Qarabağ müharibəsindən çıxarılan hərbi dərslər: Dünya ölkələri hərbi doktrinalarına yenidən baxır

  Qarabağ müharibəsindən çıxarılan hərbi dərslər:  Dünya ölkələri hərbi doktrinalarına yenidən baxır
1097     10:51     22 06 2021    
Sentyabrın 27-də başlayan Qarabağ müharibəsinin ikinci mərhələsi dünya ölkələrinin orduları üçün vacib dərslər verdi. Artıq Avropa və Asiya hökumətləri əldə edilən təcrübəni təcili olaraq nəzərdən keçirirlər.

Son on ildə Azərbaycanın Silahlı Qüvvələrinin davamlı şəkildə inkişaf etdirildiyi heç kimə sirr deyildi. Ancaq buna baxmayaraq, ekspertlər müharibənin yenidən qızışacağını və Azərbaycanın açıq qələbə qazanacağını proqnozlaşdıra bilmirdi.

Bu qələbənin böyük bir hissəsi müharibənin texniki və maliyyə tərəfinə aid edilir: Azərbaycan daha çox şey əldə edə bilirdi, Türkiyə və İsrail texnologiyasına sahib idi. Ancaq 2020-ci il Qarabağ müharibəsinin dərsləri daha dərindir və texnoloji mövzulardan daha mürəkkəbdir.

DƏRS 1: STRATEGİYA VƏ SİYASƏT MƏSƏLƏLƏRİ


Hər müharibənin gedişatı onu tətikləyən konkret siyasi şərtlərdən təsirlənir və bu müharibə də istisna deyildi. Rusiya müharibənin başlanğıcından etibarən ermənilərə tanınmış sərhədləri xaricində kömək etmək niyyətində olmadığını bildirdi, Azərbaycan əks-hücum əməliyyatlarının müvəffəq olacağına əmin idi. Rusiya, həmçinin bu müharibəni özünə bağlı köhnə rejimi kənarlaşdıran Ermənistanın baş naziri Nikol Paşinyanı zəiflətmək üçün bir vasitə kimi görürdü. Müharibə, həmçinin Ermənistanın əvvəllər danışıqlarda qəbul edilən “sülh planları”nı qəbul etməsinə səbəb olacaqdı və bu, Moskvanın geosiyasi mövqeyini möhkəmləndirməyə xidmət edirdi. Bu mənfi siyasi vəziyyət birbaşa döyüş meydanında ermənilər üçün mənfi hərbi cəhətlərə çevrildi.

Moskvanın hərbi müdaxilə etmək fikrində olmadığını bilən Türkiyə müharibədən əvvəl Azərbaycanda bir neçə F-16 qırıcısını ümumi çəkindirici vasitə kimi saxladı. Bunlar döyüşlərdə istifadə edilmədi. Öz növbəsində, Ermənistan bu yay Rusiyadan səkkiz ədəd “Su-30” qrıcısı almışdı, lakin bunları Azərbaycan PUA-ları ilə yarışmaq üçün istifadə etməyə belə çalışmadı. Bunun əsas səbəbi Rusiyanın Ermənistanın Türkiyə ilə birbaşa qarşıdurmaya girməməsini istəməməsi və təyyarələrini yerdə saxlaması idi. Bununla yanaşı daha sonra məlum oldu ki, Ermənistan “Su-30”ları əldə edərkən onun raketlərini tədarük etməyib. Hər bir halda yaranmış vəziyyət Azərbaycanın hava üstünlüyünə sahib olmasına şərait yaratdı. Bu, müharibədə həlledici oldu.

DƏRS 2: KOMPÜTERLƏR VƏ ŞƏBƏKƏLƏR


Suriya və Liviyada olduğu kimi, Rusiyanın hava hücumundan müdafiə sistemləri burada da kiçik və yavaş PUA-lara qarşı mübarizədə uğursuz oldu. Bu, Qərbdə Rusiyanın havadan müdafiə sistemlərinin ümumiyyətlə həddindən artıq şişirdilməsi ilə bağlı mübahisələrə səbəb oldu. Amma hələ ki, bu barədə danışmaq tezdir.

Ermənistanın “ən müasir” hava hücumundan müdafiə sistemi hesab olunan S-300PT və PS seriyası və 9K37M “Buk-M1” 1980-ci illərdə hazırlanıb. Raketlər hələ də güclü olsa da, onların sensorları sürətli hərəkət edən qırıcıları aşkarlamaq, müəyyənləşdirmək və izləmək üçün hazırlanıb, radarları kiçik və yavaş hərəkət edən pilotsuz uçuş aparatlarını nəzərə almır. 1980-ci illərdə bir çox sistemlərdə olduğu kimi, bunlarda da bir çox hesablama aparat tərtibatı ilə əvvəlcədən həyata keçirilib və yenidən proqramlaşdırma bütün sistemin geniş bir şəkildə yenidən qurulmasını tələb edir.

Bu sistemlər “plot-fusion” funksiyasına sahib deyillər: müxtəlif radarlardan alınan xam radar siqnallarını vahid hesabatda yığıb birləşdirə bilmirlər. “Plot-fusion” inkişaf etmiş PUA-lar və ya stels qırıcılar kimi kiçik və aşağı müşahidə oluna bilən hədəflərin aşkarlanması üçün vacibdir. Rusiyanın Suriyaya, Türkiyəyə, Şimali Koreyaya və İrana satdığı hava hücumundan müdafiə sistemlərinin heç bir ixrac versiyası bu funksiyaya sahib deyil. Bu səbəbdən Ermənistan və Suriyadakı rus bazalarını qoruyan Rusiya hava hücumundan müdafiə sistemləri ilə Rusiyanın hava hücumundan müdafiə sistemləri arasında çox böyük bir fərq var.


Azərbaycan Ordusuna məxsus PUA-lar bölgədə sərbəst fəaliyyət göstərirdi, çünki Ermənistanda PUA-larla onları idarə edən operatorlar arasındakı siqnalları kəsə biləcək heç bir qurğu yox idi. Yalnız müharibənin son günlərində Rusiya Azərbaycan PUA-larına mane olmaq üçün Ermənistanın Gümrü şəhərində yerləşən “Krasuxa” radioelektron mübarizə vasitəsindən istifadə etdi.

Azərbaycan, həmçinin digər PUA-lardan fərqli olaraq bütün şəraitlərdə istifadə edilə bilən İsrailin “Harop” adlı “gəzən sursat”larından istifadə etdi. Beləliklə, gələcəkdə müharibələrə başlamağa hazırlaşan ordular (- yalnız ABŞ, Çin, Rusiya deyil, Türkiyə, İsrail və Cənubi Afrika kimi regional güclər də daxil olmaqla) bu təcrübə nəticəsində, əlbəttə ki, Süni Zəka və avtonom ölümcül silah sistemləri üzərində daha çox araşdırma aparacaq. Avropa ölkələri isə nəzərdə tutulan kimi, bu döyüş sursatını qadağanedici silahlara nəzarət müqaviləsi ilə qadağan etmək əvəzinə, yeni texnologiyalardan necə istifadə ediləcəyini və avtonom öldürücü silah sistemlərini silahlı qüvvələrə ən yaxşı şəkildə necə inteqrasiya edəcəklərini və bununla da əməliyyatların tempini və effektivliyini artıracaqlarını sınayacaqlar.

DƏRS 3: DÜŞMƏNİN GÜCÜ UĞRUNDA DÖYÜŞ


Müharibədən əvvəl, Ermənistan ordusu taktiki səviyyədə özünü üstün hesab edirdi: daha yaxşı zabitlərə, daha motivasiyalı əsgərlərə və daha çevik rəhbərliyə sahib olduğunu düşünürdü. Azərbaycanla əvvəlki kiçikmiqyaslı toqquşmalarda bunun kifayət etdiyi xülyasına qapılmışdı. Ancaq son müharibə bu mifləri darmadığın etdi.

PUA-lar əvvəlcə Ermənistanın Qarabağdakı mövqelərini, daha sonra ehtiyat bölmələrini aşkarlardı. Daha sonra koordinatları raket və artilleriya bölmələrinə ötürdü. Azərbaycan ordusu top və haubitsalarla, yaylım atəşli reaktiv sistemlərlə, raketlərlə ermənilərin müdafiə mövqelərini, ehtiyat bölmələrini cəbhə ilə birləşdirən körpüləri və ya yolları məhv etdi. Ermənistan tərəfi ehtiyatları döyüşə göndərmək iqtidarında olmadıqda, Azərbaycan ordusu təcrid olunmuş erməni mövqelərini alt-üst etməyə davam etdi. Bu prosedur günbəgün təkrarlandı, hər gün bir erməni mövqeyi məhv edildi və gecə ərzində belə artilleriya dayanmadı.

Bu taktika ermənilərin müdafiəsinin asan olduğunu düşündükləri dağlıq ərazilərdə də yaxşı işləyirdi. Dağlarda önü arxa tərəfə bağlayan yalnız bir yol var idi ki, bu da PUA-ların hədəflərini müəyyənləşdirməyi daha da asanlaşdırdı. Şuşa uğrunda döyüşdə ermənilərin müqavimət göstərməyə şansı yox idi. Ermənistan ordusu dağılmağa başladı və İrəvanın kapitulyasiya aktı imzalamaqdan başqa yolu qalmadı.


Qərbdə pilotsuz uçuş aparatları ilə bağlı müzakirələrin əksəriyyəti PUA müharibələrinin texniki tərəfi ilə bağlıdır. Ancaq bu müharibədə bu cəhət daha az diqqət çəkirdi. PUA-lar əsasən hava hücumundan müdafiə sistemləri, zirehli texnikaların məhv edilməsində istifadə olundu.

Dünya ölkələri bu münaqişənin hərbi dərslərinə diqqətlə baxmalı və bunu kiçik ölkələr arasında kiçik müharibə kimi qiymətləndirməməlidir. Soyuq müharibədən sonra əksər inkişaf etmiş ordular özüyeriyən hava hücumundan müdafiə sistemlərini sıradan çıxardı. “Stinger” və “Igla” (əsas qısa mənzilli hava hücumundan müdafiə sistemləri) kimi daşınabilən hava hücumundan müdafiə sistemlərinin PUA-lar kimi kiçik hədəfləri vurmaq şansı çox azdır. Son Qarabağ müharibəsində vurulan PUA-ların hansı HHM-lərlə vurulduğu məlum deyil. Avropa ölkələrinin bir çoxunda PUA əleyhinə güclü HHM sistemləri yoxdur. Fransa və Almaniyada (qısa mənzilli) PUA əleyhinə silahlar və bazaları qorumaq üçün HHM sistemləri mövcuddur. Aİ ordularının əksəriyyəti - xüsusən də kiçik və orta üzv dövlətlərin orduları - müasir bir kinetik müharibədə Ermənistan ordusu qədər acınacaqlı bir vəziyyətə düşərdi. Bu, artıq bütün dünyanı düşündürür.
Strategyvision.org

Teq: Qarabağ   Vətən-Müharibəsi   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar