NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır

 NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
551     09:17     17 04 2023    
NASA rəsmiləri Marsın yaşayış mühitinin dörd kiçik otaq, idman zalı və yerə döşənəcək qırmızı qum ilə yaradılacağını, könüllülərin bu mühitdə bir il yaşayacağını, beləliklə də gələcəkdəki Mars missiyalarının necə olacağının araşdırılacağını açıqlayıblar.

Qeyd olunub ki, “Crew Health and Performance Exploration Analog” (CHAPEA) adlı üç ayrı eksperiment NASA-nın ABŞ-ın Texas ştatındakı Hyuston obyektlərində aparılacaq. Təcrübələrdə insanların uzun müddət təcrid olunmaya qarşı dözümlülüyünün daha yaxşı başa düşülməsi üçün subyektlərin fiziki və ruhi sağlamlığının izləniləcəyi ifadə edilib.

Tədqiqatçılar həmçinin mütəmadi olaraq sudan istifadənin məhdudlaşdırılması və ya avadanlıqların nasazlığı kimi stresli vəziyyətlərə subyektlərin reaksiyasını sınaqdan keçirəcəklər. Bu yay başlaması planlaşdırılan ilk sınaqda dörd könüllünün iştirak edəcəyi açıqlanıb.

CHAPEA eksperimentlərinin baş tədqiqatçısı Qreys Duqlas bildirib ki, əldə edilən məlumatlarla NASA Marsda astronavtların “resursdan istifadəsini” daha yaxşı başa düşəcək.

“Biz astronavtlara təqdim edəcəyimiz materiallarla onları dəstəkləyib-dəstəkləməyəcəyimizi anlamaq istəyirik. Bu məlumatlar kritik resurs qərarlarının qəbulu üçün həqiqətən vacib olacaq. Belə bir uzaq missiya üçün “çox ciddi maddi məhdudiyyətlər” olacaq”, - deyə o qeyd edib.

Yaşayış mühiti 3D printer ilə yaradılacaq

Yaşayış yerinin digər özəlliyi isə onun 3D printerlərdən istifadə edilərək istehsal olunmasıdır. Duqlas açıqlamasında qeyd edib ki, 3D printerlər NASA-nın digər planetin və ya ayın səthində həyat yaratmaq üçün potensial olaraq nəzərdən keçirdiyi texnologiyalardan biridir.

Könüllülər iki vanna otağı, plantasiya ferması, tibbi ehtiyaclar üçün otaq, istirahət zonası və bir neçə iş stansiyasından ibarət “Mars Dunes Alpha” adlı 160 kvadrat metrlik sığınacaqda yaşayacaqlar. Əslində bir anqarın içində olan, yalnız hava kilidi ilə içərisindən çıxılacaq “çöl məkan”da isə Mars yaşayış mühiti formalaşdırılacaq.

Astronavtlar Qırmızı Planetin daha az cazibə qüvvəsini simulyasiya etmək üçün yaradılan qayışlara bağlanaraq qaçış aparatı üzərində gəzəcəklər.

NASA-nın Davranış Sağlamlığı və Performans Laboratoriyasının rəhbəri Suzanna Bell qaçış aparatlarından dörd könüllünün nümunə və məlumat toplamaq və ya infrastruktur qurmaq kimi məqsədlər üçün edəcəyi uzun gəzintiləri simulyasiya etmək üçün də istifadə ediləcəyini qeyd edib.

NASA ilk sınaqda kimin iştirak edəcəyinin hələ dəqiq olmadığını, lakin namizədlərin elm, texnologiya, mühəndislik və riyazi biliklərinə uyğun olaraq “astronavt namizədlər üçün tətbiq edilən standart meyarlara görə” seçiləcəyini açıqlayıb.
Strategyvision.org

Teq: NASA   MARS  


Oxşar məqalələr
Son əlavə olunanlar