Mərakeş əlavə “Bayraktar TB2” PUA-ları sifariş edəcək

 Mərakeş əlavə “Bayraktar TB2” PUA-ları sifariş edəcək
927     15:10     03 12 2021    
Mərakeş Hərbi Hava Qüvvələri əvvəllər verdiyi 13 ədəd “Bayraktar TB2” sifarişinə əlavə olaraq daha 6 ədəd bu PUA-dan sifariş verməyə hazırlaşır.

Fransaya yaxınlığı ilə tanınan “Africa Intelligence” nəşri öz mənbələrinə əsaslanaraq yazıb ki, Mərakeşdə çəkilən görüntülərlə təsdiqləndi ki, Mərakeş son aylarda “Bayraktar TB2”lərin ilk partiyasını almağa başlayıb. Rəsmi Rabat daha əvvəl 12+1 (ehtiyat) “Bayraktar TB2” və 4 yerüstü idarəetmə stansiyası sifariş etmişdi.

Sözügedən satınalma Mərakeş mətbuatı tərəfindən rəsmi Rabatın Əlcəzairə qarşı hərbi güc balansında mövqeyini daha da möhkəmləndirən unikal bir alış kimi təsvir edilib.

Azərbaycan ordusu tərəfindən də istifadə edilən “Bayraktar TB2” zərbə PUA-ları Qarabağ müharibəsindən sonra dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. İstehsalçı şirkətin son məlumatına görə, PUA-lar indiyədək 13 ölkəyə satılıb.

Bir sutkadan artıq müddətdə havada qala bilən “Bayraktar TB2” zərbə PUA-ları Türkiyənin Suriyada Bəşər Əsədə sadiq ordunun şimal bölgələrinə hücumunun, Liviyada Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənən qiyamçı feldmarşal Xəlifə Həftərin Tripoliyə hücumunun qarşısının alınmasında böyük rol oynayıb. PUA-lar, həmçinin Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycan tərəfindən istifadə edilib və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.

Qeyd edək ki, Türkiyənin “Baykar Savunma” şirkətinin rəsmisi Selçuk Bayraktar “Dünya” qəzetinə verdiyi xüsusi müsahibədə şirkətin gəlirlərində ixracat payının artdığını bildirib.

“Bayraktar TB2” PUA-ları üçün 10-dan çox ölkə ilə ixracat əlaqələri olduğunu ifadə edən Bayraktar son illərdə şirkətin gəlirlərinin 70%-dən çoxunun ixracatdan qaynaqlandığını bildirib. Selçuk Bayraktar ilk dəfə 2021-ci ildə “Baykar”ın ixracat gəlirlərinin bir qədər artaraq 80%-i keçdiyini açıqladı. “Baykar” 2020-ci ildə 360 milyon dollarlıq PUA ixracı ilə müdafiə sənayesi kimi strateji sahədə böyük müvəffəqiyyət əldə edib. “Bayraktar TB2” indiyədək Qətər, Ukrayna, Polşa, Türkmənistan və Azərbaycana ixrac edilib.

Taktiki uçuş xüsusiyyətləri

Uzunluğu: 6.5 m;
Hündürlüyü: 2.2 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrik: 1×Rotax 912 (daxili yanma);
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 27 saat;
Fəaliyyət radiusu: 150 km.
Faydalı yükü 4 ədəd lazerlə idarəolunan raket;
Yanacaq tutumu 300 l benzin;
100 at gücünə malik daxili yanma mühərriki.
Strategyvision.org

Teq: Mərakeş   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar