Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər

Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
236     12:48     24 08 2024    
Hərbi ünsürlərin üstün imkanlara sahib olması bu cür məqsədlərə çatmağın əsas mənbəyi olub.

Döyüş meydanlarının və sərhəd xətlərinin çətin şəraitində əsgərlər yüksək dözümlülük, güc və sürət kimi fiziki qabiliyyətlərə malik olmaqla yanaşı, liderlik, komanda işi və böhranların idarə edilməsi kimi sosial qabiliyyətlərə malik olmalıdırlar. Əsgərlərin psixoloji üstünlüyünün qorunması bu prosesdə əsas şərtdir.

1988-ci ilin aprelində “Washington Post” qəzetində dərc edilən və 2000-ci ildə CIA tərəfindən ayrıca təqdim edilən xəbərə görə, ABŞ ordusunun endorfinə, meditasiyaya, paranormal və digər qeyri-adi performans artırma üsullarına marağı yeni deyil. Ordu ekstrasensor qavrayış (altıncı hiss), “extrasensory perception” (ESP) üzrə müxtəlif sınaqlar keçirib. Digər tərəfdən, sözügedən nəşrə görə, hərbi və kəşfiyyat bölmələri Sovet İttifaqının psixi qabiliyyətlərin inkişafında irəliləyiş əldə etməsindən narahatdırlar.

Buna əsasən, “Ruslar başqalarının davranışlarına təsir göstərə, emosiyaları və ya sağlamlığını dəyişdirə və zehni telepatiya vasitəsilə insanları huşunu itirib öldürə bilirdilər”. Üstəlik, ekstrasens sahəsində bəzi Qərb tədqiqatçıları subliminal qavrayış üsullarının (subliminal mesaj televiziya siqnalları və ya telepatik yollarla ötürülə bilər) ABŞ və ya nüvə obyektlərindəki müttəfiq personalına zərərli təsirindən narahat idilər.

Təhlükəsizlik qüvvələrinin psixi sahədə mümkün fəaliyyətləri ayrıca tədqiqat mövzusunu təşkil edir. Bununla belə, birbaşa CIA-nın məlumat bazasından əldə edilə bilən bu nəşrin bu gün sahib olduğu oxşarlıqlar olduqca maraqlıdır:

1) Təhlükəsizlik qüvvələri üstünlük əldə etmək üçün yeni imkanlar əldə etməlidir.

2) Kritik təsirlərə malik hesab edilən sahələrdə rəqib elementlərin fəaliyyəti manipulyativ ifadələrin istifadəsini tələb edəcək qədər narahatvericidir.

Bu gün Süni Zəka (SZ) tamamilə oxşar şərtlər altında təhlükəsizlik strategiyalarını müəyyən edir. Təbii ki, bu proses keçmişdə müxtəlif nümunələrdə müşahidə edildiyi kimi bir çox şüurlu və şüursuz şarları ehtiva edir.

SXSW 2024-də qiymətləndirmələr edən amerikalı hərbi rəsmi Troy Denomi ilk zamanlarda ordudakı liderlərin “Hey Troy, SZ istəyirəm... Mənim üçün SZ işləri gör” şəklində dialoqları ilə qarşılaşdığını ifadə edib. Denomi bu mövzuda orduda əhəmiyyətli bir öyrənmənin baş verdiyini vurğulayıb və qeyd edib: “SZ hər dərdə çarə deyil, bir vasitədir”.

Hansı məqsədlə və hansı əsas prioritetlər üçün istifadə ediləcəyi müəyyən edilmədikcə, SZ yeni bir xərc maddəsi olmaqdan kənara çıxa bilməz. Bu əsas prinsiplə hərəkət etmək üçün çevrilməni düzgün oxumaq və mümkün təsirlərin gücünü və həcmini dəqiq müəyyən etmək son dərəcə vacibdir.

Döyüş meydanının insansızlaşması yeni bir fenomen kimi inkişaf edərkən, insanlar hələ də mürəkkəb və dəyişən müharibə və sülh mühitində mühüm element olaraq qalırlar. Hava Hücumundan Müdafiə (HHM) platformaları və insansız quru-hava-dəniz platformaları kimi hərbi qabiliyyətlərə verdiyi güclə döyüş meydanının insansızlaşmasını sürətləndirən SZ insan elementinin imkanlarını da artırır.

Artırılmış insanlıq “augmented humanity” bu nöqtədə özünü göstərir. 2021-ci ilin mayında Britaniya Müdafiə Nazirliyi tərəfindən “Human Augmentation – The Dawn of a New Paradigm” başlığı ilə yayımlanan bir hesabata görə, müharibənin mərkəzində olan insanın müharibənin ən zəif halqasını meydana gətirməsi paradoksdur. Missiyası nə olursa-olsun (Pilotsuz Uçuş Aparatı (PUA) operatoru, piyada, kibertəhlükəsizlik mütəxəssisi və s.), düşmənləri və ətraf mühiti məğlub etmək üçün təhlükəsizlik bölmələrindən daha güclü, daha sürətli, daha ağıllı, daha möhkəm və mobil olmaları tələb olunur. Bu məqamda nazirlik “öldürücülüyü, sağqalma qabiliyyətini və hərəkətliliyi artıran texnologiyalar” hazırladıqlarını vurğulayıb.

Nazirliyin məlumatına görə, texnologiya daha mürəkkəb hala gəldikcə elm adamları insanlardan daha çox maşınlara diqqət yetirsələr də, bu vəziyyət dəyişməyə başlayıb.

Artırılmış insan əsgərlər hansı xüsusiyyətləri ilə fərqləndirilə bilər?

Fiziki Performans

Artan güc, sürət və dözümlülük
Qabaqcıl sensor funksiyaları və əhatə dairəsi


Psixoloji Performans

Diqqət, sayıqlıq və yaddaşın yaxşılaşdırılması
Aşkarlama və situasiya məlumatlılığının artması
Daha yaxşı qərar qəbul etmə
Daha effektiv öyrənmə

Sosial Performans

Ünsiyyətin təkmilləşdirilməsi
Daha yaxşı qrup birliyi - daha güclü birliklər


Sağlamlıq və Döyüşə Hazırlıq

Artan sağlamlıq və yaxşı olma (rifah)
Yaralanmalardan və yaralardan tez sağalma
Təkmilləşdirilmiş davamlılıq və sabitlik

2021-ci ilin iyulunda qiymətləndirmələr aparan ABŞ Kosmik Qüvvələrinin Elm, Texnologiya və Tədqiqatlar üzrə direktoru Coel Mozerin sözlərinə görə, Qərb sivilizasiyası ötən əsrdə sənaye əsaslı cəmiyyətdən informasiyaya əsaslanan cəmiyyətə çevrilib. Lakin bu gün biz “human augmentation” erasının astanasındayıq.

Buna görə də ABŞ strateji rəqiblərindən geri qalmamaq üçün milli müdafiə sahəsində fəaliyyətində bu yeni dövrü qəbul etməlidir. Mozerin fikrincə, texnologiya insan zəkasının və maşın səmərəliliyinin, gücün və sürətin birləşməsi vasitəsilə “super insan” qabiliyyətləri yarada bilər. Növbəti onillikdə biz bu tip insan-maşın əməkdaşlığının yeni səviyyələrinə çatacağıq və nəticədə ağlasığmaz yeni imkanlar görəcəyik.

2020-ci ilin dekabrında qiymətləndirmələr aparan Fransanın müdafiə naziri Florens Parli vurğulayıb ki, bəşəriyyət uzun müddətdir müharibələrlə mübarizə aparmaq üçün fiziki və ya idrak qabiliyyətlərini artırmaq yollarını axtarır. Bu nöqtədə Parli bildirib ki, mümkün irəliləyişlər əsgərlərin bədənlərinə potensialı artıran xüsusiyyətlərin əlavə edilməsinə səbəb ola bilər.

2021-ci il fevral tarixli hesabata görə, Fransa “artırılmış əsgər” anlayışını etik dəyərlər çərçivəsində nəzərdən keçirir və insan genetikasında dəyişikliklərə səbəb ola biləcək texnologiyalardan imtina edir. Digər tərəfdən, hesabata görə, bu o demək deyil ki, qoşunların imkanlarının artırılmasına maraq yoxdur. Fransa “Spiderman” tipli artırılmış əsgərlərdən çox “Iron Man” tipli artırılmış əsgərlərə diqqət yetirir.

Bu prosesi “Marvel” kainatındakı uydurma inkişaflara uyğun olaraq nəzərə alsaq, bildirmək lazımdır ki, fransızlar hərbi quılluqçularına radioaktiv hörümçək tərəfindən dişləndikdən sonra genetika dəyişən “Spiderman” yerinə, SZ ilə dəstəklənən zirehi ilə qabaqcıl xüsusiyyətlərə malik olan “Iron Man”ə bənzər qabiliyyətlər verməyə diqqət yetirirlər. ABŞ ordusunun 2019-cu ildə dərc etdiyi hesabata görə, ABŞ Müdafiə Nazirliyinin personalı insan/maşın inkişafı texnologiyaları ilə bağlı ictimai məlumatlılığın və qavrayışın qlobal qiymətləndirilməsini aparmalıdır.

Buna uyğun olaraq, amerikalıların etik narahatlıqlara görə etməkdən çəkindiyi texnologiyaların düşmən elementlər tərəfindən daha asan mənimsəniləcəyinə dair bir fikir var. Bununla belə, hesabatda bildirilir ki, “düşmənlər”in bu texnologiyalara münasibəti heç vaxt təsdiqini tapmayıb. Digər tərəfdən, hesabata görə, yeni texnologiyaların tətbiqindən sonra yaranan sosial narahatlıq gözlənilməz siyasi əngəllər yarada, dəyərindən və ya real riskindən asılı olmayaraq yerli mənimsəmə prosesini ləngidə bilər.

Qlobal münasibətlərin qiymətləndirilməsi sosial-siyasi maneələrə görə yeni texnologiyaların mənimsənilməsinin çətin ola biləcəyi və düşmən tərəfindən texnologiyaların mənimsənilməsinin daha asan qəbul ediləcəyi yerləri proqnozlaşdırmağa imkan verəcək. İmkanları artırılmış insanlara aparan səyahətdə qlobal yanaşma texnologiyanın tutacağı istiqaməti müəyyən edəcək. Hesabata görə, ABŞ Müdafiə Nazirliyi öz nəzarəti altında dinamik hüquqi, təhlükəsizlik və etik çərçivələrin inkişafına sərmayə qoymalıdır.

Bu texnologiyaların ABŞ-də və digər ölkələrdə (“müttəfiq və düşmən”) nə qədər sürətlə inkişaf etdiyini nəzərə alsaq, çərçivələr yetərsizdir. Buna görə də nazirlik fərdi məxfiliyi qoruyarkən, təhlükəsizliyi təmin edərkən, şəxsi və institusional riskləri idarə edərkən, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin müəyyən edilmiş faydalarını maksimuma çatdıran gələcəyə hesablanmış siyasətləri (daxili və xarici) dəstəkləməlidir. Bu çərçivələr Birləşmiş Ştatlar daxilində və ya onun hüdudlarından kənarda inkişaf etdirilən yeni texnologiyalara tez və çevik reaksiya vermək üçün strukturlaşdırılmalıdır.

Buna görə də etik reputasiya etibarlılıq və əsas prinsiplərə sadiqlikdən kənar, texnologiyanın inkişafına istiqamət verə bilən ən güclü elementlərdən biridir. Bu baxımdan etika əsas texnologiyalara sərmayə qoymaq, özəl sektoru konkret hədəflərə yönəltmək, düşmən elementlərin doktrinalarını müəyyən etmək və artırılmış insan hərbi qulluqçuların mümkün mövcudluğunun müttəfiq doktrinalarla uyğunluğunu təmin etmək kimi texnologiya üzərində nəticə verə biləcək amillərdə əhəmiyyətli bir təsir sahəsinə sahibdir.

Müxtəlif dövrlərdə ictimaiyyətə sızan məlumatlara görə, ABŞ hərbi qulluqçularının təhlükəsizliyini qorumaq, fiziki yaralanma riskini azaltmaq, yorğunluğu azaltmaq və gücü artırmaq kimi məqsədlərə uyğun olaraq geyilə bilən ekzoskelet sistemləri ilə maraqlanır. Əhəmiyyətli bir nümunə olaraq, “Lockheed Martin” tərəfindən 2018-ci ildə dərc olunan məqaləyə görə, şirkət SZ ilə dəstəklənən ekzoskelet sistemini inkişaf etdirmək üçün ABŞ ordusundan 6,9 milyon dollar alıb.

DARPA yüksək performanslı, iki istiqamətli beyin-kompüter interfeyslərini inkişaf etdirməyi hədəfləyir. Hesab edilir ki, PUA-lara və aktiv kibermüdafiə sistemlərinə nəzarət və ya mürəkkəb hərbi missiyalar zamanı çoxlu tapşırıqları uğurla yerinə yetirmək üçün kompüter sistemləri ilə birləşmə kimi müxtəlif milli təhlükəsizlik tətbiqləri mümkün ola bilər. DARPA-nın məlumatına görə, sistem əməliyyat tələb etməyəcək və insan tərəfindən daşınacaq.

2020-ci ildə açıqlanan məlumatlara görə, DARPA hərbi qulluqçuları təhlükəsiz qidaya, suya çıxış məhdudiyyətləri və yuxu pozğunluğu kimi ümumi sağlamlıq problemlərinə qarşı davamlı etmək üçün çalışır. DARPA bu tələbi dəri altına implantasiya edilən və ya udularaq bağırsaqda saxlanılan cihazlar vasitəsilə qarşılamağı hədəfləyir.

DARPA tərəfindən həyata keçirilən digər proqram hərbi fəaliyyətlər kontekstində vacib olan həddindən artıq dozada opioidə (ağrı kəsici və ya narkotik kimi istifadə edilən opioid tipli dərmanların təhlükəli səviyyədə istehlakı), orqanofosfat zəhərlənməsinə (pestisidlər kimi orqanofosfat ehtiva edən kimyəvi maddələrə məruz qalma nəticəsində yaranan zəhərlənmə vəziyyəti), qamma şüalarına məruz qalmaya və qrip infeksiyası ilə mübarizəyə yönəlib.

Proqram genomda qalıcı dəyişikliklər etmədən bu vəziyyətlərə qarşı tədbirlər hazırlamağı hədəfləyir. Digər tərəfdən, qeyri-rəsmi qiymətləndirmələrə görə, mövcud elmi biliklərdən çox kənarda olsa da, heyvandan gen əlavə edərək, insanın eşitmə diapazonunu genişləndirmək və ya gecə görmə qabiliyyətini təmin etmək kimi yeni xüsusiyyətləri hərbi qulluqçulara təklif edə edə biləcək qalıcı modifikasiyalar etmək nəzəri cəhətdən mümkün ola bilər. ABŞ administrasiyasının texnologiyadan geniş miqyaslı töhfələr gözləməsi rəqiblərinin də bu sahədə fəaliyyətləri ilə bağlı eyni şəkildə “narahat olmalarına” səbəb olur.

2020-ci ildə qiymətləndirmələr aparan dövrün ABŞ Milli Kəşfiyyatının direktoru Con Retkliff Çin administrasiyasının ABŞ-yə və planetin qalan hissəsinə iqtisadi, hərbi və texnoloji cəhətdən hakim olmaq niyyətində olduğunu bildirib. ABŞ kəşfiyyatına əsaslanan məlumatda Retkliff Çinin bioloji cəhətdən inkişaf etmiş qabiliyyətlərə malik hərbi qulluqçular yetişdirmək məqsədilə hərbi qulluqçular üzərində insan sınaqları keçirdiyini qeyd edib.

ABŞ ordusunun dəstəklədiyi bir cəmiyyət olan “Mad Scientist Laboratory”də 2023-cü ildə nəşr olunan bir analizdə o, Çinin Mülki-Hərbi İnteqrasiya (Civil-Military Fusion) milli strategiyasının Çin hərbi qulluqçularında “sürünən” gecəgörməsi və ya yüksək zəka kimi müəyyən xüsusiyyətləri yaratmağı hədəfləyən gen formalaşdırma səylərini ehtiva etdiyini iddia edib. ABŞ-nin Çinlə daxil olduğu texnoloji müharibə ABŞ hakimiyyətinin Çinin fəaliyyətinə indiki vaxtdan daha çox əhəmiyyət verməsi ilə nəticələnə bilər.

Bununla birlikdə, əkiz körpələrin genlərinə müdaxilə edən alim He Tszyankuyun “dərmandan qeyri-qanuni istifadə” ittihamı ilə mühakimə olunduğu işdə cəmi 3 il həbs və 3 milyon yuan (430 min dollar) cərimələnməsi diqqət çəkir. 2024-cü ildə qiymətləndirmələr aparan He Tszyankuy həbsinə səbəb olan müdaxiləsindən “qürur duyduğunu” bildirib. He Tszyankuy HIV-ə (Human Immunodeficiency Virus) qarşı immunlu hala gəldiyini iddia etdiyi əkizlərin genlərində tibbi məqsəddən kənar heç bir dəyişiklik edilmədiyini söyləyib.

SZ, beyin-kompüter interfeysi və biologiya kimi sahələrdə irəliləyişlərə uyğun olaraq, normal və süni arasındakı xətt “normal qavrayış”ı pozacaq şəkildə getdikcə bulanıqlaşır. Çinin keçmiş Baş Qərargah rəisinin müavini Qi Jianguo 2019-cu ildə verdiyi qiymətləndirmədə mexaniki müharibə dövründə “hava hakimiyyəti”, “dəniz hakimiyyəti” və “elektromaqnit hakimiyyət”in döyüş meydanında dominantlıq etdiyini, informasiya dövründə isə “informasiya hakimiyyəti”, “beyin hakimiyyəti” və “zəka hakimiyyəti”nin döyüş meydanına hakim olacağını bildirib.

Qi Jianguonun sözlərinə görə, SZ-nin “hər şeyi edə bilən” olduğunu düşünməkdən yayınmaq, strateji baxımdan ayıq qalmaq və SZ-nin hərbi sahədə tətbiqinə elmi prizmadan yanaşmaq lazımdır. SZ-nin inkişafın müxtəlif mərhələlərində nələrə qadir olduğu, bunu nə dərəcədə edə biləcəyi və insan zəkası ilə SZ-nin dərin inteqrasiyasını tələb edən sahələrdə nələr edilə biləcəyinə elmi cəhətdən daha yaxşı cavab vermək lazımdır.

Açıq mənbələrdə əks olunan məlumatlara görə, Çin ordusuna bağlı “National University of Defense Technology” (NUDT) iyirmi ildən artıqdır ki, beyin-kompüter interfeysi üzərində işləyir. Müvafiq proqrama liderlik edən Hu Deven bildirir: “Maşınların yüksək funksionallığı və insanların yüksək zəkasının birləşməsi sistemlərin yüksək performansını təmin etmək üçün mühüm tətbiq sahəsidir”. Bənzər şəkildə Çin ordusuna bağlı “Information Engineering University”də PUA və robot kimi cihazların beyin vasitəsilə idarə olunmasına dair araşdırmalar aparılır.

“PLA Daily”yə (Çin ordusuna bağlı media orqanı) istinad edilən bir xəbərə görə, Çin mənbələri bildirib: “Döyüş bədənləri məhv etmək axtarışından rəqibi iflic etməyə və idarə etməyə keçməyə başladı”. Buna görə də beyin yeni silah konsepsiyalarının hücumunda və müdafiəsində əsas hədəfə çevrilib. Bu kontekstdə “beyin idarəetmə silahları” kimi müxtəlif mümkün imkanlardan bəhs edilir. Çinin artırılmış insanlığa etik kontekstdə yanaşması Qərbdən fərqli ola bilər.

Müasir azad düşüncə şəraitində Qərb sənət dünyasının texnologiyaya yönəlmiş distopik hekayəsinin də təsiri ilə meydana gələn mənfi qavrayışlar və sosial təzyiqlərlə daha sıx mübarizə aparmalı olur. Bununla belə, Çin qaydalardan azad bir texnologiya inkişaf zonası deyil. Məsələn, 2024-cü ilin fevralında Çində beyin-kompüter interfeysləri üçün etik prinsipləri müəyyən edən təlimat nəşr olunub.

Təlimata əsasən, beyin-kompüter interfeysi tədqiqatında iştirak edən subyektlərin məlumat hüququna və şəxsi ləyaqətinə hörmət edilməli, onların qərar qəbul etmə muxtariyyətinə hörmət edilməli, insan beyninin strukturu funksional və psixi şüur baxımından mümkün olan ən yüksək səviyyədə qorunmalıdır. Beyin-kompüter interfeysi tədqiqatı riskləri və faydaları tam şəkildə qiymətləndirməlidir. Uşaqların və yeniyetmələrin sinir inkişafını əhatə edən tədqiqatlar daha ciddi etik qiymətləndirmə, nəzərdən keçirmə və risklərin qarşısının alınması tədbirlərini qəbul etməlidir.

Texnologiyanın elmi fantastika reallığına yaxınlaşdığı bu günlərdə hərbi imkanlarda mümkün dəyişikliklərin və bu mövzuda perspektivlərin dərk edilməsi varlıq mübarizəsi üçün kritik əhəmiyyət kəsb edir. Digər tərəfdən bu istiqamətdə irəliləyərkən, mövcud motivlərin hərbi qulluqçunun fərqli qidalanma vərdişlərinə uyğun olaraq gücləndirilməyə çalışıldığı e.ə. V əsrdən, yaxud məhdud texnoloji imkanlar altında hərbi qulluqçuların psixi qabiliyyətlərini artırmağa yönəlmiş təcrübələrin həyata keçirildiyi XX əsrdən fərqli olmadığının fərqinə varılması lazımdır.

Bu gün etik mübahisələr bir kənara qoyulsa və yuxarıda qeyd olunan imkanlarda əsaslı irəliləyişlər birdən-birə əldə edilsə belə, hərbi qulluqçular tarixdə ilk dəfə qorxudan azad olmayacaqlar. Qorxudan qurtulan, müxtəlif stimullara məruz qalan hərbi birliklər tarixdə dəfələrlə döyüş meydanında öz yerlərini tutublar. Bu prosesdə digər mühüm məsələ də odur ki, biz dövrümüzün texnologiyalarını hərbi və mülki sahədə bütün problemlərimizi həll edən və nə qədər təəccüblü nəticələr versələr də, həmişə ən yaxşı cavabı verən möcüzəvi varlıqlar kimi qəbul etmirik.

Texnologiyaya onun cari və mümkün imkanlarından kənar mənalar təyin etmək, əsasən, nəzərdə tutulan məqsədə zidd olaraq texnologiya şarı yaratmaq deməkdir. Texnologiyadan gözləntilərimizi müəyyən etmək və buna uyğun nəticələr əldə etmək üçün ilk növbədə problemlərimizi düzgün müəyyənləşdirməliyik. Bu, artırılmış insan hərbi qulluqçular kimi yeni və dramatik hərbi reallıqlara da aiddir.
Strategyvision.org

Teq: Super-Əsgər   Texnologiya  


Oxşar məqalələr
Son əlavə olunanlar