Silahlanma yarışı kritik həddə: Asiya iqtisadi, hərbi və strateji baxımdan açar nöqtəyə çevrilir – ANALİZ
Dünyanın ən nəhəng silah istehsalı kompaniyaları Avstraliya hökumətinin növbəti on il ərzində həyata keçirəcəyi toplam dəyəri 200 milyard Avstraliya dolları (147 milyard ABŞ dolları) dəyərindəki layihələri həyata keçirməklə təlimatlandırılıblar. Qeyd edək ki, bu Avstraliya tarixindəki ən əhəmiyyətli hərbi quruculuq dövrü olaraq tarixə keçəcək. Məhz buna görə də şirkətlər dövlət satınalma qərarlarını nəzarətdən keçirən və bu barədə rəy bildirən generalların, o cümlədən siyasətçilərin görüşünü əldə etmək üçün qızğın mübarizə içərisindədirlər.
Hətta bu şirkətlər və Kanberra hökuməti bir araya gələrək Avstraliyanı dünyanın ən nəhəng 10 silah ixracatçısı arasına daxil etmək üçün minlərlə işçi işə götürür və yeni istehsal mərkəzləri formalaşdırırlar. Qeyd edək ki, hazırda bu baxımdan dünyada 19-cu olan ölkənin qarşıdakı 10 il ərzində ilk onluğa daxil olması hədəflənir.
“Mən xalqımızın təhlükəsizliyi və hərbi qulluqçularımızın müdafiəsinə çalışdığım üçün heç kimdən üzr istəməyəcəm. Biz son zamanlarda regionda qeyri-müəyyən aktivliklər sezirik. Bunlardan ən əhəmiyyətli olanları Cənubi Çin dənizində bir çox adanın Çin Xalq Azadlıq Ordusu tərəfindən hərbiləşdirilməsi və əlbəttə ki, Koreya yarımadasındakı qeyri-stabil vəziyyətdir”, - deyə Avstraliya Müdafiə Sənayesi naziri Kristofer Payn bildirib.
Bir çox hərbi ekspertlər Cənubi Çin dənizində baş verənləri mübahisəli sularda üstünlük əldə etmək məqsədilə Pekinin başlatdığı modernizasiya planlarının məntiqi nəticəsi olduğunu bildirir və bunu “silahlanma yarışı” olaraq xarakterizə edirlər. Bu iddialara əsasən sözügedən yarış regionda konflikt təhlükəsini daha da gücləndirəcək.
“İqtisadi, hərbi və strateji olaraq açar qüvvə olan Çinin səbəb olduğu qorxu və qeyri-müəyyənlik regionun yenidən müəyyən edilmiş maraqlar bölgüsünü sarsıda bilər”, - deyə Obama hökuməti daxilində ABŞ-Çin Hərbi və Müdafiə Əlaqələri Mərkəzinin sədri vəzifəsində çalışmış Ceyms Conson bildirib.
Asia-Sakit okean zonasında illik müdafiə xərcləri
Asia və Sakit okean regionunda orta illik hərbi xərclər bu əsrin ilk 17 ili ərzində 2 dəfə artım göstərərək 450 milyard dollardan keçib. Hazırda bu rəqəmin təxminən 208 milyard dolları, başqa sözlə təxminən yarısı Çinə məxsusdur. Avstraliya Müdafiə Nazirliyinin apardığı araşdırmaya əsasən 2035-ci ildə dünyada mövcud olan sualtı döyüş gəmilərinin təxminən yarısı Hind və Sakit okeanlarında fəaliyyət göstərəcək. Hətta “Janes”in yayımladığı hesabata əsasən, bu regionun 2029-cu ildə hazırda silahlanmada dünya lideri olan Şimali Amerika regionunu üstələməsi gözlənilir. Bütün bu proqnoz və statistikalar Asiya-Hind-Sakit okean meqaregionunun nə dərəcədə əhəmiyyətli olduğunu qeyd-şərtsiz olaraq nümayiş etdirir. Lakin regionun dünya miyasındakı əhəmiyyətindən daha çox bu bölgə daxilindəki rəqabətin nəzərdən keçirilməsinə ehtiyac var.
Belə ki, 2013-cü ilin rəsmi statistikalarına əsasən, Çin 141,5, Hindistan 47,1, Yaponiya 48,1, Cənubi Koreya 35,3, Avstraliya 25,2, Pakistan 9,6, Vyetnam 4,1, Filippin 2,7 hərbi xərclərə sahib olub. Statistikalar onu göstərir ki, 2013-2018-ci illər ərzində bu ölkələrdən yalnızca Yaponiyanın hərbi xərclərində eniş hiss olunub. Belə ki, gündoğan ölkənin hərbi xərcləri son 5 il ərzində təxminən 6 faiz eniş göstərərək 45,1 milyard dollara düşüb. Qeyd edək ki, bu müddət ərzində Çin öz hərbi xərclərini 207,6 milyarda (50 faiz), Hindistan 62,2 milyarda (30 faiz), Cənubi Koreya 39,1 milyarda (10 faiz), Avstraliya 32 milyarda (30 faiz), Pakistan 13 milyarda (35 faiz) Vyetnam 6,6 milyarda (55 faiz), Filippin 4,4 milyarda (65 faiz) qaldırıb.
Yeri gəlmişkən bu qədər hərbiləşmənin yaratdığı gərginlik bir kənara KXDR lideri Kim Çen Inı və Rusiya prezidenti Vladimir Putini mühakimə edən və sıxışdıran ABŞ prezidenti Donald Trampın “Yıxıcı Top” siyasəti regionda vəziyyəti daha da qeyri-müəyyən hala salır. Belə ki, rəhbərlik etdiyi ölkənin siyasi nüfuzuna və təsir imkanlarına arxalanaraq şiddətli mövqe tutan Trampın bu addımı region dövlətlərini daha da aqressiv olmağa təşviq edir.
Bunlara baxmayaraq, son illərdə yaşanan bir sıra iqtisadi böhranlar Avstraliya da daxil olmaqla bir çox Qərb və Asiya-Sakit okean dövlətlərini hərbi xərclərdə qənaətə sövq etdi. Lakin məsələnin maraqlı tərəfi burasındadır ki, sözügedən iqtisadi böhranlar zamanı hələ də iqtisadi doyma həddinə çatmayan və geniş inkişaf potensialına sahib Çinin bundan bir o qədər də ciddi təsirlənməməsidir. Əksinə hər kəsin hərbi xərclərini azaltdığı bir zamanda inkişafını davam etdirən Çin bundan istifadə edərək hərbi xərclərini artırmaq imkanı da əldə etdi. Məhz həmin dövr də Çin və digər region ölkələri arasında fərqin daha kəskinləşməsini şərtləndirən başlıca amil idi. Nəhayət ki, bu il dünyada hərbi sənaye sahəsində ciddi bir irəliləyiş üçün imkan yarandı. Belə ki, 1,7 trilyon dollar olan hərb sənayesinin bu il ərzində 3,3 faiz, başqa sözlə 56 milyard dollarlıq artım göstərməsi proqnozlaşdırılır ki, bu da son 10 ildəki ən böyük rəqəmdir. Əlbəttə ki, bu müsbət irəliləyişdən sözügedən regiondakı bütün dövlətlər də faydalanacaqlar ki, bu da Çinin aradakı fərqi uçuruma çevirməsini müəyyən mənada əngəlləyəcək.
Qeyd edək ki, bu artımın növbəti il ərzində də davam etməsi proqnozlaşdırılır. Belə ki, növbəti il üçün hərbi xərclərini 8 faiz artırmağı planlaşdıran Pentaqon bu il qlobal miqyasda yaşanan 56 milyard dollarlıq artımı növbəti il demək olar ki, təkbaşına qarşılayacaq. 717 milyard dollarlıq hərbi büdcə layihəsi 2011-ci ildən bu yana qəbul edilən ən nəhəng büdcə olacaq. Pekin isə hərbi xərclərinə görə sahib olduğu dünya ikinciliyini daha da möhkəmlədəcək, lakin o hələ də ABŞ-a çatmaq imkanlarından çox uzaq görünür. Lakin Çinin hərbi xərcləri ilə bağlı vurğulanmalı olan əsas məqam yüksək texnoloji məhsullara, xüsusilə süni zəka texnologiyasına edilən yatırımların olduqca sürətlə artırılmasıdır. Asiya-Sakit okean zonası ölkələri son bir neçə il ərzində Çinin artan gücünə və Pxenyanın nüvə təhlükəsinə qarşı ciddi reaksiya verməkdədirlər. Hətta Donald Trampın rəhbərliyindəki Ağ Ev administrasiyasının nümayiş etdirdiyi qeyri-müəyyənlik Yaponiyanı belə öz hərbi xərclərini artırmağa sövq edir.
Belə ki, Yaponiya yaxın illərdə hərbi xərclərdə sürətli artım yolu tutaraq bu rəqəmi hazırda mövcud olan 45 milyard dollar səviyyəsindən 65 milyard dollara qədər yüksəltmək niyyətində olduğunu bəyan edib. Ötən ilin dekabrında Baş nazir Şinzo Abenin rəhbərliyindəki Yaponiya hökuməti 45 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi. Bu rəqəmin ÜDM-nin 1 faizindən belə daha aşağı səviyyədə olmasına baxmayaraq Yaponiya həmin büdcə hesabına F-35 qırıcıları əldə edə bildi. Qeyd etmək lazımdır ki, məhz bunun nəticəsində Tokio ilk dəfə olaraq KXDR və Çinin dəniz və quru hədəflərini vurmaq imkanı qazandı.
Cənubi Koreyada isə vəziyyət son illərdə daha gərgin səviyyədə olub. Belə ki, aparılan ictimai debatların əsasını bir sual təşkil edib: Seul administrasiyası özünün nüvə imkanlarını genişləndirməlidirmi? 2017-ci ilin sentyabrında ölkə daxilində aparılan sorğuya əsasən, Cənubi Koreya əhalisinin beşdə üçü ölkənin öz nüvə imkanlarını genişləndirməsinin tərəfdarıdır. Hətta əhalinin 68 faizi 1990-cı illərin əvvəllərində ölkədən çıxarılan ABŞ nüvə arsenalının yenidən ölkə daxilində yerləşdirilməsinin labüd olduğunu bildirib. Hazırda prezident Mun Çje Inın əks mövqe tutmasından dolayı nüvə zənginləşdirilməsi o qədər də potensial görünməsə də, Vaşinqton və Pxenyan arasında aparılan danışıqlarda hər hansısa bir çöküşün baş verməsi Seulun nüvə müzakirələrini yenidən gündəmə gətirə bilər.
“Hazırda 5-10 il öncəkinə nisbətdə artan qeyri-stabillik və təhlükələrə qarşı hərbi həll variantlarını aktiv saxlamaq daha çox ehtiyac duyulan və tələb edilən seçimdir. Hər kəs digərlərinin etdiyi hər bir məsələyə reaksiya verir, kimin problemi başlatdığını müzakirə edir. Hazırkı trend budur ki, sülh istəyirənsə müharibəyə hazır olmalısan”, - deyə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun tədqiqatçısı Simon Vezeman bildirib.
Onun sözlərinə görə, hərbi xərclərdə müşahidə olunan artım əslində heç də silahlanma yarışı olaraq xarakterizə edilməməlidir. Çünki hərbi xərclərin artırımı demək olar ki, bütün dövlətlərdə ümumdaxili məhsul artımını paralel olaraq izləyir. Yəni proporsional olaraq yanaşdıqda 2000-ci ildə X dövlətinin hərbi xərcləri onun ümumdaxili məhsulunun 2 faizini təşkil edirdisə, 2018-ci ildə də bu, təxminən belədir. Yəni ortada ölkə iqtisadiyyatının genişlənməsindən ortaya çıxan hərbi xərclər artımı mövcuddur ki, bu da tam olaraq normal haldır. Yəni daha çox qazandıqda tibbə, təhsilə, sosial təminatlara daha çox pul xərclədiyimiz kimi, hərbi təhlükəsizliyimiz üçün də daha çox maliyyə ehtiyatları sərf edirik.
Avstraliyanın 2016-cı il müdafiə strategiyasında növbəti on il üçün 200 milyard dollarlıq hərbi-texniki təchizat alışının planlaşdırıldığı qeyd olunub. Strateji planlaşdırmanın əsas önə çıxan məqamları 2017-2026-cı illər ərzində raket təchizatlı pilotsuz uçuş aparatları filotiliyasının formalaşdırılması, donanmanın həcminin genişləndirilməsi və sahib olduğu gəmilərin sayının artırılmasından ibarətdir. Məhz bu planların tərkib hissəsi olaraq bu ilin iyulunda BAE Systems” şirkəti ilə 9 ədəd “Type 26” freqatının alışı ilə bağlı müqavilə imzalandı. Razılığa əsasən şirkət toplam dəyərləri 90-100 milyard dollar arasında dəyişən bu gəmiləri 2025-ci ilə qədər Avstraliya donanmasına təhvil verməlidir. Həmçinin şirkət 2040-cı ilə qədər Avstraliya üçün 54 ədəd kiçik həcmli döyüş gəmilərinin də istehsalını həyata keçirəcək. Əlbəttə ki, Avstraliya hökuməti bu layihələrin ölkə daxilində həyata keçiriləcəyini və nəticədə çox sayda iş imkanlarının formalaşdırılacağını ön plana çəksə də, istənilən halda bu olduqca nəhəng layihədir və özü kimi nəhəng xərclərə səbəb olur. Avstraliyanın həyata keçirdiyi bu layihələr 2012-ci ildən öncəki Kanberranın son 80 il ərzində keçilməyən 1,6 faiz həddinin kəskin şəkildə aşılmasına səbəb oldu. Belə ki, 2012-2018-ci illər ərzində hərbi xərclərin ümumdaxili məhsula olan nisbəti 1,2 faizdən 1,6 faizə qaldırıldı ki, bunun 2020-2021-ci illərə kimi 2 faiz həddinə çatdırılması proqnozlaşdırılır.
Şübhəsiz ki, siyasi qeyri-müəyyənlik ikinci dünya müharibəsindən sonra müzakirəsiz müttəfiqlik nümunəsi göstərmiş ənənəvi və görünməz alyans olan ABŞ-Yaponiya-Hindistan-Avstraliya ittifaqını Çinə qarşı balanslaşdırma rolunu daha effektiv şəkildə həyata keçirmək üçün hərbi xərcləri artırmağa təşviq edir. Bununla yanaşı, ABŞ öz mübarizəsini sadəcə silahlanma yolu ilə deyil, həm də diplomatik vasitələrlə həyata keçirir. Belə ki, 2016-cı ildə Obama administrasiyası zamanı ABŞ Vyetnama tətbiq etdiyi silah embarqosunu aradan qaldırdı ki, bu da Hanoy və Vaşinqton arasında yaxınlaşmaya səbəb oldu. Hətta Hanoy rəhbərliyi Vyetnam müharibəsindən bu yana ilk dəfə olaraq ABŞ döyüş gəmilərinin ölkə limanlarına girişinə icazə verdi ki, bu da Çinin güvəndiyi dağlara qar yağdırmaqdan başqa bir şey deyildi. Başqa sözlə, Pekin Vaşinqtonun isti nəfəslərini artıq yeni və gözlənilməyən bir mövqedən də hiss edə bilərdi.
Əlbəttə ki, bununla yanaşı Çinin son bir gedişi olan iqtisadi siyasət manevrlərini də neytrallaşdırmaq lazım idi. Belə ki, 2006-2016-cı illərdə Cənubi Sakit okean zonasına 1,7 trilyon dollar investisiya yatıran Pekin bu regionda şərtsiz olaraq qəbul edilən başlıca qüvvə idi. Lakin müttəfiqlər buna da bir cavab tapdılar və bölgəyə Avstraliya və Yeni Zenlandiya vasitəsilə iqtisadi dəstək paketlərinə start verdilər.
Son illərdə yaşanan tendensiya budur ki, ABŞ-la təkbətək partnyorluğa keçid Asiyada ənənəvi müttəfiqlikdən daha aktual hal alıb. Belə ki, ABŞ-ın yanında görünən bir çox qüvvələr artıq çoxtərəfli ittifaq anlayışından uzaq durmağa çalışırlar ki, bu baxımdan da Yaponiya, Hindistan və Avstraliya başlıca fərqlənən dövlətlərdir. Bu dövlətlər ABŞ-la birbaşa münasibətlərini daha da dərinləşdirməyə və öz hərbi xərclərini daha da artırmağa cəhd edir.
Lakin burada vurğulanmalı bir paradoks mövcuddur. Bu dövlətlər öz hərbi xərclərini artırmaq istəyirlərsə Çin iqtisadiyyatının daha da genişlənməsinə ümid etməlidirlər. Çünki bu dövlətlərin bir çox nəhəng kompaniyaları məhz Çin daxilində fəaliyyət göstərərək, eyni zamanda öz ölkələrinin büdcələrinə ciddi vergilər ödəyirlər. Yəni yuxarıda qeyd olunan dövlətlər özlərini Çindən müdafiə etmək məqsədilə hərbi xərclərini artırmağı planlaşdırırlarsa, o halda Çinin uğurlarına bel bağlamalıdırlar.
Oxşar məqalələr
-
Qlobal müdafiə xəcləri
-
“Bayraktar”, MMU, SİPER - hər birində onun imzası var| Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN
-
Münaqişə fonunda dünyada raket, bomba bazarı 2030-cu ilə qədər 73% artacaq
-
Türkiyə bu il 634 milyon dollarlıq müdafiə məhsulları ixrac edib - Hədəf 4 milyard dollardır
-
Dünyanın doqquzuncu ən böyük silah ixracatçısı| Cənubi Koreyanın qlobal silah bazarında rolu artır
-
Türkiyə Afrikaya silah satışlarını artırır - "Hamı PUA-lar haqqında soruşur"
-
SIPRI: Ötən il dünyada silah satışları 1.3% artaraq 531 milyard dollara çatıb
-
Dubayda keçirilən aviaşouda diqqət çəkən məqamlar - FOTOLAR
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə