Türkiyə “Ulaq”ların kütləvi istehsalına başlamaq niyyətindədir

Türkiyə “Ulaq”ların kütləvi istehsalına başlamaq niyyətindədir
829     14:00     31 08 2021    
Türkiyənin “Ares” gəmiqayırma zavodu bu il “Ulaq” insansız dəniz platformalarının kütləvi istehsal prosesinə başlamağı planlaşdırır.

Şirkət platformaların lazerlə idarə olunan atış sınaqlarından uğurla keçdiyini və istehsal etdiyi insansız dəniz platformalarını ilk olaraq Türkiyə ordusuna tədarük edəcəyini bildirib.

Ares” Oman, Qətər, Afrika və Cənubi Amerika ölkələrini potensial müştərilər olaraq təyin edib.

Saatda 65 kilometr sürətlə hərəkət edən və məsafəsi 400 kilometr olan platformalar Türkiyənin ilk silahlı insansız dəniz platformasıdır. “Ulaq” Türkiyənin METAKSAN şirkəti ilə birgə hazırlanıb.

Şirkət rəsmisi Utku Alanc televiziyaya müsahibəsində platformanın 90%-nin yerli istehsal olduğunu bildirib. Platformalar kəşfiyyat, müşahidə, nəzarət, suüstü müharibə, asimmetrik müharibə, müşayiət missiyaları və strateji infrastrukturun qorunması üçün istifadə oluna bilər. “Cirit” və “L-Umtas” raketləri ilə təchiz edilən “Ulaq”, həmçinin radioelektron mübarizə vasitələri ilə qorunur.

Türkiyə istehsal prosesi üçün araşdırma və konsepsiya tədqiqatları da daxil olmaqla, ULAQ-ın inkişafına 2018-ci ildə başlayıb. 2020-ci ilə qədər prototip hazırlanıb.

Uzunluğu 11 metr olan gəmi dörd lazerlə idarə olunan “Cirit” raketi və iki lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə raketlə təchiz edilib. Platforma zərbə və müşahidə PUA-ları ilə birgə əməliyyatlarda iştirak edə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri


Ekipaj: 0
Gövdənin uzunluğu: 11 m
Faydalı yükü: 2000 kq
Silah yükləri: UMTAS, L-UMTAS və Cirit raketləri
Maksimum sürət: 65 km / saat
Məsafəsi: 400 km
Rabitə məsafəsi: 200 km
Funksiyaları: Kəşfiyyat, müşahidə, suüstü müharibə, Hava Hücumundan Müdafiə müharibəsi, radioelektron mübarizə, sualtı müharibə
Strategyvision.org

Teq: Türkiyə   Ulaq  


Oxşar məqalələr
Son əlavə olunanlar