Rusiyaya qarşı PUA müharibəsi və “Bayraktar TB2”

 Rusiyaya qarşı PUA müharibəsi və “Bayraktar TB2”
1106     21:39     26 04 2022    
Texnologiya Ukraynadakı müharibəyə baxış tərzini dəyişib. Orta ukraynalılar arasında smartfonların çoxalması sayəsində müharibə tez bir zamanda “sosial media müharibəsinə” çevrildi, sadə vətəndaşlar birbaşa döyüş meydanından şəkillər paylaşır, müxtəlif şərhlər verirdi.

Bundan əlavə, Pilotsuz Uçuş Aparatları (PUA) səmadan Ukrayna xalqına vurulan texnikaları göstərir. Bununla belə, PUA-ların istifadəsi təkcə dağıntıların çəkilişləri ilə məhdudlaşmır. Onlar özləri Rusiya tankların, zirehli texnikalarına, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinə zərbələr endirir.

Ukrayna ordusu Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-ları ilə Rusiya ordusunun texnikalarını hədəfə alan və onları məhv edən görüntülər yayımlayıb. Ukrayna hərbçiləri davam edən təbliğat kampaniyasının bir hissəsi kimi uğurlarını yaymaq üçün həmin görüntüləri “Facebook” və digər sosial media platformalarında paylaşıblar. Bəzi videolara 1,2 milyon dəfədən çox baxılıb.

İndiyə qədər Rusiya səmaya nəzarəti ələ keçirə bilməyib, lakin Ukrayna Hərbi Hava Qüvvələrinə qarşı hava üstünlüyünü qoruyub saxlaya bilsə belə, Türkiyə istehsalı PUA-lar hələ də Rusiyanı təhdid edir. TB2-lər tanklar və artilleriya vasitələri üzərində hərəkət edir və dəqiq idarə olunan raketlərlə ölümcül zərbələr endirir.

Bəzi ekspertlər bu hava vasitələrinin ruslar tərəfindən vurula bilməməsindən təccüblənir.

Londonda yaşayan PUA mütəxəssisi Devid Hamblinq NBC telekanalına müsahibəsində TB-lərin asan hədəf olduğunu və radioelektron mübarizə vasitələri ilə kifayət qədər asanlıqla sıradan çıxarıla biləcəyini deyir: “Bu, performans baxımından sözün əsl mənasında Birinci Dünya müharibəsi təyyarəsidir. Onun 110 at gücünə malik mühərriki var. Stels deyil. Səsdən sürətli deyil, həqiqətən də asan hədəfdir”.

Türkiyə istehsalı PUA-lar 25.000 fut yüksəkliyə çata və 27 fasiləsiz saat uça bilir. 300 km-ə qədər məsafədən idarə olunan PUA-lar təxminən 150 kiloqram yük daşıyır, 4 lazerlə idarə olunan bomba və ya raketlə təchiz edilib.

Rusiya bir neçə PUA vurduğunu iddia etsə də, ciddi sübutlar təqdim etməyib. Müharibənin başlamasından sonra Ukrayna yeni PUA-ların tədarük olunduğunu elan edib, lakin onların dəqiq sayı məlum deyil.

Kiyevin zərbə PUA-larının uğurunu görən Moskva, çox güman ki, öz döyüş təyyarələrini Ukraynanın təhlükəli səmalarında riskə atmaq istəmədiyinə görə, onları əldə etmək üçün Çinə müraciət edib.

Bildirilir ki, bu tələb, indi Rusiyanın ən güclü diplomatik tərəfdaşı olan Çinin Moskvaya bu cür hərbi yardım göstərməsinə mane olmaq istəyən Bayden administrasiyasını narahat edib. Çin indiyədək PUA-lar təmin etməyib və Pekin açıq şəkildə bəyan edib ki, o, “sülh danışıqlarının təşviqində konstruktiv rol oynayır”.

Bu, zərbə PUA-larının istifadə edildiyi ilk müharibə deyil. 2020-ci ildə Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün müharibəyə başladı və bu zamanı Türkiyə istehsalı “Bayraktar” PUA-larından istifadə etdi. Bu silahlar Ermənistana ağır zərbə vurdu, onun tank və zirehli texnikalarını, artilleriya vasitələrini, HHM sistemlərini və canlı qüvvəsini məhv etdi.

TB2-lər son illərdə Liviya və Suriyada da istifadə olunub.

Türkiyə zərbə PUA-larının əsas istehsalçısı və istifadəçisi halına gəlib və bu prosesdə də əsas satıcıya çevrilib. TUSAŞ şirkəti 2013-cü ildə Vaşinqton və Ankara arasında münasibətlərin korlanmasından sonra PUA istehsal etməyə başlayıb. Türkiyənin zərbə PUA-ları Rusiya istehsalı olan və Suriya tərəfindən idarə olunan bir çox HHM sistemlərini məhv edib.

2019-cu ildə Türkiyə “Bayraktar TB2”ni Ukraynaya satmağa başladı. İki illik təlimdən sonra PUA-lar ötən il fəaliyyətə başlayıb və dekabrın sonunda Donbas bölgəsi üzərində kəşfiyyat missiyasında istifadə edilib.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar