Gələcəyin açarı – “Xenobot”lar| Özünü çoxalda və bərpa edə bilən robotlar dünyanı ələ keçirəcək?

Gələcəyin açarı – “Xenobot”lar| Özünü çoxalda və bərpa edə bilən robotlar dünyanı ələ keçirəcək?
1681     13:03     18 02 2023    
İllərdir elmi fantastika ssenarilərinin əsas mövzusu olan robotlar bəzən Süni Zəkaya sahib “Android”, bəzən də sürü halında hərəkət edən mini robotlar kimi təsəvvür edilirdi. “Terminator” və ya “Matrix” kimi filmlərdə avtonom fabriklərdə özünü çoxaldan və dünyanı ələ keçirməyi planlaşdıran pis personajları canlandıran robotlar əslində insanların həyatında böyük rahatlıq təmin edə bilər.

İnkişaf etməkdə olan texnologiyalar sayəsində robototexnika elmi qısa müddət ərzində çox irəliləyib. İndi insanların həyatında, evdə avtonom təmizlik modellərindən tutmuş fabriklərdə istehsal xətlərində yüksək təhlükəsizliklə işləyən pilotsuz modellərə qədər geniş çeşiddə robotlar yer alır. Robot texnologiyasında yeniliklərdən biri də öz-özünü istehsal edərək və ya bərpa edərək fasiləsiz işləyə bilən robotlardır. Bu robotlar sayəsində gələcəkdə insanlar üçün təhlükəli ola biləcək bir çox yerdə unikal imkanların ortaya çıxacağı gözlənilir.

Bu yeni texnologiyanın sintetik biologiya ilə birləşməsi tamamilə yeni növ robotun meydana gəlməsini təmin edir. “Xenobot” adlı yeni nəsil robotlar bəşəriyyətin gələcəyini kökündən dəyişməyə hazırlaşır.

“Xenobot” Nədir?

“Xenobot” ifadəsi Xenopus Laevis adlanan Afrika caynaqlı qurbağasından ilhamlanaraq seçilib. “Xenobot”lar müxtəlif bioloji toxumaları sintetik olaraq birləşdirməklə yaradılıb.


“Xenobot”ların robot, yoxsa canlı varlıq olması ilə bağlı alimlərin fərqli fikirləri mübahisələrə səbəb olur. İlk “Xenobot”un Duqlas Blekiston adlı tədqiqatçı tərəfindən Süni Zəka proqramı ilə qurulduğu məlumdur. Bu ilk “Xenobot” erkən mərhələdə qurbağa embrionlarından əldə edilən, ölçüsü 1 millimetrdən kiçik miqyasda olan toxuma hüceyrələri ilə ürək əzələ hüceyrələrindən ibarətdir. Onun adını bu qurbağa ailəsindən aldığı məlumdur.

2020-ci ildə Harvard Universiteti, “Wyss” İnstitutu, Tufts Universiteti və Allen Kəşf Mərkəzi ilə ortaq şəkildə yaradılan tədqiqat qrupunun kəşfi olan “Xenobot”lar, yeni nəsil özünü istehsal mexanizminin yolunu açır. Bu tədqiqatın əsas məqamı hüceyrələrin düzgün şəkildə formalaşmasına və yerləşdirilməsinə kömək etmək üçün bəzi inkişafda olan bioloji fəndlərin birləşməsindən istifadə edilməsidir. Hüceyrələr və toxumalar öz-özünə yapışmaq, qurmaq və davranmaq vəzifəsini öz üzərinə götürdükləri üçün özünü çoxalma üsulu burada işə düşür.

Əslində, özünü istehsal edən maşınlar ideyası 1940-cı illərə gedib çıxır. Günəş sistemini və onun hüdudlarını öyrənmək üçün hazırlanan bu robotların metal, keramika, plastik və dövrələrdən ibarət ola biləcəyi düşünülürdü. Digər tədqiqatlara elektromexaniki hissələri olan özünü istehsal edən robotlar daxildir, lakin “Xenobot”lar bioloji komponentlərdən hazırlanmış ilk özünü istehsal edən robotlar kimi seçilir.


Riyaziyyatçı Con Von Neumann özünü çoxaldan robot texnologiyalarının əsasını qoyan şəxs kimi tanınır. 1950-ci ildə Con Von Neumann konsepsiyası ilə ortaya çıxan ilk Süni Zəka dəstəkli özünü çoxaldan sistemlə dizayn edilən robototexnika texnologiyası, süni həyatda, hüceyrə avtomatlaşdırmasında, modul robotlarda və öz-özünə istehsal araşdırmalarında mühüm rola malikdir.

Con Von Neumanın fəaliyyəti ilə yanaşı, kompüter simulyasiyaları, robot texnologiyaları və sintetik biologiyanın köməyi ilə öz-özünə çoxalma və kopyalaya bilmə imkanları yaradan süni həyat tədqiqatları əhəmiyyətli irəliləyiş əldə edib. Hüceyrələrin avtomatik olaraq əvvəlcədən müəyyən edilmiş ardıcıllığı yerinə yetirməsinə imkan verən mobil avtomatlaşdırma və özünü kopyalama texnologiyasının inkişafı “Xenobot” tədqiqatlarına da ilham verib.

“Xenobot”lar Necə Hazırlanır?

“Xenobot” tədqiqatçıları qurbağa embrionlarından canlı hüceyrələri yenidən dizayn edərək onları tamamilə yeni həyat formalarına gətiriblər. Latınca adı “Xenopus Laevis” kimi tanınan Afrika caynaqlı qurbağasının kök hüceyrələri ilə robotik həyat forması aşkar edilib. Ancaq bu robotların heç bir canlıya bənzəmədiyi məlum oldu. Kök hüceyrələr yığıldıqdan sonra tək hüceyrələrə ayrılıb və inkubasiya kameralarında inkişaf etdirilib. Sonra bu hüceyrələr kəsilərək mikroskop altında yığılıb. Ortaya çıxan yeni robot canlılara “Xenobot” adı verilib.



“Xenobot”ların eni cəmi 1 millimetrdir. Onlar müstəqil və kollektiv şəkildə hərəkət etmək qabiliyyətinə malikdirlər və həftələrlə yaşaya bilərlər. “Xenobot”ların hüceyrə əmələ gəlməsi superkompüter vasitəsilə hazırlanıb. Süni Zəka köməyi ilə yaradılan, minlərlə ehtimal arasından ortaya çıxan “Xenobot”un quruluşu ilk növbədə hərəkət əsasında hazırlanıb. Süni Zəka tətbiq etdiyi simulyasiyada minlərlə ürək əzələsi və toxuma hüceyrəsini bir yerə gətirərək fərqli canlı strukturlarını sınaqdan keçirib. 100 müstəqil simulyasiyadan sonra aşkar edilən ən uğurlu forma tədqiqatçıların işi ilə laboratoriya mühitində petri qabında canlandırılıb.

“Xenobot”lar Harada İstifadə Edilə Bilər?

“Xenobot”lar tibbi tədqiqatlar, dərmanların dozasının təyini, biotexnologiya və ətraf mühitin mühafizəsi tədqiqatlarında böyük əhəmiyyət qazanıb. “Xenobot”lar zədələnmiş hüceyrələri bərpa etmək və dərmanları hədəflənmiş toxumalara çatdırmaq qabiliyyəti ilə tibb sahəsində fərqlənirlər. Bu kiçik robotlar həm də öz-özünə bərpaetmə xüsusiyyətlərinə görə Alzheimer, Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklər və xərçənglə bağlı problemləri müalicə etmək üçün istifadə edilə bilər. Gələcəkdə “Xenobotlar”ın köməyi ilə xroniki xəstəliklərin və onların ağırlaşmalarının müalicəsində yeni yanaşmalar ortaya çıxa bilər.

“Xenobot”lar obyektləri hərəkət etdirmək və daşımaq qabiliyyətini nümayiş etdirir, ətrafdakı zibilləri dəqiq tanıyır və toplayır. Gələcəkdə “Xenobot”ların daha da inkişafı ilə okeanlardan mikroplastiklərin toplanması və ya radioaktiv tullantıların təmizlənməsi kimi vəzifələrdə istifadə etmək mümkündür.


“Xenobot”ların kosmos kimi əlçatmaz ərazilərdə də əhəmiyyət qazanacağı gözlənilir. Kosmosda olan peyk sisteminin sıradan çıxması və həmin peykə kömək gələnədək atmosferə daxil olaraq məhv olması və ya kosmosda itməsi mümkündür. Belə olan halda hadisəyə müdaxilə edən “Xenobot”ların kosmosda dolaşan qalıqları toplaması, peyk üçün müvəqqəti və ya daimi hissələr istehsal etməsi və nasazlığı aradan qaldırması nəzəriyyə mərhələsindəki ssenarilər arasındadır.

Öz-özünə çoxala bilən robotlar resurs tapmaq və onları daşıyaraq yeni hissələrin istehsalı üçün layihələndirilə bildikdə, kosmik gəmilər və peyklərə günəş sistemində, hətta ondan kənarda araşdırmalar aparmaq üçün böyük imkan yaranacaq.

“Xenobot”ların Üstünlükləri, Mənfi Cəhətləri və Riskləri

“Xenobot”lar həyatı sonsuz imkanlarla dəyişdirməyi vəd etsələr də, robotların bir gün tamamilə müstəqil olacağı və insanların varlığına təhlükə yaradacağı ilə bağlı narahatlıqlar qaçılmazdır.

Bundan əlavə, tədqiqatçıların bu güclü texnologiyanın insanlara qarşı istifadə oluna biləcəyi fikri də mübahisəlidir.

Bununla belə, hazırda “Xenobot” araşdırması ilə bağlı tədqiqatçı Sam Krieqman bildirir ki, istifadə etdikləri hüceyrələr heç vaxt onların nəzarətindən çıxa bilməz. Tədqiqat mühitində, sudakı sodyum səviyyələrində hər hansı bir artım və ya mis səviyyələrində artım kök hüceyrələri tez bir zamanda öldürə bilər.

Digər tərəfdən, “Xenobot”lar dərmanları bədənin müəyyən hissələrinə aparmaq üçün tibbi müalicələrdə istifadə edilə bilməklə yanaşı, müəyyən həyat funksiyalarını və insan sağlamlığını təhlükə altına almaq üçün manipulyasiya edilə bilər. Bunu nəzərə alaraq, tədqiqatçılar “Xenobot”lar ilə işləyərkən diqqətli olmalıdırlar.


“Xenobot”ları yaradan tədqiqatçılar, bu orqanizmlərin əsl dəyərinin biologiya, süni zəka və robototexnika texnologiyasındakı irəliləyişləri dəstəkləməkdə ortaya çıxacağını düşünürlər.

Ola bilsin ki, gələcəkdə üzvi materiallardan hazırlanan robotlar daha ekoloji cəhətdən təmiz olsun. Bu robotlar ətraf mühitə daimi zərər vermək əvəzinə, parçalanaraq torpağa qarışacaq şəkildə dizayn edilə bilər. O, insan və heyvan sağlamlığı və ətraf mühit problemləri ilə mübarizə aparmağa kömək edə bilər. “Xenobot”lar regenerativ təbabətə və ya xərçəng müalicəsinə daha çox töhfə verə bilər.

“Xenobot”lar həm də sənətə və həyata yeni baxış bucaqlarına da ilham verə bilər. “Xenobot”lar yaradıldıqları canlıların əsas hüceyrələri ilə istehsal olunsalar da, əslində birbaşa bu canlılar vasitəsilə yaradılmayıblar. Buna görə də bioloji çoxalma halından söhbət gedə bilməz. “Xenobotlar”, özlərini çoxaldarkən ətrafdakı obyektlərdən faydalanaraq genetik ötürülmə və ya irsi problemləri aradan qaldıraraq həyatın inkişafına yeni bir yanaşma ortaya qoya bilər. Ona görə də, məlum üsullardan fərqli olaraq, özü-özünə formalaşan formalar, yəni yeni bir sənət sahəsinin yaranmasına səbəb ola bilər.

“Xenobot” Tədqiqatını Hansı Ölkələr Dəstəkləyir?

ABŞ və Böyük Britaniya mümkün riskləri nəzərə alır və xüsusi şərtlər tətbiq etməklə insan geni üzərində təcrübələrin aparılmasına icazə verir. Lakin yeni orqanizmlərin yaradılması və öz-özünü çoxalda bilmə ideyası müəyyən edilmiş meyarlardan xeyli kənara çıxır.


ABŞ tədqiqatçıları tərəfindən ortaya çıxarılan “Xenobot”lar üzrə araşdırmalar qismən ABŞ Müdafiə üzrə Təkmil Araşdırma Layihələri Agentliyi (DARPA) tərəfindən dəstəklənir.

DARPA bu texnologiyanın gələcək hərbi istifadəsinə diqqət yetirir. Bununla belə, DARPA-nın araşdırmalarını məxfi şəkildə aparması, “Xenobot”ların gələcək hərbi istifadəsi üçün hansı planların hazırlandığı barədə fikir ifadə etməyi çətinləşdirir.

“Xenobot”ların Gələcəyi

“Robot” ifadəsinin az qala 100 il əvvəl çex oyunu sayəsində insan həyatına daxil olmasından sonra sintetik canlıların həyatımıza həqiqətən daxil olması üçün çox az vaxt qala bilər. Tədqiqatçılar Duqlas Blakiston və Sam Kreiqmanın fikrincə, “Xenobot”lar insan həyatına təsir üçün qeyri-məhdud imkanlara malikdir. Lakin bu imkanların müsbət və ya mənfi nəticəsi insanların fəaliyyət və niyyətindən asılıdır.

“Xenobot”ları kəşf edən tədqiqatçılar bu yeni orqanizmləri ətraf mühiti tanıya və vəziyyətə uyğunlaşa bilən hala gətirməyə çalışırlar. Bundan əlavə, araşdırmanın əsasını təşkil edən qurbağa kök hüceyrələrindən başqa canlı hüceyrələrdən də “Xenobot” istehsal yolları da araşdırılır. Bu yolla müxtəliflik təmin edilərək müxtəlif sahələrdə müxtəlif məqsədlər üçün istifadəyə zəmin açılması planlaşdırılır. Lakin bu yeni orqanizmlərin heç bir tarixçəsi olmadığı üçün onların gələcəkdə necə davranacaqları qeyri-müəyyən olaraq qalır. Bu səbəbdən tədqiqatların xüsusi dəqiqliklə və nəzarətli bir şəkildə aparılması vacibdir.


Yaxın gələcəkdə çoxalma, insanların müalicə edilməsi və yaraların sağaldılması, xəstəliklərin qarşısının alınması, ehtiyac duyulan qidaların yetişdirilməsi, enerji qaynaqlarının idarə edilməsi, iqlim dəyişikliyi ilə mübarizə, hətta fiziki gözəlliyin müəyyənləşdirilməsi və dəyişdirilməsi kimi məsələlər daha şüurlu seçimlərlə formalaşa bilər. Lakin hüceyrələri yenidən kodlaşdırmaq və yeni həyat formaları yaratmaq qabiliyyətini araşdırmaq özü ilə etik, fəlsəfi və siyasi problemlər gətirir.

Bu tədqiqatların etik aspektlərinin düzgün araşdırılması, onların qanunlarla dəstəklənməsi və ictimaiyyətin məlumatlandırılması ilə sonsuz potensiala malik “Xenobot”lar bəşəriyyətin gələcəyini proqnozlaşdırıla bilməyəcək qədər dəyişə bilər. Bu texnologiyadan zərərli məqsədlər üçün və ya nəzarətsiz şəkildə istifadə edilmədiyi müddətcə hər şey qaydasında olacaq. Əks halda çağımızın ən mühüm kəşflərindən biri olan “Xenobot”lar böyük fəlakətə səbəb ola bilər.

“Xenobot”ların gələcəyi necə olacaq? Bu, onları araşdıran və istehsal edənlərin niyyətlərinə uyğun olaraq inkişaf edəcək və formalaşacaq. Bu araşdırmaların çoxmillətli olması, şəffaf şəkildə aparılması və zərərli yanaşmalara qarşı tənzimləmələrlə dəstəklənməsi gələcək narahatlıqları böyük ölçüdə aradan qaldıra və daha parlaq gələcək ideyalarını dəstəkləyə bilər.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar