“Bayraktar TB2” Mərkəzi Asiyada: Növbəti müştəri Qızğızıstan oldu

  “Bayraktar TB2” Mərkəzi Asiyada:  Növbəti müştəri Qızğızıstan oldu
1052     12:09     22 10 2021    
Qırğızıstan Türkiyə istehsalı “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA-ları) alıb.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib ki, 300 milyon qırğız somu (33,4 milyon dollar) dəyərində hərbi texnika alınıb. PUA-larla yanaşı Türkiyədən 40 ədəd zirehli maşın alındığı bildirilir. Taşiyev Qırğızıstan üçün alınacaq TB2-lərin istehsal xəttində olduğunu da qeyd edib.

Qırğızıstan üçün istehsal olunan TB2-lərin tezliklə çatdırılacağı qeyd olunur

Taşiyev Rusiyadan “Orlan-10” PUA-ları alındığını da açıqlayıb.

Bir sutkadan artıq müddətdə havada qala bilən “Bayraktar TB2” zərbə PUA-ları Türkiyənin Suriyada Bəşər Əsədə sadiq ordunun şimal bölgələrinə hücumunun, Liviyada Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənən qiyamçı feldmarşal Xəlifə Həftərin Tripoliyə hücumunun qarşısının alınmasında böyük rol oynayıb. PUA-lar, həmçinin Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycan tərəfindən istifadə edilib və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.

Qeyd edək ki, Türkiyənin “Baykar Savunma” şirkətinin rəsmisi Selçuk Bayraktar “Dünya” qəzetinə verdiyi xüsusi müsahibədə şirkətin gəlirlərində ixracat payının artdığını bildirib.

“Bayraktar TB2” PUA-ları üçün 10-dan çox ölkə ilə ixracat əlaqələri olduğunu ifadə edən Bayraktar son illərdə şirkətin gəlirlərinin 70%-dən çoxunun ixracatdan qaynaqlandığını bildirib. Selçuk Bayraktar ilk dəfə 2021-ci ildə “Baykar”ın ixracat gəlirlərinin bir qədər artaraq 80%-i keçdiyini açıqladı. “Baykar” 2020-ci ildə 360 milyon dollarlıq PUA ixracı ilə müdafiə sənayesi kimi strateji sahədə böyük müvəffəqiyyət əldə edib. “Bayraktar TB2” indiyədək Qətər, Ukrayna, Polşa, Türkmənistan və Azərbaycana ixrac edilib.

Taktiki uçuş xüsusiyyətləri

Uzunluğu: 6.5 m;
Hündürlüyü: 2.2 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrik: 1×Rotax 912 (daxili yanma);
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 27 saat;
Fəaliyyət radiusu: 150 km.
Faydalı yükü 4 ədəd lazerlə idarəolunan raket;
Yanacaq tutumu 300 l benzin;
100 at gücünə malik daxili yanma mühərriki.
Strategyvision.org

Teq: Qırğızıstan   Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar