Müharibə və pul: Müasir dünyada müharibələr neçəyə başa gəlir?
“Müharibə üçün üç şey lazımdır: birincisi, pul, ikincisi, pul və üçüncüsü, pul”.
Djan Djakomo Trivulçio (1440-1518), italyan sərkərdəsi və Fransa marşalı.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2019-cu ildə dünya hərbi xərcləri 1917 mlrd dollara çatıb. 2018-ci illə müqayisədə hərbi xərclər 3,6% artıb. Bu göstərici 2010-cu ildən etibarən ən yüksək illik artımdır. ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı ən çox hərbi xərcləri olan ölkələr arasında ilk beşlikdədirlər. Dünyada olan hərbi xərclərin 62 faizi qeyd olunan ölkələrin payına düşür.
ABŞ-ın ən nüfuzlu analitik mərkəzi olan “The Center for Strategic and International Studies”in (Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) ABŞ və Çin arasındakı qarşıdurmanın ssenarilərinə dair son hesabatında qeyd olunub ki, nüvə qarşıdurmaları riski ABŞ-ın dünyadakı təsirinə tərs olaraq artır.
Dünya gözümüzün qarşısında dəyişir. Koronavirus pandemiyasının yaratdığı qlobal böhran əvvəlki onilliklərin bir çox geoiqtisadi proseslərini dayandırır. Nisbi çiçəklənmə dövrü, Amerika üslublu qloballaşma və neo-liberal doktrinanın hakimiyyəti Birinci Dünya Müharibəsindən öncə olduğu kimi sərt neo-merkantilizm və proteksionizmlə əvəzlənir.
Dünya makro bölgələrə, valyuta və ticarət zonalarına parçalanmağa hazırdır. On ildən artıq davam edə biləcək yeni bir nizamsızlıq dövrü başlayır, bu da yeni hərbi qarşıdurmaların riskini artırır və köhnə münaqişə ocaqlarını alışdırır. Taktiki nüvə silahlarının istifadəsini məhdudlaşdıran beynəlxalq norma və müqavilələrin aşınması baş verir.
Süni zəka, dağıdıcı texnologiyaların yeni bir sinfi olaraq görülür. Hərbi gücdən istifadə həddi azalmağa doğru gedir.
Son müharibələrin dəyəri
Maliyyə qiymətləndirməsini apararkən, müharibələrin ümumi dəyərinin və özündə müdafiə büdcəsini, milli təhlükəsizlik büdcəsindəki artımları, birbaşa hərbi borclar üçün faiz ödənişlərini, xarici yardım xərclərini, yaralıların müalicəsini, evakuasiya və yerləşmə xərclərini, qaçqınlar, əlillərə qayğı və veteranlar qarşısında gələcək öhdəlikləri cəmləyən hərbi xərclərin fərqinə varmaq lazımdır.
Birinci Dünya müharibəsi o zamankı funt, marka, frank və çar rublunu bugünkü ABŞ dolları ekvivalentində bəşəriyyətə təxminən 3 trilyon dollara “başa gəldi” ki, bu da müharibədən əvvəl 1913-cü ilin qlobal ÜDM-i ilə müqayisədə demək olar ki, eynidir. Birinci Dünya müharibəsi dünyaya iyirmi illik əzab gətirərək, nisbi çiçəklənmə dövrünə son qoydu. Bunu müharibənin iqtisadi nəticələrinə aid edirlər - iyirminci əsrin ən böyük qlobal depressiyası, 1917-1922-ci illərdəki Vətəndaş müharibəsi səbəbiylə Rusiya iqtisadiyyatının çökməsi və Almaniyada nəhəng işsizlik və hiperinflasiyanın baş verməsi (1923-cü ilin dekabrında bir çörəyin dəyəri 428 milyard marka idi). Birinci Dünya müharibəsinin nəticələrindən sonrakı ilkin kompensasiyalar Almaniya tərəfindən tam olaraq yalnız 1983-cü ildə ödənildi, lakin bu məbləğlər üçün olan faizləri 2010-cu ilə qədər ödənilməyə davam edilirdi. Böyük Britaniya Birinci Dünya müharibəsi üçün yaranan borclarını yalnız 2015-ci ilin may ayında bağlaya bilib.
İkinci Dünya müharibəsi iştirakçı dövlətlərə 15 trln dollardan artıq məbləğə başa gəldi. Sovet İttifaqının xərcləri 3 trln dollar, Almaniyanın – 4 trln dollar, Britaniyanın – 1,8 trln dollar, Yaponiyanın – 840 mlrd dollar, ABŞ – 5 trln dollar (nüvə layihəsi daxil) təşkil edib. Bu rəqəmlər yalnız hərbi xərclərdir.
25 iyun 1950-ci ildə Sovet İttifaqının dəstəyi ilə Şimali Koreya qoşunları Şimali və Cənubi Koreyanı ayıran 38-ci paraleldən keçdilər. Koreya müharibəsi belə başladı. Soyuq Müharibənin ilk genişmiqyaslı isti qarşıdurması ABŞ-a 389,81 milyard dollara və təxminən 36 min insanın həyatına başa gəlsə də, sonradan gözlənilən “nüvə qiyaməti”nin qarşısı alındı.
ABŞ-ın Vyetnamdakı (1955-75) hərbi xərcləri bugünkü dollarla 844 milyard dollar (ya da 1968-ci ilin ÜDM-inin 2.3% -i) təşkil etdi, 58.220 ABŞ hərbçisi öldürüldü, 303 min nəfər yaralandı. Və bu, ABŞ üçün son müharibələrin ən bahalısı deyildi.
1990-91-сi illərin Körfəz müharibəsi. ABŞ tarixindəki ən qısa müharibələrdən biri olan “Səhra Fırtınası” əməliyyatı 116,6 milyard dollar və ya ABŞ ÜDM-nin 0,3% -i dəyərində idi. Bu, Soyuq müharibə bitdikdən sonra koalisiya üçün uğurlu sayılan ilk böyük münaqişə idi. Səddam Hüseyn İraqdakı hakimiyyəti əlində saxlasa da, İraq Küveyti azad edib BMT Təhlükəsizlik Şurasının qərarları ilə razılaşmalı oldu.
20 mart 2003-cü ildə başlayan və 5 dekabr 2011-ci ilə qədər davam edən ABŞ İraq müharibəsi ABŞ-a 1,01 trilyon dollara başa gəldi. Səddam Hüseyn rejimini devirmək və neft bölgəsinə nəzarət yaratmağın qəbzi belədir. BMT Təhlükəsizlik Şurası İraqa qarşı güc tətbiq edilməsinə icazə vermədi. ABŞ və müttəfiqləri müharibəni BMT Nizamnaməsini pozaraq başladı.
11 sentyabr hadisələrindən sonra “Əl-Qaidə” üzvlərinə sığınacaq verən “Taliban”ı cəzalandırmaq məqsədilə 19 ildən artıqdır Əfqanıstanda hərbi əməliyyatlar keçirən ABŞ-ın xərcləri 910 mlrd dolları keçib. Müqayisə üçün, SSRİ Əfqanıstan müharibəsində 90 mlrd dollar xərcləyib.
Mövcud müharibələr, demək olar ki, tamamilə ABŞ-ın büdcə açığını və milli borcunu artıran kreditlər hesabına ödənilir. Ancaq, iqtisadiyyatın makroiqtisadi xərclərini, müharibə kreditləri üçün gələcək faizləri, dövlət və özəl təhlükəsizlik xərclərini də nəzərə almaq lazımdır.
Vaşinqtonda yerləşən Strateji və beynəlxalq araşdırmalar mərkəzinin öz araşdırmalarının birində qeyd etdiyi kimi: “Görünən odur ki, hakimiyyətin hesabatları münaqişəyə son qoymaq yox, münaqişənin real xərclərini gizlətmək və strategiyanın təhlili isə, onun effektivliyi və perspektivini gizlətmək məqsədi daşıyır. Müharibənin mülki aspektləri barədə hesabatlar çox vaxt olmur: müharibənin həm mülki, həm də hərbi xərcləri departamentlər tərəfindən ayrı-ayrılıqda hazırlanır və həyata keçirilir, sonra hər palatadakı ayrı-ayrı hərbi və xarici işlər komitələr və ayrı-ayrı elementlər tərəfindən nəzərdən keçirilir”.
İnvestisiyanın qiymətləndirilməsi
Münaqişə və müharibələrin iqtisadiyyatı müəyyən qanun və qaydalara tabedir, bəzən iqtisadi nəzəriyyələrdən uzaq və bəzən yeni iqtisadi qanunların əsasını təşkil edir. Hərbi bir kampaniyanın xərclərini təhlil edərkən, ilk növbədə, hərbi obyektlərin yaradılması üçün əsas xərcləri və avadanlıqların istismarı ilə əlaqəli istismar xərclərini, işçilərin fəaliyyəti ilə bağlı xərcləri nəzərə almaq lazımdır. Həmçinin, sursat və yanacaq da bura daxildir. Hərbi əməliyyatların xərclərini sosial-iqtisadi nəticələrə qatmayaq. Bu qaydalara əməl olunduğu təqdirdə, hərbi əməliyyatların nəticələrini və xərclərini investisiya layihəsinin qiymətləndirilməsi üçün qəbul edilmiş metodologiyalardan istifadə etməklə təyin etmək mümkündür.
Müdafiə xərcləri demək olar bütün sahələrdə iş yerləri yaradır.
Dövlətlərlə iş birliyi quran maliyyəçilər və sənayeçilər hər zaman müharibələrdə yaxşı pul qazanmağı bacarıblar.
Bir sıra tədqiqatlarda qeyd olunduğu kimi, Amerika Birinci Dünya müharibəsinə borclu bir xalq olaraq daxil oldu və müharibə bitdikdən sonra ən böyük borc verən oldu və əvvəllər ABŞ-a bağlı olan Avropa bazarlarına çıxış əldə etdi. İkinci Dünya müharibəsi nəticəsində ABŞ super gücə çevrildi və yalnız siyasi və iqtisadi üstünlüyü deyil, həm də müharibələrdən qazanc əldə etmək təcrübəsini qazandı. Proseslərdə əsas fayda Amerika kapitalının payına düşdü, ABŞ əhalisi iqtisadi və sosial rifahın artımını hiss etdi.
Sonrakı illərdə ABŞ hərbi-siyasi və iqtisadi güc üstünlüyündən istifadə edərək digər dövlətlərə təsir mexanizmləri və yeni iqtisadi nizam yaratdı.
Doğrudur, böyük dövlətlərin bu formada genişlənməsi də az vəsait tələb etmir. Hələ 1902-ci ildə Marks və Leninin müasiri Con Atkinson öz “İmperializm” işində qeyd edirdi ki, bundan gəliri cəmiyyət, tacirlər, vergi ödəyiciləri deyil - xüsusilə, əgər dövlət xarici siyasəti hərbi yolla aparmağa hazırdır və yeni investisiyaları silahlı qüvvələr və tabe olan ərazilərə siyasi nəzarət vasitəsilə qoruyursa - “gəlirli investisiya axtarışında olan maliyyə kapitalı” əldə edir.
Beləliklə, keçmiş və gələcək müharibələrin milli kapitalın rəqabəti ilə bağlı rasional ilkin şərtləri var. Qloballaşma müharibələrə maneə deyil, deqloballaşma isə heç deyil. Yeri gəlmişkən, gəlir mənbələrinin hərbi üsulla əldə edilməsi bütün dövürlərdə kommersiya üsuluna alternativ olub, qənimət üçün edilən hərbi yürüşlər isə silahlı qüvvələrin maliyyə mənbəyi olub.
İkinci Dünya müharibəsindən sonra nisbətən sülhün müşahidə olunduğu onillikdə sərt hərbi güc yerini mülayim gücə verdi və qaliblərin qənimətləri isə tabe olan dövlətlərin bazarları, maliyyə axınına nəzarət, istehlakçıların tələbləri oldu.
Elə buna görə də iddia etmək olmaz ki, müasir müharibələr çox israflıdır. Əslində, müharibələri başlayan böyük dövlətlər digər dövlətlərin zəifləməsi sayəsində real iqtisadi və siyasi dəyərlər əldə edirlər.
Uğurlu hərbi əməliyyatlar keçirən regional güclər öz daxili və kənar qüvvəsini artıra bilərlər və müəyyən iqtisadi uğura nail olarlar. Məsələn, bunu bu gün Türkiyə edir.
Effektivliyin meyarları
İqtisadi nöqteyi nəzərdən hərbi əməliyyatlar üç əsas şəkildə təsirli olur. Birinci variant, müharibədə iştirak etmək, hərbi əməliyyatların hazırlanması və aparılması üçün mümkün olan bütün xərcləri, həmçinin düşmən əks-həmləsini və üçüncü ölkələrin ticarət məhdudiyyətləri tətbiq edə biləcəyi hərəkətlərdən irəli gələ biləcək zərərləri neytrallaşdıraraq bütövlükdə ölkə üçün real mənfəət gətirir. Hər iki dünya müharibəsindəki iştirak, Birləşmiş Ştatlar üçün iqtisadi cəhətdən sərfəli oldu, 1840-1842-ci illərdə Çinə qarşı Birinci Tiryək müharibəsi nəticəsində ingilislər, üstəlik nəhəng Çin bazarı, Hindistan koloniyaları və Honkonq da əlavə olmaqla milyonlarla dollarlıq gəlir əldə etdilər. Almanlara böyük fayda gətirən 1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsinin nəticəsi vahid bir Alman dövlətinin – “Deutsches Reich”in yaranması idi. Rus İmperiyası (və sənayesi) üçün 1850 və 1870-ci illərdə Orta Asiyadakı işğallar son dərəcə faydalı oldu.
İkinci seçim, hərbi kampaniyanın xarici təhdidlərə qarşı fəal şəkildə yönəldilməsidir. Uğurlu nəticə olarsa, ümumi xərclər iqtisadiyyata, əhaliyə və dövlətin bütövlüyünə vurula biləcək ziyandan daha az olacaq. Üstəlik dövlət müxtəlif hücumlardan (terror daxil) qorunmuş olacaq.
Üçüncü variant ətrafda hərbi qarşıdurmaların baş verməsi və ölkənin yenilikçi inkişafına səbəb olmasıdır. Soyuq Müharibə bütün dünyanı termonüvə fəlakət qorxusu içində saxlasa da, yalnız SSRİ və ABŞ-da deyil, eyni zamanda fəlsəfi, mədəni rəqabətdə iştirak edən əksər ölkələrdə qlobal elmi-texniki tərəqqini və sosial-iqtisadi inkişafı stimullaşdırdı.
İndi silah sahəsindəki əsas yenilikçi sahələr arasında Süni Zəka, maşınlar və hərbi personal arasındakı qarşılıqlı təsir kompleksləri, Pilotsuz Uçuş Aparatları və avtonom silahlar, hipersəs, istiqamətləndirilmiş enerji, kiber hücum və kiber təhlükəsizlik, həmçinin “istedad” kimi sosial texnologiyalar yer alır. Bu sahələrin realizasiyası müasir innovativ iqtisadiyyat yaradacaq və “yeni silahlar yarışında” iştirak edən biznesi həm daxili, həm də xarici ölkələrdə misilsiz üstünlüklərlə təmin edəcək. Dövlətlərin tədqiqat və inkişaf fəaliyyəti ilə yanaşı özəl biznesin uğurları, laboratoriyalar, universitetlər və tədqiqat institutları ilə əməkdaşlığı stimullaşdırıracaq.
Səmərəlilik üçün daha bir neçə tələb var – məsrəflərin məhdudlaşdırılması, yerli qarşıdurmalar üçün strateji silah növlərindən və bahalı müasir silahlardan istifadə edilməməsi, həmçinin düşmənlər və onların müttəfiqlərinə qarşı siyasi, iqtisadi və hüquqi təsir mexanizmimlərindən tam istifadə.
Öncəki dövrlərin kolonial müharibə prinsiplərini keçmişdə qoymaq lazımdır. Bunlar arasında regionlardan gözdən çıxarma qüvvələrin toplanılması, texnoloji üstünlüyə köranə inam da var. Vyetnam müharibəsi ABŞ üçün vasitəçi bir müharibə idi – bombardman, napalm, dioksin, sintetik defoliantlar və herbisidlər. Vyetnamlılar üçün bu bir millət olaraq var olmaları üçün bir müharibə idi, yəni mövcudiyyət riski daşıyırdı. Beləliklə, müharibə Vyetnamın qələbəsi və ABŞ-ın məğlubiyyəti ilə başa çatdı.
Əsas nəticə onda ibarətdir ki, XXI əsrin müharibələrində ölkələrə qarşı istənilən üstünlüyü əldə etmək üçün Süni Zəka, informasiya müharibəsi, kibersilah kimi alətlərdən istifadə etmək labüddür.
Mənəvi ruhun əzilməsinə, siyasi stabilliyin zədələnməsinə, elitaların kapitulyasiyasına yönələn informasiya və idrak müharibəsinin alətləri, bunlardan düzgün istifadə edə bilən ölkələr üçün adi silahlardan nisbətən ucuz başa gəlir. Nəticə isə ortadadır: SSRİ artıq yoxdur, Vyetnam isə 1,1 mln hərbiçi və partiyanın, 2 mln mülki şəxsin həlak olmasına, 3 mln şəxsin kimyəvi silahdan ziyan görməsinə baxmayaraq ABŞ-ın müttəfiqi və tərəfdaşıdır.
Növbəti böyük müharibənin ilkin şərtləri
Önümüzdəki iyirmi ildə ABŞ və Çin arasında hegemonluq üçün isti və soyuq müharibələrin başlamasına şahid ola bilərik; yeni yataqlar üçün müharibə teatrının Afrika, Orta Şərq, Rusiya, Cənubi Amerika, Çin olacağını ehtimal etmək olar; desubjektivləşdirmə, yəni dünya siyasətinin bir subyektindən düşmənin öz məqsədləri üçün idarə edilə bilən bir obyektə çevrilməsi üçün – burada hərbi əməliyyatlar teatrının Avropa İttifaqı, Rusiya, Qərbi və Cənubi Asiya olacağını iddia etmək olar.
İndi güclər arasında yeni qarşıdurma sahələri meydana çıxır: iqtisadi məkan, informasiya mühiti, kiber məkan və kosmik məkan.
ABŞ doktrina sənədlərində Rusiya və Çini əsas düşmən adlandırdı. “Qırmızı xətlər”in hələ aşkar olmadığı və güc tətbiqetmə həddinin kəskin azaldığı yeni bir müharibəyə hazırlıq prosesi gedir. Önümüzdəki 10-15 ildə bir müharibənin səbəbləri arasında iqtisadi səbəblər yenidən ideoloji və ya dini səbəblərdən daha çox üstünlük təşkil edəcək. Bazarlar, gəlir mənbələri, standartlar uğrunda mübarizə heç yerə getməyib. 100 il əvvəl olduğu kimi neo-merkantilizm, neo-imperializmi dirçəldir.
Gələcək qlobal iqtisadiyyat yeni texnologiyalar və enerji, şirin su və müxtəlif minerallar, o cümlədən nadir metallar kimi sahələr üçün mənbələrə ehtiyac duyacaq. Bu malların ticarətinin məhdudlaşdırılması münaqişə ehtimalını artıra bilər. Amerikanın “RAND” düşüncə mərkəzi “Peering into the Crystal Ball” (Büllur topa nəzər salarkən. Müharibənin gələcəyinin bütöv bir qiymətləndirilməsi) adlı hesabatında yeni bir dünya müharibəsinin baş vermə ehtimalı səbəbləri arasında ABŞ-ın iqtisadi gücün azalmasını, həmçinin sanksiyaların gücünün zəifləməsini göstərir.
“Digər böyük iqtisadiyyatlar sanksiyaların həddindən artıq tətbiqinə cavab olaraq alternativ beynəlxalq ödəmə sistemləri inkişaf etdirirsə, müttəfiqlər arasında koordinasiya çətinləşərsə və Çin maliyyə sektorunu indikindən daha açıq hala gətirərsə, iqtisadi sanksiyaların əhatə dairəsi azaldıla bilər. Bu baş verərsə, Birləşmiş Ştatlar kinetik (hərbi) təzyiq formalarına müraciət etməli ola bilər”, - deyə RAND yazır.
Əgər bəşəriyyət, yenə də, 2035-ci ilə qədər mövcudluğunu qoruya bilsə, o zaman iqlim dəyişikliyi, qeyri-dövlət aktorlarının güclənməsi, Süni Zəkanın xüsusi dağıdıcı texnologiya təbəqəsinə keçməsi ilə bağlı yeni müharibə riskləri qabaqdadır.
2019-cu ildə dünya hərbi xərclərinin 1.917 milyard dollara qədər böyüməsinə dair SIPRI hesabatına qayıdaraq, yalnız Romalıların “Si vis pacem, para bellum” atalar sözünü xatırlaya bilərik. XXI əsrin yaxınlaşan xaotik üçüncü onilliyinin reallıqlarında, bu o deməkdir ki, bu dövrdə dövlətlərin təhlükəsizlik xərcləri digər maliyyə məsələlərindən daha vacib olmalıdır.
Oxşar məqalələr
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Cənubi Afrikada Enerji Böhranı və Türkiyə Yardımı
-
Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (III HİSSƏ)
-
Kremlin iqtisadi səfərbərliyi cəmiyyəti repressiyaya məruz qoyacaq? – ANALİZ
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı