Ukrayna üzərində PUA-lar: Onlar hər iki tərəfin döyüş əməliyyatlarına necə təsir edir?

  Ukrayna üzərində PUA-lar:  Onlar hər iki tərəfin döyüş əməliyyatlarına necə təsir edir?
723     19:59     18 05 2022    
Ukraynadakı müharibədə hər iki tərəf öz Pilotsuz Uçuş Aparatlarını (PUA) istifadə edib, bu, onların müvafiq orduları tərəfindən daha geniş birləşmiş silah əməliyyatlarına imkan yaradıb. PUA-lar həm taqım-batalyon səviyyəsində, həm də operativ-strateji missiyalarda həmişə mövcud olub, buna misal olaraq Ukraynanın Türkiyədə istehsal edilən “Bayraktar” PUA-larını göstərmək olar.

Rusiyanın iddialarına görə, bir və ya bir neçə “Bayraktar” aprelin 25-də səhər saatlarında Rusiyanın Ukrayna sərhədindən 100 kilometr aralıda yerləşən Bryansk şəhərində neft anbarına hücum edib. Ukraynanın zərbə PUA-larının aktivliyi həqiqətən də Rusiya Federasiyasının sərhəd bölgələrində artıb. Xəbər verildiyi kimi, Ukraynanın “Ukrjet” UJ-22 kəşfiyyat PUA-sı Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərindəki hərbi hissələr tərəfindən vurulub. Yayılan məlumatlar Ukraynanın düşmən xətləri arxasında həyata keçirdiyi bu cür hava əməliyyatlarının effektivliyinə dair çox az fikir təqdim edir.

PUA-ların hər iki döyüşən ölkə tərəfindən tətbiq edilməsi artıq faktdır, onlar fərqli taktikalardan istifadə edirlər. Rusiya ordusu adətən “Orlan” və “Eleron” PUA-ları ilə uzun və qısa mənzilli kəşfiyyat uçuşları yerinə yetirirlər. Onlar döyüş meydanında geniş istifadə olunur. Lakin bu aktivlər yalnız briqada/batalyon səviyyəsində komandirləri məlumatlandırır, taqım səviyyəsində, ordu zabitləri və əsgərlər fərdi bölmələrinin müşahidə və kəşfiyyat imkanlarını təkmilləşdirmək məqsədilə özləri fərdi olaraq PUA əldə etməyə məcbur olurlar. Bununla belə, mülki bazar Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəyə bilmir.

Çeçenistandakı hərbi hissədən olan PUA operatoru bildirib ki, son altı ay ərzində Çeçenistana fəal şəkildə mülki PUA-lar göndərilir və onlar Ukraynada irimiqyaslı hərbi əməliyyatlar başlayandan sonra belə orada qalıblar. Cəbhədə döyüşən rus əsgərləri üçün bu PUA-ların olmaması bir sıra ordu zabitlərinin çaşqınlığına səbəb olub. Bu cür ifşalar çeçenlərin müharibədə iştirakının xüsusiyyətləri ilə bağlı Rusiya hakimiyyətinin təbliğat hekayələrini daha da sarsıdır.

Rusiyanın hərbi kəşfiyyat PUA-ları daxili komponent çatışmazlıqlarından əziyyət çəkir. Rusiyanın müdafiə-sənaye sektorunda və Silahlı Qüvvələrdəki korrupsiya, ordunun texniki tələblərinə cavab verən daxili hissələrin quraşdırılması ilə PUA-ların istehsalında həqiqətən istifadə edilənlər arasında ciddi uyğunsuzluqlar yaradıb. 2014-cü ildən Rusiyaya yüksək texnologiyalar ixracına qarşı Qərbin sanksiyaları bu məsələləri daha da ağırlaşdırıb. “Orlan”da əsas optika olaraq “Canon” kamerası kimi mülki elementlərdən istifadə edilir.

Problemlər Ukrayna Silahlı Qüvvələrinə də təsir edir. Ukrayna ordusunda hər bir bölmə daimi olaraq kvadrokopterlə təchiz olunmur, çünki onlar daim vurulur, buna görə də həmişə daha çox ehtiyac yaranır. Daha böyük və ya daha təkmil komplekslərə gəldikdə, bunlar dövlət tərəfindən yalnız müəyyən bölmələrə verilir: məsələn, kəşfiyyat və ya atışa nəzarət batareyası. Müharibənin ilk ayında zədələnmiş PUA-ların gövdələrinin təmiri və yenilərinin tədarükü ilə bağlı çətinliklər yaşansa da, vəziyyət getdikcə sabitləşdi. Bu gün, demək olar ki, hər bir minaatan batareyası ən azı bir PUA-ya sahibdir.

Rusiyanın kəşfiyyat PUA-larının mövcudluğu və keyfiyyəti ilə bağlı şikayətlərinə baxmayaraq, Ukrayna tərəfi onları nəzərəçarpacaq təhlükə kimi qiymətləndirib. Martın 30-da Ukrayna Ərazi Müdafiəsi zabitlərindən biri deyir ki, Rusiya “Orlan”larının sayı kifayət qədər çoxdur, bu da Kiyevin müdafiəsi zamanı Ukrayna artilleriyasının, şəxsi heyətinin və təkərli maşınlarının əhəmiyyətli itkilərinə səbəb olub. Bununla belə, “Orlan”ın zəif cəhətlərindən biri yüksək səs-küydür, Ukrayna hərbçiləri bu PUA-lara “Haqridin motosikleti” ləqəbini qoyublar.

Hazırda Donbasda mövqe döyüşündən manevr müharibəsinə keçid PUA operatorlarına və onların avadanlıqlarına əlavə vəzifələr yükləyib. Səyyar döyüşdə əsgər daim təhlükə altında olur, istənilən vaxt cəbhədə vəziyyət dəyişə bilər və düşmən hücuma keçə bilər. Bunu nəzərə alaraq, bəzi Ukrayna alayları döyüş meydanında daha mobil olmaq üçün əldəqayırma antena qurğusu düzəldib və onu öz PUA-larına birləşdiriblər. Bu fərdiləşdirmə onlara PUA-nı daha tez köçürməyə və başqa yerə endirməyə imkan verir. Eyni zamanda, ukraynalılar müxtəlif hava şəraitində PUA-ların istismarı ilə bağlı təcrübələr aparırlar.

Hazırda Ukrayna Silahlı Qüvvələrində əsas problem atışların tənzimlənməsi məqsədilə PUA əməliyyatlarının sadələşdirilməsidir. Hazırda PUA-dan toplanan kəşfiyyat/hədəfləmə məlumatları nəzərdən keçirilmək üçün əvvəlcə yuxarı orqanlara ötürülür və yalnız bundan sonra əmrlə birlikdə məlumatlar atəş mövqeyində çalışan personala çatır. Bu, xüsusilə hərəkətli bir hədəfi məhv etməyə çalışarkən böyük vaxt itkisidir. Bunu nəzərə alaraq, PUA ekipajı birbaşa artilleriya bölmələri ilə işləməlidir.

Ümumiləşdirsək, Rusiya-Ukrayna müharibəsində PUA-ların ən böyük dəyəri kəşfiyyat və müşahidə sferasında olub. Komandirin qərar qəbul etmə sürəti kəşfiyyat məlumatlarının alınma sürətindən asılıdır və bu da öz növbəsində döyüş meydanında təşəbbüskar olmağı asanlaşdırır. Artilleriya ilə birlikdə işləyən, taktiki-kəşfiyyat PUA-ları ilə təchiz edilmiş piyadalar daha böyük nəticələr əldə edə bilər.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar