SIPRI: Ötən il dünyada silah satışları 1.3% artaraq 531 milyard dollara çatıb

  SIPRI:  Ötən il dünyada silah satışları 1.3% artaraq 531 milyard dollara çatıb
1191     10:54     06 12 2021    
Dünyanın 100 ən böyük silah şirkəti tərəfindən silah və hərbi xidmət satışı 2020-ci ildə əvvəlki illə müqayisədə 1,3 faiz artaraq 531 milyard dollara çatıb.

İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb ki, 2020-ci il 100 ən böyük şirkət tərəfindən ardıcıl altıncı il satış artımı ilə yadda qalıb. Keçən il pandemiya səbəbindən qlobal iqtisadiyyatın kiçildiyini də nəzərə almaq lazımdır.

SIPRI Hərbi Xərclər və Silah İstehsalı Proqramının tədqiqatçısı Aleksandra Marksteiner bildirib ki, sənaye nəhəngləri, əsasən, hökumətin hərbi mal və xidmətlərə davamlı tələbi ilə qorunur: “Dünyanın çox hissəsində hərbi xərclər artıb və bəzi hökumətlər “Covid-19” böhranının təsirini azaltmaq üçün silah sənayesinə ayrılan vəsaitləri artırıb”.

Birləşmiş Ştatlardakı şirkətlər sənayedə üstünlük təşkil etməkdə davam edir, 41 şirkətdən 285 milyard dollarlıq ümumi satış 100 ən böyük şirkət arasında bütün silah satışlarının təxminən 54 faizini təşkil edir. SIPRI bildirib ki, dünyanın ən böyük ilk beş silah şirkəti ABŞ-da yerləşir.

Çin firmalarından silah satışı 2020-ci ildə təxminən 66,8 milyard dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,5 faiz çoxdur. Növbəti yeri Britaniya tutur.

Analitik mərkəzi bildirib ki, “Top 100”ə daxil olan 26 Avropa silah şirkəti birlikdə ümumi silah satışlarının 21 faizini və ya 109 milyard dolları təşkil edib.

Böyük Britaniyanın yeddi şirkəti 2020-ci ildə 37,5 milyard dollar silah satışı qeydə alıb ki, bu da 2019-cu illə müqayisədə 6,2 faiz çoxdur. İlk onluğa daxil olan yeganə Avropa şirkəti olan “BAE Systems”in silah satışı 6,6 faiz artaraq 24 milyard dollara çatıb.

Analitik mərkəzinə görə, Fransa şirkətlərinin satışları isə “Dassault” tərəfindən “Rafale” qırıcı təyyarələrinin tədarükünün azalması fonunda 7,7 faiz azalıb.

Silah istehsalçısı “Thales”də satışlar 5,8 faiz azalıb. SIPRI bildirir ki, Rusiya silah satışları isə ardıcıl üçüncü il azalıb.

İlk 100-lükdə yer alan 9 Rusiya şirkətinin ümumi satışları 2019-cu ildəki 28,2 milyard dollardan 2020-ci ildə 26,4 milyard dollara qədər azalıb, Rusiya firmaları isə “Top 100”lük silah satışının cəmi 5 faizini təşkil edib.

“Top 100”də silah firmaları olan digər ölkələr Türkiyə, İsrail, Ukrayna, Yaponiya, Hindistan və Cənubi Koreyadır. Dörd Cənubi Koreya firmasının satışları 2019-cu illə müqayisədə 4,6 faiz artaraq 6,5 milyard dollara çatıb.

Türkiyə müdafiə sənayesi sektorunun ən böyük şirkəti olan ASELSAN SİPRİ-nin siyahısında 51-ci yerdədir. Şirkət 2020-ci ildə 2,2 milyard dollar silah satışı həyata keçirib, bu da 2019-cu ilə nisbətən 12% artım deməkdir.

Ukraynanın "UkrOboronProm" dövlət konserni də dünyanın 100 ən böyük silah şirkəti siyahısına düşməyi bacarıb. Şirkət əvvəlki illə müqayisədə satışlarını 2% artıraraq 1.3 milyard dollara çatdırıb və siyahıda 77-ci yerdə qərarlaşıb.

Polşanın PGZ şirkəti illik 1.5 milyard dollarlıq silah satışı ilə 68-ci yerdədir. 
Strategyvision.org

Teq: SİPRİ   Hesabat  


Oxşar məqalələr
Son əlavə olunanlar