Rusiyanın ultra sağçıları və Ukraynada Müharibə – “Skinxed”lər aktivləşir

 Rusiyanın ultra sağçıları və Ukraynada Müharibə –  “Skinxed”lər aktivləşir
941     11:39     10 06 2022    
Rusiyanın ultra sağçıları Kremlin Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin həm bəhanəsi, həm də indiki gedişatı ilə bağlı ciddi fikir ayrılığına malikdir, lakin bu parçalanma imperiyapərəst mövqenin lehinədir.

Əsasən Rodina (Ana Vətən) Partiyası və Rusiya Liberal Demokratik Partiyası (LDPR) tərəfindən təmsil olunan sistemli “millətçi” müxalifət müharibəni dəstəkləməkdə yekdil görünür. Rodina Partiyasına sədrlik edən Dövlət Dumasının (Rusiya parlamentinin aşağı palatası) deputatı Aleksey Juralev bəyan edib ki, Ukraynadakı “azad edilmiş” ərazilər sürətlə rubl zonasına daxil olmalıdır.

“Əhali Rusiyanın gedəcəyi və onun yerinə ağır itki və məğlubiyyətlərdən sonra qəzəblənən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin gələcəyi fikrindən qorxurdu. İndi isə tam aydın oldu ki, azad edilmiş ərazilər Rusiyaya qayıdacaq”, - deyə o bildirib.

Apreldə ölməzdən əvvəl LDPR-nin kvazifaşist lideri Vladimir Jirinovski “böyük həvəslə” müharibəni dəstəkləyirdi. Xəstə Jirinovskinin adından danışan LDPR-ın mətbuat katibi Aleksandr Dupin deyib ki, “o, Rusiyanın istənilən çətinliyi dəf edəcəyinə, qalib gələcəyinə və çiçəklənəcəyinə inanır”.

Rusiyanın sistemdənkənar ultra sağçı müxalifəti isə daha bərabər bölünüb. Məsələn, Eduard Limonovun qeydiyyatdan keçməmiş “Özgə Rusiya” siyasi partiyası bütün sosial media hesablarında vətənpərvər kimi görünən “Z” təsvirləri yerləşdirib və martın 14-də Moskvada “Xarkovdan qayıdan” əsgərlə görüş keçirib. Partiya bəyanatında yazıb ki, “xarici şərtlərin təzyiqi altında prezident Vladimir Putin Ukraynanı azad etmək üçün hərbi əməliyyata başlamaq qərarına gəlib. Milli bolşevik hərəkatı Putinin prezidentliyə başladığı vaxtdan ona qarşı müxalifətdədir... amma biz qeyd-şərtsiz Rusiya ordusunu, əsgərlərimizi dəstəkləyirik”. Eyni şəkildə, “Male State” təşkilatının (bəzən özünü “Kişi legionu” kimi qələmə verən və zorakılığa təhrik etdiyinə görə qadağan edilmiş) Ukrayna əleyhinə mesajlar və “Z” simvolu ilə dolu “Telegram” kanalı var.

Rusiyanın “sistemsiz” müxalifətinin digər üzvləri açıq şəkildə müharibənin əleyhinədirlər. Qeydiyyatdan keçməmiş “Cəmiyyət-Gələcək” siyasi fraksiyasının lideri Roman Yuneman, Putinin fevralın 24-də “xüsusi hərbi əməliyyata” başladığını elan etdiyi gündən bəri Kremlin Ukraynaya yenidən müdaxiləsini tənqid edib. Rusiyanın məşhur sosial media saytı “VKontakte”də yazan Yuneman iddia edir: “Biz genişmiqyaslı hücuma başlamaq qərarını strateji səhv hesab edirik. Bu, hər cəhətdən çox baha başa gələcək bir səhvdir. Biz uzun müddətdir və ardıcıl olaraq deyirik ki, bu cür münaqişələr siyasi, iqtisadi və diplomatik vasitələrlə həll edilməlidir”. Yuneman həmçinin müharibənin təzyiqlərindən, o cümlədən psixoloji gərginlikdən əziyyət çəkən ruslara sosial və humanitar yardımlar təşkil edir və işğal olunmuş Donbasdakı insanlar üçün qanvermə aksiyaları keçirir.

Birləşmiş Ştatlar tərəfindən terror təşkilatı kimi tanınan Rusiya İmperator Hərəkatı (RİD) da Rusiyanın müharibə aparmasını tənqid edir. Ukrayna qüvvələrinin Rusiyanın Belqorod şəhərindəki yanacaq anbarlarını vurduğu iddia ediləndən sonra bəyanat yayan RİD, rəsmilərin sərhəd zonasında hərbi logistika şəbəkəsini qorumaq və genişləndirməkdə açıq-aşkar acizliyini tənqid edib.

Bir neçə radikal sağçı təşkilat tamamilə müharibəyə qarşıdır. Hətta iddialara görə “Yeni Skinxed” hərəkatı (özünü Milli Sosializm/Ağ Güc 2.0 kimi qələmə verir) məşhur rus tok-şousunun aparıcısı, Kreml təbliğatçısı Vladimir Solovyovu qaçırıb öldürmək üçün sui-qəsd təşkil edib. Təbii ki, müharibədə ilk itki həqiqət olur. Solovyovun oğurluğu və qətli ideyası hakimiyyət tərəfindən Rusiyanın milli təhlükəsizliyi üçün təhlükəli olan “neonasist” Ukrayna iddialarına məzmun vermək üçün uydurula bilərdi, lakin bütün bunlara baxmayaraq iddialar inandırıcı görsənir.

Əgər “Yeni Skinxed” üzvləri həqiqətən belə dramatik bir iş planlaşdırırdılarsa bu, onu deməyə əsas verir ki, radikal sağçılar arasında hələ də Rusiya irredentizminə qarşı daxili müqavimət var. Bu “çətir hərəkatı” həqiqətən də keçmişdə zorakılıq xarakterli anti-dövlət fəaliyyətlərində, məsələn, 2018-ci ildə Arxangelsk Federal Təhlükəsizlik Xidmətinin (FSB) ofisinin partladılması və ya bir sıra məktəb atışmalarında iştirak edib.

Hələlik bu hadisələrin hər hansı birində sağçı şəxslərin iştirakına dair sübutlar ən yaxşı halda spekulyativdir. Lakin bu cür məlumatlar Rusiya-Ukrayna müharibəsi sona çatdıqdan sonra daha tez üzə çıxa bilər və ya bundan əvvəl Rusiya cəmiyyətinin radikal üzvlərinin daha çox təqlidçi hücumlarını təşviq edə bilər. Rusiyada bəziləri artıq onilliklər əvvəl Əfqanıstan və Çeçen müharibələrindən sonra olduğu kimi, ölkənin müharibə veteranları evə qayıtmağa başlayanda onların cinayət və zorakılığın artmasına səbəb olacağından qorxurlar. Qəzəbli, fiziki və əqli cəhətdən zədələnmiş veteranların adi Rusiya cəmiyyətinə yenidən inteqrasiyası çətin olacaq və bəziləri ekstremist qruplara və ya hərəkatlara müraciət edə bilər. Əgər belədirsə, Kremlin Ukraynaya qarşı əsassız təcavüzü təkcə ukraynalılar arasında deyil, həm də rus əhalisi arasında daha çox Rusiya düşmənləri yetişdirir.
Strategyvision.org

Teq: Rusiya   Kremlin  


Oxşar məqalələr
Son əlavə olunanlar