, bunlar süni zəka vasitəsilə hazırlanmış hərbi-siyasi modellərə əsaslanaraq rəqibin addımlarını proqnozlaşdırmaq, danışıqlar zamanı məlumatları təhlil etmək və qərarları optimallaşdırmaq üçün istifadə olunur.

Başqa mühüm qat isə süni zəkanın qlobal idarəetmə və beynəlxalq təşkilatlar kontekstində tətbiqidir. BMT, NATO, Aİ və digər qurumlarda münaqişələrin qarşısını almaq, əhali miqrasiyalarını proqnozlaşdırmaq, iqlim böhranlarının təsirini qiymətləndirmək və iqtisadi siyasətləri təhlil etmək məqsədilə süni zəka əsaslı analitik platformalardan fəal şəkildə istifadə edilir.

Bütün bunlar nəticəsində süni zəka qlobal tənzimləmədə təkcə köməkçi vasitə deyil, həm də siyasi gündəmlərin formalaşdırıcı dinamik mühərrikinə çevrilir. Lakin eyni zamanda burada təhlükə də yaranır, bu texnologiyaya əsaslanan qərar qəbuletmə prosesi şəffaflığı və demokratik nəzarəti azalda bilər. Çünki qərarlar çox vaxt mürəkkəb modellərin nəticələrinə əsaslanaraq qəbul edilir və bu modellərin məntiqi nə geniş ictimaiyyətə, nə də bəzən qərarvericilərin özlərinə əlçatan olmur.

Süni zəkanın təsiri informasiya müharibəsi sahəsində də özünü göstərir. Siyasi dezinformasiya, ictimai rəyin manipulyasiyası və təbliğat strategiyaları sahəsində süni zəka güclü silaha çevrilib. Müxtəlif bölgələrdə münaqişələrə müşayiət edən informasiya müharibələri göstərir ki, süni zəka alətləri hədəfli təbliğat, saxta analizlərin yaradılması, sosial şəbəkələrdə alqoritmik “hücumlar” məqsədilə istifadə olunur. Bu, yeni tip hibrid müharibələr kontekstində informasiyanın strateji funksiyasını gücləndirir, eyni zamanda beynəlxalq təhlükəsizlik risklərini və etimadsızlıq səviyyəsini artırır. Bundan əlavə, süni zəka əsaslı “deepfake” texnologiyalarının yayılması və çətin idarəolunanlığı informasiya manipulyasiyası və dezinformasiyanın yayılması üçün geniş imkan yaradır.

Beynəlxalq hüquq müstəvisində isə süni zəkanın tətbiqi mürəkkəb etik-hüquqi və siyasi-hüquqi problemlər yaradır. Əgər süni zəka hərbi əməliyyat zamanı müstəqil şəkildə səhv qərar verərsə və ya onun təqdim etdiyi yanlış və təhrif olunmuş məlumata əsaslanaraq qərarlar qəbul edilərsə, buna görə kim məsuliyyət daşıyacaq? Belə hallarda konkret hüquqi məsuliyyət sistemi yoxdur və bu, qeyri-müəyyənlik və məsuliyyətsizlik mühiti yaradır. Bundan əlavə, beynəlxalq münasibətlərdə bütün dövlətlər süni zəkanın imkanlarından yararlanmaq üçün yetərli texnoloji gücə malik deyil ki, bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında strateji bərabərsizlik divarını daha da yüksəldir. Qlobal güc mərkəzləri – xüsusən ABŞ və Çin – bu sahədə üstünlük əldə etməyə çalışır, digər ölkələri geridə qoyur və sahənin tənzimlənməsində maraqlı deyillər.

Bütün bunlara baxmayaraq, texnologiyanın potensialı yalnız risk yaradan amil kimi qiymətləndirilməməlidir. Əksinə, ümumi standartlar, nəzarət mexanizmləri və dövlətlərarası etimad çərçivələri formalaşarsa, süni zəka sülhü və əməkdaşlığı təşviq edən güclü vasitəyə çevrilə bilər. Məsələn, süni zəka sərhəd idarəçiliyinə, münaqişələrin qarşısını almağa, sülhməramlı missiyaların optimallaşdırılmasına, humanitar yardımın vaxtında çatdırılmasına töhfə verə bilər. Buna görə də bu gün süni zəkanın tətbiqi sərhədləri, standartları və nəzarət formaları barədə beynəlxalq sazişlər hazırlamaq, çoxtərəfli diplomatik razılaşmalar çərçivəsində bunları təsbit etmək vacib hesab olunur. Bu kontekstdə beynəlxalq təşkilatlar tənzimləyici aktor rolunda çıxış etməli, eyni zamanda süni zəkanın geosiyasi mərkəzləşmə alətinə çevrilməsinə imkan verməməli, əksinə hüquq bərabərliyinə və qlobal balansın bərpasına xidmət etməlidirlər.

Xüsusi əhəmiyyət daşıyır ki, süni zəka yalnız güclü dövlətlərin strateji hegemoniyasına xidmət etməsin, həm də kiçik dövlətlərin inkişafı və müstəqilliyinin möhkəmlənməsi alətinə çevrilsin. Bu baxımdan kiçik ölkələr üçün həm təhlükələr, həm də imkanlar açılır. Kiçik dövlətlərin dövlət qurumları da süni zəka vasitəsilə öz xarici siyasətlərini daha çevik və proqnozlaşdırıla bilən edə, eyni zamanda informasiya təsirlərindən qoruna və iqtisadi, təhlükəsizlik və strateji qərarlarında effektivliyi təmin edə bilərlər. Amma kiçik dövlətlər üçün həm də öz süni zəka modellərinə sahib olmaq vacibdir ki, başqa ölkələrin texnoloji imkanlarından asılı qalmasınlar. Bu sahə həm də suverenlik, insan dəyərləri, siyasi məsuliyyət və etika anlayışlarını yenidən düşünməyi tələb edir.

Vacibdir ki, süni zəka sahəsində ictimai savadlılıq təmin edilsin, çünki müxtəlif ölkələrin cəmiyyətləri bu məsələdə çətinliklərlə qarşılaşır. Digər tərəfdən, bu sahədə real irəliləyişin təmin edilməsi də əsasdır.
Strategyvision.org

Teq: SZ   Yarış  


Oxşar məqalələr
Son əlavə olunanlar