Tarixdə ilk dəfə: Türkiyə PUA-sı operatorun əmri olmadan hədəfini harada məhv edib?

 Tarixdə ilk dəfə: Türkiyə PUA-sı operatorun əmri olmadan hədəfini harada məhv edib?
1356     10:23     28 06 2021    
Tarixdə ilk dəfə bir robot - Pilotsuz Uçuş Aparatı öz şəxsi təşəbbüsü ilə, operatorun əmri olmadan hədəfini təqdib edib və onları məhv edib.

BMT Təhlükəsizlik Şurasının Liviya üzrə ekspert qrupunun hesabatında qeyd olunub ki, hadisə keçən ilin payız aylarında Liviyada baş verib. Türkiyə istehsalı “Kargu-2” adlı PUA Xəlifə Həftərə sadiq Liviya Milli Ordusunun üzvlərini təqib edib və onları məhv edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk gəzən döyüş sursatı KARGU olub. TSQ və xüsusi polis bölmələrində yerləşdirilən yüngül "Kargu" kvadrokopter tiplidir. Onun uçuş kütləsi 7.06 kq-dır, elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir, havada 30 dəqiqə qala bilir. Maksimum uçuş yüksəkliyi 2800 metr, optimal yüksəkliyi isə dəniz səviyyəsindən 500 metr yüksəkdir, fəaliyət radiusu 5 km, maksimal sürəti 72 km/saatdır, lakin hücum zamanı şığıma sürəti 120 km/saata çatır. Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparatın qalxma kütləsi 7060 qramdır. KARGU kvadrokopteri -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Onun buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.

KARGU "Block II" adlanan digər variantda isə onun faydalı yükü və uçuş müddəti qorunub, lakin kütlə 5 kq-ya endirilib. Şirkətin məlumatına görə, PUA 20-dən çox aparatla birgə "sürü" tərkibində fəaliyyət göstərə və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilir. TSQ bu il Suriyada keçirdiyi hərbi əməliyyatlarda 29 ədəd KARGU "Block II" PUA-larını eyni zamanda sürü şəkilində tətbiq etməklə onların real imkanlarının şirkətin göstəricilərindən daha yüksək olduğunu sübut etdi. TSQ hazırda "Block II" versiyasının ən azı 500 ədədinin aktiv istifadəçisidir.

Dron yerdən operator tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Dronlar hədəfi məhv etməyibsə, sonradan yenidən istifadə üçün operatorun yanına qaytarıla bilir. Şirkət "sürü" əməliyyatları yolundakı uğurlarını inkişaf etdirmək, operatorun yükünü azaltmaq üçün süni zəkanın inteqrasiya imkanlarını artırmaq, GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunması istiqamətində ciddi addımlar atır.

STM şirkətinin kütləsi 1.3 kq olan piyada əleyhinə/qəlpəli döyüş başlıqlı, termobarik döyüş başlıqlı və zirehdələn sursatların PUA-ya yerləşdirilməsini başa çatdırdığı məlumdur.

KARGU PUA-sı:

- Gündüz və gecə aktiv əməliyyat;
- Minimal ziyanla müstəqil həssas zərbə;
- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhvetmə;
- Müxtəlif sursat variantları;
- Hərəkətdə olan hədəfə kilidlənmə;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Bir nəfər əsgər tərəfindən istifadə;
- Vəzifəni ləğvetmə və ya özünü məhvetmə;
- Təhlükəsiz geri qayıtmaq;
- Təkmilləşdirilmiş və orijinal radioelektron mühafizə;
- Tənzimlənən məsafədən hədəfi məhvetmə;
- Xüsusi milli proqram təminatı;
- Görüntü emalı əsaslı nəzarət tətbiqləri;
- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı;
- İstifadədən əvvvəl sursat yükləmə imkanı;
-10 qat optik yaxınlaşdırma;
- İstifadəçi dostu olan yerüstü idarəetmə proqramına malikdir.
Strategyvision.org

Teq: Avtonom-sistemlər   Kargu   Türkiyə   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar