Yaponiya hərbi büdcəsini artırır: Yeni müdafiə strategiyasına nələr var?

  Yaponiya hərbi büdcəsini artırır:  Yeni müdafiə strategiyasına nələr var?
1292     10:47     02 09 2021    
Yaponiya Müdafiə Nazirliyi ölkənin yerləşdiyi bölgədə Çinin yaratdığı təhdidlərə cavab olaraq müdafiə büdcəsini rekord dərəcədə artırmağa qərar verib.

Şərqi Asiya ölkəsi müdafiə büdcəsində son 8 ilin ən böyük illik artımını tələb edib.

Yaponiya Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün təxminən 50 milyard dollarlıq büdcə tələb edir. Nazirlik tərəfindən xalis tələb olunan büdcə 5.48 trilyon yen (49.93 milyard dollar) təşkil edir. Nazirliyin tələb etdiyi büdcə ötən illə müqayisədə 2,6% artım deməkdir.

Yaponiya Maliyyə Nazirliyinin rəsmiləri Müdafiə Nazirliyinin büdcə tələbini nəzərdən keçirəcək. Maliyyə Nazirliyi də lazım gəldikdə büdcədə dəyişikliklər edə bilər. Baxılan büdcə daha sonra təsdiq üçün Baş nazir Yoşihide Suqaya təqdim ediləcək.

Pasifist Yaponiya?

“Pasifist” ölkə hesab edilən və ABŞ tərəfindən hazırlanan konstitusiyasına görə bir çox hərbi məhdudiyyətlərə məruz qalan ada ölkəsinin müdafiə büdcəsi ənənəvi olaraq ÜDM-in 1%-ni təşkil edirdi.


İnfoqrafika: Çinin müdafiə büdcəsininin illər ərazində dəyişməsi

Yaponiya son aylarda nəşr olunan rəsmi müdafiə hesabatında Tayvan üzərində ABŞ-Çin gərginliyinin tədricən artdığını və bu gərginliyin regional sabitliyi ciddi şəkildə təhdid etdiyini ifadə edib. Yaponiya hökumətinin rekord büdcə tələbinə reaksiyası gecikmədi. Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin bildirib ki, Yaponiya hərbi xərclərini artırma qərarını əsaslandırmaq üçün bəhanələr axtarmağa çalışır.

SIPRI-nin açıqladığı məlumatlara görə, 2019-cu ildə Yaponiyanın müdafiə büdcəsi Çin büdcəsinin beşdə biri olub. Çinin müdafiə xərcləri 26 ildir ki, durmadan artır. Pekinin xərcləri 2020-ci ildə təxminən 252 milyard dollara çatdı.

Yaponiyanın hərbi xərcləri keçmiş baş nazir Şinzo Abenin 2012-ci ilin dekabrında vəzifəyə başlamasından sonra artmaqdadır. Yaponiyanın müdafiə büdcəsi son 9 ildə 17% artıb. 2015-ci ildə Abe hökuməti Yaponiyanın özünümüdafiə gücünün daha böyük beynəlxalq rol oynamasına icazə verən, konstitusiyanın müharibəni qadağan edən 9-cu maddəsini yenidən şərh etdi.

Yaponiya Çin təhlükəsinin artması qarşısında bəzi ənənəvi qaydalardan kənara çıxır. “Yuxuda olan nəhəng”in yenidən oyanmağa başladığını şərh etmək olar.


Yaponiya Müdafiə Nazirliyinin xərclər siyahısında aşağıdakı bölmələr var:

- Kosmik layihələr üçün 765 milyon dollar
- Kibermüdafiə fəaliyyətləri üçün 312 milyon dollar
- 8 ədəd F-35A döyüş təyyarəsi üçün 707 milyon dollar və 4 F-35B qırıcı təyyarəsi üçün 471 milyon dollar
- Yüksək enerjiyə malik silahlar üçün 78 milyon dollar
- Hipersəs silah tədqiqatları üçün 35 milyon dollar
- Araşdırma və inkişaf fəaliyyəti üçün 3 milyard dollar
- F-X qırıcı proqramı üçün 950 milyon dollar
- 5 gəmi və bir sualtı qayığın inşası
- Yapon adalarının müdafiəsinin gücləndirilməsi və obyektlərin inşası


Güc balanslarının dəyişməsi

Bu məqamda Tokio hökumətinin təqdim etdiyi “Yaponiyanın Müdafiəsi 2021” adlı hesabatından bəzi sətirləri bölüşmək vacibdir.

“Hind-Sakit okean bölgəsi dünyanın rifahının əsasını təşkil edir və eyni zamanda müxtəlif təhlükəsizlik problemləri ilə üzləşir. Təhlükəsizlik mühitində bu problemlərin öhdəsindən gəlmək üçün təkcə Yaponiyanın özünün müdafiə qabiliyyətini gücləndirmək və yerinə yetirə biləcəyimiz rolları genişləndirmək kifayət deyil, eyni dəyərləri paylaşan ölkələrlə sıx əməkdaşlıq etmək də vacibdir”

Çin nüvə, raket, dəniz və hava qüvvələrinə diqqət yetirərək, hərbi gücünü keyfiyyət və kəmiyyət baxımından sürətlə inkişaf etdirərək, şəffaflıq olmadan müdafiə büdcəsində yüksək artım səviyyəsini qoruyub. Bununla da kiber, elektromaqnit spektri və kosmos kimi yeni sahələrdə üstünlüyə əhəmiyyət verməyə davam edib”.


Foto: “Yaponiyanın Müdafiəsi 2021” sənədinin üz qabığı

“Yaponiyanın Müdafiəsi 2021”

1960 cı illərdən başlayaraq Yaponiyanın hər il dərc etdiyi rəsmi müdafiə sənədində köklü dəyişikliklərin edildiyini açıq şəkildə görmək mümkündür. Bu dəyişikliklərdən birincisi hesabatın üz qabığındakı fotoşəkildə özünü göstərir. 2019 və 2020-ci illərdə nəşr olunan hesabatların üz qabığı şəklinə Yaponiyanın ən böyük simvollarından biri olan Fuji dağı və albalı çiçəklərinin fotoşəkili daxil edilib. Arxa planda günəş doğurdu. 2021-ci ildə nəşr olunan hesabatda, bütün silahları ilə at üzərində Samurayın fotoşəkili istifadə edilib.

Əlbəttə ki, dəyişən tək şey üz qabığı deyil. Yaponiya hesabatda Tayvanı Çindən ayrı bir ölkə olaraq gördüyünə işarə edir. Hesabatda yayımlanan xəritədə Tayvan Çinin bir hissəsi olaraq deyil, daha çox müstəqil bir ölkə kimi göstərilib. Tayvan indi Yaponiyanın müdafiə siyasətində böyük rol oynayır. Bundan əlavə, müdafiə büdcəsi məsələsinə 2021-ci il hesabatında da toxunulub.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar