Türkiyə “Bayraktar TB3”ləri gələn il dənizdə sınaqdan keçirməyi planlaşdırır

  Türkiyə “Bayraktar TB3”ləri gələn il dənizdə sınaqdan keçirməyi planlaşdırır
1330     13:38     12 11 2021    
İstehsal etdiyi zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) Azərbaycan və Liviyadakı qarşıdurmalarda həlledici rol oynayan Türkiyənin “Baykar” müdafiə sənayesi şirkəti ölkənin PUA imkanlarını qurudan dəniz əməliyyatlarına qədər genişləndirəcək iki yeni sistemi tezliklə sınaqdan keçirəcək. Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar “Reuters” agentliyinə açıqlamasında bildirib.

Şirkəti idarə edən iki mühəndis qardaşdan biri olan Haluk Bayraktar yeni insansız qırıcı təyyarənin yaxın iki il ərzində sınaqdan keçiriləcəyini və hazırda istehsalda olan Türkiyə donanmasının gəmisindən havaya qalxa biləcəyini qeyd edib.

Şirkətin “Bayraktar TB2” PUA-ları Suriya, İraq, Liviya və Azərbaycanda baş verən toqquşmalarda əsas faktor olub, “Baykar”ı diqqət mərkəzinə çəkib və onu əsas istehsalçı və ixracatçıya çevirib.

Bayraktar bildirib ki, şirkət hazırda 13 ölkə ilə ixrac müqaviləsi, o cümlədən Ukrayna ilə birgə istehsal müqaviləsi imzalayıb. Onun sözlərinə görə, şirkətin məhsulları müasir müharibələrin aparılması üsulunu yenidən formalaşdırmağa kömək edir.

Analitiklərin fikrincə, Türkiyənin PUA proqramının miqyası onu ABŞ, İsrail və Çinlə yanaşı dünyanın ilk dörd istehsalçısı sırasına daxil edir.

“Ağıllı PUA sistemləri güc proyeksiyası üçün mənzərəni dəyişdirən iki aparıcı texnologiyadır”, - deyə şirkətin rəsmisi qeyd edib.

Bayraktar qeyd edib ki, şirkətin növbəti hədəfi “TCG Anadolu” gəmisindən qalxıb eniş edə bilən TB3 PUA-larıdır. Gəmi eniş göyərtəsində döyüş helikopterlərini daşıya bilsə də, qatlanan qanadlı dizayna malik TB3 gəmidəki qısa uçuş-enmə zolaqlarından havaya qalxa bilər. Bayraktar gələn il ilk sınaq uçuşunun keçiriləcəyini bildirib.

Şirkətin baş direktoru MUIS adlı insansız qırıcının 2023-cü ildə ilk prototip uçuşunun gözləniləcəyini qeyd edib. Hazırda dizayn mərhələsində olan MUIS reaktiv mühərriklə, 1,5 tona qədər yük daşıma qabiliyyətinə malik olacaq. Şirkətdən verilən məlumata görə, avtonom manevr edən MİUS pilotlu təyyarələrlə tandemdə fəaliyyət göstərə və “hava-hava” raketləri daşıya biləcək.

1980-ci illərdə Bayraktarın atası tərəfindən qurulan “Baykar” 2005-ci ildə Türkiyənin yerli müdafiə sənayesini gücləndirməyə çalışması ilə diqqəti PUA istehsalına yönəltməyə başlayıb. İndi o, Türkiyənin qlobal müdafiə ixracatına rəhbərlik edir.

Keçən ay Anqola, Toqo və Nigeriya səfərindən qayıtdıqdan sonra Ərdoğan “Baykar” əməkdaşlarına bildirib ki, Afrika səfərində hər yerdə ondan zərbə PUA-ları, “Akıncı”lar istəyiblər.

Bayraktar Türkiyənin son 20 ildə öz müdafiə sənayesini yaratmaq səyində “böyük sıçrayış” etdiyini və 17 şirkətdən təxminən 17 minə qədər genişləndiyini bildirib.
Strategyvision.org

Teq: Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar