Böyük Yaxın Şərqdə oyun dəyişdirici faktor: Türkiyənin “Bayraktar” PUA-ları müasir müharibələrə yeni nəfəs verdi

  Böyük Yaxın Şərqdə oyun dəyişdirici faktor:  Türkiyənin “Bayraktar” PUA-ları müasir müharibələrə yeni nəfəs verdi
1876     10:42     17 07 2021    
İstifadəçilərinə əlavə güc qazandıran “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Qarabağ və ətraf rayonları işğaldan azad etməsində önəmli rol oynadı.

Döyüşlər şiddətli keçdi, Ermənistan rəsmi olaraq 2000-dən artıq hərbi qulluqçusunun öldüyünü açıqladı. Əslində məhv edilən hərbi qulluqçuların sayının 5000-dən çox olduğu hər kəsə məlumdur. Müharibə zamanı Azərbaycan 100 mülki şəxslə yanaşı, 2783 nəfər hərbi qulluqçusunu son mənzilə yola saldı.

Qeyd edək ki, sonuncu qarşıdurma bölgənin 1990-cı illərdəki ilk dağıdıcı qarşıdurmadan sonra gördüyü ən şiddətli hadisədir. Nəticədə Rusiyanın vasitəçiliyi ilə tərəflərin arasında bəyanat imzalandı.

Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın dəhlizinə doğru irəliləməyə başladı.


Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı.


Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Əvvəlki illərdən fərqli olaraq bu döyüşlərdə gecənin qaranlığı ermənilər üçün heç bir təhlükəsizlik vəd etmirdi. Bu çox böyük bir şeydir və PUA-lar bunu mümkün etdi. Çünki bugünkü döyüş meydanlarında, səmaya nəzarət edirsinizsə, quruya da nəzarət edirsiniz.

Tank doktrinası təhlükə altındadır

Qarabağın dağlıq hissəsi tankların hərəkətlərinə yaxşı təsir göstərmir. Təpələrdən keçən uzun, dolama, ensiz yollar tankları ağır vəziyyətdə qoyur. Ənənəvi olaraq tank bölmələri və özüyeriyən artilleriya batareyası kolonun başında hərəkət etməli, mühafizə bölmələrini himayə etməli və onların müvəffəqiyyətini inkişaf etdirməlidir. Buna müvafiq olaraq tank əleyhinə artilleriya bölmələri motoatıcı bölmələrlə birlikdə hərəkət edərək hər zaman onları dəstəkləməyə hazır olmalıdır.


Eyni strateji məntiq, Mərkəzi Kəşfiyyat İdarəsini 1990-cı illərdə Əfqanıstana müdaxilə zamanı SSRİ qüvvələrinə qarşı “Taliban”ı silahlandırmağa təşviq etdi və Sovetlərin geri çəkilməsinə səbəb oldu. Əvvəllər möhkəm müdafiə sistemlərini aşmaq ancaq ən inkişaf etmiş orduların imtiyazı idi. Ancaq müasir müharibələrdə belə deyil, müasir dövrdə ordular nisbətən ucuz PUA-larla müdafiə xəttini yarmağı bacarır. ABŞ “Predator” kimi PUA-ları satmaqla özünün və yaxın müttəfiqlərinin yüksək hərbi mövqedə qalmasını təmin edir.

Yeni taktika

İşğal altında olan Qarabağın Azərbaycan tərəfindən azad edilməsi PUA-ların sistematik istifadəsi ilə daha da asanlaşdı. Mütəxəssislər qiyməti “ucuz olan Türkiyə PUA-larının erməni müdafiəsini məhv etdiyini” etiraf edirlər. “Economist” nəşrinə danışan rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu qəti keyfiyyət texnoloji üstünlüyünə sahib idi.

Bəzi mütəxəssislər isə Ermənistanın məğlub olmasında PUA-ların rolunun çox olmadığını, Ermənistanın itkilərinin əsasən “sehrli texnologiya” deyil, düzgün olmayan təlim və pis ərazi səbəbindən baş verdiyini iddia edirlər.

2020-ci il fevral ayının sonlarında İdlibdə hava hücumu nəticəsində 33 türk əsgərinin həlak olmasından sonra Türkiyə sürətlə Suriyanın şimalında TB2 PUA-ları ilə 5 günlük hücuma başladı.


Zirehli qüvvələri, kimyəvi silah anbarlarını və hava hücumundan müdafiə sistemlərini məhv edən PUA-lar Suriya ordusunun 2500-dən çox hərbi qulluqçusunu məhv etdi. Ardından gələn qələbə Suriya rejiminin İdlibə doğru irəliləməsini dayandırdı və Moskvanı atəşkəsə vasitəçilik etməyə məcbur etdi.

Eyni taktikalar Azərbaycan tərəfindən istifadə edildi, belə ki, PUA-lar Ermənistanın hava hücumundan müdafiə qurğularının, artilleriya və tanklarının əhəmiyyətli hissəsini məhv etdi.

9/11-dən sonra ABŞ 2001-ci ildən başlayaraq PUA döyüşlərində üstünlük təşkil etməyə başladı. Yüksək səviyyəli “Predator” və “Reaper” PUA-larının satışı hərbi və konqres nəzarəti ilə ciddi şəkildə tənzimlənir. Məhdudiyyətlər və bahalı qiymət (“Reaper” PUA-larının qiyməti təxminən 12 milyon ABŞ dollarıdır) bəzi ölkələrin daha az inkişaf etmiş Çinin CH-4 PUA-larına müraciət etməsinə səbəb oldu. Ancaq Türkiyədə yeni bir PUA istehsal edilməkdə idi.

2005-ci ildə Massaçusets Texnologiya İnstitutunun doktorantı olan 26 yaşlı Selçuk Bayraktar bir qrup Türkiyə rəsmisinə kiçik “ev istehsalı” PUA hədiyyə etdi. İlk olaraq 1984-cü ildə qurulan atasının mühəndislik firmasını götürdükdən sonra şirkət PUA-lara diqqət ayırmağa başladı.

“Boeing, Lockheed, bunlar böyük şirkətlərdir, elə deyilmi?”, - deyə Bayraktar soruşdu: “Biz eyni sistemləri qururuq. Əgər Türkiyə bu layihəni dəstəkləsə, bu PUA-larla beş ildə Türkiyə asanlıqla dünyanın önündə ola bilər”.

2007-ci ilə qədər “Bayraktar” doktorluq dissertasiyasını dayandırdı və Türkiyədə PUA-lar istehsal etmək üçün geri döndü. Bir neçə il sonra, onun TB2 PUA-sı Türkiyə Aerokosmik Sənayesinin (TAI) PUA-sını üstələdi.


PUA-lar Türkiyə qüvvələrinə PKK terrorçularının sərhədlərarası hərəkətlərinə dair real vaxt məlumatlarını təqdim edən bir oyun dəyişdirici idi. 2019-cu ilə qədər Türkiyə ayda 6000 saatdan çox uçuş edən 75 ədəd TB2 istehsal etmişdi. 150 km məsafəyə və o vaxt 120 lbs yükə sahib olan PUA-lar PKK-nın hərəkətlərini və əsas fəaliyyətlərini məhdudlaşdırdı.

Suriyada, İraqda, Liviyada və PKK-ya qarşı istifadə olunan, ilk uçuşundan yalnız 8 il sonra qiyməti 5 milyon dollar olan TB2 PUA-sı hazırda Liviya, Azərbaycan, Ukrayna, Qətər tərəfindən istifadə olunur.

Ənənəvi güclər üçün bu, dünyada dəyişən güc dinamikası ilə əlaqədar narahatlıq yaratdı. Türkiyə 2023-cü ilə qədər müdafiə sənayesindəki xarici asılılığı aradan qaldırmağa bir addım daha yaxındır. Azərbaycanda isə, PUA-lar uzun müddətdir davam edən münaqişəyə və işğal olunmuş torpaqları azad etmək üçün alternativ təqdim etdi.
Strategyvision.org

Teq: Bayraktar   Türkiyə-Azərbaycan   Qarabağ  


Oxşar məqalələr
Son əlavə olunanlar