Rusiya Afrikanın silah bazarında necə ən önəmli aktora çevrilib?

 Rusiya Afrikanın silah bazarında necə ən önəmli aktora çevrilib?
744     16:56     09 06 2021    
Rusiyanın “Rosoboronexport” adlı silah satışlarına nəzarət edən dövlət orqanı ötən ilin aprel ayında Afrikanın Sahara bölgəsində yerləşən bir ölkəyə hücum katerləri tədarükü üçün müqavilə bağlanıldığını elan etdi. Katerlərin tədarük edildiyi ölkənin adı açıqlanmayıb. Amma bu, son 20 ildə Rusiyanın Afrika bölgəsinə hərbi dəniz məhsulu ilə bağlı ilk ixracat müqaviləsi idi. Bu məlumat beynəlxalq miqyasda çox diqqət çəkməsə də, müqavilə Rusiyanın Afrika bölgəsinə silah ixracatında genişlənmə və dominant mövqe tutma cəhdlərinin xəbərçisidir.

Sovet İttifaqı dövründə Afrikanın əsas silah ixracatçısı Moskva idi. Eyni zamanda Sovet Afrika qitəsində ən böyük hərbi varlığa malik idi. SSRİ-nin dağılmasından sonra Rusiyanın Afrikadakı rolu azaldı. Amma 2000-ci ildən başlayaraq Rusiya yenidən bu qitənin silah bazarına girməyə başladı və bu gün ən böyük ixracatçıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumat bazasına görə, hazırda Afrikaya edilən ümumi silah ixracatının 49%-ni Rusiya təşkil edir.


2000-ci ildən etibarən Rusiyanın Afrikaya silah ixracatı əhəmiyyətli dərəcədə artıb. Artımlar əsasən Əlcəzairə silah ixracatındakı artım hesabına baş verib. “Rosoboronexport”un məlumatına görə, Rusiya Afrika dövlətləri ilə 2020-ci ildə 1,5 milyard dollar dəyərində ixracat müqaviləsi imzalayıb.

Rusiya son iyirmi ildə qitənin ixracatında liderliyi iki ən böyük rəqibi olan Fransa və ABŞ-dan geri aldı və xeyli genişləndirdi. Rusiya ən azı 21 Afrika dövlətinə silah satıb, Misir və Əlcəzair bunlardan ən böyüyüdür.

Əlcəzair, 500-dən çox T-90SA əsas döyüş tankı və 300 ədəd modernləşdirilmiş BMPT-72 piyadaların döyüş maşını da daxil olmaqla Rusiyadan çox sayda hərbi texnika satın alıb. Əlcəzairin xeyli döyüş təyyarəsi və hərbi helikopter ehtiyatı demək olar ki, tamamilə Sovet və Rusiya istehsalıdır. Bu Afrika ölkəsi son bir neçə ildə xeyli sayda Su-34 və Su-35 qırıcıları alıb. Ancaq bu müqavilələr rəsmi olaraq açıqlanmayıb.

Misirin tank parkı əvvəlki onilliklərdə əsasən Amerikanın M1A1 tanklarından ibarət idisə, indi Rusiyanın T-90MS tanklarını almağa başlayıb. Bu tanklar lisenziya əsasında Misirin daxili müdafiə sənayesi tərəfindən istehsal olunur. Misir Rusiyadan Su-35 qırıcıları da alıb.

Anqola hökuməti SSRİ-dən qalma Moskva ilə möhkəm əlaqələr saxlayır. 1996-cı ildə Rusiya Anqolanın 5 milyard dollar borcunun 70% -ni bağışladı və bu, əsasən SSRİ-nin Sovet silahları və hərbi texnikalarını almaq üçün Anqolaya verdiyi bir neçə ixrac kreditinin nəticəsi idi. Son beş ildə Anqola Əlcəzair və Misirdən sonra rus silahları alan üçüncü ən böyük Afrika ölkəsi olub. Bu ölkənin digər təchizatçıları Bolqarıstan, Belarus, İtaliya və Çindir, lakin payları azdır. Anqola Sovet İttifaqından alınan hərbi texnikalarını Rusiya istehsalı silahlarla əvəzləməyi planlaşdırır. Bu ölkə Rusiyadan “Tor” və “Pantsir” kimi Hava Hücumundan Müdafiə (HHM) sistemləri, “Kalaşnikov” silahları, hücum helikopterləri alır.

Rusiyanın qitəyə silah satışlarını artırması Moskvanın bir sıra Afrika ölkələri ilə siyasi, iqtisadi və hərbi əlaqələr qurma strategiyasının bir hissəsidir. Afrikanın xroniki siyasi dəyişkənliyi hər cür hərbi texnika üçün daimi tələb yaradır.

Rusiyanın Afrikaya artan marağı yalnız iqtisadi deyil, həm də siyasi və strateji səbəblərlə müəyyən edilir. Rusiya Afrikanı çoxqütblü dünya nizamında əsas potensial tərəfdaş kimi görür.

Moskva Zimbabve və Sudan kimi ölkələrə siyasi dəstəklər verir. Zimbabve 2000-ci illərin əvvəllərindən etibarən Qərbin maliyyə sanksiyalarına məruz qalır. Keçmiş prezident Robert Muqabe dövründə prezident insan haqlarını pozmaqdan günahlandırılırdı. Muqabe rejiminin geniş beynəlxalq qınağına baxmayaraq, Rusiya Zimbabveyə dəstək verirdi. Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının 2008-ci ildəki silah embarqosuna dair qərarına veto qoydu və Qərbin sanksiyalarını tənqid etdi. Rusiya Zimbabveyə taxta, buğda və gübrələrdən tutmuş çap materiallarına, dəmir yolu vaqonlarına və elektronikaya qədər bir sıra xam və hazır material ixrac edir. Rusiya da öz növbəsində Zimbabvedən qəhvə və tütün idxal edir.

Rus şirkətləri bunun qarşılığında ölkədəki almaz və qızıl mədən layihələrində iştirak edirlər. Ümumiyyətlə Rusiya Afrika daxilində digər ölkələrdə də koltan, kobalt, qızıl və almaz kimi mənbələrin hasilatını genişləndirir.

Rusiya qitədə əməkdaşlıq imkanlarını daha da genişləndirmək üçün 2019-cu ildə Soçidə ilk dəfə Rusiya-Afrika sammiti təşkil etdi. Sammit zamanı Rusiya Prezidenti Vladimir Putin dedi ki, Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsi Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Sammit zamanı da silah müqavilələri diqqət mərkəzində idi. Afrikalı nümayəndə heyətləri Rus silah sərgilərinə dəvət edilirdi. Sərgidə “Yak-130” təlim təyyarələri, “Pantsir” və “Tor” HHM sistemləri, AK-200 avtomatları nümayiş olunurdu. Bu sərgi göstərdi ki, Rusiya yeni texnologiyalar təklif etmək niyyətində deyil, bunun əvəzinə ən çox tələb olunan modellərin təkmilləşdirilməsinə diqqət yetirir.

Xarici siyasət konsepsiyası və ya müdafiə doktrinası kimi Rusiyanın ictimaiyyətə açıq strategiya sənədlərində Afrika dövlətləri qeyri-sabit, terror qruplarının Şimali Afrika bölgəsindəki fəaliyyətləri baxımından beynəlxalq təhlükə yaradan ölkələr kimi müəyyən edilir. Bu cür sənədlər Rusiyanın faydalı ticarət və iqtisadi əlaqələri inkişaf etdirərək Afrika münaqişəsi və böhranın qarşısının alınmasını dəstəkləyərək Afrika ilə qarşılıqlı əlaqəni genişləndirməyi hədəflədiyini vurğulayır.

Davam edən qeyri-sabitlik davamlı silah bazarını bəsləyir, Rusiya üçün isə Afrika Krımın ilhaqından sonra Qərbdən gələn iqtisadi sanksiyalar fonunda böyük bazarı təmsil edir.

Hələlik Rusiya Afrikadakı silah bazarlarında güclü görünür. Lakin mütəxəssislər Çinin Afrikada silah təchizatı üçün daha böyük oyunçu olma potensialını görürlər. Hal-hazırda qitəyə silah ixracatının 13%-i Çinin payına düşür. Çin satdığı siahların keyfiyyətini və miqdarını artırıb.

Çin və Rusiya silahları Afrika qitəsinin silah bazarında ABŞ və Fransanı sıxışdırıb. Amerika səlahiyyətliləri və ekspert dairələri əsas rəqib hesab etdikləri bu iki ölkənin qitədə artan nüfuzundan narahatlıqlarını bildiriblər.
Strategyvision.org

Teq: QMSB  


Oxşar məqalələr
Son əlavə olunanlar