“Bloomberg”: Türkiyə Ukraynaya elan edildiyindən daha çox PUA satıb

  “Bloomberg”:  Türkiyə Ukraynaya elan edildiyindən daha çox PUA satıb
1820     16:36     04 12 2021    
Türkiyə Ukraynaya əvvəllər açıqlanan rəqəmlərdən daha çox “Bayraktar TB2” zərbə PUA-ları tədarük edib. Bu barədə “Bloomberg”ə danışan yüksək səviyyəli mənbələr məlumat verib.

Mövzunun həssaslığına görə adının açıqlanmamasını tələb edən mənbələr Türkiyənin Ukraynaya açıqlanandan çox sayda “Bayraktar” satdığını iddia edib.

Rəsmilərin və Türkiyə hökuməti ilə yaxın əlaqələri olan türk müdafiə şirkətinin menecerinin sözlərinə görə, 2019-cu ildən etibarən Ukraynaya idarəetmə stansiyaları və raketləri olan onlarla PUA satılıb. Mənbələr, ən azı 24 ədəd əlavə sifarişlərin verildiyini bildirib.

Türkiyə ilə Ukrayna arasındakı əməkdaşlıq təkcə PUA-larla məhdudlaşmır. Mənbələrin məlumatına görə, Türkiyə “Zenit-2” daşıyıcı raketinin birgə istehsalı üçün Ukrayna ilə danışıqlar aparır.

“Bloomberg”in şərhinə görə, Türkiyənin belə bir raket alması ballistik raketlərin inkişafına da töhfə verəcək, lakin Türkiyə rəsmiləri Ankaranın niyyətinin bu istiqamətdə olmadığını bildirirlər.

“Zenit-2” Ukrayna tərəfindən hazırlanmış buraxılış qurğusudur. Bu qurğudan ilk dəfə 1985-ci ildə kosmosa raket buraxılıb və indiyə qədər bu buraxılışların sayı 37 dəfəyə çatıb, onlardan 6-sı uğursuz olub.

Digər yüksək rütbəli türk məmurun sözlərinə görə, Kiyevlə əməkdaşlıq Ankara üçün Moskvaya qarşı təsir rıçaqlarını təmin edir, həmçinin Türkiyənin sürətlə inkişaf edən silah istehsalçıları üçün müştəri və mühərrik texnologiyası təchizatçısı yaradır.

“Bayraktar TB2” PUA-ları üçün 10-dan çox ölkə ilə ixracat əlaqələri olduğunu ifadə edən Bayraktar son illərdə şirkətin gəlirlərinin 70%-dən çoxunun ixracatdan qaynaqlandığını bildirib. Selçuk Bayraktar ilk dəfə 2021-ci ildə “Baykar”ın ixracat gəlirlərinin bir qədər artaraq 80%-i keçdiyini açıqladı. “Baykar” 2020-ci ildə 360 milyon dollarlıq PUA ixracı ilə müdafiə sənayesi kimi strateji sahədə böyük müvəffəqiyyət əldə edib. “Bayraktar TB2” indiyədək Qətər, Ukrayna, Polşa, Türkmənistan və Azərbaycana ixrac edilib.

Taktiki uçuş xüsusiyyətləri

Uzunluğu: 6.5 m;
Hündürlüyü: 2.2 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrik: 1×Rotax 912 (daxili yanma);
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 27 saat;
Fəaliyyət radiusu: 150 km.
Faydalı yükü 4 ədəd lazerlə idarəolunan raket;
Yanacaq tutumu 300 l benzin;
100 at gücünə malik daxili yanma mühərriki.
Strategyvision.org

Teq: Türkiyə   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar