İnformasiya müharibəsinin əsasını təşkil edən psixoloji təsir və onun vasitələri - II YAZI

 İnformasiya müharibəsinin əsasını təşkil edən psixoloji təsir və onun vasitələri -  II YAZI
2225     14:48     03 08 2021    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

İnformasiya müharibəsi zamanı psixoloji təsir vasitələrindən istifadə bir tərəfdən mövcud informasiya sistemini dağıtmağa, digər tərəfdən isə onu başqa informasiya-kommunikasiya sistemi ilə əvəz etməyə imkan verir. Bununla da cəmiyyətin maraqları qarşı tərəfin maraqlarına tabe etdirilir. Bir çox insan hələ də müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən gələn, əsasən də siyasi məqsədlərə xidmət edən gizli informasiya-psixoloji təhlükələri tam anlamır, onlara laqeyd yanaşır.


XX əsrin ikinci yarısından bu günə qədər baş verən konfliktlərin araşdırılması göstərir ki, münaqişələrin həllində silahlı qüvvənin və informasiya-psixoloji təsirin tətbiqinə meyllər artıb. İnsana elə gəlir ki, o, istədiyi şey haqqında düşünür və düşündüyü kimi də hərəkət edir. Əslində isə onun həyatı daima qəbul edilən daxili və xarici informasiyanın təsiri altındadır. Məhz bu mənada yeni və daha müasir silah növündən – informasiyadan söhbət gedir. Hər şeydən əvvəl digər sosial subyektlər tərəfindən əvvəldən planlaşdırılmış fəaliyyətin insan tərəfindən özünə lazım olan fəaliyyət kimi həyata keçirməsinə səbəb olan xüsusi məlumatlar seçilməlidir. Adətən belə vəziyyətdə insan bilavasitə real situasiyadan deyil, ictimai mühitin təsiri və şəxsi təcrübəsinə əsaslanan, şüuraltı ona təlqin olunmuş amillərin təsiri ilə hərəkət edir. Bu “sistemi” dərindən bilməklə insanların növbəti hərəkətlərini proqnozlaşdırmaq və beləliklə də arzuolunan davranışın meydana gəlməsinə nail olmaq mümkündür. İnsanın “arzuolunan” davranışının reallaşması üçün yaradılan proqram dərhal, birbaşa, məqsədini aydın ifadə edməklə deyil, tədricən və sistemli olaraq, müəyyən vaxtda və müəyyən yerdə onun psixologiyasına, ilk növbədə emosional və zəifləmiş psixoloji vəziyyətində tətbiq olunur.

İctimai informasiya mühitinə həm xarici, həm də daxili təhlükə yaradan amillərin mövcudluğunu nəzərə almaq lazımdır. Xarici təhlükələrə bəzi dövlətlərin dünya informasiya mühitində üstünlüyü ələ almaq, sərhədyanı dövlətlərin informasiya mühitinə daxilolma cəhdlərini və öz dini, ideoloji məqsədlərini yaymasını, Azərbaycan dilinin, ənənələrinin, milli-mənəvi sərvətlərinin əleyhinə yönəlmiş işlərin aparılmasını hesab etmək olar. Daxili informasiya təhlükəsizliyinə isə vətəndaş cəmiyyətində və hüquqi dövlətdə yaşamanın tarixi, siyasi və ictimai ənənələrinin yeni yaranmasını, vətəndaşların informasiya mühitində qarşılaşdığı çətinlikləri, cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi dəyərlərə qarşı cəhdləri və s. aid etmək olar.


İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifələrinə aşağıdakıları aid etmək məqsədəuyğundur:

• İnformasiya sahəsində cəmiyyətin və dövlətin həyati vacib maraqlarının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, informasiya təhlükəsizliyinə təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi;
• İnformasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərinin hazırlanması, bu siyasətin və mexanizmlərin həyata keçirilməsi üçün kompleks tədbirlərin işlənməsi;
• Normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
• İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində, dövlət hakimiyyəti orqanlarının, mülkiyyət formalarından asılı olmayaraq, müəssisə, idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;
• Bu təhlükələrin nəticələrinin aradan qaldırılması və informasiya təhlükəsizliyinə təhdidlərin neytrallaşdırılması və qarşısının alınmasının forma, metod və vasitələrinin təkmilləşdirilməsi, bu təzahürlərin nəticələrinin aradan qaldırılması;
• Qlobal informasiya şəbəkələrinin yaradılması və istifadəsi proseslərində fəal iştirak üçün şəraitin təmin edilməsi.


Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq, informasiya təhlükəsizliyinin hüquqi təminatı bazasının formalaşması, müxtəlif səviyyələrdə onun həyata keçirilməsi mexanizmlərinin yaradılması üzrə dövlət hakimiyyəti orqanlarında və təşkilatlarında işlər davam etməkdədir.


Son illərin təcrübəsi göstərir ki, mənfi informasiya-psixoloji təsirə qarşı ən həssas sahə mənəvi və dini mühitdir. Ölkənin sosial-siyasi və iqtisadi həyatında baş verən hadisələr barədə əhalinin məlumatlandırılması və ictimai rəyin formalaşdırılması sistemi əhalinin müxtəlif qruplarının, regionların ictimai şüur və siyasi oriyentasiyasına görə ciddi təhlükələrə məruz qalır. Ona görə də bu sahədə təhdidlərin neytrallaşdırılması və qarşısının alınması bizim çoxmillətli ölkənin mədəni və tarixi ənənələri nəzərə alınmaqla həllini tələb edir.

Yalnız bu halda onların təhlükəlilik dərəcəsini müəyyən etmək, xidməti-döyüş vəzifələrinin həlli üçün ən əlverişli şəraitin yaradılması, komandanlığın, qərargahların, tərbiyəvi iş üzrə qurumların şəxsi heyətin müdafiəsi üçün fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək, konkret region üçün real təhlükələri qiymətləndirmək mümkündür.

İndi isə informasiya müharibəsinin əsasını təşkil edən psixoloji təsir və onun vasitələri, həmçinin, şəxsi heyətin bu sahədə mühafizəsi üçün zəruri olan hallara nəzər salaq.

İnsanların davranış və düşüncə tərzinə təsir üsulları daha da mükəmməlləşib, elə buna görə də onun təsiri daha da artıb. Amma məqsəd dəyişməyib – öz məqsədlərinə çatmaq üçün müxtəlif üsullar və vasitələrlə informasiya müharibəsinin obyekti olan müəyyən insan qruplarının fikir, hiss və münasibətlərinin, son nəticədə isə davranışlarının dəyişilməsinə nail olmaq.

Hazırda əhaliyə və qoşunlara qarşı tətbiq edilən bütün kompleks informasiya-psixoloji təsir tədbirləri “psixoloji əməliyyatlar” termini ilə ifadə edilir.


“Psixoloji əməliyyatlar” (“psixoloji müharibə” əvəzinə) termini silahdan daha səmərəli (effektli) olan, hərbi güc tətbiqindən ümumiyyətlə imtina etməyə şərait yaradan, təsirin müstəqil növü hesab olunur. NATO ordularında psixoloji əməliyyatların təşkili göstərişlərlə, nizamnamələrlə və təlimatlarla tənzimlənir.

NATO-nun rəhbəredci sənədlərinə əsasən psixoloji əməliyyat – sülh və müharibə dövründə, müəyyən siyasi və hərbi məqsədlərini həyata keçirmək üçün, düşmənin, dost və neytral auditoriyanın davranışlarına və baxışlarına təsir göstərmək üçün planlaşdırılmış psixoloji fəaliyyətdir.

Burada psixoloji əməliyyatlar – xarici hökumətlərin, təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin hərəkətlərinə təsir etmək məqsədilə onların emosiyalarına, motivlərinə, obyektiv mülahizələrinə təsir göstərməklə, nəticədə onların vasitəsilə xarici auditoriyalara seçilmiş informasiya və istiqamətlərin verilməsi üzrə əməliyyatların planlaşdırılması kimi müəyyən edilib.

Psixoloji əməliyyatlar strateji, operativ və taktiki olmaqla üç yerə bölünür. Strateji – hərbi əməliyyatların aparılması üçün əlverişli şəraitin yaradılması naminə, uzunmüddətli məqsədlərə nail olmaq üçün qlobal miqyasda aparılır. Operativ – əməliyyatlar müəyyən regionlarda həyata keçirilir və hərbi kampaniyaların və ya iri hərbi əməliyyatların dəstəklənməsi üzrə ortamüddətli məqsədlər güdür. Taktiki – əməliyyatlar qısa müddətı əhatə edir və qoşunların taktiki döyüş qrupunun döyüş fəaliyyətinin icrası üçün nəzərdə tutulur. Bütün bu kompleks əməliyyatlar komandirlərin qərarları əsasında sülh və müharibə dövründə həyata keçirilir.

İnformasiya müharibəsinin çərçivəsində aparılan psixoloji əməliyyatların vəzifələrinə daxildir:

- düşmənin rabitə, kəşfiyyat və idarəetmə sistemlərinə qədər diskret məlumatların çatdırılması;
- düşmən komandanlığında və informasiya-kəşfiyyat sistemlərində yanlış təsəvvür yaratmaq və yanlış əməliyyat məlumatı formalaşdırmaq üçün, mövcud operativ şəraiti gizlətmək (maskalamaq) və dezinformasiya yaymaq;
- qoşunların döyüş qüdrəti, niyyəti və məqsədi barədə xarici əhalinin məlumatlandırılması, hərbi əməliyyatlar zamanı dinc əhali arasında itkilərin azalması və mülki obyektlərə dəyən ziyanın minimuma endirilməsi;
- öz qoşunlarının döyüş qüdrətinin nümayişinin yüksəldilməsi, texnoloji üstünlük imicinin güclənməsi, əsir düşməsi üçün düşmənə çağırışlar.
- qoşunlara qarşı düşmənin təbliğat və dezinformasiya kampaniyalarının səmərəliliyinin aşağı salınması, bu hücumları təşkil edən mənbələrin, kütləvi informasiya vasitələrinin nüfuzdan salınması.



Silahlı hücuma hazırlıq zamanı keçirilən psixoloji əməliyyatların əsas vəzifələri aşağıdakılar hesab edilir:

- hərbi müdaxilənin zəruriliyi haqqında düzgün ictimai rəy yaradılması;
- düşmənin və onun müttəfiqlərinin hərbi-siyasi rəhbərliyinə təsir etməklə, onları müharibəyə başlamaqdan imtina etməyə və ya etməməyə məcbur etmək;
- ölkə rəhbərliyinə inamın sarsıdılmasına nail olmaq;
- qarşı tərəfin ölkə rəhbərliyinə qarşı gizli mübarizə aparan qüvvələri ilə qarşılıqlı fəaliyyət;
- dost ölkələrin əhalisinə təsir;
- neytral ölkələrin əhalisinin xeyirxah münasibətlərinin inkişafına yardım;
- düşmən ordusunun şəxsi heyəti arasında narahatlıq və inamsızlıq mühitinin yaradılması, onun mənəvi ruhunun pozulması, döyüş qabiliyyətinin azalması;
- düşmənin zəif yerlərinin müəyyənləşdirilməsi üzrə analitik işin aparılması.


İnformasiya-psixoloji təsirin səmərəliliyinin bariz nümunəsi 1990-1991-ci illərdə Fars körfəzi zonasında hərbi münaqişədir. Çoxmillətli qüvvələr psixoloji əməliyyatların aparılması üçün informasiya-texniki baxımdan çox yüksək səviyyədə təchiz edilib. Onların istifadəsində istənilən qədər mobil və stasionar texniki vasitələr var idi. Bu zaman Amerika kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara böyük üstünlük verilirdi. Məsələn, “Si-En-En” xəbərlər xidmətinin verilişləri 90-dən çox ölkədə yayımlanırdı. Qərb radiostansiyalarının proqramlarının davamlı qəbulu üçün İran, Küveyt və Səudiyyə Ərəbistanı ərazilərində böyük gücə malik ötürücülər quraşdırılmışdı. Onların vasitəsilə “Amerikanın səsi” radiosunun ərəb dilində fasiləsiz verilişləri aparılırdı, bu verilişləri ABŞ-ın 4-cü psixoloji əməliyyatlar qrupunun mütəxəssisləri hazırlayırdılar.


İraqda əvvəlcədən dalğaları təyin olunmuş təxminən 50 min tranzistor radioqəbulediciləri paylanmışdı, çoxmillətli qüvvələrin psixoloji əməliyyatlar bölmələri bu radiostansiyalarda yayımlar aparırdılar. Çap məhsulları, ilk növbədə vərəqələr geniş tətbiq edilirdi. İnformasiya təsiri bütün vəsaitlərlə çoxmillətli qüvvələrin məğlubedilməzliyi haqqında ideyanı və müqavimətin mənasızlığını təlqin edirdi. Eyni zamanda, çoxmillətli qüvvələrin hücumunun başlama vaxtı ilə bağlı düşmənə müntəzəm olaraq dezinformasiyalar ötürülürdü. Bu informasiya-psixoloji kampaniyanın nəticəsində İraq ordusunun şəxsi heyətinin 40-60 faizi hərbi əməliyyatların başlanmasına qədər artıq mənəvi-psixoloji deqradasiyaya uğramışdı.

Fars körfəzində müharibə başa çatdıqdan sonra ABŞ Silahlı Qüvvələri müxtəlif miqyaslı psixoloji əməliyyatları İraq Kürdüstanında (1991), Somalidə (1993), Bosniya və Herseqovinada (1993), Haitidə (1994) öz fəaliyyətlərini dəstəkləmək üçün həyata keçiriblər.

Hazırda informasiya-psixoloji təsir vasitələri aşağıdakılar hesab edilir:

• mətbuat vasitələri: qəzetlər, plakatlar, vərəqələr;
• radio, televiziya, internet, elektron vasitələr;
• videofilmlər, kino, video və digər daşıyıcılar və audioinformasiyalar, audiomateriallar;
• məlumatlı-psixoloji təsirin ən səmərəli vasitələrindən biri hesab edilən səsli yayımlar.


Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, şəxsi heyətin və əhalinin düşmənin psixololi təsirlərindən mühafizəsi üçün müvafiq orqanların üzərinə cox ciddi vəzifələr düşür. Qoşunların mənəvi-psixoloji vəziyyətinin zəifləməsinə, xidməti-döyüş fəaliyyətinin sıradan çıxarılmasına yönəlmiş psixoloji əməliyyatların vəzifələrinin, metodlarının və vasitələrinin öyrənilməsi düşmənin bu istiqamətdə fəaliyyətinə qarşı təxirəsalınmaz səmərəli tədbirlərin müəyyənləşdirilməsi, planlaşdırılması və həyata keçirilməsi üçün zəmin yaradır.

(Ardı var...)
Strategyvision.org

Teq: İnformasiya-Müharibəsi   Psixoloji-Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar