Azərbaycan-İran arasında potensial toqquşma – 5 AMİL

 Azərbaycan-İran arasında potensial toqquşma –  5 AMİL
742     18:43     25 10 2022    
Tehran Azərbaycanla sərhədində son 30 ilin ən böyük hərbi təlimlərini keçirib. Bu miqyasına görə, 2021-ci ildə keçirilən “Xeybərin fatehləri” adlı hərbi təlimlərdən daha böyükdür. İranlı komandirlərdən birinin sözlərinə görə, təlimlər bütün İran-Azərbaycan sərədini əhatə edib. Təlimlərdə ponton körpülər vasitəsilə İran-Azərbaycan sərhədinin böyük hissəsini təşkil edən Araz çayından zirehli texnika və personal keçirilməsi sınaqdan keçirilib.

Ötən il baş verən təlimlərlə bağlı Azərbaycan kəskin etiraz bildirib. Bu ilki təlimlərdə İran əvvəlcədən Azərbaycana məlumat verdiyini bildirib.

Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanda daha da artan vətənpərvərlik bu dəfə İran təhlükəsinə qarşı səfərbər olunub.

İranla Azərbaycan arasında potensial hərbi münaqişə regional toqquşmaya gətirib çıxara bilər. Nəzərə alsaq ki, Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla Bakı ilə təhlükəsizlik paktı yaradıb, deməli Türkiyə Azərbaycana mütləq dəstək verəcək. Türkiyə və Azərbaycanın müttəfiqi olan Pakistan da İranın şərq sərhədində hərbi təzyiqlərini artıra bilər. Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətlə barışmaq istəməyən Ermənistan potensial müharibədən istifadə edərək Qarabağda itirdiyi əraziləri yenidən işğal etmək fikrinə düşə bilər. Potensial regional toqquşma Rusiyanın Qarabağdakı “sülhməramlı” adı altında yerləşdiyi qoşunları təhlükə altına alacaq. Rusiyanın regional müttəfiqləri olan İran və Ermənistan hərbi əməliyyatlarda iştirak etsə, Kreml artıq özünü bitərəf kimi göstərə bilməyəcək.

Regional gərginliyin yenidən artması və Azərbaycan-İran arasında münasibətlərin kəskinləşməsi İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra baş verib. İranın yeni administrasiyası hakimiyyətə gələn ərəfədə regionda yeni geosiyasi nizam formalaşıb. Bu konfiqurasiyanın bir hissəsi Türkiyə, Azərbaycan və Pakistandan ibarət Qərbyönlü hərbi və təhlükəsizlik qrupudur. Ötən ilin iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan üç ölkə arasında siyasi və hərbi əməkdaşlıq üçün yeni format yaradan Bakı Bəyannaməsi adlı strateji tərəfdaşlıq sazişi imzaladılar. Bakı Bəyannaməsində işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına dəstək bir daha təsdiq edilib və Cammu və Kəşmir bölgələri ilə bağlı Pakistanın mövqeyi ilə həmrəylik ifadə olunub. Bu fonda Azərbaycan, Türkiyə və Pakistan orduları arasında “Üç Qardaş” adlı hərbi təlimlər keçirilib.

2000-ci illərin əvvəllərindən Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlıq edən İsrail də bu geosiyasi qrupa aiddir. Türkiyə və İsrail arasında münasibətlərin istiləşdiyi bir dövrdə ötən il Azərbaycan İsraildə ticarət və turizmi inkişaf etdirmək üçün ofis açıb. Bir çoxları tərəfindən bu addım İsraildə rəsmi səfirliyin açılması üçün ilkin addım hesab edilir. Qeyd edək ki, İsrail hələ 1993-cü ildə Bakıda səfirlik açıb.

Rəqabətdə Rusiya, Ermənistan və İrandan ibarət başqa bir geosiyasi qrup var. Ermənistanın baş naziri Nikol Paşinyan Rəisinin andiçmə mərasimində iştirak edib, Azərbaycan isə daha aşağı səviyyədə təmsil olunub. Ermənistan Pakistanla ərazi mübahisəsində Hindistanı dəstəkləyib.

Təəccüblü deyil ki, Rəisinin təyinatı hər iki geosiyasi qrup arasında münasibətlərin korlanmasına gətirib çıxarır. İranın Azərbaycana təxribatları yeni deyil. 2007-ci ildə İlham Əliyev İranın “əhəmiyyətli problem” olduğunu bildirib.

Ötən ilin payız aylarında İran Azərbaycanı “sionist qüvvə” kimi qələmə verdikdən sonra Azərbaycan sərhədində son 30 ilin ən böyük hərbi təlimlərini keçirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, İran “sionistlərin (İsrail) öz sərhədləri yaxınlığında olmasına dözməyəcək və lazım bildiyi təhlükəsizlik tədbirləri görəcək”. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, “İran “düşmən” olmağa çalışmasa da, üç ölkəyə [əvvəlki] birgə təlimlə bağlı narahatlığını nümayiş etdirir”. Bundan sonra Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə başlayıb.

İranın Azərbaycanla münasibətlərinin korlanmasına beş amil təsir edir.

Birinci amil Azərbaycanın İsraillə təhlükəsizlik sahəsində tərəfdaşlığıdır. İranın sabiq Baş Qərargah rəisi, general-mayor Həsən Firuzabadi 2009-cu ildə İsrail prezidenti Şimon Peresin səfərinə görə Azərbaycana üstüörtülü təhdid göndərmişdi.

Şiələrin çoxluq təşkil etdiyi Azərbaycanın İsraillə təhlükəsizlik tərəfdaşlığı qeyri-adi və unikal olsa da, Bakı şiə İranın Azərbaycan ərazilərini işğal etmiş xristian Ermənistanla əməkdaşlığının da “islam dünyasının həmrəyliyi ilə ziddiyyət təşkil etdiyinə” işarə edib. İran heç vaxt xristian ölkəsinin (Ermənistan) şiə qonşusunun (Azərbaycan) ərazisini işğal etməsini pisləməyib. Heydər Əliyev və Məhəmməd Hatəmi arasında 2002-ci ilin mayında keçirilən zirvə görüşündə İran lideri işğalı pisləməkdən boyun qaçıraraq “Ermənistan İsrail deyil, azərbaycanlılar isə Fələstinli deyil” demişdi.

İran və Azərbaycanın hər ikisi şiələrin çoxluq təşkil etdiyi ölkələr olsalar da, onların mühüm fərqi var. Azərbaycan Sovet İttifaqında 70 ildən bəri dünyəvi mədəniyyəti miras alıb və qoruyub saxlayıb. İran Azərbaycanın dünyəvi kimliyinin türk mədəniyyətinə söykəndiyini qəbul etmək istəmir və Türkiyənin qonşusunun sərhədləri daxilində artan təsirindən narahatdır.

İran şiə inqilabını Azərbaycana yaymağa cəhd etsə də, bacarmadı. 2000-ci illərdən SEPAH İsrail, Amerika və Qərb diplomatik obyektlərinə, polis məntəqələrinə və məktəblərə qarşı bomba hücumları həyata keçirmək üçün “Əl-Qaidə”, “Hizbullah” və HƏMAS kimi qruplara təlim keçir.

İkinci amil İranın ənənəvi təsir dairəsinin olduğu dünyəvi şiə dövlətini qəbul etmək istəməməsidir. İran şiə fundamentalizminin Azərbaycanda sözün əsl mənasında dəstəyi yoxdur. İran öz İslam inqilabını Azərbaycanda təbliğ etmək üçün iki əlavə maneə ilə üzləşir: Azərbaycanda antisemitizm və antiamerikanizm güclü deyil. İsrail və Amerika yəhudi təşkilatları müntəzəm olaraq Azərbaycanı antisemitizmin olmamasına görə tərifləyirlər. Tehranın güvənsizliyi onun azərbaycanlı azlığının İsrailyönlü əhval-ruhiyyə nümayiş etdirməsi ilə daha da güclənir. Çünki İrandakı azərbaycanlılar da düşünür ki, Bakının Ermənistan üzərində hərbi qələbəsi İsrail və Türkiyənin müasir silahlarının nəticəsində mümkün olub.

Üçüncü amil İranın əhalisinin dörddə birindən çoxunu təşkil edən azərbaycanlı azlıqlar arasında ayrılma qorxusudur. Azərbaycanlılar 2020-ci il Qarabağ müharibəsində Bakını dəstəkləyib, bu mövqe Tehranın Ermənistana dəstəyi ilə diametral şəkildə ziddiyyət təşkil edir. 2021-ci ildə Tramp administrasiyası ilə sıx əlaqələri olan Vaşinqtonun beyin mərkəzi olan Demokratiyaları Müdafiə Fondu və İsrailin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi İranın “dağıdılmasına” (yəni, azərbaycanlı və digər azlıqların azadlığını dəstəkləməyə) çağırıblar.

Dördüncü amil isə Azərbaycanda Türkiyənin nüfuzunun artmasıdır. Son 30 ildə Azərbaycan iqtisadiyyatını və enerji infrastrukturunu kütləvi surətdə inkişaf etdirərək Cənubi Qafqazda dominant ölkəyə çevrilib və bu, İranın ürəyincə deyil. Bir sıra səbəblərə görə İran obyektiv olaraq Azərbaycanın güclənməsində maraqlı olmaya bilər. Tehranın milli təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı konkret məqsədləri var və buna görə də müstəqil Azərbaycanın güclənməsinə heç vaxt imkan verməyəcək.

Türkiyə 2020-ci il müharibəsində Azərbaycanın qələbəsində açıq-aşkar nüfuzunu artırıb. Azərbaycan 2021-ci il Şuşa Bəyannaməsi vasitəsilə Türkiyə ilə strateji tərəfdaşlığı möhkəmləndirib. İran Azərbaycanın beş millətdən dördünün türkdilli olduğu Mərkəzi Asiyada türk təsirinin artması üçün kanala çevrilməsindən narahatdır. Türkmənistan və Qazaxıstan regional boru kəmərlərinin Rusiya nəzarətindən yan keçməsi üçün artıq Azərbaycan və Türkiyə vasitəsilə enerji ixracat məntəqələrini inkişaf etdirir.

Şuşa Bəyannaməsi biri keçmiş SSRİ-dən, digəri isə NATO üzvü olan iki ölkənin faktiki təhlükəsizlik paktına bərabər olan strateji tərəfdaşlıq imzaladığı ilk hadisə idi. 1994-cü ildə Ukrayna üç nüvə dövləti - Birləşmiş Ştatlar, Böyük Britaniya və Rusiya ilə Budapeşt Memorandumunu imzaladı və Ukrayna təhlükəsizlik təminatları müqabilində nüvə silahından imtina etdi. 20 ildən sonra Rusiya Krımı işğal edəndə, ABŞ və Böyük Britaniyanın Rusiyanın onları təhqir etməsinə baxanda bu təhlükəsizlik təminatlarının əhəmiyyətsiz olduğu görüldü.

Ancaq Şuşa Bəyannaməsi Budapeşt Memorandumundan qat-qat aydındır, çünki NATO üzvü olmayan Azərbaycanın NATO üzvü tərəfindən təhlükəsizlik zəmanəti var. Vaşinqton müqaviləsinin V maddəsinə əsasən Türkiyə üçün təhlükə bütün NATO üzvləri üçün təhlükədir.

Türkiyə ilə Azərbaycan arasında hərbi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq getdikcə artır. KİV-lər Rusiyanı narahat edən Türkiyənin Azərbaycanda hərbi bazasının açılması ehtimalından bəhs edir. Türkiyə şirkətləri Azərbaycanın qərbində üç onillik erməni işğalından sonra dağıdılmış infrastrukturun bərpasında iştirak edir. Şuşa Bəyannaməsi hərbi texnologiyanın inkişafı, birgə hərbi təlimlər, kibertəhlükəsizliyin gücləndirilməsi və terrorizmlə mübarizə sahəsində gələcək əməkdaşlığı əks etdirir.

Beşinci amil İranın 2020-ci il müharibəsinin nəticəsindən məyus olmasıdır, işğal olunmuş ərazilər Azərbaycana qaytarıldıqdan sonra İran-Ermənistan sərhədi 50 kilometrdən də azdır.

2020-ci ilə qədər İranın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ticarətinə gömrük rüsumları daxil deyildi. Azərbaycan rüsumlar tətbiq etməyə və yüklərə baxış keçirməyə başladıqdan sonra gərginlik artıb. İran yükləri bilərəkdən “Stepanakert, Ermənistan” yazılan maşınlarla daşınıb.

Azərbaycan, həmçinin İran yük maşınlarının ermənilərə hərbi texnika daşıya biləcəyindən narahatdır. 2020-ci ildə Qarabağ müharibəsi zamanı İran yük maşınları Ermənistan qüvvələrinə hərbi ləvazimatlar göndərib.

ABŞ İsrailə qoşulmalı və Cənubi Qafqazda və daha böyük Yaxın Şərqdə İran və Rusiyaya əks çəki kimi Türkiyə-Azərbaycan-Pakistan oxunu dəstəkləməlidir. Bu, Əfqanıstanın “Taliban”ın əlinə keçməsindən və İranın anti-amerikan baxışlı prezidentinin hakimiyyətə gəlməsindən sonra strateji əhəmiyyət kəsb edir.
Strategyvision.org

Teq: Azərbaycan   İran  


Oxşar məqalələr
Son əlavə olunanlar