Strateji Araşdırmalar Mərkəzi Nədir, Nə İş Görür?

Strateji Araşdırmalar Mərkəzi Nədir, Nə İş Görür?
22     10:51     24 11 2025    
Strateji araşdırma mərkəzləri mahiyyət etibarilə bir beyin mərkəzi funksiyasını yerinə yetirən təşkilatlardır. Digər beyin mərkəzləri kimi, Strateji Araşdırmalar Mərkəzləri də müəyyən siyasətlər, mövzular və ya ideyalar ətrafında araşdırma aparmaq üçün müxtəlif sahələrdən olan alimləri və ekspertləri bir araya gətirən təşkilatlardır.

Strateji Araşdırmalar Mərkəzi Nədir? Nə İş Görür?

Azərbaycanda və dünyada çox sayda beyin mərkəzi formatında fəaliyyət göstərən strateji araşdırmalar mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatı kimi funksiyalarını yerinə yetirirlər. Bu yazıda beyin mərkəzi və strateji araşdırmalar mərkəzi anlayışları bəzən eyni mənada, bir-birini ifadə edən terminlər kimi işlədilib.

Strateji araşdırma mərkəzi mahiyyətcə beyin mərkəzi funksiyasını yerinə yetirən bir təşkilatdır. Digər beyin mərkəzləri kimi, Strateji Araşdırmalar Mərkəzləri də müəyyən siyasətlər, mövzular və ya ideyalar ətrafında araşdırma aparmaq üçün müxtəlif sahələrdən olan alimləri bir araya gətirirlər. Bu cür təşkilatlarda müzakirə edilən mövzular sosial siyasət, dövlət siyasəti, iqtisadi siyasət, siyasi strategiya, hərbi, mədəniyyət və texnologiya kimi geniş sahələri əhatə edə bilər. Beyin mərkəzləri və/və ya strateji araşdırma mərkəzləri, bəzən siyasət institutları kimi də adlandırıla bilər. Belə bir qurum elmi araşdırmalar aparmaq, müzakirə platforması yaratmaq, ideyalar istehsal etmək, dövlət siyasətlərini izləmək və ictimaiyyətə intellektual resurslar təqdim etmək kimi funksiyaları öz üzərinə götürə bilər.

Strateji araşdırma mərkəzlərinin və ya beyin mərkəzlərinin əksəriyyəti vətəndaş cəmiyyəti təşkilatlarıdır, lakin bəziləri hökumət daxilində yarı müstəqil qurumlar kimi fəaliyyət göstərə bilər və ya müəyyən siyasi partiyalar, şirkətlər və ya ordu ilə əlaqəli şəkildə fəaliyyət göstərə bilərlər. Bu cür qurumların maliyyələşməsi çox vaxt fərdi ianələr, fond və ya dərnək üzvlərinin töhfələri və bəzən bunların kombinasiyasını əhatə edir. Bundan əlavə, bir çoxu dövlət qrantlarını da qəbul edir.

Belə mərkəzlər adətən müəyyən siyasət və ya cəmiyyətlə bağlı mövzularda məqalələr, tədqiqatlar və hətta qanun layihələri dərc edirlər. Bu məlumatlardan hökumətlər, şirkətlər, media qurumları, sosial hərəkatlar və ya digər maraq qrupları istifadə edə bilərlər. Beyin mərkəzləri, yüksək səviyyədə elmi fəaliyyətlərlə məşğul olanlardan tutmuş, açıq şəkildə ideoloji yönümlü olub müəyyən siyasətləri müdafiə edənlərə qədər müxtəlif formalarda mövcuddur və onların araşdırmalarının keyfiyyəti baxımından geniş fərqlər müşahidə olunur.

Strateji Araşdırmalar Mərkəzlərinin Maliyyə Mənbələri:

Əksər beyin mərkəzləri mənfəət məqsədi güdməyən təşkilatlar kimi qəbul edilir, lakin bəziləri hökumət, xüsusi maraq qrupları və ya şirkətlər tərəfindən maliyyələşdirilə bilər. Maliyyə mənbəyinin gözləntiləri və maraqları istehsal edilən məhsul və ya tədqiqat istiqamətlərini müəyyən edə bilər. Maliyyə mənbəyinin növü beyin mərkəzində fəaliyyət göstərən şəxslərin akademik azadlıq dərəcəsinə təsir göstərə bilər və ya təşkilatın məqsədlərinin maliyyə mənbəyinin maraqlarına uyğun şəkildə yenidən formalaşdırılmasına səbəb ola bilər. Məsələn, hökumətə məxsus bir beyin mərkəzi milli müdafiə strategiyalarının planlaşdırılmasına fokuslana bilər, digərləri isə ticarət layihələrinə, yeni texnologiyaların hazırlanmasına və ya sınaqdan keçirilməsinə yönələ bilər.

Maliyyələşmə həm də təşkilatın kimə və ya nəyə təsir etmək istədiyinin göstəricisi hesab edilir. Məsələn, ABŞ-də bəzi strateji araşdırma mərkəzləri və/və ya beyin mərkəzləri topladıqları ianələr vasitəsilə maliyyələşirlər. Bəzi donorlar Konqresdəki səsvermələrə təsir göstərmək və ya ictimai rəyi formalaşdırmaq məqsədilə dəstək verə bilər. Bəziləri özlərini və ya maliyyələşdirdikləri ekspertləri gələcəkdə hökumət vəzifələrinə hazırlamaq niyyətilə hərəkət edə bilər. Digərləri isə müəyyən tədqiqat və ya təhsil sahələrinə diqqət yönəltmək, bu sahələrdə fəaliyyətlərin inkişafına dəstək vermək məqsədilə ianə edə bilər.

Strateji Araşdırmalar Mərkəzlərinin Növləri:

Strateji araşdırma mərkəzləri, gördükləri funksiyalara əsasən müxtəlif formalarda təşkil edilə bilər:

İdeoloji Strateji Araşdırma Mərkəzləri:

Bu təşkilatlar ideoloji bir fəlsəfəyə əsaslanaraq müəyyən bir problemi həll etməyə çalışırlar. “Müdafiə tankları” kimi də tanınan bu mərkəzlər siyasətçiləri və qərarvericiləri öz həll yollarını qəbul etməyə razı salmağı hədəfləyirlər.

Sahə üzrə İxtisaslaşmış Strateji Araşdırma Mərkəzləri:

Bu tip mərkəzlər xarici siyasət, müdafiə, yoxsulluq, strateji məsələlər və ya ətraf mühit kimi müəyyən tematik sahələrə fokuslanırlar.

Hökumət Siyasətlərinə Yönəlmiş Strateji Araşdırma Mərkəzləri:

Bunlar bir ölkənin hökumətinin nəzarətində olan beyin mərkəzləridir. Məsələn, hökumətin xarici siyasətinə yönəlmiş, ictimaiyyəti bu siyasətlər barədə məlumatlandıran və bəzi hallarda həmin siyasətlərin doğruluğunu ictimaiyyətə izah edərək dəstək toplamağa çalışan beyin mərkəzləridır. Hökumət və ya dövlət orqanları tərəfindən yaradılan və ya dövlət dəstəyi ilə fəaliyyət göstərən təşkilatlardır.

Məqsəd Yönümlü Strateji Araşdırma Mərkəzləri:

Bu tip mərkəzlər vətəndaş cəmiyyəti təşkilatlarına bənzər xüsusiyyətə və funksiyaya malikdirlər. Məsələn, bir yardım layihəsinə tərəfdar toplamaq, bu layihənin niyə vacib və zəruri olduğunu ictimaiyyətə başa salmaq, daha çox yardım toplamaq və əldə edilən gəlirləri müəyyən məqsədlər üçün fəaliyyət göstərən digər vətəndaş cəmiyyəti təşkilatlarının maliyyələşdirilməsində istifadə etmək kimi fəaliyyətlər göstərirlər.

Təşkilati və ya Coğrafi Bağlantı Kontekstində Strateji Araşdırma Mərkəzləri:

Bu qrupa müstəqil vətəndaş cəmiyyəti təşkilatları, universitetlər, siyasi partiyalar, korporativ, qlobal və ya regional sponsorlu beyin mərkəzləri daxildir. Bu cür mərkəzlər maliyyə mənbələrinə və ya iş modellərinə görə də formalaşa bilərlər. Universitetlərə bağlı siyasət araşdırma institutları bu çərçivədə qiymətləndirilə bilər. Hər hansı bir təşkilata və ya şirkətə bağlı şəkildə yaradılan və fəaliyyət göstərən araşdırma mərkəzləri də bu tipə daxildir.

Strateji Araşdırma Mərkəzinin və/və ya Beyin Mərkəzinin Rolu

Strateji Araşdırma Mərkəzlərinin əsas məqsədi yerli və/və ya qlobal miqyasda gələcək siyasət proseslərinə təsir göstərmək üçün bilik və siyasət istehsalını birləşdirməkdir. Əksər beyin mərkəzləri müəyyən bir məsələ ətrafında ictimai maraq və maarifləndirmə məqsədilə çalışdıqlarını iddia edirlər. Müvafiq sahələrdəki mütəxəssislərin təcrübələrini bir araya gətirərək, beyin mərkəzləri əldə etdikləri nəticələri legitimləşdirə bilər və bu nəticələri nəşrlər, konfranslar və seminarlar vasitəsilə milli və/və ya beynəlxalq səviyyədə paylaşa bilərlər.

Strateji Araşdırma Mərkəzlərinin və/və ya beyin mərkəzlərinin necə və kimlərə təsir etdiyinin arxasında duran taktika və motivasiyalar mühümdür. Fikirlər və əlaqə şəbəkələri vasitəsilə bu cür təşkilatlar hədəflədikləri dəyişiklik üçün ictimai rəy formalaşdırmaqda uğurlu ola bilərlər. Hər hansı bir strateji araşdırma mərkəzinin və ya beyin mərkəzinin yaxşı olub-olmadığını anlamaq üçün “sağ, sol, liberal” kimi siyasi mövqeyinə deyil, onun dəlilə əsaslanan müzakirə təklif edib-etmədiyinə, hazırladığı hesabat və təhlillərin obyektivliyinə, mövzulara həm dərin, həm də geniş baxa bilməsinə və nəticələrinin cəmiyyətdə əks-səda doğurub-doğurmadığına baxmaq lazımdır. Bu baxımdan, strateji araşdırma mərkəzlərinin və/və ya beyin mərkəzlərinin əksəriyyətinin açıq və ya gizli şəkildə mövcudluq səbəbi ideyalar və fəaliyyətlər üçün mühüm katalizator kimi xidmət göstərə bilmələri ilə əlaqələndirilir. Aşırı yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi, sürətli şəhərləşmə, yoluxucu xəstəliklərin yayılması, silahlı münaqişələr, beynəlxalq terrorizm, təşkilatlanmış cinayətkarlıq və nüvə silahlarının yayılması kimi çoxsaylı qlobal problemlərlə üz-üzə qalan dünyamızda bu problemlərə həll təklif edə biləcək təşkilatların hərəkətə keçməsi üçün yaxşı ideyalar zəruridir. Strateji Araşdırma Mərkəzləri və/və ya beyin mərkəzləri, ən yaxşı halda, fikirlərə vasitəçilik edə, ictimai müzakirələri təşviq edən mühitlər yarada və təcili problemlərin həllinə yönəlmiş yaradıcı, lakin praktik həllərin inkişafına öncülük edə bilərlər.

Bu mövzuda keçmişdən bir çox nümunə göstərmək olar: Məsələn, “Brookings” İnstitutunun eksperti Leo Pasvolski Marşal Planının formalaşmasına kömək edən konkret təkliflər irəli sürərək, İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına töhfə verib. “Carnegie” Beynəlxalq Sülh Fondu isə 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən Soyqırımı İlə Mübarizə Konvensiyasının qəbul edilməsinə təşviq edici rol oynayıb.

Fikirlər üçün katalizator rolunu oynamaq beyin mərkəzlərinin fəaliyyətinin yalnız bir hissəsidir. Digər mühüm rol isə siyasət gündəminin formalaşmasına yardım etməkdir. Lakin siyasət gündəminə daxil olmaq mürəkkəb bir prosesdir. İnandırıcı bir ideyanı reallığa çevirmək hər zaman mümkün olmaya bilər və yaranan mühüm fürsətlər müxtəlif səbəblərlə qaçırıla bilər. Buradakı əsas çətinlik siyasətin dinamik təbiətindən irəli gələn qərarvermə proseslərinin “proqnozlaşdırıla bilməməsi”dir. Strateji Araşdırma Mərkəzləri, əgər siyasət istehsal etmək və nəticələrinin qərar qəbul edən orqanlar tərəfindən nəzərə alınmasını istəyirsə, ilk növbədə hökumət gündəmindəki bir fikri sahiblənməkdə israrlı olmalı, həmin sahədəki bilik və təcrübəsini düzgün əlaqələr və kommunikasiya kanalları vasitəsilə qərarvericilərə sübut etməli və bunu doğru zamanda həyata keçirməlidir.

Hökumət səviyyəsində tanınan bir strateji araşdırma mərkəzi olmaq üçün aparıcı tədqiqatlarla özünü sübut etmiş olması da vacibdir. İnkişaf etdirilən və dərinləşdirilən bir ideyanın qəbul edilməsi üçün ictimai rəy formalaşdırılmalı və geniş kütlələr vasitə media kanallarından istifadə edərək strateji araşdırma mərkəzinin fikirləri qərarvericilərə çatdırılmalıdır. Dəstəkçilərinin etimadını qazana bilmək üçün strateji araşdırma mərkəzi gündəmə gətirmək istədiyi fikri tanıtmaqda və onu davamlı inkişaf etdirməkdə kifayət qədər resursa malik olmalıdır. Unutmaq olmaz ki, fikirlər siyasətdə istənilən dəyişiklikləri dərhal yarada bilməz. Fikirlərin ənənəvi siyasi qüvvələr tərəfindən mənimsənilməsi və siyasətlə məşğul olan çevrələrin bu fikirləri “öz ideyası” halına gətirməsi uğurun təbii bir nəticəsinə çevrilə bilər.

Bəzi hallarda strateji araşdırma mərkəzləri obyektivlikdən uzaqlaşa bilər və ideoloji baxımdan dəstəkləmədiyi hökumətlərə, qərarvericilərə və ya siyasi partiyalara qərəzli yanaşa bilər. Bu qərəzli mövqe, bəzən də maliyyə mənbəsini qorumaq məqsədilə “yanlışı qəbul etmə” meyli ilə nəticələnə bilər. Öz dar ideoloji məhdudiyyətləri və ya maliyyə asılılığı altında “müstəqil” hərəkət edə bilməyən bu cür strateji araşdırma mərkəzləri və/və ya beyin mərkəzləri qısa müddətdə uğurlu görünsələr də, zamanla etibarlarını itirməyə məhkum olurlar.

Robert Cervisin “Beynəlxalq Siyasətdə Qavrayış və Yanlış Qavrayış” adlı tədqiqatında göstərildiyi kimi, bəzi hallarda mütəxəssislər və siyasət istehsalçıları inanclarına zidd məlumatlardan qaçmağa və ya onları görməməyə meylli ola bilərlər. Qərəzlərindən qurtula bilməyən mütəxəssislərin hesabatları fərqli baxış bucaqlarını kənarda qoya bilər. Ardıcıl şəkildə qərəzli qərar vermək və siyasətçilərin “xoşuna gələcək” fikirlər formalaşdırmaq bu cür mütəxəssislərin vərdişinə çevrilə bilər. Bu səbəbdən, bir strateji araşdırma mərkəzində obyektiv düşüncənin qorunması üçün əks fikirlərə dözümlə yanaşan, təşkilat daxilində fikir toqquşmalarına şərait yaradan, insanları müzakirəyə və öz qərəzlərinin fərqinə varmağa təşviq edən, hər bir fikir sahibinə öz mövqeyini inandırıcı şəkildə müdafiə etmək imkanı yaradan sosial və intellektual mühit vacibdir. Ən yaxşı strateji araşdırma mərkəzlərinin məhz bunu etməsi gözlənilir. Bu cür təşkilatlar yeni ideyaların inkişafına və günün aktual məsələləri ilə bağlı ictimai müzakirələrin təşviqinə imkan yaradan platforma funksiyasını yerinə yetirə bilərlər. Onlar sübuta əsaslanan qiymətləndirmələr apara bilərlər.

Strateji Araşdırma Mərkəzlərinin Uğurlu Ola Bilməsi Üçün Zərurətlər:

Nəticə etibarilə, uğurlu olmaq üçün strateji araşdırma mərkəzlərinin və/və ya beyin mərkəzlərinin ən azı dörd əsas elementə ehtiyacı var: yaxşı ideyalara, bu ideyaları dəstəkləyəcək aktorlardan ibarət əməkdaşlıq mexanizminə, bu ideyaları dinamik şəkildə dəstəkləmək və istiqamətləndirmək üçün resurs çatışmazlığı olmayan institusional potensiala və doğru anı dəyərləndirmə qabiliyyətinə malik kommunikasiya bacarıqlarına və mexanizmlərinə. Onların ehtiyac duyduğu ən vacib şey dünyanın onlara ən çox ehtiyac duyduğu anda yaxşı ideyaları müdafiə etmək üçün vasitələrdir. Başqa sözlə, beyin mərkəzləri bacardıqları işi, yəni ideyalarını, qiymətləndirmələrini, tədqiqat və təhlillərini müxtəlif kommunikasiya vasitələri (veb-saytlar, jurnallar, kitablar, audio və video yayım və s.) ilə doğru auditoriyalara çatdırmağı effektiv şəkildə həyata keçirməlidirlər.
Strategyvision.org

Teq: SAM   SV   Strategiya  


Oxşar məqalələr
Son əlavə olunanlar