2021-ci ildə Avtonom Sistemlər bazarı nələrlə yadda qaldı?

 2021-ci ildə Avtonom Sistemlər bazarı nələrlə yadda qaldı?
1231     11:09     31 12 2021    
Nəqliyyatdan tutmuş axtarış-xilasetmə və zərbə missiyasına qədər hərbi funksiyalar üçün yaradılmış avtonom sistemlər bazarı sürətlə böyüməkdədir. 2021-ci ildə belə sistemlər yaradan dövlətlər siyahısına yeniləri qoşuldu. İraq və Əfqanıstanda ABŞ və Britaniya kimi dövlətlər bir neçə avtonom sistemi sınaqdan keçirsə də, yeni çıxan və ya artıq prototip mərhələsində olan bu hərbi sistemlər daha təcrübəli, məntiqli və daha avtonomdur.

Yeni əlavələr hazırlandıqca, hərbi robotlar daha geniş döyüş meydanında rollar ala biləcəklər. Hazırda ABŞ ordusu bu robotların ən böyük istifadəçisi olaraq qalır, lakin Çin və Rusiya kimi ölkələr robototexnika tədqiqatlarına və inkişafına milyardlarla sərmayə qoyurlar ki, bu da onlara ABŞ ilə fərqi azaltmağa imkan verəcək.

Avtonom sistemlər bazarının həcmi bu il 13 milyard dollardan çox olub. Bazarın 2025-ci ildə 20 milyard dolları keçəcəyi gözlənilir. Regionlar üzrə məlumatlara görə, qarşıdakı illərdə bu bazarda ən çox Asiya-Sakit Okean regionu böyüyəcək. Yaponiya və Cənubi Koreyada bu il avtonom sistemlərə yüzmilyonlarla dollar investisiya yatırılıb.

“Lockheed Martin” (ABŞ), “QinetiQ” (Böyük Britaniya), SAAB (İsveç), “Elbit System” (İsrail), “Northrop Grumman” (ABŞ), “Israel Aerospace Industries” (İsrail), “Thales Group” (Fransa), “Endeavour Robotics” (ABŞ), “SAfran” (Fransa), “Cobham” (Böyük Britaniya) bazarın əsas oyunçuları arasındadır.

İl ərzində ən çox diqqətin avtonom dəniz sistemlərinə yönəldiyi müşahidə edilir. Bir çox dövlətlər öz avtonom dəniz platformalarını istehsal etmək planlarını açıqlayıb. Bu il Türkiyə ULAQ adı verilən avtonom dəniz platformalarının kütləvi istehsalına başlayacağını bildirib. ARES gəmiqayırma şirkəti və “Meteksan Savunma” tərəfindən hazırlanan ULAQ saatda 65 kilometr sürətlə 400 kilometrədək məsafə qət edə bilir. Gecəgörmə qabiliyyətinə malik platformalar kəşfiyyat, nəzarət, müşahidə, zərbə üçün bir çox imkanlara sahibdir. Yanvar ayında sınaq üçün dənizə endirilən platformalar quru hədəflərini lazerlə idarə olunan “Cirit” raketləri ilə məhv edə bilir.

Cənubi Koreyanın “LIG Nex1” müdafiə şirkəti “Haegum-3” (Dəniz Qılıncı) adlı insansız dəniz platformalarının sınaqlarının uğurla başa çatdığını bildirib. Bu çərçivədə platformanın inkişafı 2019-2021-ci illəri əhatə edən “Sahil Təhlükəsizliyi və Sürətli Müdaxilə üçün İnsansız Dəniz Platformaları Mülki-Hərbi Texnologiyaların Kommersiyalaşdırılmasına Dəstək Proqramı” adlanan dövlət-özəl ortaq layihəsi çərçivəsində həyata keçirildi.

Birləşmiş Ərəb Əmirlikləri və İsrailin dövlətə məxsus silah istehsalçıları Dubayda sualtı qayıqlara qarşı müharibə apara bilən insansız dəniz platformalarının birgə istehsalına dair strateji saziş imzalayıblar. BƏƏ-nin “Edge” və İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətləri iki ildən bir keçirilən Dubay aviaşousunun son günündə tərəfdaşlıq elan ediblər. Birgə bəyanatda şirkətlər həm hərbi, həm də ticari məqsədlər üçün istifadə oluna biləcək “170 M” şərti adlı inkişaf etmiş modul tipli insansız dəniz platformaları dizayn edəcəklərini bildiriblər.

Bu il “General Dynamics” şirkəti ABŞ-ın Taunton şəhərində “Knifefish” və digər avtonom sualtı platformalarının istehsal ediləcəyi mərkəz açıb. Şirkətin 1987-ci ildən ABŞ Ordusu və digər müştərilər üçün sistemlər quran Taunton istehsal sahəsində açdığı mərkəz Britaniya və Avstraliya kimi ölkələrin donanmaları üçün də müxtəlif insansız sualtı platformalar istehsal edəcək.

Avtonom quru platformaları bazarı da böyüyüb. Bu il Rusiyada “Marker” adlanan döyüş robotu sınaqdan keçirilib. Çelyabinsk bölgəsində həyata keçirilən sınaq zamanı robotlar 100 kilometr məsafə qət edib. Sınaqlara iki təkərli, bir tırtıllı robotlar cəlb edilib. Robot 100 kilometrlik yolu 5 saat 41 dəqiqəyə qət edib. Robotlar tamamilə avtonom rejimdə işləyib.

Türkiyənin ən böyük texnologiya şirkətlərindən biri olan HAVELSAN tərəfindən istehsal edilən “Barkan” adlı insansız quru platforması (döyüş robotu) istifadəyə verilib. Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti ölkənin silahlı qüvvələrinə iki MPUGV adlı insansız quru platforması təqdim edib. “HR-Sherpa” prototipinə əsaslanan iki döyüş robotu Cənubi Koreya ordusu tərəfindən sınaqdan keçiriləcək. 6x6 təkər formuluna malik robotların sınaqlardan sonra kütləvi istehsal prosesi başlayacaq.

Almaniyanın “Rheinmetall” şirkəti “Mission Master” avtonom insansız quru vasitələri ailəsinin ən son üzvü olan “Master XT” döyüş robotlarını təqdim edib. Artıq bazara təqdim olunan “Master SP” platformasından fərqli olaraq, “Master XT” dizel mühərriki ilə təchiz edilib. Robotlar şirkətin Kanadadakı müəssisəsi tərəfindən hazırlanıb.
Strategyvision.org

Teq: Avtonom-Sistemlər   Bazar  


Oxşar məqalələr
Son əlavə olunanlar