“Bayraktar”ların Afrika bazarı açılır: Ruanda Mozambikdəki əməliyyatlar üçün TB2-lərə ehtiyac duyur

 “Bayraktar”ların Afrika bazarı açılır:  Ruanda Mozambikdəki əməliyyatlar üçün TB2-lərə ehtiyac duyur
1842     12:59     11 10 2021    
Afrikanın şərqində yerəşən Ruanda Türkiyədən “Bayraktar TB2” zərbə tipli Pilotuz Uçuş Aparatları (PUA) almaq istəyir.

Bu barədə Fransaya yaxınlığı ilə tanınan və Afrikaya xas məzmun təqdim edən “Africa Intelligence” nəşri yazıb.

Bildirilir ki, Türkiyədən 12 ədəd PUA alınması üçün tərəflər arasında danışıqlar aparılır.

Türkiyə və Ruanda arasında müsbət əlaqələr mövcuddur. 2021-ci ilin fevral ayında Ruanda Türkiyədən 15,9 milyon dollarlıq müdafiə məhsul və xidmətləri alıb.

Ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ötən ayın 7-də ruandalı həmkarı Vinsent Biruta arasında görüş keçirib. Nazirlər təkbətək görüşdən sonra idman, təhsil, sənaye və protokol sahələrində müqavilələr imzaladıqlarını açıqlayıblar.

Çavuşoğlu Ruanda Prezidenti Paul Kaqamenin yaxın gələcəkdə Türkiyəyə səfər edəcəyini də qeyd edib. Türkiyənin Ruandaya yatırımları 400 milyon dollar səviyyəsindədir və iki ölkə arasında ticarət həcmi keçən il 81 milyon dollar civarında olub.

Ruandanın Mozambikdəki hərbi əməliyyatı

Ruanda artıq 1000 hərbi qulluqçu ilə Mozambikdəki anti-terror əməliyyatlarına dəstək verir. “Əş-Şabab” terror təşkilatı Mozambikin strateji əhəmiyyətli və təbii qazla zəngin Kabo Delqado vilayətində yerləşən limanı ələ keçirib və bundan sonra Ruanda ordusu Mozambikə daxil olub.

Son dörd ildə terror təşkilatının üzvləri Mozambikin şimalında yerləşən vilayətin beş mahalını nəzarətə götürüb. Döyüşlərdə 3000-dən artıq adam həyatını itirib və 820 mindən çox insan köç etmək məcburiyyətində qalıb.

Mart ayında terror təşkilatının üzvləri Palma şəhərinə hücum edib. Şəhər son dərəcə zəngin təbii qaz yataqlarına malikdir. Fransanın enerji nəhəngi olan “Total” şirkəti Afrikadakı ikinci ən böyük sahəsi olan bu bölgəyə 20 milyard dollarlıq sərmayə yatırıb. “Total” hücumlardan sonra bölgədəki əməliyyatlarını dayandırmaq məcburiyyətində qalıb.

Mozambik ordusu isə hücumlara cavab verə bilməyib və xarici güclərdən kömək istəyib. Ruanda isə kömək çağırışlarından sonra ölkəyə qoşun göndərmək qərarına gəlib. Diplomatik mənbələrə görə, ABŞ, Fransa və İsrail kimi ölkələr bu mövzuda Ruandaya dəstək verib.

Ruanda hərbi qulluqçularının Mozambikdə lazım olduğu qədər müddətdə qalacağını bildirir. Ruanda ordusunun məqsədi Palma şəhəri ətrafında təhlükəsiz bölgə yaratmaq və yaxınlıqdakı qaz yataqlarını qorumaqdır.

Bu məqamda Ruanda ordusunun Türkiyədən satın alınan PUA-larla terror qruplarına qarşı mübarizənin asanlaşacağına ümid etdiyi ehtimal edilir. Təxminən 60 milyard dollar dəyərində olan Kabo Delqado bölgəsindəki qaz layihələri bölgə ölkələrinin və xarici güclərin diqqətini cəlb edir.

“Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” zərbə PUA-ları indiyədək Azərbaycan, Qətər, Ukrayna, Polşa və Türkmənistana satılıb. PUA-lar Azərbaycan tərəfindən Qarabağ müharibəsinin ikinci mərhələsində Ermənistan ordusunun məhv edilməsində önəmli rol oynayıb. Latviya, Mərakeş və Macarıstanın da PUA-larla yaxından maraqlandığı məlumdur. İraq isə “Bayraktar TB2”lərin tədarükünə dair Türkiyə ilə razılığa gəldiyini açıqlayıb.
Strategyvision.org

Teq: Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar