Ukrayna teatrında “Lancet” və “Switchblade” toqquşması – Qarabağda açılan yeni müharibə dövrü kəskinləşir

  Ukrayna teatrında “Lancet” və “Switchblade” toqquşması  – Qarabağda açılan yeni müharibə dövrü kəskinləşir
840     14:54     29 03 2022    
Bu yaxınlarda sosial mediada Kiyev vilayətində səmadan düşərək yerə çırpılan təxminən 4 fut enində olan PUA-nın fotoları yayıldı. Platforma zərbə zamanı partlamasa da, foto Rusiyanın Ukraynaya qarşı müharibəsində yeni və dəhşətli silahdan istifadə etdiyinə dair ilk sübutları təqdim edir.

Rusiya istehsalı kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA) və ya digər adı ilə “gəzən sursat”lar artıq Ukraynada tətbiq olunmağa başlanılıb. ABŞ eyni silahlardan Ukraynaya da göndərəcək və bu, müharibəni belə silahların hər iki ölkə tərəfindən istifadə edildiyi ən böyük münaqişəyə çevirəcək. Bu sahədə ixtisaslaşmış tədqiqatçılar bildirirlər ki, bu, kamikadze PUA-ların müasir müharibədə normaya çevrildiyini, münaqişəni daha ölümcül və gözlənilməz hala gətirə biləcəyini göstərir.

Sistemlər daha çox psixoloji təsir üçün faydalıdır, çünki ondan gizlənməyə yer yoxdur.

Rusiyanın Ukraynada başlatdığı müharibə artıq yüksək texnologiyalı silahlar üçün sınaq meydançası olub. Ukrayna qoşunları saysız-hesabsız rus maşınlarını məhv etmək üçün portativ tank əleyhinə raketlərdən istifadə edir, sosial mediada isə Rusiya hökuməti tərəfindən döyüş meydanındakı faktların saxtalaşdırılmasının qarışı alınmağa çalışılır. “Twitter”də dünyanın hər yerindən çox sayda insan rus qoşunlarının hərəkəti ilə bağlı fotoşəkilləri yoxlayır və müharibə səylərinə kömək etmək üçün onları Ukrayna hakimiyyətinə bildirirlər.

Müharibədə PUA-lar mühüm rol oynayıb. Ukraynanın Türkiyə istehsalı olan və lazerlə idarə olunan raketlərlə təchiz olunmuş “Bayraktar TB2” sistemləri Rusiya ordusunun tank və yük maşınlarını darmadağın edir və işğalın qarşısını almağa kömək edir. Ukraynanın Polşa istehsalı olan “Warmate” PUA-larını da istifadə edə biləcəyinə dair bəzi sübutlar var. Bu PUA-lar həm müşahidə üçün istifadə edilə bilər. həm də lazım gələrsə “gəzən sursat” kimi zərbə endirə bilər. Rusiya Ukraynanın mövqelərində kəşfiyyat aparmaq üçün “Eleron-3” PUA-larından istifadə edir.

Hazırda həm Rusiya, həm də Ukrayna tərəfindən istifadə edilən daha kiçik, partlayan kamikadze PUA-ları daha ənənəvi platformalardan fərqlənir. Havaya qalxmaq, raketlər atmaq və sonra bazaya qayıtmaq əvəzinə, onlar döyüş meydanının üstündə uçaraq özləri raketlərə çevrilirlər, maşınları və ya əsgər qruplarını bombalayır və zərbə zamanı partlayırlar. Bəziləri adi çiyin çantasında aparıla bilər və döyüşün ortasında buraxıla bilər ki, bu da onları xüsusilə şəhər və ya partizan müharibəsində daha vacib və təhlükəli edir.

Ümumiyyətlə, onlar daha ucuzdur və istifadəsi daha asandır. Kiyev ərazisində aşkarlanan Rusiyanın KUB PUA-sı hədəfi vurmazdan əvvəl saatda 80 mil sürətlə 30 dəqiqə uça bilir. ABŞ-dan Ukraynaya tədarük edilən “Switchblade” daha kiçikdir və operator hədəf seçmək üçün planşetə baxarkən onlar özləri uça bilirlər.

“Gəzən sursat”ların əksəriyyəti hələ də insan tərəfindən idarə olunur, lakin onlar öz hədəflərini seçməyə imkan verən proqram təminatı ilə təkmilləşdirilə bilər. Bu, kompüterlərə kimin öldürülüb-öldürülməyəcəyi ilə bağlı qərar qəbul etməsinə icazə verilməsindən narahat olan silahlara nəzarət üzrə ekspertlər arasında narahatlıq yaradıb. Qeyd olunan addım dünyanı həm böyük, həm də kiçik münaqişələrdə ölümcül, avtonom silahların normal qəbul edildiyi gələcəyə apara bilər.

Əvvəlki müharibələrdə sursat daşıyan PUA-lardan istifadə olunub. Onlar Liviya və Suriya vətəndaş müharibələrində fasilələrlə və 2020-ci ildə iki ölkə arasında müharibədə Azərbaycanın Ermənistanı məğlub etməsində müntəzəm istifadə edilib.

Mütəxəssislər Rusiya ordusunun yüksək çinli zabitləri məhv etmək və vəzifəli şəxsləri daşıyan yük maşınlarını partlatmaq üçün Suriyanın şimal-qərbindəki İdlib şəhərində KUB platformalarından istifadə etdiyini bildirir. Həmin PUA-lardan Kiyevdə də görünüb.

Rusiyanın hücumu uzun mənzilli qanadlı raketlərin Ukrayna şəhərlərinə, elektrik stansiyalarına və hərbi bazalarına zərbə endirməsi ilə başladı. Tanklar və yük maşınlarından ibarət uzun karvanlar sərhədi aşıb keçdi, lakin təchizat problemləri və Ukrayna qoşunlarının sərt müqaviməti səbəbindən sürətlə ləngidi. İndi Rusiya Ukraynanın şəhərlərini mühasirəyə alıb, onları raket və artilleriya silahları ilə bombalayır.

Mütəxəssislərin fikrincə, hər iki tərəf sursatlardan istifadə etsə də, bu, Ukrayna qüvvələri üçün xüsusilə faydalı ola bilər, çünki onlar təhlükəsiz bölgəyə geri çəkilməzdən əvvəl rus tanklarını və müdafiə mövqelərini vurmaq üçün döyüş meydanında sürətlə hərəkət edən kiçik qoşun qrupları tərəfindən istifadə edilir.

Ukraynanın tezliklə əldə edəcəyi ABŞ-da istehsal olunan “Switchblade”ləri gizlətmək daha asandır və onlar tez bir zamanda istifadəyə hazır ola bilərlər. Onlar, həmçinin ukraynalıların düşmənlərini hədəfə ala biləcəkləri məsafəni artırır, bu onlara sahədəki komanda və idarəetmə maşınlarını sıradan çıxarmağa və generallar kimi yüksək səviyyəli hədəfləri aradan götürməyə imkan verir.

Müharibə yaxınlaşdıqca, ABŞ Ukraynanı Rusiya təyyarələrini, tanklarını vurmaq və şəhər döyüşlərinə hazırlaşmaq üçün silahlandırdı.

Bu kiçik, mobil dəstələr artıq ABŞ-ın “Javelin” və Britaniyanın NLAW kimi portativ tank əleyhinə raketləri ilə rus tanklarını və yük maşınlarını vurmaqda bacarıqlı olduqlarını sübut ediblər. “Switchblade” isə bu hücumları daha ölümcül edəcək.

İndiyə qədər yalnız bir neçə Rusiya istehsalı “gəzən sursat” aşkar edilib, habelə ABŞ 100 “Switchblade” sistemi göndərməyə razılıq verib. Müqayisə üçün qeyd edək ki, NATO 1700-dən çox portativ tank əleyhinə raket buraxılış qurğusu göndərib.

“Gəzən sursat”ların artan istifadəsi onların həqiqətən istifadə olunduğu xüsusi hallardan kənara çıxan təsiri göstərə bilər. Ölümcül yüksək texnologiyalı silahlarla silahlanmış, ukraynalıların qarşısında duran və ciddi itkilər verən bəzi rus qoşun birliklərinin döyüş əzmini itirdiyinə dair sübutlar var. “Gəzən sursat”lar bunu daha da pisləşdirə bilər. Xüsusilə “Switchblade” gizli yerlərdə hədəfləri vurmaq üçün xüsusi olaraq hazırlanıb. “Gəzən sursat”lar hədəfi müəyyən etmək, tapmaq və öldürmək üçün lazım olan vaxtı azaldır və düşmənin onları aşkar etməsi çətin olur.

Şəhər döyüşlərində, məsafələrin qısa olduğu və düşməninizlə yaxın olduğunuz yerdə bu silahlar daha effektiv ola bilər.

Müharibə davam etdikcə, çox güman ki, daha böyük və ölümcül “gəzən sursat”lar tətbiq olunacaq, Rusiyada, həmçinin KUB kimi katapultla buraxılan və ukraynalıların alması gözlənilən “Switchblade” PUA-larından daha böyük olan “Lancet-3” platformaları var. “Lancet-3” Suriyada istifadə olunub və ekspertlər onun gec-tez Ukraynada görünəcəyini gözləyirlər.

“Gəzən sursat”ların geniş yayılması bəzi mütəxəssisləri bu vasitələrin terrorçular kimi yanlış qrupların əlinə keçməsi potensialı barədə xəbərdarlıq etməyə vadar edib. Onların xüsusilə sui-qəsd cəhdləri üçün faydalıdır. Venesuela prezidenti Nikolas Maduroya C-4 partlayıcıları bağlanmış 2 Çin istehsalı olan DJIM600 PUA-sı ilə sui-qəsd edilməsi cəhdini xatırlatmaq yerinə düşər.
Strategyvision.org

Teq: Ukrayna   PUA   Switchblade   KUB   Lancet  


Oxşar məqalələr
Son əlavə olunanlar