Afrika bazarı genişlənir: Efiopiya və Mərakeş “Bayraktar TB2” PUA-ları ilə silahlanır

 Afrika bazarı genişlənir:  Efiopiya və Mərakeş “Bayraktar TB2” PUA-ları ilə silahlanır
1281     12:09     15 10 2021    
Türkiyə bir neçə döyüş bölgəsində uğurla istifadə edildikdən sonra Mərakeş və Efiopiya ilə satış müqavilələri imzalayaraq zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) ixracatını genişləndirib.

Bu barədə “Reuters” agentliyi müqavilələr barədə məlumatı olan 4 mənbəyə istinadən yazıb.

Türkiyə rəsmi olaraq Efiopiya və Mərakeşlə hər hansı müqavilə barədə məlumat yaymayıb, lakin razılaşma ilə tanış olan bir neçə mənbələr “Reuters” agentliyinə detalları ötürüb. Mənbələr Efiopiya və Mərakeşlə imzalanan müqavilələrin “Bayraktar TB2” PUA-ları, ehtiyat hissələr və təlim kurslarını əhatə etdiyini bildiriblər.

Adının açıqlanmasını istəməyən diplomat ayrıca qeyd edib ki, Mərakeş sifariş etdiyi zərbə PUA-larının ilk partiyasını may ayında alıb. Efiopiya onları əldə etməyi planlaşdırır, ancaq bu sifarişin hazırkı statusu məlum deyil. Mənbələr neçə ədəd PUA-nın satılması və müqavilələrin dəyəri barədə məlumat verməyiblər.

Efiopiya, Mərakeş, Türkiyə rəsmiləri, eləcə də PUA-ların istehsalçısı olan “Baykar Savunma” şirkəti agentliyin suallarına cavab verməyib.

PUA-ların Efiopiyaya satılması Ankara ilə Qahirə arasında gərgin olan münasibətlərdə daha da ciddi problem yarada bilər. Misir təhlükəsizlik mənbələri “Reuters”ə bildirib ki, Qahirə ABŞ və bəzi Avropa ölkələrindən PUA-ların satılması barədə razılaşmanın dondurulmasına kömək etmələrini istəyib.

Rəsmi məlumatlar göstərir ki, Türkiyənin Mərakeş və Efiopiyaya müdafiə və aviasiya ixracatı son iki ayda kəskin şəkildə artıb.

Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə, avqust və sentyabr aylarında Efiopiyaya müdafiə və aviasiya ixracatı misli görünməmiş dərəcədə artıb.

Türkiyə İxracatçılar Assambleyasının məlumatına görə, bu ilin ilk üç rübündə Türkiyənin müdafiə və aviasiya ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard dollarından 39% artaraq 2,1 milyard dollar çatıb.

Bir sutkadan artıq müddətdə havada qala bilən “Bayraktar TB2” zərbə PUA-ları Türkiyənin Suriyada Bəşər Əsədə sadiq ordunun şimal bölgələrinə hücumunun, Liviyada Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənən qiyamçı feldmarşal Xəlifə Həftərin Tripoliyə hücumunun qarşısının alınmasında böyük rol oynayıb. PUA-lar, həmçinin Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycan tərəfindən istifadə edilib və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.

PUA-lar Azərbaycan, Ukrayna, Qətər, Türkmənistan, habelə Türkiyənin NATO-dakı ortağı Polşa tərəfindən istifadə edilir.
Strategyvision.org

Teq: Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar