Cənubi Qafqazda oyun dəyişdirici faktor: Pilotsuz Uçuş Aparatları

 Cənubi Qafqazda oyun dəyişdirici faktor:  Pilotsuz Uçuş Aparatları
1254     11:47     24 05 2022    
Azərbaycanın Türkiyədən və İsraildən aldığı Pilotsuz Uçuş Aparatlarından istifadə etməsi Qarabağda baş verən müharibədə oyun dəyişdirici faktora çevrildi.

Sentyabrın 27-dən etibarən başlayan genişmiqyaslı döyüş əməliyyatları təmas xəttindən çox kənara çıxdı və mülki itkilərə səbəb oldu. Mütəxəssislər döyüşlərin başlamasından etibarən dəqiqliklə idarə olunan silahların istifadəsi daxil olmaqla döyüş əməliyyatlarının miqyasının 1990-cı illərin əvvəllərində və 2016-cı ildə baş verən əvvəlki eskalasiyalardan böyük olduğunu bildirirdilər. Bir neçə kiloqram partlayıcı maddə daşıyan PUA-ların hədəflərə dəyərək partlaması göstərilən videogörüntülər internetdə geniş yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan qeyd edirdi ki, bu, döyüş PUA-larının, artilleriya və raket sistemlərinin çox intensiv istifadə olunduğu beşinci nəsil müharibəsidir.

Son illərdə həm Ermənistan, həm də Azərbaycan silah alış-verişinə ciddi şəkildə sərmayə qoyublar. Ermənistanın əsas təchizatçısı Rusiyadır. Azərbaycan da silahları Rusiyadan, eyni zamanda İsrail və Türkiyədən alır.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2014-2018-ci illərdə Azərbaycanın əsas silah tədarükçüsü Rusiya (bütün alışların 51%), İsrail (43%) və Türkiyə (2,8%) idi. Son beş ildə Rusiya Ermənistanın silahlarının 90 faizindən çoxunu təmin edirdi.

Azərbaycan İsrail istehsalı kəşfiyyatı və kamikadze tipli PUA-lardan istifadə edir: “Heron TP” və “Hermes 450”, “Orbiter-3”, “Orbiter 1K”, “Harop”. Həmçinin Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-sından istifadə edir.

Erməni əsilli hərbi ekspert Leonid Nersisyan İsrail istehsalı olan PUA-ların işləmə mexanizmini izah edir: ““Hermes 450” kəşfiyyat və döyüş PUA-larının işini idarə edən “komanda mərkəzi”dir. Kəşfiyyat PUA-ları Qarabağda ermənilərin hava hücumundan müdafiə mövqelərini, atəş mövqelərini aşkar etmək, zərbə PUA-ları isə onları məhv etmək üçün nəzərdə tutulub”.

Bu və əvvəlki döyüşlər arasındakı əsas fərq kəşfiyyat və zərbə PUA-larından geniş istifadə edilməsi idi. Hovhanisyan qeyd edir ki, müharibənin ilk günü havada əməliyyatların cənub və şimal bölgələrində bir anda çoxlu sayda PUA ortaya çıxdı: “Onların məqsədi hava hücumundan müdafiə sistemlərini və atəş mövqelərini sıradan çıxarmaq idi. Bu hədəfə nail olundu”. O vurğulayır ki, bu, pulemyotlu insanlarla deyil, PUA, artilleriya və raket sistemləri ilə aparılan müharibədir.

Erməni əsgərlər də PUA-lardan atəşə məruz qaldıqlarını təsdiqləyirlər. Qarabağ müharibəsinin ilk mərhələsində iştirak edən Narek Ovannisyan qeyd edir ki, bu, 1992-1994-cü illərdə apardıqları müharibə kimi deyil.

“On gün ərzində bölməmiz yalnız bir dəfə “Kalaşnikov” avtomatından istifadə etdi. Qalan günlərdə pilotsuz uçuş aparatları və top mərmiləri dolu kimi yağırdı. Əsgərlər bu müharibədə silahlardan daha çox bellərdən [müdafiə səngərləri qazmaq üçün] istifadə ediblər”, - deyə o bildirib.

Ermənistan tərəfi özlərinə məxsus zirehli texnikaların məhv edilməsi videolarını yayaraq onların Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları ilə vurulduğunu təsdiqləmişdi.

Bu PUA-lar 150 km məsafədəki yerüstü stansiyadan həm kəşfiyyat, həm də yerdəki hədəflərin məhv edilməsi üçün istifadə olunur. Onlar Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal olunan lazerlə idarəolunan bombalar daşıya bilir.

Hovannisyan qeyd edib ki, bu, çox güclü bir PUA-dır: “Suriyada aktiv şəkildə istifadə edildi və 100% səmərəliliyi ilə onları vurmağa qadir olan HHM sistemlərini tapmaq çətindir”.

Ermənistan yüngül “Krunk” adlı kəşfiyyat PUA-sı istehsal edir və onu Qarabağda da istifadə edib, lakin yerləşdirilmə dərəcəsi barədə məlumat yoxdur. May ayında Ermənistan daha bir PUA-nın müvəffəqiyyətlə istehsal edildiyini və sınaqdan keçirdiklərini açıqladı, ancaq bunların istifadə edildiyi iddia səviyyəsində qalır.

“Hərbi əməliyyatların xarakterinə görə, erməni tərəfinin yalnız kəşfiyyat pilotsuz təyyarələrindən istifadə etdiyini düşünürəm”, - deyə Nersisyan qeyd edib.

Hovannisyan isə qeyd edir ki, PUA-ları aşkar etmək və məhv etmək çətindir: “Bundan əlavə, bu sistemlər müəyyən sayda PUA-nı məhv etmək üçün hazırlanıb və Azərbaycan bir qayda olaraq hədəfinə çatması və hava hücumundan müdafiə sistemlərini məhv etməsi üçün çox sayda PUA-dan istifadə edir”.

Ermənistan ordusu öz növbəsində Rusiya istehsalı olan “Osa” və “Strela-10” zenit-raket kompleksləri ilə Azərbaycanın səmalarda hakim olmasına qarşı müqavimət göstərməyə çalışırdı. Bunlar Azərbaycan Müdafiə Nazirliyi tərəfindən hərbi texnikanın məhv edilməsini əks etdirən videolarda müəyyən edilə bilər, onların əksəriyyəti məhv edilib.
Strategyvision.org

Teq: Qarabağ   PUA   Vətən-Müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar