İnsanabənzər robotların əksəriyyəti niyə qadındır?

İnsanabənzər robotların əksəriyyəti niyə qadındır?
770     12:43     06 09 2023    
Süni Zəkanın (SZ) sonumuz olacağı ilə bağlı narahatlıq getdikcə artır.

Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) ötən ay Cenevrədə keçirdiyi “Yaxşılıq naminə Süni Zəka” sammitinin əsas gündəm bəndi olub. İnsanabənzər robotları bir araya gətirən ən böyük toplantı kimi tanınan sammitdə SZ-nin qlobal problemlərin həllinə necə kömək edə biləcəyi müzakirə olunub.

Dünyaca məşhur robot “Sofiya” ilə yanaşı, dünyanın ilk hiper-real insan robot forması rəssamı “Ai-Da”, robot tibb bacısı “Qreys”, “Nadin”, “Mika” və rok ulduzu robot “Dezdemona” da zirvədə idi. Bəs niyə SZ yaradıcıları robotlara qadın xüsusiyyətləri verməyi seçirlər? Bu, stereotip gender qavrayışlarına görədir, yoxsa bunun arxasında daha məsum səbəblər var?

Seksist stereotiplərin təsiri varmı?

Bəzi robotların qadın kimi istehsal edilməsinin xüsusi səbəbi var: Dizaynerin özünü model kimi qəbul etməsi.

Məsələn, “Nadin”in yaradıcısı Nadia Magnenat Thalman onu özünün “Robot selfisi” kimi təsvir edir. BMT sammitində nümayiş etdirilən yeganə kişi robot olan “Geminoid” də onun yaradıcısı Hiroşi İşiquronun dəqiq surətidir. Rəssamlıq və heykəltəraşlıq sənətçisi kimi inkişaf etdirilən və zirvədə çıxış edən “Ai-Da” adlı robotun layihəsinə rəhbərlik edən Lisa Zevi deyir ki, qadın səsləri incəsənət və texnologiyada az təmsil olunur, ona görə də robotun qadın olmasını üstün tuturlar.

“Ai-Da” dünyanın ilk kompüter proqramçısı kimi tanınan riyaziyyatçı Ada Lavleysdən ilham alınaraq yaradılıb. Şərhçilərin fikrincə, robotların qadın olmasının səbəblərindən biri də biz insanların daha çox qadın səslərini eşitməyə üstünlük verməsidir.

Robot texnikası və insan-kompüter qarşılıqlı əlaqəsi üzrə amerikalı ekspert Karl MakDormanın sözlərinə görə, bu fikir əsassız deyil. MakDorman araşdırmasında qadınların qadın səsinə üstünlük verdiyini, kişilərin isə bu mövzuda bir seçim etmədiyini ortaya qoyur. Səslərə reaksiyaları da araşdırılan qadın iştirakçıların dinlədikləri qadın səslərinə olan meyli dilə gətirdiklərindən daha da çox olub.

Kişilər isə çox maraqlanmasalar da, sorğularda daha çox qadın səsinə üstünlük verdiklərini bildiriblər. Ancaq hekayə təkcə bundan ibarət deyil. Əvvəlki SZ nümunələri arasında yer alan “Siri” və “Alexa”ya verilən qadın səslərinin seçilməsinin arxasında MakDormanın araşdırmasının dayandığı bildirilir.

MakDorman şirkətlərin bu seçimi çox fərqli səbəblərə görə etdiyinə inanır. “Düşünürəm ki, onlar bu mövzuda araşdırmalar dərc edilməmişdən əvvəl bu qərarı veriblər”, - deyə o bildirib. MakDorman şirkətlərin bu qərarı “şüursuz və etiraf etmək istəmədikləri səbəblərdən” qəbul etdikləri və mümkün etirazlara cavab olaraq bu araşdırmanın nəticələrini əsaslandırmaq istədikləri qənaətindədir. Dizaynerlər bunu etiraf etmək istəməsələr də, onların seçiminə öz gözləntilərimiz təsir etmiş ola bilər.

MakDormanın fikrincə, xidmət keyfiyyəti və istehlak xidmətləri ilə bağlı rolların “kişilərdən daha çox qadınlarla əlaqəli olması” da robotların daha çox qadın olmasında rol oynayır. SZ-nin ən ümumi funksiyasının insanlara məlumat və istehlak xidmətləri təqdim etmək olduğunu, bu vəzifələrin bir mənada “köləlik və qulluqçuluq”la əlaqəli olduğunu xatırladan MakDormana görə, şirkətlərin bu yanaşmasını “seksist” adlandırmaq olar.

Uşaq formasından yetkin qadınlara qədər

Digər tərəfdən, Britaniyada SZ və robotlarla bağlı etika və mədəniyyət sahəsində çalışan professor Katlen Riçardson xatırlayır ki, əvvəllər robotlar çox vaxt yetkin qadınlar deyil, uşaqlar şəklində istehsal olunurdu.

Riçardson BBC-yə deyib: “Uşaq formasında olarlarsa, insanları təhdidedici xüsusiyyətləri olmayacağı, insanların onları evlərinə aparmaqda özlərini daha rahat hiss edəcəyi düşünülürdü”.

On illərdir robotlar üzərində çalışan MakDorman da bu qorxunun qadın olaraq robot seçimində təsirli olduğunu düşünür: “Qadın robotlar ümumiyyətlə daha mehribandır, xüsusən də uşaqlar üçün. Buna görə də, insan-robot qarşılıqlı təcrübələrində qadınlar robotlar üçün daha uyğun ola bilər”.

Bəzi ekspertlər kişilərin üstünlük təşkil etdiyi bu sənayedə, xüsusilə heteroseksual (əks cins və ya genderdən olan insanlar arasında romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Mədəniyyətlərdə insanların çoxu heteroseksualdır – red.) kişilərin əks cinsə olan marağı səbəbindən robotları qadın kimi dizayn etdiklərini söyləyirlər.

Riçardson vurğulayır: “Burada mütləq seksuallaşdırma var. Robot və onun səsi nə qədər realist olursa, onları seksuallaşdırmağa bir o qədər meylli olur”.

Robotların müntəzəm olaraq cinsi məqsədlər üçün istifadə ediləcəyi gələcəklə bağlı narahat olan Riçardson bu vəziyyəti normallaşdırmağın “mənəvi zərərlərinə” diqqət çəkmək üçün xüsusi kampaniya aparır.

Robotlarla cinsi əlaqədə olmaq ideyası “Blade Runner”, “Her” və “Ex Machina” kimi elmi fantastika filmlərində də yer alıb. Barselona, Berlin və Moskva kimi şəhərlərdə son illərdə robotlardan ibarət fahişəxanalar açılıb. Oktyabr ayında robotlarla sevgi və seks mövzusunda beynəlxalq konfrans da keçiriləcək.

Robotlarla bu cür qarşılıqlı əlaqənin normallaşdırılmasının “ciddi bir xərci” olacağını ifadə edən Riçardson qeyd edir: “Cəmiyyətdə eqosentrik bir anlayış qurulur ki, fərdin hiss etdikləri, düşündükləri və yaşadıqlarını “münasibət” kimi təsvir etmək olar. Beləliklə, onlar bütün bu emosiyaları SZ-nin avatarında əks etdirə biləcəklər. Ancaq insanlar da bilirlər ki, əlaqənin iki tərəfi var və bizim münasibət dediyimiz şey bu ikisi arasında inkişaf edir”.

Münasibətlərə yanaşmamızda robotların oynadığı rol da bu böyüyən sənayeni formalaşdırır. Xüsusilə seksuallıqla əlaqəli olduqları hallarda robotlar şəxsiyyətlərarası münasibətlərin getdikcə çətinləşdiyi müasir dünyada alternativə çevrilə bilər.

Bəzi insanların eşqbazlıq etməkdən və başqaları ilə görüşməkdənsə, porno izləməyi daha asan tapdığını qeyd edən MakDorman digər insanlarla qarşılıqlı əlaqənin özü ilə bərabər “rədd edilmə” qorxusunu da gətirdiyini, SZ-nin bu narahatlıqları aradan qaldıra biləcəyini qeyd edir.

Digər tərəfdən, baha başa gəldiyi üçün robotları evlərinə apara bilənlərin sayı azdır. Robotların real görünməsi üçün ciddi pullar xərclənir. Cinsi istəkləri bir kənara qoysaq, insanabənzər robotlar hələ də əksər istehlakçılar üçün çox bahadır, lakin MakDormanın fikrincə, yenə də istisnalar olacaq:

“Bəzi insanların super avtomobilləri ala bildiyi kimi, aramızda da insan formalı robotlar ala biləcək insanlar olacaq”.
Strategyvision.org

Teq: Robot   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar