Efiopiyada Türkiyə istehsalı PUA-ların istifadə edilməsi ABŞ-ı niyə narahat edir?

 Efiopiyada Türkiyə istehsalı PUA-ların istifadə edilməsi ABŞ-ı niyə narahat edir?
1417     13:23     23 12 2021    
“Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb ki, ABŞ Türkiyənin Efiopiyaya zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) satması ilə bağlı narahatlığını Türkiyəyə çatdırıb.

Mənbələrin məlumatına görə, Türkiyə tərəfindən satılan PUA-lar Efiopiya hökuməti tərəfindən Tiqray qüvvələrinə qarşı istifadə olunur.

Agentliyə danışan Qərb rəsmisinin sözlərinə görə, Vaşinqton Türkiyəyə satışla bağlı “dərin narahatlıqlarını” çatdırıb.

Efiopiya hökuməti ilə Tiqray qüvvələri arasında Şimali Tiqray bölgəsinə rəhbərlik uğrunda bir ildən çox davam edən müharibə minlərlə dinc sakinin ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.

ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ötən həftə Türkiyə də daxil olmaqla region ölkələrinə səfər edən ABŞ-ın Afrika üzrə nümayəndəsi Ceffri Feltman Ankaraya səfəri zamanı ABŞ-ın narahatlığını Türkiyə rəsmilərinə çatdırıb.

Türkiyənin yüksək rütbəli rəsmisi də bunu təsdiqləyib. Amerikalılar türk rəsmiləri ilə keçirdikləri bir neçə görüşdə bu satışları gündəmə gətirərək narahat olduqlarını dilə gətiriblər.

Türkiyə isə Afrikada sabitliyi pozan güc kimi ona qarşı irəli sürülən ittihamları rədd edir. Rəsmilər Türkiyənin bütün tərəfləri danışıqlara dəvət etdiyini vurğulayır.

Bazar ertəsi Tiqray qüvvələri Efiopiya hökumətinin bir çox cəbhədə irəliləyiş əldə etməsindən sonra bəzi şimal bölgələrindən geri çəkildiklərini elan edib və BMT-yə göndərdikləri məktubda Tiqray üzərində PUA və digər hava vasitələri üçün uçuşa qadağan zona yaratmağa çağırıblar.

ABŞ Dövlət Departamenti isə may ayında Efiopiya üçün müdafiə məhsullarına məhdudiyyətlər qoyub. Sentyabr ayında Ağ Ev işə qarışaraq “sabitliyi təhdid edən qüvvələrə” qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların icrasına cavabdeh olan ABŞ Maliyyə Nazirliyi Türkiyəyə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualları cavabsız qoyub.

Yüksək rütbəli türk rəsmisi bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi 2022-ci il büdcə planlaması çərçivəsində PUA satışının ABŞ-ın xarici siyasətinə necə təsir göstərə biləcəyini araşdırır.

“ABŞ Türkiyənin pilotsuz təyyarə satışından narahatlığını ifadə edib, lakin Türkiyə bu sahədə müəyyən etdiyi siyasətləri davam etdirəcək”.

Milli Müdafiə Nazirliyinin rəsmisi Ankaranın heç bir ölkənin daxili işlərinə qarışmaq fikrində olmadığını vurğulayıb.

Türkiyənin Efiopiyaya müdafiə avadanlığı ixracı 2020-ci ildəki 203 min ABŞ dollarından ilin ilk 3 ayında 51,7 milyon dollar səviyyəsinə çatıb. TÜİK-in məlumatına görə, 2021-ci ilin ilk 11 ayında bu rəqəm 95 milyon dollara yüksəlib.

İxracdakı bu artım “Bayraktar TB2”nin satışının artıq reallaşa biləcəyinə işarə edir. Məsələn, 6 (1 partiya) ədəd “Bayraktar TB2” və digər xidmətlərdən ibarət satış paketi Ukraynaya 69 milyon ABŞ dollarına başa gəlib.

Təkcə noyabr ayında Efiopiyaya müdafiə və aerokosmik ixracat 31,091 milyon ABŞ dolları dəyərində olub.

Efiopiyada yerləşən xarici hərbi rəsminin sözlərinə görə, peyk fotoşəkilləri və digər dəlillərə əsasən PUA-lardan istifadə edildiyinə dair “aydın əlamətlər” var. Rəsmi qeyd edir ki, bu PUA-ların sayı 20-yə çatıb. Bunların neçəsinin Türkiyə tərəfindən tədarük edildiyi məlum deyil. Efiopiya hökuməti təkcə Türkiyə istehsalı PUA-lardan istifadə etmir. Döyüşlərdə istifadə olunan PUA-lar arasında BƏƏ tərəfindən tədarük edilən Çin PUA-ları və İran tərəfindən istehsal olunan PUA-lar mövcuddur.
Strategyvision.org

Teq: Türkiyə   ABŞ   Efiopiya   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar