Yunanıstanda Türkiyə PUA-ları ciddi təşvişə səbəb olub - Onlar nədən narahatdırlar?

 Yunanıstanda Türkiyə PUA-ları ciddi təşvişə səbəb olub -  Onlar nədən narahatdırlar?
1827     14:21     29 12 2021    
Yunanıstan Xarici İşlər Nazirliyində Türkiyənin müxtəlif ölkələrə zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) satışı müzakirə edilib.

Yunanıstanın “Kathimerini” qəzeti məlumatına görə, bir neçə gün əvvəl Yunanıstan Xarici İşlər Nazirliyində Yunanıstan Baş Qərargahı heyətinin iştirakı ilə “olduqca fövqəladə” toplantı keçirilib. Görüşdə Ankaranın PUA satışları ilə diplomatik əlaqələrini genişləndirməsi müzakirə edilib.

İclasda Türkiyənin daha əvvəl bu satışlara demək olar ki, təsirinin olmadığı və ya çox məhdud yerlərdə nüfuz qazanmağa başladığı vurğulanıb. Xəbərdə o da qeyd olunur ki, bu məsələyə ilk dəfə toxunulmur və Yunanıstanın xarici işlər naziri Nikos Dendias əvvəllər də bu məsələ ilə yaxından maraqlanıb.

Ancaq günü-gündən artan “Bayraktar TB2” satışları Yunanıstan tərəfinin narahatlığına səbəb olub. Türkiyə PUA-larının Suriya, Liviya, Qarabağ və Donbasdan sonra Efiopiya hökuməti tərəfindən istifadə olunmağa başladığı vurğulanır.

Məlumatda qeyd edilir ki, Ankaranın Yunanıstanın təbii əlaqələri olduğu düşünülən, əksəriyyəti xristian olan Efiopiyaya girməsi “PUA diplomatiyasının effektivliyinin göstəricisidir”. Eyni zamanda, Afrika və Orta Asiya ölkələrinə, o cümlədən Yunanıstanla qonşu olan Albaniyaya və NATO müttəfiqi olan Polşaya PUA satışının Yunanıstan tərəfini narahat etdiyi anlaşılır.

Bundan əlavə, Litva və Macarıstanın Türkiyə PUA-larını qəbul etmə ehtimalı narahatlığın başqa səbəbidir. Xəbərdə Afinanın Aİ ölkələrinin silah alışına müdaxilə edə bilməyəcəyi qeyd olunur. Ankaranın PUA satışı ilə Aİ və NATO ölkələri ilə çox yaxın əlaqələr qurmağa başladığı bildirilir.

Bu narahatlığı ən dərindən hiss edən şəxs kimi Yunanıstan Xarici İşlər naziri Dendias önə çıxır. Eyni zamanda, Türkiyənin Afrika siyasətinin Çinlə eyni olmadığı, Çinin Afrikada yalnız iqtisadi maraqlarının olduğu, Türkiyənin niyyətlərinin fərqli olduğu bildirilir.

Dendias 2022-ci ilin əvvəlində Afrikaya cavab səfərləri təşkil etməyi planlaşdırır. Dendiasın növbəti dayanacaqlarının Nigeriya və Anqola olacağı gözlənilir. Bu səfərlər zamanı Dendiasın bir nömrəli məqsədi həmkarları ilə Türkiyənin PUA diplomatiyası haqqında fikirlərini bölüşmək olacaq.

Türkiyənin zərbə PUA-larından çox narahat olan digər qurum isə təbii ki, Yunanıstan Silahlı Qüvvələridir. “Kathimerini”nin xəbərində, Türkiyə PUA-larının Egeydəki fəaliyyətlərinin artıq gündəlik qayğılardan birinə çevrildiyi qeyd edilir.

Türkiyə PUA-larının keçmişdə Şərqi Egeydə çox istifadə olunmadığı, lakin son bir neçə ildə aktivliyin çox artdığı və hava məkanını pozmağa başladığı iddia edilir. Yunan qəzeti Amerika tərəfinin bu hərəkəti yaxından izlədiyini də ifadə edir.

Nəhayət, görüşdə Ankaranın son zamanlar inventarına əlavə etdiyi “Akıncı” və “Anka” kimi daha təkmil PUA-larla bağlı narahatlıqların da müzakirə edildiyi qeyd olunur. Afinanın İsraildən “Heron”u icarəyə götürməsinin əsas səbəblərinin də bu olduğu vurğulanır.
Strategyvision.org

Teq: Yunanıstan   Türkiyə  


Oxşar məqalələr
Son əlavə olunanlar