Silikon Vadisi SZ silahlanma yarışında Pentaqona necə kömək edir? – STRATEJİ BAXIŞ
Daha sonra maşın öyrənmə proqramları ilə təhlil edilə biləcək okean xəritələrindən ibarət misilsiz məlumat bazası yaradan və 2013-cü ildə gənc britaniyalı mühəndis Riçard Cenkins tərəfindən əsası qoyulan “Saildrone” tərəfindən istehsal edilən avtonom gəmilər iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmalara əhəmiyyətli töhfələr verib.
Lakin ABŞ və Çin arasında geosiyasi gərginlik artdıqca, “Saildrone” yeni bir aktuallıq hissi və əhəmiyyətli büdcə ilə daha böyük bir balıq tutdu: ABŞ Müdafiə Nazirliyi. 2021-ci ilə qədər San-Fransiskoda yerləşən şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) Rusiyanı əhatə edən beynəlxalq sularda, o cümlədən Şimal Buzlu okean və Cənubi Çin dənizində müşahidə üçün Süni Zəka (SZ) sistemləri donanmasını inkişaf etdirməyə kömək edən əsas podratçı idi.
Silikon Vadisi vençur kapitalistləri şirkəti dəstəkləməyə tələsdilər, 2021-ci ildə kiçik şirkətə 100 milyon dollar, daha əvvəl isə cəmi 90 milyon dollar sərmayə qoydular. Qısa müddət sonra o, ABŞ HDQ üçün müşahidə və kəşfiyyat kimi dərin okean kəşfiyyatı üçün nəzərdə tutulmuş, iki balina köpəkbalığı uzunluğunda 65 metrlik avtonom bir gəmi olan “Saildrone Surveyor”u inkişaf etdirməyə başladı.
“Biz 10 il irəlidə idik” deyən startapın baş direktoru Cenkins iddia edir ki, onun şirkəti ABŞ ordusu tərəfindən hazırlanmış sistemlərlə müqayisədə kommersiya texnologiyasının necə daha təkmil və çevik olduğuna dair yaxşı nümunədir. Bu plan müdafiə strategiyasını tanklar, gəmilər və təyyarələr kimi ağır texnikalardan müasir müharibəni dəyişdirmə gücünə malik SZ qismində yeni texnologiyalar kimi dağıdıcı sistemlərə daha çevik sərmayələrə qoyaraq inkişaf etməyə çalışan ABŞ ordusu üçün həyati əhəmiyyət kəsb edə bilər.
Bu dəyişikliyi üç amil yönləndirir: Çinin ABŞ-nin müdafiəsini zərərsizləşdirən qabaqcıl silah sistemlərinin sürətli inkişafı, kommersiya texnologiyasının ölkənin ordusuna inteqrasiyasının üstünlüklərini vurğulayan Ukraynadakı müharibə və SZ sahəsindəki təəccüblü irəliləyişlər. Bütün bu səbəblərə görə, ABŞ hökuməti daha çox motivasiyalı müştəriyə çevrilib, Silikon Vadisindəki sövdələşmələr və qiymətləndirmələrin azalması dövlət müdafiə sektorunu yeni başlayanlar üçün sabit və etibarlı seçim kimi göstərib.
Fürsət qoxusu Kaliforniyada müdafiə və silah texnologiyası startaplarına milyardlarla dollar sərmayə qoyan investorlar arasında qızıla hücumu təşviq etdi. “PitchBook” məlumatlarına görə, sektordakı vençur kapitalı 2019-cu ildə 16 milyard dollar təşkil edib, 2022-ci ildə bu rəqəm 33 milyard dollara çataraq iki dəfə artıb. Lakin Müdafiə Nazirliyinin 886 milyard dollarlıq böyük büdcəsinin bir hissəsini “Lockheed Martin” və “Boeing” də daxil olmaqla beş əsas podratçıdan qabaqcıl sistemlər quran minlərlə sahibkara köçürməsi əngəl olaraq qalır.
Texniki sahibkarlar və investorlar hərbi liderləri “yenilik teatrı” yaratmaqda günahlandırdılar: gəlirli müqavilələri geri götürərkən dağıdıcı texnologiyanın faydalarına sözdə xidmət etmək. Stanfordda milli təhlükəsizlik sahəsində yenilikçilər yetişdirmək üçün qurulan “Gordian Knot Center”in qurucu üzvü və texnologiya sahəsində təcrübəli Stiv Blank bildirir: “ABŞ ordusu ilk dəfə bir müharibədə qalib gəlmək üçün kommersiya texnologiyasından asılıdır, lakin onlar kommersiya texnologiyası ilə məşğul olmaq üçün təşkil olunmayıblar”.
O, texnologiya sektorunun innovasiya sürətinə və çevikliyinə istinad edərək qeyd edir: “Çin Silikon Vadisi kimi işləyir. Yaxşı gündə Müdafiə Nazirliyi avtomobil istehsalının azalmasından sonra heç vaxt bərpa olunmayan orta qərb şəhəri Detroit kimi işləyir. Bu, ədalətli mübarizə deyil”.
Müdafiə Nazirliyinin kommersiya texnologiyasını təşviq etmək və şirkətlərə hərbi satınalma bürokratiyasını idarə etməkdə kömək etmək üçün 2015-ci ildə qurulan bir qolu olan Müdafiə İnnovasiya Birliyində (DIU) satınalma direktoru olan Çerissa Tamayori etiraf edir ki, Silikon Vadisi milli təhlükəsizlik üçün əhəmiyyətlidir.
O bildirir: “Biz əmin olmalıyıq ki, ordumuz haradan gəlməsindən asılı olmayaraq ən yaxşı texnologiya ilə təchiz olunub. Xaricdəki düşmənlərimiz kommersiya texnologiyalarından istifadə edir ki, bu da bizim bunu həll etməyimizin aktuallığını və ehtiyacını artırır”.
Pentaqonun milli müdafiə üçün Silikon Vadisinin innovasiya maşınından istifadə etmək səyləri son vaxtlara qədər qənaətbəxş deyildi. Kiçik bir qrup startaplar müəyyən mükafatlar qazandı. Bunlardan 6-sının - “ShieldAI”, “Hawkeye 360”, “Anduril”, “Rebellion Defense”, “Palantir Technologies” və “Epirus”un dəyəri 1 milyard dollardan çox qiymətləndirilir.
İlon Maskın təxminən 150 milyon dollar dəyəri olan “SpaceX” şirkəti kimi müdafiə imkanları təmin edən yalnız bir neçə aviasiya və ya kosmos şirkəti böyük investisiyalar cəlb etdi. “Anduril” ABŞ Xüsusi Əməliyyatlar Komandanlığından Pilotsuz Uçuş Aparatlarını (PUA) aşkarlaya və onları səmada vura bilən texnologiya üçün təxminən 1 milyard dollar dəyərində blokbaster ictimai müqavilə qazandı.
Bununla belə, mürəkkəb sistemlərin istehsalı üçün tələb olunan miqyasda iri dövlət müqavilələri nadir hallarda imzalanmağa davam edir. Bunun əvəzinə, “Andreessen Horowitz”, “Lux Capital” və 8VC kimi vençur kapitalı firmaları ilkin dəstəklərin əksəriyyətini təmin etdi, yavaş və əsəbi bir ictimai tender prosesi o deməkdir ki, ilk qaliblərin çoxu öz formalaşma illərini keçmək üçün milyarder təsisçilərə etibar etməli oldular. Bunlar arasında texnologiya sahibkarı Peter Thiel tərəfindən yaradılan “Palantir” data analitika qrupu və virtual reallıq startapı “Oculus”u “Facebook”a satdıqdan sonra Palmer Laki tərəfindən qurulan “Anduril” də yer alır.
2015-ci ildə fəaliyyətə başlayan və hazırda 2,3 milyard dollar dəyərində olan “ShieldAI”nin qurucusu Brandon Tsenq deyir: “Səkkiz il ərzində hər gün bu problemlə qarşılaşdım. Bəli, miqyası genişləndirdik, lakin miqyası genişləndirməyə davam etməliyik və tuta bildiyimiz məbləğ əsas podratçılarla müqayisədə çox kiçik qaldı”.
“Saildrone”un qurucusu Cenkinsin sözlərinə görə, sistem nəhayət işə yaradı: “Daha yaxşı müqavilə ilə ora daha tez çata bilərdik? Bəli”.
Məyusluğun mənbəyi hərbi miqyasda resursun bölüşdürülməsi üçün istifadə edilən PPBE kimi tanınan sərt planlaşdırma, proqramlaşdırma, büdcələşdirmə və icraçı satınalma çərçivəsidir. Bu çərçivə 1960-cı illərdə maraqların toqquşmasına son qoymaq üçün yaradılıb, lakin bürokratiya təbəqələri onu yavaş və içərisindən çıxılması çətin olan bir hala gətirir. Müdafiə bazarı möhkəmləndikcə rəqabət də azaldı. Həm “Palantir”, həm də “SpaceX” bu vəzifə uğrunda rəqabət hüququ üçün Pentaqonu məhkəməyə verməyə çalışdı. Tənqidçilər deyirlər ki, təyyarə hissələri və tanklar kimi fiziki aktivləri almaq üçün nəzərdə tutulmuş bu çərçivə gələcək müharibələrdə inqilab edəcək proqram təminatı üçün uyğun deyil.
Ciddi müqavilənin imzalanması təxminən iki il çəkir, bu müddət bir çox ixtiraçıları Ölüm Vadisi olaraq adlandırılan və arxasındakı şirkətlərin iş almağı gözləyərkən quruyub ölməsi səbəbindən arzu edilən prototiplərin itdiyi bir dövrə sürükləyib. Sürət də başqa bir vacib səbəb üçün amildir. Milyarder investor və çoxmilyardlıq ABŞ İnnovativ Texnologiyalar Fondunun sədri Tomas Tull deyir: “Bunun öhdəsindən gəldiyinizdə iki il keçmiş və texnologiya köhnəlmiş olur. İnnovasiya tempinə uyğunlaşdırılmayıb”.
2017-ci ildə DIU və startapların ABŞ Hərbi Hava Qüvvələrinə satmasına kömək etmək üçün yaradılmış “Afwerx” kimi Müdafiə Nazirliyinin təşəbbüsləri üçün büdcələr məhduddur. CIA-nın hələ 1999-cu ildə qurulan vençur qolu “In-Q-Tel” sonradan “Google Earth”ə çevrilən “Keyhole” və “Palantir” kimi startaplara yüzlərlə dəfə sərmayə qoyub. Lakin onun vəsaitləri nisbətən kiçik olaraq qalır. 500.000 ilə 3 milyon dollar arasında sərmayə qoyan DIU-nun dəstəklədiyi şirkətlər ABŞ müdafiə agentliklərindən təxminən 5 milyard dollarlıq müqavilələr əldə ediblər ki, bu da yarandığı gündən müdafiə təchizatına xərclənən trilyonlarla dolların kiçik bir hissəsini təşkil edir.
Çinin hipersəs raket sınaqları və daha sonra Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi Pentaqonun beynini məşğul etdi. İslahat ehtiyacı aktuallaşırdı. Ukraynanın peykdən çəkilmiş görüntülər və avtonom PUA-lar kimi həm kommersiya, həm də müdafiə tətbiqləri olan ikili istifadə texnologiyasını tətbiq etməsi ABŞ üçün Vaşinqton və Kaliforniya arasında körpü yaratmaq üçün ən böyük katalizatorlardan biridir.
Maskın “SpaceX” şirkəti rus müdaxiləsinə qarşı dayanıqlı “Starlink” internet xidmətini işə saldıqda, ilk dəfə kommersiya şirkəti müharibə zamanı bir ölkənin hərbi qabiliyyətinin əsasını təmin etdi. “Ukraynada baş verənlər oyunun qaydalarını dəyişdi. Hər hansı digər münaqişə ilə müqayisədə daha çox kommersiya texnologiyasından istifadə edilib. Bu vəziyyət ABŞ ordusu üçün çarxların dönməsinə səbəb oldu və ordu deyir ki, biz bundan daha çoxunu mənimsəməliyik”, - deyə “Shield Capital”ın vençur kapitalçısı və DIU-nun keçmiş direktoru Mayk Braun bildirib.
ABŞ Çinin qabaqcıl texnologiyasına yetişmək istəyirsə, Silikon Vadisinin parlaq beyinlərindən və cibi dolu sərmayəçilərindən yararlanma məsəsləsində də getdikcə artan təzyiq var. Pekinin ABŞ-nin müdafiə sistemlərindən yayına bilən gəmi əleyhinə ballistik raketləri və uzaqmənzilli hipersəs raketlərini sınaqdan keçirməsi innovasiyaların çəkindirmə baxımından nə qədər vacib olduğunu vurğuladı.
Stanforddan Blank bunu belə ifadə edir: “Pentaqon üçün soruşulması lazım olan sual Çinin münaqişəni deyil, sülhü düşünmək məcburiyyətində qalacağı qədər mürəkkəb bir məsələ halına gətirmək üçün havaya və ya suya başqa nə qoymağımızın lazım olduğudur”.
Və əlbəttə ki, ən böyük oyun dəyişdiricisi gəldi: ABŞ-nin 1940-cı illərdə atom bombasını hazırlamasından etibarən müharibənin gələcəyi üçün ən vacib ixtira olduğuna inanılan SZ-nin sürətlə inkişaf etməsi. Mövcud hərbi “öldürmə zənciri” (döyüşçülərin hədəfləri müəyyənləşdirməsi, izləməsi və öldürməsi prosesinin qısaltması) SZ tərəfindən keçərsiz hala gətiriləcəkdi: öldürmələr potensial olaraq insan müdaxiləsi olmadan hipersəs sürətlə həyata keçirilə bilər.
Uzaq mənzilli gəmi əleyhinə raketlərin kütləvi şəkildə atılması ABŞ-nin ildə on milyardlarla dollar xərclədiyi aviadaşıyıcı gəmilər kimi avadanlıqları Çinlə münaqişənin ilk günündə məhv edə bilər. Avtonom PUA-lar, insansız hücum sualtı qayıqları və planetdəki demək olar hər bir hərəkəti müşahidə edə bilən sintetik diafraqmalı radar sürüləri qarşısında 20-ci və 201-ci əsrlərin döyüş sahəsi infrastrukturunun çox az şansı olacaq.
ITF-dən Tull texnologiyanın hələ başlanğıc mərhələsində olduğunu qeyd edərək bildirib: “Son altı ayda SZ-nin inkişafı hər şeyi dəyişdi. Bu, bir növ “Rayt qardaşlarının uçuşu”na bənzəyir”.
SZ-nin gücündən istifadə edən bir neçə müdafiə texnologiyası startapı artıq ABŞ ordusunun kəşfiyyat məlumatlarını toplama və yayma üsulunu dəyişib. “Palantir”in ötən il əldə etdiyi 1,9 milyard dollar gəlirinin demək olar ki, yarısı, məsələn, şübhəli terrorçuları izləmək üçün müşahidə texnologiyası və məlumat analitikasından istifadə edən SZ proqram təminatının təmin edilməsi də daxil olmaqla, ABŞ hökuməti müqavilələrindən əldə edilib.
Aprel ayında “Palantir” döyüş meydanındakı vəziyyəti tez təhlil etmək, potensial fəaliyyət planları yaratmaq və təhlükəni “zərərsizləşdirmək” məqsədilə əməliyyat planını çatdırmaq üçün SZ-dən necə istifadə oluna biləcəyini nümayiş etdirdi. Minlərlə “açıq kəşfiyyat” mənbələrini darayan və onları təhlil etmək üçün təbii dil emalından istifadə edən San-Fransiskoda yerləşən “PrimerAI” Rusiyanın Ukraynanı işğal etməsindən az əvvəl ABŞ-yə kəşfiyyat məlumatı təqdim edib. Bu, Vladimir Putinin niyyətləri ilə bağlı ABŞ kəşfiyyatının əlində güclü bir “kozır” idi.
SZ hərbi texnikanı da dəyişir. 2022-ci ilin dekabrında “ShieldAI” ilk pilotsuz F-16 döyüş təyyarəsini Los-Ancelesin şimalındakı hava limanında yerləşdirdi. Bu, müasir PUA-ların hazırlanması üçün “ShieldAI” ilə müqavilə bağlayan ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün bir irəliləyiş oldu.
“BlackSky”, “Capella” və “PlanetLabs” kimi ABŞ startapları (SZ və peyk texnologiyasını birləşdirərək real vaxt rejimində təfərrüatlı havadan görüntülər təqdim edən uzaqdan zondlama şirkətləri) Ukraynaya irəliləyən Rusiya konvoylarının dəqiq yerini və vəziyyətini müəyyən etməyə imkan verdi. İndi onların DIU ilə prototip müqavilələri var.
“ShieldAI”nin rəhbəri Tsenq deyir: “2001-ci ildən 2016-cı ilə qədər ABŞ bütün diqqətini terrora qarşı müharibəyə yönəltdi. Bu müddət ərzində Rusiya və Çin bizim istifadə etdiyimiz imkanlara qarşı durmaq üçün imkanlar inkişaf etdirdilər. Bu təhlükələrlə mübarizə aparmaq üçün modernləşdirmə planına ehtiyacımız var idi”.
Hələlik bu plan rəqəmlərlə təsdiqlənməyib. Sahibkarlar tərəfindən maliyyələşdirilən 100 ən yaxşı müdafiə startapı öz fəaliyyətləri boyu investorlardan cəmi 42 milyard dollar toplayıb. Region və siyasətçilər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyan və qeyri-kommersiya təşkilatı olan Silikon Vadisi Müdafiə Qrupuna görə, əksinə, bu şirkətlərin dövlət müqavilələrindən əldə etdiyi ümumi gəlir 2 milyard dollardan 5 milyard dollara qədərdir.
Bu 100 şirkətin üçdə ikisi kosmik və ya maşın öyrənmə texnologiyalarını inkişaf etdirən startaplardır. İyul ayında nəşr olunan hesabatda SVDG Müdafiə Nazirliyini əsas müdafiə satınalma proqramlarına qabaqcıl sistemlər istehsal edən startapları daxil etmək üçün “qapı mükafatlarını paylamaqda, lakin davamlı öhdəliklər götürməməkdə” günahlandırdı. Bu, Silikon Vadisi startaplarının təsisçilərinin və investorlarının müdafiə naziri Lloyd Ostinə bir neçə həftə əvvəl göndərdiyi məktubun əhval-ruhiyyəsini əks etdirdi və hökumətin hərbi texnologiyanın alınması ilə bağlı “köhnə” prosesini tənqid etdi. “Anduril”, “Palantir” və “Lux Capital” şirkətlərinin rəhbərlərinin imzaladığı məktubda ABŞ-nin “texnoloji döyüş meydanında” sürətlə mövqelərini itirdiyi barədə xəbərdarlıq edilib.
ABŞ-nin heç nə etmədiyini iddia etmək düzgün olmazdı. Ötənilki Müdafiə Səlahiyyəti Aktı hərbi satınalmaların modernləşdirilməsi yollarını araşdırmaq üçün Konqres komissiyası yaratdı. Aprel ayında Müdafiə Nazirliyi DIU-nu yenidən təşkil etdi və onun yeni direktoru vəzifəsinə “Apple”ın keçmiş icraçı direktoru Douq Beki birbaşa Ostinə tabe olaraq təyin etdi. “Apple”a qoşulmazdan əvvəl 26 il ABŞ HDQ-də xidmət edən və birbaşa Baş icraçı direktor Tim Kuka hesabat verən Bek ordu ilə Silikon Vadisini bir-birinə yaxınlaşdırmaq planlarını sürətləndirməyin açarı hesab edilir. Konqres 2023-cü ildə DIU-nun missiyasını maliyyələşdirmək üçün 111 milyon dollar ayırdı, bu rəqəm Müdafiə Nazirliyinin tələb etdiyindən təxminən 45 milyon dollar çoxdur.
DIU-nun keçmiş direktoru Mayk Braun deyir ki, DIU-nun fəaliyyəti dövründə Pentaqona 100 yeni təchizatçı təqdim etməsi dəyişiklik baş verdiyini göstərir. Braun bildirir: “Ancaq bu hələ geniş miqyasda baş vermir. Ümumi xərcləri təhlil etsəniz, görərsiniz ki, biz həmişə əldə etdiyimiz böyük avadanlıqları indi əldə edirik. Ancaq növbəti bir neçə il ərzində bu vəziyyət dəyişməyə başlayacaq”.
Artan təşviqlərlə Pentaqon və Silikon Vadisi arasında daha da böyük bağlar qurmaq, döyüşçülərin istifadə etdiyi texnologiyanı ticarət və sənayedə istifadə olunan texnologiya ilə uyğunlaşdırmaq və özəl sektorun bunu etməkdə daha böyük rol oynadığını qəbul etmək üçün təməl qoyulur. Pentaqonun problemi sürətli texnoloji yeniliklər dövründə rəqəmsal axıcılığı artırmaq üçün özəl kapitalı stimullaşdırmaq və Çinin irəliləyişləri ilə ayaqlaşa bilən silahlı qüvvələrin yaradılmasına kömək etmək olacaq. Qüsurlar təkcə ABŞ ordusu ilə məhdudlaşmır.
“Google” kimi bəzi Silikon Vadisi şirkətləri hədəfləri aşkarlaya bilən avtonom PUA-lar üçün proqram təminatının təmin edilməsi kimi etik məsələlərlə bağlı işçilərin təzyiqi səbəbindən bəzi müdafiə işlərindən uzaqlaşıblar. ABŞ-nin xarici ölkələrdəki (xüsusən də ənənəvi olaraq müharibənin əleyhinə olan Kaliforniyadakı) mübahisəli münaqişələri dəstəkləmək kimi görünmə narahatlığı da bəzi böyük vençur kapitalı fondlarını çəkindirdi, lakin təklif edilən potensial gəlirlərin miqyası ortaya çıxdıqca bu narahatlıqların azaldığına işarələr var.
Bəzi startaplar öz sistemlərini lazımi şəkildə qorumaq və SZ modellərini hərbi məlumatlar üzərinə öyrətmək kimi ABŞ ordusunun ciddi sınaqlarını və rəsmiləşdirmə protokollarını keçmək üçün lazım olanları etmədiklərinə görə dövlət müqavilələrini də qaçırdılar. Təcrübəli müdafiə və SZ investoru xəbərdarlıq edir: “Bu ərazidə çoxlu turist var. Bu texnologiya üçün münaqişə ssenarisində daha çox şey səhv gedə bilər”.
Blank kimi sektordakı bəzi şəxslərin fikrincə, ABŞ ordusu, texnoloji startaplar və ya bütövlükdə cəmiyyətin laqeyd qalması üçün risklər çox yüksəkdir.
Blank xəbərdarlıq edir: “Biz hələ də ABŞ-də sülh dövründəyik kimi davranırıq. Çin artıq bizim üçün temp təyin edir və biz artıq həmyaşıd və ya yaxın həmyaşıd deyilik”.
Oxşar məqalələr
-
Hərbi bazarda Süni Zəka
-
SZ silahlanma yarışından kənarda durmaq seçimdir?
-
Süni Zəka ilə bağlı silah yarışı: Ölkələr, trendlər və beynəlxalq tənzimləmələr üçün təkliflər
-
Süni Zəka ilə bağlı silah yarışı: Ölkələr, trendlər və beynəlxalq tənzimləmələr üçün təkliflər
-
Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
“Ağıllı” müharibə yolunda| Çin tezliklə SZ döyüş meydanında ABŞ-ı ötüb keçə bilər?
-
Böyük Güclərin yeni qlobal silahlanma yarışı - Süni Zəka (IV YAZI)
-
Böyük Güclərin yeni qlobal silahlanma yarışı - Süni Zəka (III YAZI)
Son əlavə olunanlar
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə
-
Hərbi tətbiqetmələrdə kvant mexanikası
-
Hərbi bazarda Süni Zəka
-
Hərbi tətbiqetmələrdə nanotexnologiya
-
Kibertəhlükəsizliyin tarixi
-
Süni Zəkanın tarixi
-
ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu
-
Rusiya kibermüharibədə cəbhəsində məğlubdur?
-
Kibertəhlükəsizlik
-
Qlobal müdafiə xəcləri
-
Nanotexnologiya anlayışı bu gün hansı mənanı ifadə edir?
-
SZ silahlanma yarışından kənarda durmaq seçimdir?