Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?

 Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
621     11:41     09 05 2023    
Aralıq dənizində bu günə qədər edilən ən böyük təbii qaz kəşfi olan Misir sahillərində Zohr yatağının kəşfindən sonra 28 ay ərzində Qara dəniz qazının istehsala buraxılması sektorda rekord olaraq göstərilir.

1) Qara dəniz qazı qısa müddətdə necə istifadəyə hazır vəziyyətə gətirildi?

Sakarya yatağının kəşfi ilk növbədə “Türkiyədə heç bir dəyərli neft və qaz yoxdur” kimi fikirləri ortadan qaldırdı. 3 tərəfdən dənizlərlə əhatə olunmuş Türkiyədə kifayət qədər araşdırma aparılmayıb, bəlkə də kəşf oluna biləcəyinə inam az olub. Resurslar əlverişli olmaya bilərdi, çünki dərin dəniz qazma işləri müvəffəqiyyət şansı 30 faizdən az olan bir iş üçün təxminən 100 milyon dollar risk tələb edir.

Ortada hətta bu cəhd kəşflə nəticələnsə belə, çəkilən xərclər qədər ehtiyatın olub-olmaması məsələsi var. Yəqin ki, bu risk və kriteriyalara görə Türkiyədə bir neçə il əvvələ qədər dərin sularda aparılan qazmaların sayı son dərəcə qeyri-kafi idi. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin 2017-ci ildə inventarına əlavə etdiyi ilk qazma gəmisindən sonra daha 3 gəmi alınması və sahibi olduğu 2 seysmik araşdırma gəmisi ilə Türkiyənin texniki təchizatı artıb.

Quruda olduğu kimi dənizlərdəki ehtiyatları da qiymətləndirmək üçün başladılan “Varsa, tapacağıq” şüarı ilə avadanlıqların birləşməsi nəticəsində 2020-ci il avqustun 21-də Qara dənizdə ən böyük təbii qaz kəşfi edilib. Sakarya Təbii Qaz Yatağının kəşfi sevinc yaratsa da, özü ilə bir qədər bədbinlik də gətirib. Çünki belə nəhəng yatağı işlətmək və onu istehsala vermək hər igidin işi deyil.

Bunun üçün bilik, texniki və texnoloji avadanlıq, təcrübə, milyardlarla dollarla ifadə olunan maliyyə gücü, güclü koordinasiya qabiliyyəti, sürətli qərar vermə qabiliyyəti, kompleks planlaşdırma bacarığı, böyük əməkdaşlıq, həmçinin əzm və qətiyyət tələb olunur. Bu səbəbdən Aralıq dənizində bu günə qədər edilən ən böyük təbii qaz kəşfi olan Misir sahillərində Zohr yatağının kəşfindən sonra 28 ay ərzində Qara dəniz qazının istehsala buraxılması sektorda rekord olaraq göstərilir.

Qara dənizdə ən böyük təbii qaz kəşfi olan Sakarya yatağının istifadəyə verilməsi üçün bütün imkanlar səfərbər edilib və yataq kəşfdən 32 ay sonra istismara verilib. İtaliyanın enerji şirkəti ENI tərəfindən 2015-ci il avqustun 30-da kəşf edilən Zohr yatağı ehtiyat ölçü, suyun dərinliyi və qurudan uzaqlıq baxımından Sakarya yatağına az-çox bənzəyir. Sözügedən 2 yatağın operatorları fərqlidir.

Bir tərəfdə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan, kəşfiyyat-hasilat sektorunda hər cür texniki və texnoloji bilik, bacarıq, avadanlıq və təcrübəyə malik olan ENI kimi nəhəng şirkət, digər tərəfdə isə bu günə qədər bu məsələlərdə adı belə çəkilməyən TPAO var.

Oxşar xüsusiyyətlərə malik 2 nəhəng yatağın inkişaf etdirilməsi ilə hasilata daxil olması arasında fərq cəmi 4 aydır. Bu, təqdirəlayiq nailiyyətdir. Bir sözlə, Türkiyənin enerji tarixində yeni səhifə açan Sakarya yatağının kəşfi və hasilatı ölkə üçün böyük qazancdır. Ümid edirik ki, davamı gələcək və bu kəşflərə neft də əlavə olunacaq.

2) Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?

Türkiyədə istehlak edilən təbii qazın demək olar ki, hamısı (GAZBİR məlumatlarına görə 2022-ci ildə 55 milyard kubmetr) Rusiya, Azərbaycan və İrandan boru kəmərləri vasitəsilə və müxtəlif mənbələrdən mayeləşdirilmiş təbii qaz kimi idxal olunur. Rəsmi mənbələrə görə, bu yatağın birinci fazasından sutkada 10 milyon kubmetr hasilat həyata keçiriləcək, 2027-ci ildən 2-ci fazanın işə salınması ilə bu göstərici sutkada 40 milyon kubmetrə, yəni ildə 14 milyard kubmetrə yüksələcək.

Kanadanın “Trillion Energy” şirkəti və TPAO arasında ortaq şəkildə inkişaf etdirilən “Güney Akçakoca Alt Havzası” yatağındakı hasilatla Türkiyənin ümumi təbii qaz hasilatı 15 milyard kubmetri keçəcək. Sözügedən miqdarın neçə il plato səviyyəsində qala biləcəyi ümumi ehtiyat ölçüsündən və müəyyən edilmiş istehsal planından asılıdır. Ehtiyat rəqəmləri sabit dəyər olmadığından və cari məlumatların işığında yuxarı və ya aşağıya düzəliş edildiyi üçün platonun müddəti haqqında dəqiq bir açıqlama vermək çətindir.

Tez-tez qeyd edildiyi kimi, Sakarya yatağı qaz idxalı hesabının və cari kəsrin azalmasına müsbət təsir göstərəcək və ümumilikdə Türkiyə iqtisadiyyatının inkişafına töhfə verəcək. Yaxın 5 ildə Türkiyədə ümumi təbii qaz istehlakının təxminən dörddə biri yerli istehsal hesabına qarşılanacaq. Yerli istehsalın artımını Türkiyənin enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ kimi görə bilərik. Lakin bunun dolayı təsirləri qazanc kimi şərh edilməlidir.

Məlum olduğu kimi, yaxın illərdə xarici tədarükçülərlə qaz müqavilələrinin əhəmiyyətli hissəsinin müddəti başa çatacaq. Bunlardan hansının yenilənib-yenilənməyəcəyi, yenilənəcək və ya imzalanacaq müqavilələrin şərtləri kimi məsələlərdə yerli təbii qaz hasilatının həcminin əhəmiyyətli rol oynayacağı gözlənilir. Yerli istehsalın başqa bir təzahürü də Türkiyənin təbii qaz ticarət mərkəzi olma hədəfinə doğru mühüm alət rolunu oynama potensialıdır. Dünyada uğurlu təbii qaz ticarət mərkəzlərinin və ya istinad mərkəzlərinin inkişafında yerli istehsalın rolu danılmazdır.

ABŞ-da HH, Britaniyada NBP və Niderlandda TTF-in hab olmasında yerli istehsalın iştirakı bunun bariz nümunələridir. Ona görə də Sakarya yatağı bu baxımdan da önəmlidir. Bununla belə, haba çevrilmək uzunmüddətli prosesdir. Bu prosesdə şəffaf, rəqabətədavamlı, azad bazar mexanizminin yaradılması və bazar subyektlərinin qaz infrastrukturuna fərq qoymadan çıxışının təmin edilməli olduğu da nəzərdən qaçırılmamalıdır.

3) Qara dəniz qazının neft və təbii qaz sektoruna töhfəsi nə olacaq?

Qara dəniz qazının neft və təbii qaz sektoruna təsirinə müxtəlif prizmadan baxmaq lazımdır. Enerji siyasəti nöqteyi-nəzərindən, yəqin ki, Türkiyənin önümüzdəki illərdə açıq dənizlərdə daha çox kəşfiyyat-istehsal yönümlü bir yol tuta biləcəyini deyə bilərik. Bunun xarici neft-qaz şirkətlərinə və Şərqi Aralıq dənizindəki qaz tənliyinə necə təsir edəcəyi də maraq doğurur.

Türkiyədə neft-qaz sektoruna təsiri və potensial töhfələri nöqteyi-nəzərindən baxıldığında Qara dəniz qazı təkcə kəşfiyyat-hasilat deyil, xidmət və servis kimi müxtəlif fəaliyyət qollarında da yeni iş imkanlarına qapı açacaq və bu qolların inkişafına imkan yaradacaq. Sakarya yatağının yetişəcək texniki personal üçün bir staj qapısı olması, texnologiyanın inkişafı üçün zəmin yaratması, dərin dənizlərdə neft və qaz kəşfiyyatı, yataqların işlənməsi və hasilatı məsələlərində bilik və təcrübənin artırılması kimi bir çox sahədə qazanclar təmin etməsi əsas məsələdir.

Türkiyə şirkətləri bu yolla əldə ediləcək təcrübə, texniki avadanlıq və biliklərlə gələcəkdə kəşfiyyat və hasilatdan tutmuş xidmət sektorunun müxtəlif sahələrinə qədər bəlkə də beynəlxalq arenada öz yerlərini tutacaqlar. Bir sözlə, Qara dəniz qazına təkcə təbii qaz hasilatı kimi baxmaq olmaz. Bu inkişaflar gələcəkdə TPAO üçün dəyişiklik ehtiyacı da yarada bilər. TPAO və BOTAŞ-ın potensial kütləvi təklifləri keçmişdə müzakirə olunub, lakin konkret addımlar atılmayıb.

Sonrakı illərdə bu məsələ yenidən gündəmə gətirilə və Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft kompaniyasında olduğu kimi əvvəldən məhdud sayda səhmlər ictimaiyyətə təklif oluna bilər. Əgər reallaşdırıla bilsə, bunun Türkiyənin enerji və mədən sektoruna yayılması da gündəm ola bilər.

Qara dəniz qazına beynəlxalq neft-qaz sektoru nöqteyi-nəzərindən baxsaq, nəhəng təbii qaz ehtiyatının aşkarlanması ilə bölgənin yenidən cazibə mərkəzinə çevriləcəyini gözləmək olar. Ona görə də sonrakı illərdə xüsusilə Rumıniya və Bolqarıstan sularında müşahidə oluna biləcək aktivliyi görmək təəccüblü olmamalıdır.
Strategyvision.org

Teq: Türkiyə   Qaz   Qara-Dəniz  


Oxşar məqalələr
Son əlavə olunanlar