Yaxın Şərqdə vəziyyət gərginləşir: Kamikadze tipli PUA ilə İsrail gəmisinə endirilən zərbəyə görə İranı ittiham edirlər

  Yaxın Şərqdə vəziyyət gərginləşir:  Kamikadze tipli PUA ilə İsrail gəmisinə endirilən zərbəyə görə İranı ittiham edirlər
1916     11:24     04 08 2021    
İyulun 30-na keçən gecə Ərəbistan dənizinin Oman sahillərində İsrailə məxsus “Mercer Street” adlı tanker gəmisinə kamikadze tipli PUA ilə zərbə endirilib. Hücum zamanı tankerdə Rumıniya və Britaniya vətəndaşları olan dənizçilər həlak olub.

Britaniya hücuma görə İranın məsuliyyət daşıdığını bildirib. Bu həftənin ilk günü İranın Böyük Britaniya və Rumıniyadakı səfriləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb.


Rəsmi London İran hakimiyyətini “beynəlxalq təhlükəsizliyə xələl gətirən hərəkətləri dərhal dayandırmağa və gəmilərin beynəlxalq hüquqa uyğun olaraq hərəkət etmə azadlığına zəmanət verməyə” çağırıb. Rumıniya hökuməti bildirib ki, hücum qəsdən törədilib və İran tərəfindən koordinasiya edilib, Rumıniya İran səlahiyyətlilərindən dərhal izahat tələb edir. Böyük Britaniya və Rumıniyanın İranın hadisəyə görə məsuliyyətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb etmələri mümkündür.

Liberiya bayrağı altında hərəkət edən “Mercer Street” tankeri Yaponiyaya məxsusdur, lakin İsrailli milyarder Eyal Oferə məxsus “Zodiac Maritime” şirkəti tərəfindən idarə olunur. İsrail Baş naziri Naftali Bennettin sözlərinə görə, kəşfiyyat məlumatları İranın hadisədə iştirak etdiyini göstərir. İsrailin Xarici İşlər naziri Yair Lapid ABŞ dövlət katibi Antoni Blinkenlə “İran terroruna qarşı birgə mübarizə”ni müzakirə edib. ABŞ da kəşfiyyat məlumatlarına istinad edərək hadisənin İran tərəfindən həyata keçirildiyini bildirib.

Britaniyanın Xarici İşlər naziri Dominik Raab İrana razılaşdırılmış cavabın verilməsi ilə bağlı işlər aparıldığını açıqlayıb.


İran Xarici İşlər Nazirliyinin mətbut katibi Səid Xatibzadə iddiaları təkzib edib və İsraili “əsassız ittihamları” dayandırmağa çağırıb. O, demək olar ki, eyni sözləri Amerika Birləşmiş Ştatları və Britaniyaya da ünvanlayıb. Britaniyanın Tehrandakı səfirinin müşaviri də bazar ertəsi İran Xarici İşlər Nazirliyinə çağırılıb.

“Mercer Street” bu ilin əvvəlində hücuma məruz qalan İsrail şirkətləri ilə əlaqəli beşinci gəmidir. İsrail hücumlara görə İranı günahlandırır. Eyni zamanda İran gəmiləri də özünü təhlükəsiz hiss etmir. Son bir il ərzində Tehran İsraili ən azı iki oxşar hadisədə - mart ayında Suriya sahillərində və aprel ayında Qırmızı dənizdə gəmilərinə hücum etməkdə ittiham edir.

Mart ayında “The Wall Street Journal” nəşri İsrailin 2019 -cu ilin sonlarından etibarən ən çox İran neftini daşıyan və Suriyaya gedən bir çox gəmini vurduğunu yazıb. Ancaq indiyə qədər dəniz döyüşləri itki vermədən həyata keçirilib.


Amerikanın “New York Times” nəşri İsrail kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, “Mercer Street” tankerinə hücum İranın dəniz əməliyyatlarının miqyasını genişləndirdiyinə sübutdur, Tehran hücumlara görə qisas alır. Bu versiya İranın “Al-Alam” telekanalının mesajına uyğundur. Kanal “bölgədəki məlumatlı mənbələrinə” istinadən qeyd edir ki, tankerə endirilən zərbə İsrailin bir həftə əvvəl Suriyada Əl-Dabaa hava limanına İrana yaxın silahlılara etdiyi hücuma cavab olub.

Müşahidəçilər qeyd edir ki, belə bir hücumu həyata keçirmək üçün kamikadze tipli PUA-dan istifadə etmək İran üçün də xarakterikdir, çünki bu, İranın çox böyük imkanlara malik olduğu sahələrdən biridir. Hücum İranın yeni seçilən prezidentinin andiçmə mərasimindən bir həftə əvvəl baş verib.
Strategyvision.org
Oxşar məqalələr
Son əlavə olunanlar