Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ

 Ukrayna döyüş əməliyyatları teatrından  7 PUA DƏRSİ
1308     21:49     13 06 2022    
Ukrayna və Rusiya arasında davam edən müharibədə hər iki tərəf əhəmiyyətli dərəcə PUA-lardan istifadə edib. Ukrayna Türkiyə istehsalı olan “Bayraktar TB-2”dən tutmuş mülki təyinatlı kvadrakopterlərə qədər geniş çeşiddə PUA-lardan istifadə edir. Müharibənin əvvəlində Rusiyanın PUA-lardan istifadəsinə dair sübutlar məhdud olsa da, görünür, Rusiya “Orlan-10” və “Kub-BLA” kimi sistemlərdən istifadə edərək səylərini artırıb. PUA-lar zərbələr endirməkdən tutmuş artilleriyaya koordinatları ötürmək və informasiya əməliyyatlarında istifadə etmək üçün video çəkilişlərinə qədər müxtəlif rollarda istifadə edilib.

Müharibə bizə PUA-ların istifadə edilməsi ilə bağlı 7 fikir təqdim edir. Müharibə davam edir, buna görə də bu dərslərdən bəziləri dəyişə bilər.

1. PUA müharibəsi gücü bir-birinə yaxın olan rəqiblərin müharibəsinə aiddir.

Müxtəlif analitiklər PUA-ların qabaqcıl ordular arasında qarşıdurma ilə əlaqəli olduğuna şübhə ilə yanaşırlar. Bu cür qüvvələr mürəkkəb hava hücumundan müdafiə sistemlərinə, radioelektron mübarizə vasitələri əleyhinə tədbirlərə və istənilən PUA təhlükəsini sürətlə azaldacaq xüsusi antidron sistemlərinə malikdir. Ancaq Ukrayna-Rusiya müharibəsində belə olmadı.

Rusiya bir neçə Ukrayna PUA-sı vura bilsə də, əvvələr Qarabağda Ermənistan ordusuna ağır zərbələr endirən və Ukraynada Rusiyanın ağır itkilər verməsinə səbəb olan “Bayraktar TB2” parkı hələ də ciddi itkilərlə üzləşməyib. TB-2-lər Rusiya qüvvələrinə qarşı çoxsaylı uğurlu hücumlar həyata keçirib. Rusiyanın məhv edilmiş yer-hava raketlərinin demək olar ki, yarısını bu sistem vurub və Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva”nın batırılmasına kömək edib. PUA-lar həmçinin Ukrayna artilleriya zərbələrinə öncüllük etmək kimi kəşfiyyat və müşahidəyə kömək edib. PUA-lar həmçinin Kiyev üçün böyük təbliğat uğuru olub, Ukraynaya zərbələrin şəkillərini və videolarını təqdim etməyə kömək edib. Bu PUA-ların Ukrayna müvəffəqiyyətinin mühüm bir hissəsi olduğu qəbul edilir, hətta indiyədək TB-2 üçün bir mahnı da yazılıb.

2. Ukrayna teatrında PUA-lar nə dərəcədə aktualdır?

Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinin idarə etdiyi PUA-lar Ermənistan texnikalarının məhv edilməsində yüksək uğur nümayiş etdirib. TB-2-lər Qarabağda Ermənistanın yüzlərlə tank, zirehli texnika, raket artilleriya qurğusu, HHM sistemini məhv edib. Müqayisə üçün deyək ki, indiyədək Ukraynada TB-2-lər zirehli texnikalara qarşı elədə çox istifadə olunmur. Lakin Ukraynanın Azərbaycanla eyni rolu yerinə yetirmək üçün PUA-lara ehtiyacı olduğu da aydın deyil. Qərb hərbi gücləri Ukraynanı “Javelin” və digər tank əleyhinə raketlərlə təmin etmək üçün böyük səy göstərirlər. Tanklara qarşı PUA-lar əvəzinə tank əleyhinə raketlərin istifadəsi çox məna kəsb edir, buna görə də Qarabağ müharibəsində PUA-ların istifadəsi ilə birbaşa müqayisə aparmaq çətinləşir.

Ukrayna PUA-larının uğurları həm də həqiqətən Rusiyanın uğursuzluğu ola bilər. Rusiyanın Ukraynadakı hərbi əməliyyatları mühüm problemlərlə yadda qalıb, onun kampaniya planı digər problemlər arasında adekvat maddi-texniki dəstək təmin etməyib, Ukraynanın sərt müqavimətinə hazırlaşmayıb və hava üstünlüyü yaratmayıb. Rusiyanın Ukrayna PUA-larına adekvat cavab verə bilməməsi siyahıya əlavə etmək üçün daha bir səhv ola bilər. Ola bilsin ki, daha yaxşı hazırlıqlı bir ordu eyni PUA problemi yaşamazdı.

3. Texnologiya və anlayışlar tək başına kifayət deyil.

Rusiya PUA-lara qarşı mübarizədə təcrübəsiz deyil. Rusiya Suriyadakı qarşıdurma zamanı PUA hücumlarından müdafiə olunmağı bacarıb. Bununla belə, Ukrayna PUA-ları əhəmiyyətli təsir bağışlayıb. Rusiya PUA-larının aparıcı analitiki Sam Bendet qeyd edir ki, Ukrayna PUA-ları antidron və ya radioelektron müharibə mühafizəsi olmadan Rusiya avtomobillərinin yaxınlığında uçurdu. Ola bilsin ki, Rusiya antidron sistemləri ilə bağlı müəyyən edilmiş doktrinaya əməl etməyib. Bu, rus əsgərlərinin sadəcə olaraq təhlükəni düzgün qiymətləndirmədiyini göstərir.

Təbii ki, bu problem təkcə Rusiyaya aid deyil. Oxşar dinamikalar digər ölkələrdə də yarana bilər, bunun sayəsində PUA-larla mübarizə aparmayan əsgərlər onun yaratdığı təhlükəni hiss etmir.

4. Xüsusilə PUA-lara qarşı həssas olan hədəflər müəyyən edilməlidir.

Rusiya PUA əleyhinə əməliyyatlarında daha yaxşı iş görsə belə, həmişə məhdudiyyətlər olacaq. PUA detektorları və onları ələ keçirən qurğuların fərqli üstünlükləri, habelə çatışmazlıqları var və təchizat hər zaman digər hərbi imkanlarla eyni şəkildə məhdudlaşacaq. Texnoloji, doktrinal və konseptual dəyişikliklər həm də detektorun və ələ keçiricinin istifadəsinə, uğuruna yaxşı və ya pis təsir edəcək. Məsələn, antidron sistemlərinin böyük əksəriyyəti ya PUA-nın əlaqəsini, ya da GPS bağlantılarını kəsən müdaxilə sistemləridir. PUA-lar daha avtonom və GPS-dən daha az asılı olduqda, müdaxilə sistemlərinin effektivliyi azalacaq. Hətta antidron əməliyyatlarında Rusiyadan daha effektiv olduğunu təsdiqləyən hərbçilər belə zəifliklərə malik olacaqlar.

Hansı hədəflər PUA-lara daha çox və ya daha az həssasdır? Bu suala cavab vermək çətindir. Bu, Birləşmiş Ştatlar və müttəfiq dövlətlərdən PUA-ların istifadəsi ilə bağlı düşmən doktrinalarını, konsepsiyalarını və texnoloji imkanlarını başa düşmələrini tələb edəcək. Detektorların və ələ keçirən sistemlərin yeri və növü böyük amil olacaq. Bəzi təhlillər statik və mobil aktivlərin müdafiəsi arasında kritik fərqlər olduğunu göstərir. Bu inandırıcı görünür: Statik aktivlər, xüsusən də yüksək dəyərli olanlar, geniş spektrli dron təhlükələrini müəyyən etmək və onlara qarşı çıxmaq üçün eşalonlu sensorlar və ələ keçirici sistemlərlə təchiz oluna bilər. Bu müdafiə vasitələri xüsusi mühit üçün seçilə bilər (məsələn, kritik bina və ya baza insanların sıx olduğu şəhər ərazisinin yaxınlığındadırsa, ilk növbədə səsə əsaslanan detektorlara etibar etməmək ehtiyatlı olar. Bu sistemlər PUA-nın nə vaxt və harada hücum etməsindən asılı olaraq daha çox və ya daha az dəyərə malik ola bilər.

Dövlətlər də bu zəifliklərdən istifadə etmək üçün PUA-ları necə yerləşdirəcəkləri və istifadə etdikləri barədə düşünməlidirlər. İkinci Dünya Müharibəsində sualtı qayıqlar üçün hazırlanmış canavar dəstəsi taktikası faydalı ola bilər. PUA-ların idarə olunan təyyarələrlə müqayisədə nisbətən kiçik dəstək infrastrukturuna ehtiyacı olduğundan, onlar döyüş əməliyyatları teatrında daha geniş şəkildə tətbiq edilə bilər. Kəşfiyyat PUA zərbələrinə həssas olan hədəfləri müəyyən etdikdə, bir neçə PUA fərqli ərazilərdən buraxıla və hədəf üzərində qrup şəklində birləşə bilər. Pilotsuz, havada uçan “canavar sürüsü” sadə dəyişdirilmiş kommersiya sistemlərindən tutmuş xüsusi hazırlanmış hərbi sistemlərə qədər hər şeyi əhatə edə bilər.

5. PUA informasiya mühitini genişləndirir.

Sosial media, smartfonlar və PUA-lar Ukrayna münaqişəsində virtual panoptikon yaratmağa kömək edib. Ukrayna hərbçiləri, mülki şəxslər və dünyanın hər yerindən gələn müşahidəçilər dəhşət və qəhrəmanlıq hekayələrini çəkir, gündəlik münaqişə haqqında görünməmiş məlumatlılıq yayırlar. Məlumat axını üç şəkildə kömək edir. Birincisi, Ukrayna hərbçiləri Rusiya qoşunlarının hərəkətini izləyir və məlumatlardan zərbələri istiqamətləndirmək üçün istifadə edir. İkincisi, ukraynalı hərbçilərin və mülki şəxslərin müharibə səylərinə həvəsləndirilməsi üçün mənəvi komponent var. Üçüncüsü, maarifləndirmə misli görünməmiş fikir təmin edir və bu, şübhəsiz ki, qlobal müttəfiqləri diplomatik, iqtisadi və hərbi dəstək verməyə təşviq edir.

PUA-ların panoptikonda oynadığı rol ikiqatdır, görmə dairəsini genişləndirir və təbliğat səylərini gücləndirir. Hətta kommersiya PUA-ları operatordan yüzlərlə kilometr uzaqda ola bilər və tək bir insanın baxışından daha geniş baxış sahəsi təmin edir. PUA həmçinin döyüş meydanında baş verən hadisələrin canlı görüntülərini və videolarını çəkir ki, bu da Ukrayna ordusunun uğurunu nümayiş etdirməyə kömək edə bilər. Nəticədə Ukrayna hökuməti mülki şəxslərə öz PUA-larını müharibə səylərinə bağışlamağa çağırıb.

6. PUA-ların məqsədi yalnız böyük itkilər vermək deyil.

Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı cəsarətini tamamilə sübut etdi, lakin Ukrayna böyük güc hesab olunmur. Ukrayna müdafiə xərclərinə görə dünyada 40-cı yeri tutur, Vyetnam və Küveyt kimi ölkələri üstələyir. Ukraynanın PUA uğuru, bu sistemlərin nisbətən aşağı qiymətə əhəmiyyətli hərbi imkanlar təklif etdiyinə dair daha geniş iddialara sübut əlavə edir. Ermənistan-Azərbaycan müharibəsi bunu sübut etmişdi. PUA-lar hava gücünə nisbətən ucuz çıxış təklif edir və təlim tələbləri pilotlu təyyarələrlə müqayisədə çox kiçikdir. Və ən əsası müxtəlif əməliyyatlar asanlıqla avtomatlaşdırıla bilər.

7. Hava üstünlüyü anlayışlarına düzəlişlər etmək lazım gələ bilər.

Rusiyanın Ukrayna üzərində hava üstünlüyü yaratmaq üçün mübarizə apardığına şübhə ola bilməz. Ancaq Rusiya daha uğurlu olsa belə, PUA-lar mənzərəni çətinləşdirir. Çoxsaylı, uğurlu yüksək hündürlükdə hava üstünlüyü missiyalarını yerinə yetirmək, alçaq hündürlükdə PUA təhlükələri üçün çox şey demək deyil. Kommersiya tipli kvadrokopter Rusiyanın Su-35-i ilə “it döyüşü”ndə olmayacaq, lakin Su-35 də kvadrokopterin hava hücumunu dayandırması üçün yaxşı təchiz olunmayıb.

Rusiya Ukraynanın hər bir hava zolağının məhv edilməsinə nail olsa belə, PUA-ların havaya qalxmasına çox ehtiyac yoxdur. Bu, daşına bilən hava hücumundan müdafiə sistemləri üçün oxşar problem yaradır. Hava təhdidləri yüksək dərəcədə paylanmış, müəyyən edilməsi çətin və qarşısı alınması daha çətin ola bilər. Hava üstünlüyü konsepsiyalarından imtina etmək lazım deyil, lakin PUA-lar havaya nəzarət etməyin mənasını daha da mürəkkəbləşdirir.

Bəzi hallarda hətta sadə PUA-lar da hava aktivləri üçün real təhlükə yarada bilər. 2020-ci ilin sentyabr ayında bir mülki kiçik PUA təsadüfən Los-Ancelesdə polis helikopterini vurdu. Sonrakı cinayət işindəki ifadədə qeyd olunur ki, helikopterin əsas rotoruna dəyən zərbə helikopteri yerə endirib. Hərbçilər uzun müddətdir ki, təyyarələri quşların zərbələrinə qarşı dayanıqlılıq baxımından sınaqdan keçirsələr də, PUA-lar daha sərt materiallara malikdir, daha sürətli uça bilər və partlayıcı maddələr daşıya bilər. PUA, həmçinin havada mina sahələri yaratmağa imkan verir. Məlumata görə, Rusiyanın “Lancet-3” sursatları belə bir qabiliyyətin yaradılmasına yönəlib.

Təbii ki, hər bir müharibə özünəməxsusdur. Gələcək münaqişələr müxtəlif hərbi imkanlara və təşkilatlara malik müxtəlif iştirakçılardan ibarət olacaq və müxtəlif strateji məqsədlərə malik müxtəlif ərazilər üzərində mübarizə aparılacaq. PUA texnologiyası, əməliyyat konsepsiyaları və antidron imkanları da inkişaf edir. Ancaq Ukraynadakı müharibə bir şeyi çox açıq şəkildə göstərir: PUA-ların müasir müharibədə yeri var və onlara döyüş meydanında məqsədlərinə çatmağa ümid edən hər bir ordu diqqət yetirməlidir.
Strategyvision.org

Teq: Bayraktar   PUA   Ukrayna-müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar