Cənubi Qafqazda heç vaxt unudulmayacaq qanlı müharibə: Tankların hökmranlıq etdiyi günlər sona çatır?

 Cənubi Qafqazda heç vaxt unudulmayacaq qanlı müharibə:  Tankların hökmranlıq etdiyi günlər sona çatır?
4327     15:24     07 08 2021    
Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən imzalanan sənəd minlərlə insanın ölümü ilə nəticələnən 44 günlük müharibəyə son verdi. Ermənistanın məğlub olması ilə nəticələnən müharibədə PUA-lardan genişmiqyaslı istifadə edildi.

Azərbaycan Müdafiə Nazirliyi gündəlik olaraq erməni hədəflərinə PUA hücumlarının videolarını yayımlayır və hətta görüntüləri paytaxt Bakıdakı ictimai yerlərdə rəqəmsal reklam lövhələrində nümayiş etdirirdi.

Prezident İlham Əliyev Pilotsuz Uçuş Aparatlarının birbaşa olaraq Azərbaycanın döyüş sahəsindəki müvəffəqiyyətində önəmli rol oynadığını, itkiləri azaltdığını və son illərdir mövcud olan güclü erməni istehkamlarını məhv etməyə kömək etdiklərini bildirdi.


Kadrlarda görünür ki, Ermənistan ordusu, xüsusilə də uzun müddət orduda dominant platforma sayılan tanklar və zirehli texnikaları arasında ciddi itkilər verir. Bütün dünyada müşahidə edilən böyük itkilər tanklarıın gələcəyi ilə bağlı mübahisələrə səbəb oldu.

Katastrofik itkilər

Yom Kippur müharibəsi zamanı Sovet istehsalı olan AT-3 “Sagger” tank əleyhinə idarəolunan raketlərdən istifadə edərək ərəb piyadaları hər gün onlarla İsrail tankı və zirehli texnikasını məhv edirdi, həmin vaxtdan tanklarla bağlı mübahisələr davam edir.

Tanka qarşı arqument səsləndirənlər yeni tanklara investisiya qoymağın bir mənası olmadığını bildirirlər, çünki 1970-ci illərdən bu yana daha da inkişaf etmiş hücum helikopterləri və tank əleyhinə silahlarla onları asanlıqla məhv etmək mümkündür. Qarabağdakı son müharibə ola bilər ki, bu arqumenti təsdiq edir.


26 oktyabrda Prezidenti İlham Əliyev Ermənistan ordusuna məxsus 252 tankı və 50 piyadanın döyüş maşınının məhv edildiyini bildirdi. Müdafiə Nazirliyinin yayımladığı video və açıq mənbələr bunu sübuta yetirir.

Tank əleyhinə arqument səsləndirənlər Hollandiyanın 2011-ci ildə bütün tank qüvvələrini ləğv etmək qərarına, ABŞ Dəniz Qüvvələri tərəfindən hazırkı tank birliklərinin ləğv edilməsi qərarına istinad edirlər.

PUA-lar yeni fenomendir

Amma tanklara qarşı əks-arqument gətirənlər o qədər də dəqiq deyil. Birincisi, tank əleyhinə silah daha da inkişaf etmiş olduğu kimi, tankların müdafiəsi də inkişaf edib. Müasir dövrdə əsas döyüş tankları müxtəlif partlayıcılar əleyhinə zirehlər, tank əleyhinə silahları aşkar etmək və məhv etmək üçün hazırlanmış aktiv qoruyucu sistemlərlə təchiz edilib.


Qarabağdakı döyüşlərdən məlum olur ki, tank əleyhinə təhlükələr nisbətən yeni silahlara - PUA-lara görədir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi və ABŞ Dəniz Qüvvələrinin keçmiş zabiti Mark Kansian da deyir ki, PUA-ların bu baxımdan yeni bir fenomen olduğuna şübhə yoxdur. Azərbaycan Türkiyə və İsraildən PUA-lar almağa külli miqdarda sərmayə qoyub, zərbə və kamikdaze tipli PUA-lar alıb.

PUA-ların effektiv olması aydın məsələdir. Müdafiə Nazirliyinin yaydığı videoların birində ən azı beş erməni tankının bir nişan zamanı məhv edildiyi və ya zədələndiyi görünür. Pilotsuz Uçuş Aparatları, həmçinin artilleriyamız üçün hədəf məlumatları ötürürdü.

Bu yeni bir mərhələdir

Ermənistanla Azərbaycan arasındakı son döyüşlər tankın gələcəyi ilə bağlı mübahisələri həll etmədi. Daha doğrusu, bu, tankların faydalı olması üçün PUA təhlükəsinin aradan qaldırılmasının lazım olduğunu göstərən yeni bir mərhələdir.


RAND Korporasiyasının əsas tədqiqatçısı və ABŞ Ordusunun keçmiş polkovniki David Conson deyir: “Sual “tanklardan qurtulmaq lazımdır?” deyil, sual “faydalı olduqları yerlərdə işləmələri üçün tankları PUA-lardan necə qorumaq lazımdır?” deyə olmalıdır. Ən böyük sual isə “PUA-ları necə məhv etmək lazımdır?” sualıdır. Bu çətin bir sualdır”.

ABŞ Ordusu bir müddətdir kifayət qədər HHM sistemləri əleyhinə sistemlərə malik deyildi. Qısa mənzilli HHM sistemlərinin bir çoxu Soyuq Müharibədən sonra istismardan çıxarılıb və hava üstünlüyünə nail olmaq üçün Hərbi Hava Qüvvələrinə etibar edilib.

Ancaq bir sıra hava və PUA əleyhinə layihələr hazırlanır. Ordu, hava hücumundan müdafiə üçün “IM-SHORAD Strykers” silahları sifariş verib, eyni zamanda “cammer” (siqnal söndürmə stansiyaları – red.) və lazer sistemlərinin istehsalı da davam etdirilir.

Hələ də yeni tanklar hazırlanır və yerləşdirilir. ABŞ Ordusu keçən yay yeni M1A2 SEP V3-ün satışına başlayıb. Çin yeni “Type 15” yüngül tankının buraxılışını davam etdirir və Rusiyanın T-14 “Armata” tanklarının ilk partiya tədarükü tezliklə həyata keçiriləcək.

Tanklar hələ də faydalıdır, lakin gələcək müharibələr daha dağıdıcı olacaq. Tanklar XXI əsrin nizamsız qarşıdurmalarında böyük ölçüdə öz dəyərlərini sübut edib.


ABŞ tankları İraqdakı müharibə dövründə şəhər döyüşlərində xüsusilə faydalı idi. Kanada və Danimarka tankları isə Əfqanıstanda o qədər təsirli oldu ki, ABŞ Dəniz Qüvvələri Helmand vilayətindəki oxşar bir missiyaya 15 tank göndərdi, nəticədə karvanlara daha az hücum edildi və çoxsaylı döyüş uğuru qazanıldı. Bu yaxınlarda separatçıların tankları Donbasda Ukrayna qüvvələrinə qarşı döyüşlərdə əsas rol oynadı.

Ermənilərin hava hücumundan müdafiəsi böyük ölçüdə köhnəlmişdi və ən təhlükəli PUA-ları vurmaq imkanları ciddi şəkildə məhdud idi. Bundan əlavə, erməni tanklarında ən yeni aktiv qoruma sistemləri də yox idi.

Amma Azərbaycan və Ermənistan arasında baş verən müharibə regional çərçivədə idi. İki böyük güc arasındakı müasir müharibə ABŞ və ya müttəfiqlərinin vərdiş etdiyi hər şeydən daha dağıdıcı olacaq, yəni son iyirmi ildəki münaqişələr bu cür mübarizə üçün ən yaxşı model deyil.

“Hər zaman bu cür regional qarşıdurmalardan böyük güc qarşıdurmasının necə olacağına dair ekstrapolyasiya etmək üçün bir az diqqətli olmaq lazımdır”, - deyə Kansian İspaniya Vətəndaş Müharibəsinin II Dünya Müharibəsindən çox fərqli olduğunu qeyd edib.

O bildirir ki, müasir müharibə son dərəcə dağıdıcıdır və bu vəziyyətdən keçməyin heç bir yolu yoxdur.

ABŞ son 20 ildə qeyri-dövlət aktorlarına qarşı mübarizəni cəmləşdirdiyi halda, böyük güc qarşıdurması perspektivi bir daha mərkəz mərhələsindədir. Potensial rəqiblər indi həm hava, həm də quru gücünə birləşmiş silahlara investisiya yatırırlar. Bu, on illərdir görülməmiş səviyyələrdə bütün platformalar üçün itkilərə səbəb olacaq.
Strategyvision.org

Teq: Qarabağ   PUA   Tank  


Oxşar məqalələr
Son əlavə olunanlar