Belarus prezidenti Qərblə ünsiyyətə necə açıqdır?

 Belarus prezidenti Qərblə ünsiyyətə necə açıqdır?
621     20:22     10 08 2022    
Belarus müxalifəti prezident Aleksandr Lukaşenkonun artıq Qərbə təklif edəcəyi heç nəyə malik olmadığı üçün diqqətə layiq olmadığında israr etsə də, müxalifət lideri və 2020-ci ildə prezidentliyə namizəd Svetlana Tixanovskayanın Avropa və ABŞ-ın güc dəhlizlərində gəzdiyi görünür. Bununla belə, Qərb jurnalistləri Lukaşenkodan müsahibələr almağa davam edir. Qeyd edək ki, mayın 5-də Lukaşenko “Associated Press” (AP) xəbər agentliyinin vitse-prezidenti Yan Fillipsə 1,5 saatlıq müsahibə verib.

Belarus prezidenti AP ilə söhbətində üç məsələyə toxunub. Birincisi, Belarus ordusunun Ukraynada müharibəyə girməyəcəyini ifadə edib. Fillips bu mövzuda sualı Belarusun müsahibə ərəfəsində döyüşə hazırlıq təlimləri elan etməsi ilə əlaqələndirib. Lukaşenka bu təlimləri ABŞ, Böyük Britaniya və digər Qərb silahlı kontingentlərinin Belarus sərhədləri yaxınlığında (bir il əvvəl 3000 hərbçidən indi 32.000-ə qədər) xeyli artmış hərbi mövcudluğuna və ölkəsinin cənub sərhədinin mühafizəsinin zərurətinə işarə etməklə əsaslandırıb. Ən azı müəyyən dərəcədə, Rusiya-Ukrayna müharibəsinə girməmək barədə tez-tez verilən vəd Lukaşenkonun Belarus və Rusiyanın “faktiki olaraq ümumi orduya malik olduğunu” etirafı ilə ziddiyyət təşkil edir, hələ fevral ayında Rusiya ilə “Müttəfiqlərin Qətiyyəti” birgə təlimlərini başa vurduqdan sonra bəzi rus bölmələri həqiqətən də Belarus ərazisindən Ukraynaya daxil olublar. Sonuncu məqamın əlavə təsdiqə ehtiyacı olmasa da, Lukaşenka indiyə qədər bu faktı şəxsən tanımaqdan çəkinmişdi. Yeri gəlmişkən, Pentaqonun mayın 5-də keçirdiyi mətbuat brifinqi ABŞ ordusunun Belarusun müharibəyə girmək üzrə olduğuna dair heç bir əlamət görmədiyini təsdiqləyib.

Müsahibədə qaldırılan ikinci vacib məsələ Lukaşenkonun Qərbin Ukraynaya kütləvi silah yardımından asılı olmayaraq, Rusiyanın davam edən müharibədən qalib çıxacağına əmin olması idi. Belarus lideri bunu iki dəfə xatırladıb və Vaşinqtonun Ukrayna prezidenti Zelenskiyə Rusiya ilə yenidən danışıqlara qoşulması şərtilə müharibənin bir həftə ərzində dayandırıla biləcəyini təkid edib. Lukaşenkonun fikrincə, ABŞ tərəfindən belə bir əmrin olmaması Ukraynanı lüzumsuz ölüm və dağıntılara məruz qoyur. Belarus liderinin sözlərinə görə, Vaşinqton Çinlə hesablaşmadan əvvəl Rusiyanı zəiflətmək üçün bu münaqişənin davam etdirilməsində maraqlıdır.

Üçüncü məsələs Lukaşenkonun ilkin gözləntilərinin əksinə olaraq, müharibənin həqiqətən də uzanması ilə bağlı fikri olub. Qərb mediasında Lukaşenkonun ən çox bu ifadələrinə diqqət yetirilib. Ertəsi gün Kremlin mətbuat katibi Dmitri Peskov cavab verib ki, hərbi əməliyyat planlaşdırıldığı kimi gedir.

Lukaşenko təkrarladı ki, Rusiya Ukraynada işini çox asanlıqla icra edir, daha “ciddi” olan, lakin nüvə olmayan silahlardan istifadə etməkdən çəkinir. Lukaşenko həmçinin etiraf edib ki, o, rusiyalı həmkarı Vladimir Putindən Ukraynaya Qərbin hərbi sursatlarının çatdırılmasının niyə daha qəti şəkildə əngəlləndiyini soruşub. Çox güman ki, Putin Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə baş-başa toqquşmaq istəmir.

“Müharibənin başqa səviyyəyə keçməmişdən əvvəl dayandırılması arzuolunan, mümkün və zəruridir”, - deyə o bildirib.

Müsahibədən cəmi bir gün sonra Vahid Rusiya Partiyasının rəsmisi Andrey Turçak bəyan etdi ki, “Rusiya Xerson vilayətinə əbədi olaraq gəlib”. Söz yox ki, Ukraynanın şərqindən fərqli olaraq, Xersonda separatçı fəaliyyət olmasa da, o, şimaldan Krıma bitişikdir və Ukraynanın 2014-cü ildə dayandırdığı Dnepr çayından Krımın şirin su təchizatına nəzarət edir.

Lukaşenko Putinlə münasibətlərini “iki dövlətin liderləri arasında mümkün olanın ən yaxşısı” adlandırıb. O, bəzən onunla Putin arasında yaranan gərginliyi xarakter xüsusiyyətləri ilə və iqtisadi qiymətlər baxımından Rusiya ilə Belarus arasında hələ də bərabər oyun şəraitinin olmaması ilə əlaqələndirib. Bunu nəzərə alaraq Lukaşenko Rusiyanın indi Belarusa neft və təbii qazı ABŞ dolları əvəzinə rus rublu ilə almasına icazə verməsindən məmnunluğunu ifadə edib.

Müsahibədə toxunulan digər məsələlər, o cümlədən iqtisadi sanksiyalar, ABŞ-ın 2020-ci ildə Belarusa qarşı sui-qəsd hazırlaması ittihamı, habelə Lukaşenkonun ABŞ-ın insan haqları, informasiya və dissident fikirlərini sıxışdırmaq cəhdləri yeni deyil. Onun Böyük Britaniya və Polşaya qarşı şifahi hücumları bir qədər yeni məzmun qazanır.

Bəs, dindar avtokrat olan Lukaşenko hələ də diqqətə layiqdirmi? Bu, açıq-aydın insanın perspektivindən asılıdır. Belarus cəmiyyətində bu və digər məsələlərdə fikir ayrılığı var və buna görə də Lukaşenko öz nüfuzunu qoruyub saxlayır. ABŞ-ın Belarusla münasibətlərinin ikililiyi də bu parçalanmanı təsirli şəkildə əks etdirir. Lukaşenkonun AP-yə müsahibəsindən bir neçə gün əvvəl Svetlana Tixanovskaya “Amerika siyasətçilərinə Lukaşenkonun müharibədə iştirakını sübut edən sənədləri, habelə Belarus hakimiyyətinin sanksiyalardan yayınmaq üçün istifadə etdiyi boşluqlar haqqında məlumatları təqdim edib”. Tixanovskayanın ofisi səfərin xülasəsinin birinci bəndində qeyd edir: “ABŞ Lukaşenko rejimini tanımır və onunla diplomatik və siyasi əlaqələri bərpa etmək niyyətində deyil”.

Bu ifadə çaşqın səslənir, çünki Vaşinqton və Minsk arasında diplomatik əlaqələr hələ də mövcuddur. ABŞ Minskdəki səfirliyinin fəaliyyətini dayandırdığı halda, Belarusun Vaşinqtondakı səfirliyi heç vaxt fəaliyyətini dayandırmadı. Nəticə etibarı ilə istisna etmək olmaz ki, Lukaşenkonun müsahibələrinin Qərb jurnalistləri tərəfindən belə qeyri-adi tezliklə tələb olunmasının əsas səbəbi Qərbin Minskdəki məhdud diplomatik mövcudluğunu faktiki olaraq kompensasiya etmək istəməsidir.
Strategyvision.org

Teq: Belarus   Qərb  


Oxşar məqalələr
Son əlavə olunanlar