10 tona yaxın zənginləşdirilməmiş uran harada atıldı?| Yeni Nəsil Müharibələrdə ən fəlakətli taktika - Ekoloji Müharibə

   10 tona yaxın zənginləşdirilməmiş uran harada atıldı?|  Yeni Nəsil Müharibələrdə ən fəlakətli taktika -  Ekoloji Müharibə
1307     15:27     19 08 2021    
XX əsrdən etibarən və artıq bu günümüzdə bizi müharibələrin sayı deyil, müharibələrin növlərinin sayı təəccübləndirir. Hibrid, kiber, iqtisadi, ekoloji və s.

Bir çoxu barədə son zamanlar kifayət qədər yazılara rast gəlmək olar. Ancaq ekoloji savaşlarla bağlı bir qədər məlumat azlığı mövcuddur. Ekoloji müharibəyə diqqəti dünyada son zamanlar baş verən çox saylı hadisələr yönəldir. Demək olar hər qitədə baş verən meşə yanğınları, içməli su qıtlığı, sel və daşqınlar və bütün bunların fonunda BMT-in son həyacan təbili intensiv xarakter alıb. Artıq ekoloji fəlakətlə bağlı olan son xəbərdarlığı Avropa İttifaqı ciddi qəbul edir.


Son nümunələrdən biri kimi Türkiyədə baş verən meşə yanğınlarını çəkə bilərik. Azərbaycanın da yanğının söndürülməsində aktiv iştirakı onu göstərir ki, adi müharibələrdə olduğu kimi, bu tip “müharibələr”də də ölkələrin müttəfiqlərə ehtiyacı var. Ekoloji müharibəni ekoloji terrorla səhv salmaq lazım deyil. Ancaq Türkiyədə baş verənlərin səbəblərindən tərəddüdlü anlar böyük suallar doğurur. Düzdür, hadisə ilə bağlı saxlanılanlar oldu, özünü PKK-ın bir qolu adlandıran terrorçu dəstə tərəfindən etiraf videoları ortaya çıxdı, ancaq ekoloji müharibədə bir çox hallarda əsl düşmənlər son ana kimi üzə çıxmaya bilərlər. İkinci hal isə daxili siyasətlə (xarici də ola bilər) bağlıdır. Yanğınların lokasiyasının genişlənməsinə səbəb digər amil də ola bilər. Hadisənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın reytinqinə mənfi təsir etdiyini görüb, yanğınların bilinməyən qüvvələr tərəfindən daha da genişləndirilməsi cəhdləri də istisna olmamalıdır.

Kütləvi İnformasiya Vasitələrinə nəzər yetirdikdə bir mənzərə formalaşır – ağaclar ya yanır, ya kəsilir. Son nümunələrdən biri elə Azərbayanla da bağlıdır: meşələrdə bir neçə ayrı-ayrı yerlərdə başlayan yanğınlar, meşə ərazisinin kəsilməsi ilə bağlı qalmaqal, Azərbaycan və Gürcüstanda eyni anda Eldar şam ağclarında aşkarlanan və əksər hallarda onların kəsilməsinə səbəb olar yeni göbələk növü.


Azərbaycan da ekoloji terrorun (daha çox müharibənin) qurbanları siyahısındadır. İllərdir Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin nəticələri Azərbaycanın torpaqlarını azad etməsindən sonra daha da aydın göründü. Çox saylı ərazilərin illərdir istifadəsiz qalması, elə həmin ərazilərdə minaların basdırılması şoranlaşmaya səbəb oldu. Çay sularına qəsdən zəhərli maddələrin buraxılması isə bu gün də davam edir.

Son zamanlar dünyada baş verən ekoloji fəlakətlər konspiroloji nəzəriyyələrə də bağlanır. Onların arasında ən məşhuru ağacların sıradan çıxarılması, təbii oksigen mənbələrini zədələmək, onları süni ağaclarla əvəzləyib dünyanı asılı duruma salmaqdır (bütün bunlar təbii ki, ödəniş tələb edəcək).

Hələlik konspirologiyanı kənara qoyub, ekoloji müharibənin əsl mahiyyətini nəzərdən keçirək. İlk olaraq ekoloji müharibənin tərifindən başlayaq.

Düşmənə onun təbii yaşayış mühitinə (havanın, suyun, torpağın çirkləndirilməsi, flora və faunanın məhvi) təsir etməklə vurulan ziyana ekoloji savaş deyilir. 1977-ci ildə BMT-də təbii ətraf mühitə hərbi və ya hər hansı düşmənçilik məqsədilə təsir etməyi qadağan edən Konvensiya qəbul olunub.

Ekoloji müharibənin nəticəsi bəşəriyyətin varlığını təhdid edə biləcək bir ekoloji fəlakətdir. Bu istiqamətdə praktiki nümunələrə Cənubi Vyetnam, Yuqoslaviya və Küveytdə rast gəlinib.


Demək olar ki, bütün böyük müharibələrin ekoloji nəticələri olur. Düşmənin iqtisadi potensialını pozmağın və onun döyüş effektivliyini azaltmağın təsirli yolu, hərbi əməliyyatlar zamanı biosferin elementlərinə və ya texnogen obyektlərə təsir göstərməkdir. Ekoloji müharibə metodlarını qiymətləndirmək üçün, ilk növbədə, səbəbləri, vasitələri, üsulları, təbii qaynaqları və obyektlərlə bağlılıq baxımından nəticələri analiz etmək gərəkdir.

“Ekoloji müharibəni” tərif etmək üçün ənənəvi olaraq ədəbiyyatda bir neçə açıqlamalara rast gəlinir:

- təbii fəlakətlərə, hava və iqlim dəyişikliklərinə, ozon dəliklərinə, ekosistemlərin dağılmasına, həmçinin əhalinin fiziki və zehni sağlamlığının pozulmasına səbəb olan “qeyri-hərbi” vasitələrlə biosferin və kosmosun müəyyən sahələrinə məqsədyönlü texnogen təsir;
- insan həyatı üçün əlverişsiz şərait yaratmaq üçün təbii mühitə qəsdən təsir - düşmən qoşunlarının, texnikasının və silahlarının yaşayış yerlərinin məhv edilməsi, iqtisadi potensialın pozulması, psixoloji, siyasi təzyiq və s.;
- düşmənin yaşayış mühitinə təsir edərək ziyan vurmaq: havanın, suyun, torpağın çirkləndirilməsi və ya yoluxdurulması, flora və faunanın məhv edilməsi.


Elm adamlarının ekoloji müharibə probleminə marağı təbii amillərin dövlətlərin iqtisadi gücünə əhəmiyyətli təsiri ilə müəyyən edilir. Ekologiya silahlı mübarizənin forma və üsullarının inkişafına, hərbi əməliyyatların xarakterinə birbaşa, həlledici olmasa da, təsir göstərir.

Hərbi məqsədlər üçün ətraf mühitə aktiv təsir texnologiyasının kifayət qədər inkişaf etdiyi ölkələr, bu cür texnologiyaları inkişaf etdirməyən, həmçinin nəzarət və əks vasitələr yaratmayan dövlətlərə münasibətdə “ekoloji şantaj” siyasəti həyata keçirə bilərlər.


Müasir dünyada ətraf mühitə hərbi məqsədlərlə aktiv təsir etmək üçün bir çox üsullar var. Ozon təbəqəsinin süni dağıdılması, bulud və dumanların dağıdılması və əmələ gətirilməsi, zəlzələlərə təsir, sunami dağlarının əmələ gətirilməsi, radioaktiv maddələrin ötürülməsi üçün hava axınlarından istifadə bu üsullar arasındadır. Bu üsulların hər biri təkcə silahlı münaqişə iştirakçıları üçün deyil, digər dövlətlər üçün də təhlükəlidir. Məsələn, təbii mühitə təsir edən bu cür üsulları araşdıran amerikalı alimlər müəyyən ediblər ki, ABŞ-da yağıntıların 12,5 % artmasının müşaiyəti ilə orta illik temperaturun 1 dərəcə enməsi əhali arasında xəstəliklərin artmasına və 100 mlrd. dollardan çox iqtisadi itkiyə gətirib çıxara bilər. Bu hələ bir il üçün əldə olunan nəticədir. Analoji dəyişikliklər əsas taxıl istehsalçısı olan ölkələrdə (ABŞ, Argentina, Avstraliya, Kanada, Fransa) buğda məhsuldarlığının 15-17 % azalmasına səbəb olacaq. Rusiyada isə coğrafi mövqeyi və iqlimi nəzərə alaraq bu 20-37 % ola bilər.

Ekoloji müharibənin bəşəriyyət üçün müasir qlobal ekoloji problemlərə aid olması bir sıra səbəblərdən qaynaqlanır:

1) Ekoloji müharibə ilə ənənəvi müharibə arasındakı fərq, strateji əməliyyatların həyata keçirilməsini maksimum dərəcədə asanlaşdırmaq üçün düşmənin ərazisindəki təbii mühitin tamamilə məhv edilməsi və ya ekoloji sistemin lokal şəkildə məhv edilməsinə yönəlmiş xüsusi hazırlanmış proqramların (əməliyyatların) həyata keçirilməsidir. Hind-Çində olan müharibə zamanı “Ranch Hand” (“Əkinçi əli”) əməliyyatı buna sübutdur. Əməliyyat zamanı hədəf kimi hərbi obyektlər və silahlı qüvvələr deyil, tropik ekoloji sistemlər seçilmişdi.



2) Ekoloji müharibənin nəticələri son dərəcə ağırdır və bir çox dövlətlərin ekoloji maraqlarına təsir edə bilər. Məsələn Vyetnamın cənubunda İkinci Hind-Çin müharibəsi zamanı (1962-1975-ci illər) ABŞ ordusu məqsədyönlü şəkildə heyvan və bitki mühitini genişmiqyaslı məhv edirdi. Bu hərb tarixində bir ilk idi. Belə ki, ilk dəfə idi ki, müharibə tərəflərindən biri ətraf mühitin tam məhvinə köklənmişdi. Məlumatlara görə Cənubi Vyetnamın 50 faizinə, Laos və Kambocanın bəzi rayonlarına zəhərli kimyəvi maddələr səpilmişdi. Əkin sahələrinin 43 faizi və kokos palmalarının əkin yerlərinin 70 faizi məhv edildi. Cənubi Vyetnamın meşə sahələrinin 44 faizi, düyü əkini üçün olan 13000 km2 ərazi zədələndi. Əhalinin 2 milyonu həlak oldu və ya yaralandı, 60 min amerikan əsgəri zəhərləndi.

“Ranch Hand”in Hind-Çinə vurduğu ziyanı analiz edərkən, məlum olur ki, əsas ziyan yarımadanın ekoloji sisteminə vurulub (kənd təsərrüfatı plantasiyaları, manqro meşələri, tropik meşələr). Nəticədə, torpağın deqradasiya prosesi sürətləndi və eroziyaya məruz qaldı. Hind-Çinin və Cənubi Vyetnamın heyvanlar aləmində də dəyişikliklər baş verdi.

Küveytdəki ekoloji müharibənin həcmi daha da böyük oldu. Bir neçə gün ərzində NATO qüvvələri tərəfindən İraqa 84-88 min bomba atıldı, onların çəkisi İkinci Dünya müharibəsi zamanı müttəfiq ölkələrin bombalarının tonnajını ötürdü. Cavab olaraq İraq Küveytin neft mədənlərini yandırırdı (Küveytin il ərzində əldə etdiyi həcmdən 4 dəfə artıq neft məhv edildi). Peyk müşahidələrinin nəticələrinə görə, 100 metr hündürlüklü yanğınlar havanı zəhərli qazlarla zəhərləyirdi. Fars körfəzinə axıdılan 7 mln. ton neft qrunt sularına keçdi. Yarım milyonluq ABŞ ordusunun 30 min əsgəri bilinməyən xəstəliyə yoluxdu. İndi onların övladları patoloji deformasiya və Daun sindromlu doğulurlar. NATO-nun “Səhrada tufan” əməliyyatının fəlakətli nəticələrindən doğan metereoloji kataklizmlər Şimali Qafqaza qədər gəlib çıxdı.

3) Ekoloji müharibənin nəticəsi insan varlığını təhlükəyə atan bir ekoloji fəlakətdir. Ümumiyyətlə, ekoloji fəlakət, ətraf mühitə və insanlara kifayət qədər böyük bir əraziyə yayılan uzunmüddətli (çox vaxt geri dönməz) mənfi təsir göstərən təbii və ya insanın səbəb olduğu fəlakətlər kimi başa düşülür.

Ekoloji sistemə, hətta məhdud vasitələrdən istifadə etməklə təsir göstərmək cəhdləri belə fəlakətə yol aça bilər.


1999-cu ildə Yuqoslaviya ilə münaqişə zamanı müasir Avropada görünməmiş bir humanitar, sonradan ekolojiyə çevrilən bir fəlakət baş verdi. Bombardman zamanı Yuqoslaviyaya 10 tona yaxın zənginləşdirilməmiş uran atıldı, ölkənin təbii biogeoekosistemi dağıdıldı.

4) Ekoloji müharibənin aparılma üsullarına növbətilər daxil ola bilər: flora və faunanın fiziki məhvi, bioloji, kimyəvi və fiziki təbiyətli agentlər tərəfindən ətraf mühitin yoluxdurulması, ekoloji cəhətdən təhlükəli obyektlərin hədəfə alınması ilə texnogen fəlakətlərin əmələ gətirilməsi, təbii fəlakətlərin yaranması üçün biosferə təsir edilməsi. Ekoloji müharibə zamanı ətraf mühiti məhv etmək və tək bunun üçün nəzərdə tutulan xüsusi vasitələrdən deyil, daha əvvəl başqa təyinatı olan silahlanma sistemlərindən istifadə olunur ( kütləvi qırğın silahları, silahların adi növləri, ölümcül olmayan silahlar və s.). İstifadə olunan silahlar ətraf mühitə zərərli təsirin effektivliyini artıran kompleks xarakterə malikdirlər.

Məsələn, İkinci Hind-Çin müharibəsi zamanı ətraf mühit üçün dağıdıcı effekt yaradan “xalçalı bombardman” metodu tətbiq edildi. 65 hektar ərazidə bitki və heyvanları məhv edən bu metod bir təyyarədən 93 bomba atmaqla həyata keçirilirdi. Beləliklə, Cənubi Vyetnam ərazisinin 26 faizi məhv edildi. 1967-ci ilin ortalarından helikopter və təyyarələrin eniş zolaqlarını yaratmaq üçün cəngəlliklərdə vakuum bombalarından istifadə olundu. Həmçinin məlumdur ki, hava şəraitinin modifikasiyası üçün xüsusi proqramlar hazırlanıb. Buludlarda kimyəvi reagentlərdən istifadə etməklə döyüş bölgələrində leysan yağdırırdılar. Vyetnamın sahil zonasında tayfun və daşqınları stimullaşdırmaq cəhdləri də qeydə alınıb.


Zərər görən ağacların çürüməsi və torpağın eroziyası ekoloji durumu daha da pisləşdirdi. “RH” əməliyyatı zamanı tropik meşələrin faunasının növ tərkibi demək olar tamamilə dəyişdi: kiçik məməlilərin populasiyası gəmiricilərlə əvəz olundu, iri məməlilər isə tam yox oldu.

Cənubi Vyetnam ərazisinin 30 faizinə fitotoksik respeturaların səpilməsi manqro və tropik meşələrdə 60-90 % ağacların məhv olmasına səbəb oldu.

Bərpa prosesi, demək olar ki, mümkünsüz oldu. Zərər görən ərazilərdə bambuk meşələri və fil otunun bitməsi meşə ekosisteminin bərpasına mane oldu.

İntensiv bombardmandan sonda əmələ gələn çuxurlarda suyun yığılması malyariya ağcaqanadlarının əmələ gəlməsinə və tropik malyariyanın yayılmasına səbəb oldu.

Beləliklə, ekoloji müharibə bəşəriyyətə qarşı əsas müasir qlobal ekoloji problemlər siyahısında ilk sıralardadır.
Strategyvision.org
Oxşar məqalələr
Son əlavə olunanlar