Qlobal müdafiə xəcləri

Qlobal müdafiə xəcləri
294     08:24     26 09 2024    
Qlobal müdafiə xərcləri ilə bağlı bir çox düşüncə mərkəzləri illik hesabatlar hazırlayır. Bunlar arasında ən çox etibar edilənlər Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI), Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu, “Jane's” informasiya-analitik mərkəzidir.

SIPRI 2020-ci illə bağlı illik hesabatını hələ açıqlamayıb. Ötən ilin aprel ayında açıqladığı hesabatda qeyd olunurdu ki, qlobal hərbi xərclər 2019-cu ildə 1.9 trilyon ABŞ dollarına çatıb, bu 1988-ci ildən sonra qeydə alınan ən yüksək illik məbləğdir. 2019-cu ildə hərbi xərclər 2018-ci illə müqayisədə 3.6% artıb. 2019-cu ildə xərclərin 62 faizini beş ölkə - ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı təşkil edib.

Bu ilin mart ayında təşkilat 2016-2020-ci illəri əhatə edən silah tədarükləri ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, dünyanın ən böyük silah tədarükçülərindən üçü – ABŞ, Fransa və Almaniyanın silah ixracatı artıb, Çin və Rusiyada azalma müşahidə edilib. Dünya üzrə silah tədarükündə uzun müddətdən sonra artım qeydə alınmayıb. Pandemiyanın dünya iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, SIPRI silah tədarükündə yavaşlamanın davamlı olmayacağını bildirib.

Azalmaya baxmayaraq, 2020-ci ildə pandemiyanın ən yüksək olduğu dövrdə də bir neçə ölkə böyük silah müqavilələri imzalayıb. Silah idxalında ən böyük artım Yaxın Şərq ölkələrinin payına düşür, 2011-15 ilə müqayisədə 2016-2020-ci illərdə 25% artıb. Dünyanın ən böyük silah idxalçısı olan Səudiyyə Ərəbistanı silah idxalını 61%, Qətər 361% artırıb.

2016-2020-ci illərdə Azərbaycan və Ermənistanın silah idxalı dünyada silah tədarükünün müvafiq olaraq 0.7 və 0.3 faizini təşkil edib. Türkiyənin xarici ölkələrə silah ixracı son 5 ildə 2011-2015-ci illəri əhatə edən dövrlə müqayisədə 30% artıb. Hesabata görə, 2016-2020-ci illər arasında Türkiyənin dünya silah idxalındakı payı 1,5%, ixracat payı isə 0,7% olub.

“Jane's” informasiya-analitik mərkəzinin yanvar ayında açıqladığı hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal müdafiə xərcləri 2019-cu ilə nisbətən 1,9% artaraq 1,93 trilyon ABŞ dolları təşkil edib. Hərbi qurumların ehtiyacları üçün çəkilən xərclərdə ardıcıl yeddinci ildir artım qeydə alınıb. Hələ 2010-cu ildə belə xərclər 1,75 trilyon ABŞ dolları idi.

Ekspertlər yaxın illərdə koronavirus pandemiyasının təsiri altında artımın yavaşlayacağını, təsirin xüsusən 2022-ci ildə nəzərə çarpacağını, ancaq 2030-cu ilə qədər xərclərin 2,23 trilyona çatacağını gözləyirlər.

2020-ci ildə Avropa müdafiə xərclərini digər bölgələrə nisbətən daha çox artırıb - 5,6%. Ancaq mütləq rəqəmlərdə vəsaitlərin 40%-ni özündə cəmləyən Şimali Amerika şəksiz liderdir. Ardınca Asiya-Sakit okean regionu (28%) və Qərbi Avropa (15%) ölkələri gəlir. Rusiya və MDB ölkələri qlobal müdafiə xərclərinin cəmi 2%-ni (2010-cu ildə 3%) əhatə edir, Şərqi Avropada da eyni göstəricidir. Yaxın Şərq və Şimali Afrikanın payı 9%, Latın Amerikasınınkı isə 3%-dir. Afrikanın Böyük Səhranın cənubundakı hissəsinin payı cəmi 1% təşkil edir. 2030-cu ildə balans Asiya-Sakit okean regionunun xeyrinə əhəmiyyətli dərəcədə dəyişəcək. Bu bölgə ümumi müdafiə xərclərinin 37%-ni özündə birləşdirəcəksə, Şimali Amerikanın payı 33% təşkil edəcək.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun fevral ayında açıqladığı rəqəmlərə görə, 2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrana baxmayaraq, dünyada müdafiə məsrəfləri 3,9 faiz artaraq 1,83 trilyon ABŞ dolları təşkil edib. Hesabatda qeyd olunur ki, müdafiə xərcləri qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2.08%-ni təşkil edib.

2019-cu ildəki bu rəqəm 1.85% olub. Həmin məbləğin 40 faizi, yəni 738 milyard dolları ABŞ-ın payına düşür. Bu artımın üçdə ikisi iki ölkənin payına düşür. Belə ki, ABŞ-da müdafiə məsrəfləri 6,3 faiz, Çində isə 2019-cu ildəki 5,9 faizə qarşı hesabat ilində 5,2 faiz artıb. Həmçinin Çin hərbi donanmasına yönələn məsrəflər də dünyada, xüsusilə Asiyada müdafiə məsrəflərinin artmasına təsir göstərib. Avropada isə artım 2 faiz təşkil edib. Qarşıdakı dövrdə ABŞ müdafiə büdcəsinin sabitləşməsi, Asiya-Sakit okean regionu ölkələrində isə artımın səngiməsi baş verə bilər, hətta Avropada artımın davam edəcəyi təqdirdə belə 2021-ci ilin yekununda dünyada müdafiə məsrəflərinin artımı zəifləyə bilər. Qeyd edək ki, 2019-cu ildə dünyada müdafiə məsrəfləri rekord hədd olan 4 faizlik artım göstərib.

Asiya bazarları

Çindən başqa Tailand, Cənubi Koreya və İndoneziya da daxil olmaqla bir çox Asiya ölkəsi pandemiya ilə mübarizəni  maliyyələşdirmək üçün müdafiə büdcələrində qismən azalmalar edib. Əksər hallarda əvvəlki ilin xərclərinə edilən faktiki azalmalardansa, planlaşdırılmış artım azaldılılıb. Buna baxmayaraq bölgənin ümumi qlobal müdafiə xərclərindəki payı 2020-ci ildə 25%-ə çatıb. 2010-cu ildə bu qərəm 17.8%, 2015-ci ildə 23.2% olub. Çinin büdcəsinin daha yavaş sürətlə də olsa böyüməyə davam edəcəyi gözlənilir, çünki iqtisadiyyatı inkişaf etmiş bazarlarda daralmalara məruz qalmadı. Uzunmüddətli perspektivdə bölgənin pandemiya ilə nisbətən təsirli mübarizəsi onu qlobal miqyasda daha güclü iqtisadi mərkəzə çevirir və müdafiə xərclərində davamlı artımlar təmin edir.

Yaxın Şərq bazarları

Neft qiymətlərinin azalmasına görə, Yaxın Şərq və Şimali Afrika regionunda bu il də ümumi müdafiə xərcləri azalaraq 150 ​​milyard ABŞ dollarına (təhlükəsizlik xərcləri xaric) düşüb. Regionun qlobal müdafiə xərclərindəki payı 8.9%-dir. Müqayisə üçün qeyd etmək olar ki, 2017-ci ildə regionun qlobal büdcədəki payı 10.5% idi.  Neftdən asılı olan digər ölkələrdə də azalmalar müşahidə edilib.

Avropanın müdafiə xərcləri

Avropanın ümumi müdafiə xərcləri 2020-ci ildə 2% artıb. Amma regionun qlobal müdafiə xərclərindəki payı 2020-ci ildə 2019-cu ildəki 17,8% -dən azalaraq 17,5% -ə düşüb. NATO ölkələrinin müdafiə xərclərinin ÜDM-yə nisbətində artım müşahidə edilib. Belə ki, Alyansın üzvlərinin müdafiə xərcləri 2014-cü ildə ümumi ÜDM-nin 1,25% -ni, 2019-cu ildə 1,52%-ni və 2020-ci ildə isə 1,64%-ni təşkil edib.

Avropa müdafiə xərclərindəki qısamüddətli böyümə Asiyanın müdafiə xərcləri böyüməsinin yavaşlamasını və ABŞ müdafiə büdcəsini sabitləməyi təmin edə bilməz. Beləliklə, 2021-ci ildə müdafiə büdcəsində artım tempi yavaşlayacaq. Pandemiya inkişaf etdikcə, hökumətlər 2020-ci ildə qəbul edilmiş və 2021-ci ilə qədər davam edən geniş iqtisadi yardım proqramlarının yaratdığı maliyyə təzyiqlərinə reaksiya göstərdikcə, 2022-ci ildən etibarən müdafiə sahəsində müqavilələr bağlamağa başlaya bilərlər.
Strategyvision.org

Teq: QMSB   Müdafiə-sənayesi-bazarı  


Oxşar məqalələr
Son əlavə olunanlar