Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ

Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
244     12:45     23 08 2024    
Əhali dəyişiklikləri müxtəlif iqtisadi, siyasi, sosial və mədəni nəticələrə gətirib çıxarır. Məsələn, bu yaxınlarda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin, deyib: “G7 dünyanı təmsil etmir. Bu 7 ölkə dünya əhalisinin cəmi 10 faizini təşkil edir. Onların qlobal iqtisadiyyatdakı payı hər il azalmağa davam edir”.

O, bəyanatı ilə əhalinin siyasi və iqtisadi gücünü göstərib. Əhalinin sayının azalması və ya artması, ölüm və doğum nisbətindəki fərqlər, əhalinin qocalması və ya cavanlaşması, kənddən şəhərə miqrasiya və ya transmilli miqrasiya vasitəsilə əhalinin hərəkətliliyi kimi əhalinin strukturunda baş verən dəyişikliklər sosioloji əhəmiyyətli dəyişənlərdir. Əhali, onun strukturu və hərəkəti ailə dinamikasından tutmuş iş həyatına, təhsil sistemindən məskunlaşma modellərinə, iqtisadi siyasətlərdən mədəni təcrübələrə, təhlükəsizlik siyasətlərindən xarici əlaqələrə qədər demək olar ki, hər şeyi formalaşdırmaqla sosial həyata dərindən təsir edir.

Əhalini azaldan və artıran siyasətlər

Əhalinin sosial quruluşa təsiri gündəlik həyatda dərhal hiss olunur. Əgər kənd yerlərində məhsuldarlıq azalırsa, şəhərlərə miqrasiya artırsa, kənd təsərrüfatında və heyvandarlıqda işçi qüvvəsinə ehtiyac kəskin şəkildə hiss olunur. Əgər şəhərdə gənc və təhsilli əhalinin sayı artarsa, gənclər arasında işsizlik və transmilli miqrasiya artarsa, ucuz mənzilə çıxış ciddi problemə çevrilə bilər. Əlbəttə, bu problemlərin arxasında təkcə əhaliyə dair dəyişikliklər durmur, ancaq əhali ilə bağlı dəyişikliklər mühüm amillər arasında yer alır.

Əhəmiyyətli sosial dəyişikliklərə səbəb olduğundan, əhali dəyişikliyinin və əhalinin strukturundakı fərqliliklərin hansı siyasətlərlə yönləndirilməsi və/və ya yönləndirilməməsi lazım olduğu dövlətlər üçün əsas məsələlərdən biri halına gəldi. Əhali sənaye inqilabına qədər güc mənbəyi kimi mövqe tuturdusa, postsənaye istehsalının artması və ehtiyatların azalması riski ilə əlaqədar əhaliyə nəzarət təklifləri ön plana çıxmağa başladı. Sənayeləşmə, tibbi inkişaflar və təkmil texnoloji alətlər hesabına əhali artımının dünyada “qıt resurslar”ın azalmasına səbəb olduğu “iddia edildi” və əhalinin azaldılması siyasəti təşviq edildi.

Digər tərəfdən, sənayeləşmə hərəkətləri daha ləng gedən, müharibələr və/və ya işğallar səbəbindən əhalisi azalan ölkələrdə əhali mühüm inkişaf vasitəsi kimi mövqe tutub və əhalinin artımına dəstək verilib. Məsələn, İkinci Dünya müharibəsindən sonra iqtisadi cəhətdən çökən və xeyli əhalisini itirən Almaniya işçi qüvvəsini qarşılamaq üçün Avropanın müxtəlif ölkələri ilə əmək müqavilələri bağladı və yenidən iqtisadi inkişafa nail oldu. Başlanğıcda əmək müqavilələri əhəmiyyətli dərəcədə müzakirə olunsa da, onların iqtisadi töhfələrindən sonra bir-birinin ardınca yeni müqavilələr bağlandı. İşçilər geri göndərilmək üçün qonaq edilsələr də, oynadıqları mühüm rola görə onları geri göndərmək mümkün olmadı və qonaq olmaları daimi yaşayışa çevrildi. Qonaq işçilər XX əsrin ikinci yarısından başlayaraq, Avropa ölkələrinin iqtisadi, siyasi, sosial və mədəni həyatında ciddi dəyişikliklərə səbəb oldular.

Asiyada Çin uzun müddət tək uşaq siyasətini həyata keçirərək, əhaliyə nəzarət etməyə çalışdı. Kişi əhalisinin xeyli artdığı ölkədə hətta nikah qurmaqda da çətinliklər yaşandı. Göründüyü kimi, müxtəlif əhali siyasətləri müxtəlif səbəblərdən həyata keçirilir və bu siyasətlər mühüm sosioloji nəticələrə malikdir. Bu siyasətlər müasir milli dövlətlərin yaranması ilə inkişaf edən demoqrafiya/əhali elmi tədqiqatları ilə formalaşır. Məsələn, Maltusçu baxışda əhalinin özü üçün kifayət qədər resursları aşması halında böhranın baş verəcəyi qəbul edilir və buna görə də əhalinin bu resurslara nisbətdə artması tövsiyə olunur. İkinci Dünya müharibəsindən sonra inkişaf layihələrinin həyata keçirildiyi “az inkişaf etmiş” ölkələrdə əhali siyasəti bu perspektivlə işlənib hazırlanıb. XXI əsrdə iqlim dəyişikliyi kimi təbii sərvətlərin azalması vurğulanaraq, Maltusçu “qorxuçuluq” həyata keçirilir və əhalini azaltmağa yönəlmiş siyasətlər gündəmə gətirilir. Lakin dünyadakı iqtisadi və sosial bərabərsizlikləri aradan qaldırmadan əhaliyə qiymət vermək yanlışdır. Demək olar ki, əhalinin qiymətləndirilməsində tarixi və sosial inkişafları nəzərə alan sosioloji perspektiv vacibdir.

Sosioloji dəyişənlər

Sosioloqlar qeyri-bərabərlik, miqrasiya, urbanizasiya və mədəni transformasiya nümunələrini aşkar etmək üçün əhali meyllərini araşdıraraq, demoqrafik faktorların sosial həyatın hər aspekti ilə əlaqəli olduğunu ortaya qoyurlar. Məsələn, XXI əsrdə əhalinin qocalması təkcə səhiyyə və qayğı siyasəti məsələsi deyil. Əmək bazarından tutmuş sosial siyasətlərə, şəhər planlaşdırmasından pensiyaya qədər bir çox siyasət əhalinin qocalmasından təsirlənir. Bunlarla yanaşı, nəsillərarası qarşılıqlı əlaqə, ailə və qohumluq strukturları və münasibətləri də dəyişə bilər. Məsələn, məhsuldarlığın azalması təkcə əhalinin bərpa qabiliyyətinə təsir etmir, həm də sağlamlıq vəziyyətlərinin yaxşılaşması səbəbindən daha uzun ömür sürən insanların yaşlı yaşlarında qohumlarının az olmasına səbəb ola bilər. Ailələr kiçilir, ailə və qohumluq münasibətlərində müxtəliflik azala bilər. Bu vəziyyət daha çox təkliyə səbəb ola bilər. Dostluq ailə və qohumluq münasibətlərini əvəz edə bilər. Nəsillərarası qarşılıqlı əlaqələrin azalması nəinki yaşlı nəsillərin tənhalığını artırır, həm də nəsillər arasında uçurumu genişləndirə və beləliklə, mədəni normaların, dəyərlərin, təcrübələrin ötürülməsinə mənfi təsir göstərə bilər. Doğum və ölüm nisbətlərindəki dəyişikliklər, miqrasiya nümunələri və əhalinin qocalması kimi əhali meylləri təhsil, peşə və gəlir kimi amillərlə kompleks şəkildə qarşılıqlı əlaqəyə daxil olaraq, həm resursların bölüşdürülməsinə təsir edə, həm də fərdlərin sosial təbəqələşmənin yuxarı və ya aşağı hərəkətinə səbəb ola bilər.

Əhalinin şəhərlərdə cəmləşməsi kənd yerlərində iqtisadi və sosial münasibətlərdə dəyişikliklərə səbəb olsa da, şəhər yerlərində mənzil və məşğulluq imkanlarını çətinləşdirərək, yoxsulluğu və müvafiq olaraq sosial bərabərsizlikləri artıra bilər. 2006-cı ildən dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və proqnozlara görə, XXI əsrin ortalarında şəhərlərdə yaşayan əhalinin sayı 70 faizə çatacaq. Bu vəziyyət həm şəhərlərdə, həm də kənd yerlərində mühüm sosial dəyişikliklərə səbəb olacaq. Bu hadisələr göstərir ki, əhalinin sayının artması və ya azalması, əhalinin strukturunun dəyişməsi və əhalinin yerdəyişməsi təkcə ədədi dəyərləri əhatə etmir, həm də mühüm sosial dəyişikliklərə səbəb olur. Daha da önəmlisi odur ki, əhalidəki dəyişikliklərin əsasında müxtəlif sosioloji inkişaflar dayanır. Əhali ilə bağlı məlumatlar müxtəlif sosioloji dəyişikliklərdən asılı olmayaraq nəzərdən keçirilməməlidir. Biz birbaşa olaraq bəzi dəyişiklikləri yaşamırıq, çünki məhsuldarlıq azalır və ya yaşlı əhali çoxalır. Bu əhali məlumatlarının ortaya çıxmasına səbəb olan bir çox sosial dəyişikliklərin olduğunu nəzərə almasaq, məsələni tam başa düşmək olmaz.

Bu gün diqqət yetirilməli olan məsələlərin başında əhalidə baş verən dəyişikliklərin sosioloji baxımdan əhəmiyyətli olduğu və bu dəyişikliklərin müxtəlif sosial inkişaflarla qarşılıqlı əlaqədə olduğu məsələsində məlumatlılığın artırılması gəlir. Açıqca qeyd etmək lazımdır ki, əhali təkcə rəqəmlərdən ibarət deyil, sosial strukturda baş verən çoxlu dəyişikliklərlə əhalidəki differensiasiya arasında qarşılıqlı əlaqə mövcuddur.
Strategyvision.org

Teq: Dünya   Əhali  


Oxşar məqalələr
Son əlavə olunanlar