Türkiyənin müdafiə sənayesinin növbəti uğuru: "Akıncı" silahlanmaya qəbul edildi (FOTOLAR)

  Türkiyənin müdafiə sənayesinin növbəti uğuru:
1227     22:18     29 08 2021    
Türkiyənin Çorlu hava limanında ölkənin “Baykar” şirkəti tərəfindən istehal edilən “Akıncı” zərbə PUA-larının təqdimat və silahlanmaya qəbul mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Mərasim zamanı Ərdoğan PUA-lardan birinə öz imzasını çəkib.

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin Başqanı Mustafa Şəntop, Türkiyənin Müdafiə naziri Hulusi Akar, Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir, Türkiyənin Baş Qərargah rəisi Yaşar Güler və digər şəxslər iştirak edib.


Ərdoğan mərasimdə çıxışı zamanı bildirib ki, minlərlə tır silah-sursat yardımı edilən terror təşkilatları Türkiyənin silahlı pilotsuz uçuş aparatlarının qarşısında susur.


R.T.Ərdoğan deyib ki, Türkiyə müdafiə sənayesindəki uğurları, pilotlu və pilotsuz uçuş aparatları ilə regionda qürur mənbəyinə çevrilib: “Müdafiə sənayesi sahəsindəki uğurlarımız sırasında xüsusilə dünyada da qəbul edilən pilotsuz uçuş aparatlarını qeyd etmək istəyərdim. Türk mühəndisləri ən yaxşı şəkildə bunu bacardılar və bunlardan biri də bu gün “Akıncı” pilotsuz hücum aparatının Türk Silahlı Qüvvələrinin hərbi arsenalı sırasına daxil olmasıdır. Suriyada, Liviyada və Azərbaycanın işğal altında olan torpaqlarında insanlıq faciəsinin qarşısını almasında bu pilotsuz aparatlar böyük rol oynadı. Bu gün bütün dünya Suriyada, Liviyada və Azərbaycandakı yeni müharibə doktrinasından danışır. Ölkəmizin sərhədlərində qurulmaq istəyən terror təşkilatlarını necə məhv etdiyimiz, Aralıq dənizində birtərəfli planlara, Qarabağda işğala necə son qoyulduğu müzakirə olunur”.


Bundan əvvəl PUA 11.5 kilometr yüksəkliyə çıxaraq Türkiyənin aviasiya tarixində rekord qırmağı bacarıb. “Akıncı”nın 25 saat 46 dəqiqə havada qaldığı bildirilir.


“Baykar” şirkətinin yaydığı məlumatda qeyd olunur ki, sınaqlar 6 iyul saat 20:58-də başlayıb, 7 iyul 22:44-də başa çatıb. Bu müddət ərzində PUA 7507 kilometr məsafə qət edib.

Qeyd olunur ki, “Akıncı”lar havaya qalxdıqdan 8 iyul tarixinədək ümumilikdə 870 uçuş həyata keçirib və 347 saat 28 dəqiqə havada qalıb.

"Baykar" tərəfindən hazırlanan "Akıncı" PUA-sı daha üstün texniki xüsusiyyətlərə malikdir. Yeni PUA-da Süni Zəkaya əsaslanan texnologiya tətbiq edilir. Onun köməyi ilə aparat avtomatik qalxma və enməni reallaşdırır, uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını həyata keçirir.


Təyinatı

"Akıncı" zərbə PUA-sı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulur. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür.

Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müdət) sinifinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir.

"Akıncı" Elektron Dəstək modulundan, AESA (AFAR) radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə ediləcək AESA radarı isə ASELSAN tərəfindən istehsal edilir. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.


Sursatları

"Akıncı" PUA-sı MAM-L, MAM-C, MAM-T, "Cirit", L-UMTAS, UMTAS, BOZOK, MK-81, MK-82, MK-83, HGK (Hassas Güdüm Kiti), KGK (Kanatlı Güdüm Kiti), "Teber-82", "Gökdoğan" və "Bozdoğan" kimi lazer və ya idarəolunan raket və bombalardan istifadə edə bilir. "Akıncı" PUA-larının faydalı yükdaşıma imkanları F-16 qırıcılarının bütün döyüş sursatlarından istifadəyə imkan verir. Hələlik dünyanın yalnız iki ölkəsində hazırlanan və F-35 qırıcıları üçün nəzərdə tutulan ROKETSAN şirkətinin SOM qanadlı raketlərinin də "Akıncı"ya inteqrasiyası mümkündür.


Quruluşu

Quruluşuna görə "Uçan Balıq" da adlandırılan "Akıncı" PUA-ları aşağıdakı avadanlıqlara malikdir:

- Elektron dəstək modulu;
- AESA (AFAR) və SAR radiolokasiya stansiyası;
- REM kompleksi;
- EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsi;
- Peyk rabitə sistemi;
- Müxtəlif müşahidə, idarəetmə və nəzarət cihazları.


Xatırladaq ki, sadalanan bütün bu alt sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə edilən AESA (AFAR) və müşahidə bloku ASELPOD yerli ASELSAN tərəfindən istehsal edilir.

AESA (AFAR) radarlarından F-16 qırıcılarının modernləşdirilməsində də istifadə edilir. Bu radarın dalğaları, müxtəlif tezliklərdə elektron qaydada saniyədə bir neçə min dəfə hədəflərə yönəldilir. Bu çevik imkan sayəsində AESA radarı eyni zamanda yüzlərlə hədəfi paralel izləyə bilir. Radarın bir xüsusiyyəti radar və elektromaqnit xəbərdarlıq qəbuledicilərinin bir mərkəzdə birləşməsidir. Bundan əlavə, "Akıncı" PUA-sının müxtəlif növ kilidlənən və idarəolunan sursatlarının istifadəsi bu radar tərəfindən dəstəklənir.

Taktiki-Texniki Xüsusiyyətləri

Bağlantı şəbəkəsi: LOSSATCOM
Radarları: AESA və SAR;
Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi: 4500kq;
Hündürlüyü: 4.1 metr.


Bir çox uğurlu layihələrə imza atan "Baykar Makina" tərəfindən hazırlanan zərbə tipli "Akıncı" PUA-sının qanad açılımı 20 metr, uzunluğu 12.3 metr, hündürlüyü isə 4.1 metrdir. PUA-nın uçuş yüksəkliyi 12200 metr, havada qalma müddəti 24 saat, daşınan faydalı yükün kütləsi 1350 kq (900 xarici, 450 kq daxili asqılarda), uçuş kütləsi isə 4.5 tondur. Zərbə PUA-sı sınaq prosesində TUŞAS Motor Sənaye A.Ş. (TEI) tərəfindən hazırlanan, hər biri 222 at gücündə olan iki ədəd PD-222 turbodizel mühərriki ilə təchiz edilib.

Mühərrik sahəsində istehsalçı şirkət ilə dünyanın 120 ölkəsinə məhsul satan Ukraynanın "Motor Siç" şirkəti ilə yaxından əməkdaşlıq əlaqələri yaradılıb. Artıq 5 tona qədər aviasiya vasitələri üçün nəzərdə tutulan, 950- 1050 at gücünə malik MS-500V-S və 450-630 at gücünə malik AI-450C turbopərli mühərrik ailələrinin bəzi versiyaları Türkiyə şirkətinə təhvil verilib.

Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar