Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA

Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
1428     20:52     25 05 2022    
Ukrayna Ordusunun Kiyev və Çerniqov ətrafında Rusiyaya məxsus tank və zirehli texnika karvanlarını dəfələrlə zərbə tipli “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları (PUA) ilə darmadağın etməsi artıq hər kəsə məlumdur. Döyüşün ilkin mərhələlərində, Ukraynanın sözügedən PUA-larla ruslara güclü zərbələr endirməsi ilə bağlı yaydığı videolar psixoloji müharibənin aparılmasında da əhəmiyyətli rol oynadı.

Habelə Rusiya Müdafiə Nazirliyinin Ukraynaya məxsus Yaylım Atəşli Reaktiv Sisteminin (YARS) PUA-dan endirilən dəqiq zərbə ilə vurulması ilə bağlı yaydığı iddia edilən videogörüntü və məlumatla da tanışıq. 20/21 mart tarixli ikinci videoda isə mobil Hava Hücumundan Müdafiə (HHM) sisteminin raket buraxılış qurğusuna dəqiq zərbə vurduğu iddia edilir.


Bu zərbələrin doğruluğu, həmçinin Rusiya-Ukrayna Müharibəsi zamanı PUA itkiləri açıq mənbəli məlumatlarla məhdudlaşsa da, hər iki tərəfin PUA-lardan intensiv istifadə etməsi açıq-aydın görünür. Bu vasitələr kəşfiyyat/nəzarət/müşahidə (ISR), hədəf təyini, artilleriya atəşinin istiqaməti və düşmən aktivlərinə qarşı dəqiq zərbə funksiyalarını yerinə yetirmək üçün istifadə edilir.

İsrailin “Hermes-450” orta hündürlükdə uzun müddət uça bilən (MALE) PUA-sı 2008-ci ildə Gürcüstan tərəfindən Rusiya Qüvvələrinə qarşı ISR üçün effektiv şəkildə istifadə edilib. Gürcüstandakı müharibə, daha sonra Krımın ilhaqı və Donbas müharibəsi, Tripoli, İdlib və Qarabağ müharibələri Rusiyada PUA-ların və onlara qarşı mübarizənin inkişafına təkan verib. PUA-lar həm Rusiya Quru Qoşunları, həm də Aerokosmik Qüvvələri tərəfindən idarə olunur və o vaxtdan bəri öz əməliyyatlarında əhəmiyyətli təcrübə əldə ediblər.

Ənənəvi olaraq ISR üçün istifadə edilən Rusiya PUA-larının əksəriyyəti katapult/əllə buraxılan, idarə olunması asan və əməliyyatlar zamanı aşkarlanması çətin olan taktiki mini/mikro PUA-lar olub. Rusiya, həmçinin Ukraynadakı müharibə zamanı öz arsenalına daha ağır PUA-lar və zərbə tipli PUA-lar əlavə edib. İndiyədək Rusiya-Ukrayna müharibəsində istifadə edilən PUA-ların siyahısını tam olmasa da, aşağıda təqdim edirik.

Ukrayna PUA-ları

Həm Ukrayna Hərbi Hava Qüvvələri, həm də Ukrayna Quru Qoşunlarında PUA-lar var. Ukrayna PUA-larının dəqiq zərbələr endirməkdə effektivliyi qismən İlon Maskın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk şəbəkəsi vasitəsilə verilən internetə çıxışla əlaqələndirilə bilər.

Rusiya kimi, Ukrayna PUA-ları da əsasən mini-PUA sinifinə malikdir və kommersiya, yerli və xaricdən idxal olunan platformalardan ibarətdir.

“Bayraktar TB2” - Türkiyə istehsalı olan bu PUA-larla Ukrayna ordusu artıq çoxlu sayda uğurlu zərbələr nümayiş etdirib. Ukrayna ordusunda onlarla bu PUA-dan var. Kanada, həmçinin PUA-nı orta hündürlükdə ISR üçün ideal olan “WesCam” müşahidə kameraları ilə təchiz etmək üçün maliyyə ayıracağını bildirib. Bu, şübhəsiz ki, Ukraynanın ən güclü PUA-sıdır.


Tu-141 - Sovet dövründən qalma bu PUA 1989-cu ildə istismardan çıxarılsa da, bəziləri indi təmir edilib. PUA 100 km əməliyyat məsafəsinə, 6 km uçuş hündürlüyünə, 6215 kq maksimum uçuş çəkisinə və 1100 km/saata maksimal sürətə malikdir. PUA-nın performansı qanadlı raketə bənzəyir, qoşqudan raketlə buraxılır və yenidən istifadə üçün paraşütlə yerə düşməzdən əvvəl ISR üçün əvvəlcədən müəyyən edilmiş bir vektorda uçur.


A1-CM “Furia” - Bu, Ukraynada hazırlanmış yerli mini PUA-dır. Onun əməliyyat məsafəsi 50 km, sürəti 65 km/saat, uçuş çəkisi 3 saat və maksimum uçuş çəkisi 5,5 kq-dır. O, katapultla atılır və paraşütlə yerə enir.


UJ-22 - Bu həm də ISR üçün istifadə edilən mini PUA-dır. 100/800 km idarə olunan/avtonom diapazona, 120 km/saat kreyser sürətinə və 7 saat uçuş müddətinə malikdir. UJ-22, həmçinin statik hədəfləri məhv etmək üçün UJ-31 “Zlyva” kamikadze PUA-larını daşıya bilər.


“Leleka-100”
- Bu, Ukrayna tərəfindən ən çox istifadə edilən yerli mini PUA-lardan biridir və ISR üçün istifadə olunur. 2015-ci ildən xidmətdədir. Avtomatik geri dönmə qabiliyyəti ilə radio ilə idarə olunan/avtonom uçuş qabiliyyətinə malikdir. Onun əməliyyat məsafəsi 50 km, uçuş hündürlüyü 1500 m, sürəti 60-70 km/saat, uçuş müddəti 2,5 saat və maksimum uçuş çəkisi 5,5 kq-dır.


“Punisher” - Bu, 60-dan çox uğurlu uçuşla istifadə edilmiş mini PUA-dır. Əvvəlcədən verilmiş koordinatlar əsasında avtonom uçuş həyata keçirir və təxminən 50 km əməliyyat məsafəsinə malikdir. “Punisher” müxtəlif hədəflərə 2,7 kq partlayıcı faydalı yüklə hücum edə bilir.


PD-2 - Bu, ISR və təchizat dəstəyi əməliyyatları üçün istifadə edilən, 8 kq yük daşıma qabiliyyətinə və avtomatik geri qayıtma qabiliyyətinə malik başqa yerli PUA-dır. Uçuş hündürlüyü 5 km, kreyser sürəti 100 km/saat, uçuş müddəti 10 saat və maksimum uçuş çəkisi 55 kq-dır. Müəyyən edilmiş ərazidə davamlı ISR üçün istifadə olunur.


R-18 - mini sursat daşıyan PUA-dır. 40 dəqiqə havada qala bilir və təxminən 4 km məsafəyə malikdir. ISR üçün də istifadə olunur. Bu PUA RKG-1600 əl qumbarası da daxil olmaqla 10 funta qədər yük daşıya bilər.


“Switchblade” - ABŞ 100 ədəd “Switchblade” kamikadze PUA-larını Ukraynaya göndərib. “Switchblade-300” PUA-larının çəkisi 2,5 kq, uçuş müddəti 15 dəqiqə, uçuş məsafəsi 10 km, kresyer sürəti 100 km/saatdır və piyadalara qarşı zərbələr üçün nəzərdə tutulub. Daha böyük “Switchblade-600”ün çəkisi 23 kq, sürəti 122 km/saat, uçuş məsafəsi 40 km, uçuş müddəti 40 dəqiqədir və piyada/tank əleyhinə zərbələr üçün nəzərdə tutulub.


Rusiya PUA-ları

“Qranat” - ISR, hədəf təyini, döyüş zərərinin qiymətləndirilməsi, rabitə sisteminin sıradan çıxarılması və radioelektron mübarizə funksiyaları üçün istifadə olunur. Ukrayna ordusunun texnika və mövqeələrinin dəqiq yerini müəyyən etmək üçün o, coğrafi məlumat sistemi (GIS) və rəqəmsal xəritələrlə təchiz edilib.


"Eleron-3SV” - Bu PUA ISR, hədəf təyini və rabitə relesi üçün nəzərdə tutulub və avtonom/radio ilə idarə olunan uçuş qabiliyyətinə malikdir. O, avtomatik olaraq işə salındığı yerə qayıtmaq üçün konfiqurasiya edilə bilər. Ukrayna ordusu bunlardan bir neçəsini məhv edib.


“Zala-421” - Martın 14-də Ukrayna qüvvələri tərəfindən Kiyev yaxınlığında vurulan “Zala “(KYB/KUB) PUA-ları həm kəşfiyyat, həm də kamikadze əməliyyatlarında istifadə oluna bilər. PUA-ya 3 kq-a qədər müxtəlif sursat quraşdırıla bilər. O, 30 dəqiqə uça bilir və 120 km/saat sürətə malikdir. Ukrayna ordusu bunlardan bir neçəsini məhv edib.


“Orlan-10” - ISR üçün nəzərdə tutulan kiçik, taktiki PUA-dır, 120 km məsafəyə, 16 saat uçuş müddətinə və 90-150 km/saat sürətə malikdir. Bu, Rusiya arsenalında ən çox sayda olan PUA-dır. “Orlan-10” sistemi eyni vaxtda 4 PUA-nı idarə edə bilir. Ukrayna ordusu bu PUA-lardan bir neçəsini “Trytel Nota” radioelektron mübarizə sistemi vasitəsilə bloklaya bilib. Bununla belə, təkmilləşdirilmiş “Orlan-10” PUA-larının radioelektron mübarizə vasitələrinə qarşı daha davamlı olması ilə bağlı məlumatlar da var.


"Taxion” - Bu, ISR missiyaları üçün hazırlanmış, 40 km məsafəyə malik mini PUA-dır. PUA hər cür hava şəraitində istifadə oluna bilir və Donbasda istifadə edilib. O, 152 mm-lik 2A65 “Msta-B” haubitsaları ilə birgə istifadə olunur.


“Zastava” - Bu, 22 iyul 2015-ci ildə Ukrayna sərhədçiləri tərəfindən Luqanskda vurulan PUA-dır. İsraillə 2012-ci ildə bağlanmış müqavilə əsasında istehsal edilmiş “Bird-Eye 400” mini PUA-ları əsasənda hazırlanıb, 80 dəqiqə havada qala və avtonom şəkildə işləyə bilir.


E95M - hədəf PUA-sıdır. Ukrayna Ordusunun HHM sistemlərinin yerini aşkarlamaq üçün nəzərdə tutulub. Əməliyyat hündürlüyü 3 kilometr, əməliyyat məsafəsi 50 kilometr, uçuş müddəti 30 dəqiqədir.


“Forpost-R” - Bu PUA İsrailin “Searcher Mark-II” PUA-larının Rusiya istehsalı versiyasıdır. PUA 450 km uçuş məsafəsinə, 6 km uçuş hündürlüyünə və 18 saat uçuş müddətinə malikdir. Onun çəkisi 500 kq-dır və raketlər/bombalar da daxil olmaqla 120 kq faydalı yük daşıya bilir. PUA-lara 8-10 km məsafədə tandem və ya termobarik döyüş başlıqları ilə təchiz oluna bilən “Kornet-D” tank əleyhinə idarə olunan raket (TƏİR) quraşdırıldığı düşünülür. Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda 2 TƏİR ilə təchiz edilmiş “Forpost-R” PUA-sının havaya qalxdığı görünür. Onlardan biri Ukrayna Ordusu tərəfindən vurulub.


“Orion” - martın 4-də Rusiya Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə ABŞ-ın MQ-1 “Predator”u ilə müqayisə edilən bu PUA-nın Donbas bölgəsində Ukrayna ordusunun komanda məntəqəsini məhv etdiyi görünür. Maksimal uçuş çəkisi 100 kq, uçuş hündürlüyü 7,5 km və uçuş müddəti 24 saatdır. PUA 2015-ci ildə Suriyadan etibarən tətbiq edilir və 4 idarə olunan bomba/idarə olunan raket daşıya bilir. Bunladan biri Ukrayna Ordusu tərəfindən vurulub.



Hazırda Ukraynadakı müharibədə ISR, zərbə və döyüş dəstəyi əməliyyatları üçün PUA-lardan geniş istifadə olunur. Hazırkı döyüşlər müxtəlif PUA növlərinin müsbət identifikasiyası ilə məhdudlaşsa da, hər iki tərəfin əldə etdiyi uğurlar əməliyyatların təqibi üçün əsas dayaq kimi PUA sistemlərindən ikitərəfli istifadənin artmasına təkan verəcək.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar