PUA-lar Birləşmiş Ştatlar üçün ucuz vasitə deyil – Nələri bilməliyik?

 PUA-lar Birləşmiş Ştatlar üçün ucuz vasitə deyil –  Nələri bilməliyik?
1148     12:00     23 09 2021    
Terrorizmlə mübarizə siyasəti daha gizli, daha ölümcül və döyüş sahəsindən daha çox uzaqlaşdırılan metodlara yönəldiyindən Pilotsuz Uçuş Aparatları (PUA) sürətlə dünya ordularının əsas silahlarından birinə çevrilir. Aşağıda bir sıra suallara cavab tapmağa çalışacağıq.

PUA-lar nədir?

Daha çox “dron” olaraq bilinən PUA-lar ölümcül antiterror hücumları, habelə müşahidə və digər ölümcül əməliyyatlar həyata keçirmək üçün istifadə olunan uzaqdan idarə olunan hava sistemləridir.


Qlobal nəhəng - ABŞ PUA-lardan necə istifadə edir?

Həm ABŞ ordusu, həm də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) döyüş bölgələrində ənənəvi döyüşlərin bir hissəsi olaraq döyüş sahələrinin həm daxilində, həm də xaricində terror şübhəlilərinin məqsədli şəkildə öldürülməsini həyata keçirmək üçün PUA-lardan istifadə edirlər.

MKİ-nin PUA proqramı böyük ölçüdə gizlidir. Obama administrasiyası ABŞ-ın PUA proqramına dair bütün səlahiyyətlərin Müdafiə Nazirliyinə (Pentaqon) təhvil verilməsi üçün addımlar atarkən Tramp administrasiyası MKİ-nin PUA-lardan istifadəsini genişləndirərək Nigerdə yeni bir PUA bazası qurduğunu bildirdi.

2017 və 2018-ci illər ərzində ABŞ Əfqanıstan, Pakistan, Yəmən, Liviya, Somali, İraq və Suriyada PUA hücumları təşkil etdi.


PUA ABŞ-a nə qədər qiymətə başa gəlir?

PUA-ların qiyməti uçuş saatına, növünə görə dəyişir, məsələn “Global Hawk” kimi daha böyük zərbə tipli PUA-ların 1 saatı ABŞ üçün 15.000 dollara başa gəlir. Məlumat Azadlığı Qanununun tələbi ilə əldə edilən məlumata görə, Nigerdə PUA bazasının inşası 100 milyon dollara başa gələcək.

ABŞ-ın PUA proqramının ümumi xərclərini qiymətləndirmək olduqca çətindir. Maliyyələşdirmə bir çox fərqli qanunvericilik bölməsinə yayılıb və adətən aydın şəkildə qeyd olunmur. Mütəxəssis hesablamalarında proqramın illik dəyəri fərqlənir. Bard Kollecinin PUA Tədqiqat Mərkəzinə görə, ABŞ Müdafiə Nazirliyi 2019 maliyyə ili büdcəsində PUA və əlaqəli texnologiyalar üçün təxminən 9,39 milyard dollar büdcə tələb edib. Stimson Center Pentaqonun PUA-ların satın alınması, araşdırma, inkişaf, sınaq və qiymətləndirməsi üçün 3,4 milyard dollar tələb etdiyini hesablayıb.

Bu uyğunsuzluqlar ABŞ-ın bu sahədə şəffaflığın artırılmasına ehtiyacı olduğunu göstərir. Bu sahədəki mütəxəssislər, PUA proqramına nə qədər pul xərclənəcəyi ilə razılaşmırlarsa, açıq bir şəkildə yerli mübahisələr aparmaq üçün kifayət qədər ictimai məlumata malik deyilik.


PUA-lar kimləri hədəf alır?

ABŞ PUA-lardan İraq və Suriyada İŞİD, Əfqanıstanda “Əl Qaidə” və “Taliban” kimi silahlı qeyri-mütəşəkkil silahlı qrupların üzvlərini hədəf almaq üçün istifadə edir.

PUA-lar əsasən mərkəzi qərargahın “yüksək dəyərli” hesab etdiyi “öldürülməli olanlar siyahısı”na daxil olan və aktiv müharibə bölgəsində olmayan insanları hədəf alır. PUA-lar, həmçinin müəyyən edilmiş, şübhəli davranış nümunələri sərgiləyən insanları izləmək, lazım gələrsə hücum etmək əmrləri də alırlar. Bəzən PUA-lar mülki şəxslərin ölümünə də səbəb olur. Məsələn, 2018-ci ilin yanvarında Yəməndə edilən bir hücum zamanı səhvən 70 yaşlı bir fermer və onun kiçik qohumu həlak olmuşdu.

ABŞ-ın PUA-ları da mülki obyektləri səhvən terror hədəfi kimi qiymətləndirərək zərbələr endirib. 2015-ci ildə Mosulda iki mülki ev İŞİD-in komandanlıq mərkəzi kimi vurulub. Bu səhv dörd mülki şəxsin həlak olmasına və birinin dəhşətli yaralanmalarına səbəb olub.Təbii ki, biz burada PUA-ların və operatorların qeyri-dəqiqliyini deyil, qərar verən şəxslərin riskləri hansı şəkildə qiymətləndirdiyini təqdim edirik.


ABŞ-ın PUA proqramında Konqresin rolu nədir?

11 sentyabr hücumlarından üç gün sonra Konqres hücumlara görə məsuliyyət daşıyanlara və onlara sığınacaq verənlərə qarşı hərbi əməliyyatlara icazə verən Hərbi Güclərin İstifadə edilməsinə dair qanunu (AUMF) qəbul etdi. O vaxtdan etibarən üç prezident bu qanunu dünyada PUA hücumlarına haqq qazandırmaq üçün şərh edir.

Konqresin bir çox üzvü ABŞ hökumətini bu qanundan sui-istifadə etdiyini bildirsə də, Konqres heç vaxt onu cilovlanmaq və ya PUA-ların istifadəsini məhdudlaşdırmaq üçün addımlar atmayıb. Konqres illərdir mütəxəssis tövsiyələrinə baxmayaraq, ABŞ-ın PUA proqramının effektivliyini heç vaxt nəzərdən keçirməyib.

Konqres əksinə PUA-ların tədqiqi, inkişafı və tədarükü üçün vəsait ayıraraq ABŞ-ın PUA proqramını asanlaşdırır. Konqres ABŞ-ın PUA proqramına nəzarəti həyata keçirir, bunların çoxu Nümayəndələr palatası və Senatın kəşfiyyat komitələri ilə gizli brifinqlərdə həyata keçirilir. 2017-ci ildə Konqres bəzi PUA hücumları və digər ölümcül əməliyyatlar üçün açıq hesabat tələb etdi. Deputatlar Pentaqondan ABŞ-ın hərbi hücumlarda, o cümlədən PUA-lar tərəfindən neçə mülki və hərbi şəxsin öldüyü və yaralandığı barədə məlumat verməsini tələb etdi. Bu tələblər 2019 maliyyə ili üçün illik müdafiə xərcləri qanun layihəsində gücləndirildi. Hesabata MKİ-nin hücumları daxil edilmir və hesabat tələblərinin müddəti 2022-ci ildə başa çatır.

ABŞ Nümayəndələr palatasının üzvləri Ted Yoho və Beti Mekkollum MKİ-nin PUA-lardan istifadəsinə son qoymaq üçün qanunvericiliyə dəyişikliklər təklif etmişdi. 2019-cu ildə digər bir konqresmen Maykl Burqess MKİ-nin PUA-lardan ölümcül məqsədlər üçün istifadəsi ilə bağlı səlahiyyətlərini Müdafiə Nazirliyinə verilməsini təklif etmişdi.


PUA proqramında ABŞ adminstrasiyanın rolu nədir?

Tramp administrasiyası dövründə PUA-ların və digər ölümcül zərbələr endirə bilən silahların istifadəsini əhəmiyyətli dərəcədə artırıb və bu əməliyyatlarla bağlı şəffaflıq azaldılıb. Tramp administrasiyasının ilk iki ilində Yəmən, Somali və Pakistanda 238 hücum həyata keçirilib, Obama administrasiyasında PUA tətbiqi 2009 və 2010-cu illərdə ən yüksək səviyyəsində idi - 186 zərbə.

Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ın elan edilmiş müharibə zonaları xaricində hücumlar edə bilmək qaydalarını zəiflətdiyi bildirilir.

Tramp administrasiyası yeni PUA siyasətini açıq şəkildə təsdiqləməkdən belə imtina etdi. ABŞ hökuməti Obama dövründən həyata keçirilən bir sərəncamı - döyüş bölgələri xaricində PUA hücumları və digər ölümcül əməliyyatlar nəticəsində öldürülən mülki şəxslərin və döyüşçülərin sayı barədə illik hesabatların verilməsini tələb edən əsas hesabat tələbini də ləğv etdi. Nəticə etibarilə, MKİ-dən müharibə bölgələri xaricində neçə mülki şəxsin həlak olması barədə açıqlama tələb olunmur.

PUA-ların istifadəsinin uzunmüddətli nəticələri nədir?

Ümumi strategiyası, minimal parlament nəzarəti və ictimai şəffaflığı olmadığına görə bir çoxları səhvən PUA-ları ənənəvi müharibəyə alternativ olaraq insan və maliyyə baxımından ucuz bir vasitə olaraq görür. Ancaq vəziyyət budan çox fərqlidir. PUA proqramı ABŞ-ı yarı mülki vətəndaş olan təxminən 500.000 insanın ölümü ilə nəticələnən sonsuz bir müharibə vəziyyətində saxlamağa kömək edir, dəyəri 5.9 trilyon dollardan çoxdur.

PUA və “Blowback”

Dəlillər PUA hücumları altında yaşamaq travmalarının Amerikaya qarşı pis əhval-ruhiyyənin yaranmasına səbəb olduğunu və şiddətli ekstremistlərin işə cəlb olunmasına kömək etdiyini göstərir. Keçmiş Dövlət Departamenti səlahiyyətlisinə görə, hər PUA zərbəsi ABŞ üçün təxminən qırx-altmış yeni düşmən yaradır. Bu cür uzunmüddətli ziyan “Blowback” adlandırılır - sonrakı illərdə ortaya çıxan hadisələr, bu gün görülən hərəkətlərin istənilməyən nəticəsi kimi.


PUA operatorlarına təsir

Bu yeni müharibə forması daxildə də görünməmiş təsirlər göstərdi: erkən tədqiqatlar PUA operatorlarının canlı döyüşdə iştirak edən pilotlarla eyni nisbətdə zehni sağlamlıq problemləri yaşadığını irəli sürür. Döyüş meydanından minlərlə kilometr məsafədə çalışmasına baxmayaraq, bir çox PUA opratoru narahatlıq, depressiya, ağır stres və mənəvi zədələnmə səviyyələri yaşayır. Üstəlik, ordu PUA operatorları saxlamaqda çətinlik çəkir.

Təhlükəli bir presedent

ABŞ-ın PUA proqramı bu cür əməliyyatların başqaları tərəfindən necə aparılması üçün narahatverici bir presedent yaradır. ABŞ proqramının nəzarəti, şəffaflığı və hesabatlı olmaması digər ölkələr üçün zərərli bir model ola bilər. 2018-ci ildən etibarən doqquz digər ölkə silahlı-zərbə PUA-ları istehsal edib və ya əldə edib, digərləri öz PUA proqramlarını inkişaf edib. İŞİD kimi qeyri-dövlət aktorları da zərbə PUA-ları əldə edib.

PUA-lar və müharibələrin gələcəyi

Hal hazırda yüzlərlə şirkət kiçik və geniş miqyaslı PUA texnologiyası inkişaf etdirir və həm dövlət, həm də qeyri-dövlət aktorları PUA texnologiyasını hərbi proqramlarına inteqrasiya etməyə çalışır. Mütəxəssislər, PUA-ların imkanlarının önümüzdəki illərdə dramatik şəkildə artacağını düşünürlər.

ABŞ-ın PUA siyasətinin nəticələrini dayandırmaq və qiymətləndirmək vaxtı keçib. Konqres PUA zərbələrinin uzunmüddətli təsirlərini tam araşdırmalıdır. Bir ölkə olaraq ABŞ özünə bəzi ciddi suallar verməlidir. PUA-ların istifadəsi ilə ortaya çıxan etik məsələlərdən başqa ABŞ-ın milli təhlükəsizliyinin gələcəyinə təsirləri ilə bağlı real suallar var. PUA proqramı həqiqətən terrorizmə qarşı təsirli olubmu? ABŞ bu texnologiyaya üstünlük verməyəndə nə baş verir? Terror qruplarının PUA-lar əldə etməsinin qarşısını almaq üçün nə etmək olar?
Strategyvision.org

Teq: ABŞ   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar