Süni Zəkanın Ticariləşməsi: Texnologiyadan Geosiyasətə Uzanan Yol

  Süni Zəkanın Ticariləşməsi:  Texnologiyadan Geosiyasətə Uzanan Yol
4     10:59     19 05 2025    
Süni zəka son illərdə akademik dairələrin və texnologiya nəhənglərinin vizion layihələrinin mərkəzində idi. Bu gün isə süni zəka artıq laboratoriyalardan çıxaraq birbaşa bazara, hətta qlobal güc mübarizəsinin ortasına yerləşmiş vəziyyətdədir. Süni zəka yalnız texnoloji bir çevrilişi deyil, eyni zamanda iqtisadi, strateji və geosiyasi bir yarışı da tətiklədi və bu yarışın mərkəzinə oturdu. Artıq süni zəka yalnız şirkətlər səviyyəsində deyil, qlobal güclər arasında da ticariləşir.

Tramp süni zəkanı önəmli sayır

Amerika Birləşmiş Ştatları (ABŞ) süni zəka yarışında xüsusilə böyük dil modelləri və məlumat mərkəzli innovasiyalar baxımından öncü mövqedədir. “OpenAI”nin “ChatGPT” modeli milyonlarla istifadəçiyə çatdı. “Google”un “Gemini”, “X”in “Grok” və “Meta”nın “Llama” modeli ilə bu rəqabətə daxil olması isə bu sahədəki dinamizmi artırır.

Amerika texnologiya nəhəngləri süni zəka sahəsində təkcə proqram təminatı hazırlamır, eyni zamanda avadanlıq və infrastruktur sahəsində də güclü bir ekosistem qurur. Məsələn, Nvidia süni zəka üçün əvəzolunmaz hala gələn qrafik prosessor vahidləri (GPU) ilə bazara hökm edir. “Amazon Web Services”, “Microsoft Azure” və “Google Cloud” isə süni zəka əsaslı həlləri bulud xidmətləri vasitəsilə bazara təqdim edərək gəlirlərini artırır.

İkinci dəfə prezident kreslosuna oturan Donald Tramp ABŞ-nin süni zəka vasitəsilə daha çox ticari qazanc əldə etməsini istəyir. Bu mənada Trampın ikinci dönəminin əvvəlində etdiyi ilk işlərdən biri sabiq prezident Co Baydenin imzaladığı süni zəka sərəncamını ləğv etmək oldu. Həmin sərəncam süni zəka üzərində daha çox nəzarət nəzərdə tuturdu. Tramp bu sərəncamı ləğv edərək şirkətlərin daha sərbəst hərəkət etməsinə imkan yaratdı. Bu yanaşma, xüsusilə texnologiya sahibkarları və investorlar üçün daha az bürokratiya və daha çox fürsət deməkdir.

Tramp administrasiyası “OpenAI”, “Oracle” və “SoftBank” kimi texnologiya nəhəngləri ilə birlikdə 500 milyard dollarlıq süni zəka infrastrukturu yatırımı olan “Stargate” Proyektini başlatdı. Bu layihə süni zəkanın ticari tətbiqlərini sürətləndirməyi və ABŞ-nin rəqəmsal infrastrukturunu gücləndirməyi hədəfləyir.

Çin süni zəkanı dövlət dəstəyi ilə inkişaf etdirir

Digər tərəfdən Çin süni zəka sahəsində daha aqressiv bir siyasət yürüdür. “Baidu”, “Alibaba” və “Tencent” kimi nəhənglər öz süni zəka modellərini inkişaf etdirməklə yanaşı, bu modelləri tətbiqlərə sürətlə inteqrasiya edirlər. Çin burada mərkəzləşdirilmiş planlama gücü ilə sürətli hərəkət edə bilmə üstünlüyünə sahibdir.

Çinin bu süni zəka ekosisteminə “DeepSeek” də daxil olub. “DeepSeek” Çin mənşəli böyük dil modelləri arasında sürətlə önə çıxan bir oyunçuya çevrildi. “DeepSeek-R1” modeli satışa çıxdığı gün ABŞ-də günün ən çox endirilən tətbiq oldu. “DeepSeek-R1”in təqdimatı ABŞ-nin süni zəka sahəsindəki qlobal üstünlüyünü sarsıda biləcəyinə dair narahatlıqları artırdı və Amerika birjalarında texnologiya şirkətlərinin səhmlərində kəskin enişlər baş verdi. ABŞ prezidenti Tramp isə “Çinli bir şirkətin “DeepSeek”i bazara çıxarması, bizim sənayelərimiz üçün rəqabətə fokuslanmalı olduğumuz barədə bir oyandırma çağırışı olmalıdır” dedi.

Çin süni zəkanı yalnız texnoloji bir vasitə olaraq deyil, eyni zamanda iqtisadi inkişafın lokomotivi və milli təhlükəsizliyin əsas elementi kimi dəyərləndirir. Bu çərçivədə süni zəka məhsuldarlığın artırılması, sənayenin modernləşdirilməsi, rəqəmsal iqtisadiyyat və hərbi texnologiyalar kimi sahələrdə strateji bir təkan rolunu oynayır. Çin dövləti bu vizyon istiqamətində həm özəl sektor, həm də dövlət müəssisələri üçün geniş miqyaslı araşdırma və inkişaf (AR-GE) təşviqləri, yüksək büdcəli subsidiyalar, vergi endirimləri və infrastruktur dəstəkləri təqdim edir.

“Süni Zəka 2030” strategiyası Çinin bu sahədə qlobal liderlik hədəfini açıq şəkildə ortaya qoyan yol xəritəsidir. Pekin tərəfindən 2017-ci ildə elan edilən bu strategiya ilə 2030-cu ilə qədər süni zəka sahəsində dünyanın ən innovativ, təsirli və inteqrasiya olunmuş ekosisteminə sahib ölkəsi olmağı planlaşdırır. Strategiya əsas elmi tədqiqatlardan tutmuş tətbiqi süni zəka məhsullarına, təhsil siyasətlərindən məlumat idarəsinə qədər çoxqatlı bir planı əhatə edir. Bu plan sayəsində Çin həm daxili bazarda üstünlük əldə etməyi, həm də beynəlxalq rəqabətdə kritik texnologiyalara olan asılılığını azaltmağı hədəfləyir.

Yüksək enerji istehlakı və xərc: Ticariləşmənin zəruri tərəfi

Süni zəka modellərinin öyrədilməsi və işlədilməsi böyük miqdarda hesablama gücü tələb edir. Bu isə birbaşa enerji istehlakını və xərcləri artırır. Məsələn, böyük bir dil modelinin öyrədilməsi milyonlarla dollar dəyərində GPU resursu və minlərlə meqavat-saatlıq elektrik enerjisi tələb edə bilər. Bu vəziyyət süni zəkanın davamlılığı baxımından ciddi bir çağırışdır.

Elə bu səbəbdən süni zəkanın ticariləşməsi yalnız strateji deyil, eyni zamanda iqtisadi baxımdan zəruri bir addımdır. Böyük sərmayələrin geri dönüşünü təmin edə bilmək üçün modellər istifadəçiyə çatmalı, gəlir yaratmalı və iqtisadi fayda verməlidir. Əks halda, süni zəka layihələri yalnız subsidiyalarla yaşaya bilən bir AR-GE fəaliyyəti olaraq qala bilər.

Bu sahədə rəqabətin yeni mərhələsi – enerji effektivliyi yüksək olan avadanlıqların hazırlanması, davamlı infrastrukturun qurulması və bücə baxımından səmərəli süni zəka həllərinin inkişafıdır. Ticariləşmə sayəsində bu tip həllərin sürətlə genişlənməsi və yayılması mümkün olur.

Müəllif hüquqları: Ticariləşmənin hüquqi eşiyi

Süni zəkanın ticariləşməsi, eyni zamanda müəllif hüquqları ilə bağlı ciddi mübahisələri də gündəmə gətirir. Böyük dil modelləri tez-tez internetdəki mətn, şəkil və səs məzmunları ilə öyrədilir, lakin bu məzmunların böyük bir hissəsi müəllif hüquqları ilə qorunur. Media qurumları, sənətçilər və nəşriyyatlar məzmunlarının icazəsiz istifadə edildiyini əsas gətirərək texnologiya şirkətlərinə qarşı məhkəmə iddiaları qaldırırlar.

Bu vəziyyət süni zəka ilə yaradılan məzmunların mülkiyyətinin kimə aid olacağı və öyrədici məlumatın hüquqi sərhədləri kimi sualları ön plana çıxarır. Avropa İttifaqı bu sahədə yeni tənzimləmələr hazırlayarkən, ABŞ-də isə hüquqi çərçivə ilə bağlı mübahisələr davam edir.

Ticariləşmənin davamlı olması üçün süni zəkanın həm yaradıcı azadlığını qoruyan, həm də müəllif hüquqlarına hörmət edən balanslı hüquqi baza formalaşdırılmalıdır. Əks halda, müəllif hüquqları süni zəka investisiyalarının qarşısında bir əngələ çevrilə bilər.

Texnologiyadan ticarətə: Geosiyasi cəbhə

Süni zəkanın ticariləşməsi artıq yalnız texnologiya şirkətlərinin rəqabəti deyil, ölkələr arasında güc balansı məsələsidir. ABŞ-nin Çinə çip ixracına qoyduğu məhdudiyyətlər bu yeni nəsil soyuq müharibənin açıq siqnallarından biridir. Məqsəd, Çinin yüksək səviyyəli süni zəka modelləri öyrətməsini ləngitməkdir. Çin isə öz yarımkeçirici istehsal qabiliyyətini sürətlə artıraraq bu məhdudiyyətləri aşmağa çalışır.

Bu vəziyyət ticari süni zəka tətbiqlərinin də geosiyasi alətə çevrilməsinə səbəb olur. Məsələn, Qərbdə hazırlanmış modellər bəzi məzmunları senzura edərkən, Çindəki modellər dövlət siyasətinə uyğun məzmun istehsal etməyə meyllidir. Qısacası, alqoritmlər artıq yalnız texniki məhsullar deyil, həm də mədəni və ideoloji kod daşıyıcıları kimi ön plana çıxır.

Eyni zamanda suverenlik məsələsi

Süni zəkanın ticariləşməsi yalnız bazar dinamikaları ilə formalaşan bir proses deyil. Bu, qlobal güc xəritəsinin yenidən çəkildiyi bir dövrün parçasıdır və eyni zamanda bir suverenlik məsələsidir. Bu nöqtədə ABŞ və Çin arasındakı rəqabət texnologiyanı yalnız bir vasitə deyil, birbaşa cəbhə halına gətirir.

Bu yarışın qalibi yalnız ən yaxşı alqoritmi yazan deyil, eyni zamanda ən güclü infrastrukturu quran, məlumatı qoruyan, enerji və büdcəni effektiv idarə edən və etik çərçivədə etibar yaradan tərəf olacaq. Məhz bu anda ticariləşmə süni zəkanın inkişafı baxımından bir meyar daşı rolunu oynayır.
Strategyvision.org

Teq: SZ   Silah-Yarışı   SZ-Etikası   ABŞ-Çin  


Oxşar məqalələr
Son əlavə olunanlar