İnformasiya müharibəsinin əsasını təşkil edən psixoloji təsir və onun vasitələri - I YAZI
Ona görə də qoşunlara psixoloji təsirin mahiyyətini və xüsusiyyətlərini izah etmək, şəxsi heyətə müxtəlif növ sosial informasiya ilə işləmək vərdişlərinin aşılanması, düşmən tərəfindən mənfi təsirli psixoloji məlumatların yayılması ilə mübarizə üçün lazımi keyfiyyətlərin tərbiyə edilməsi, döyüş və xidməti fəaliyyət şəraitindəki çətinliklərin və məhrumiyyətlərin öhdəsindən layiqincə gəlmək naminə psixoloji hazırlığının formalaşdırılması zabit heyətinin bu sahədə tam hazırlıqlı olmasını tələb edir.
Dünyada getdikcə qloballaşan və dərinləşən beynəlxalq münasibətlərin kəskinləşməsi, böhran və münaqişələrin dərinləşməsi, yeni-yeni müharibə ocaqlarının yaranması, mövcud vəziyyətdə hər bir dövlətin öz informasiya məkanına nəzarəti daha da gücləndirməli olduğunu, informasiya resurslarının xüsusilə ciddi mühafizəsi uğrunda mübarizədə sayıqlığını itirməməyi dövlətin başlıca vəzifələrindən biri kimi qəbul edilir. Dövlətlər əsas məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etmək uğrunda gizli və açıq şəkildə intensiv mübarizədə və yarışmadadırlar. Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan əldə edilən bilik öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq, gələcəkdə onun istənilən sahədə hücumlarını dəf etmək, eyni zamanda, öz maddi-mənəvi dəyərlərini qorumaq üçün bir vasitədir. Odur ki, informasiya xammal ehtiyatı, enerji daşıyıcıları, faydalı qazıntılar və s. kimi milli strateji resurs olmaqla, dövlətçiliyin əvəzedilməz və əsas sərvətlərindən biri hesab olunmalıdır.
Texnologiyaların inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə “informasiya əməliyyatı” və “informasiya müharibəsi” terminləri geniş istifadə edilməkdədir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə deməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində əsas üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.
Dünya siyasi arenasında baş vermiş dəyişikliklər, Azərbaycanın müstəqil dövlət kimi proqressiv fəaliyyətinə, digər maraqlı dövlətlərdən asılı olmadan yüksələn xətlə inkişafına qarşı yaradılan süni problemlər, o cümlədən ərazi bütövlüyünün pozulması respublikamızın beynəlxalq və daxili siyasətinə bir çox digər dövlətə nisbətən daha artıq dərəcədə təsir göstərmiş, milli təhlükəsizlik problemlərinə yanaşmada köklü surətdə dəyişikliklərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi zərurətini yaradıb.
Təhlükəsizlik – şəxsiyyətin, cəmiyyətin, dövlətin varlığının və proqressiv inkişafının etibarlı təminatı üçün labüd olan mühitin mövcudluğu deməkdir.
Müharibələrin, münaqişələrin tarixinə nəzər salsaq görərik ki, hələ qədim dünyada informasiyanın özlüyündə çox güclü bir silah olması qənaətinə gələrək, fiziki müharibə aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi İM-in aparılması zəruriliyini anlamağa başlayıblar.
Eramızdan əvvəl, dördüncü əsrdə Çində düşmənə qarşı informasiya təsirinin həyata keçirilməsi hərb sənətinin mühüm hissəsi sayılırdı. Qələbə qazanmaq üçün mübarizə aparan tərəflər, öz qoşunlarının sayının artıq olması, guya düşünülmüş, qeyri-adi taktiki manevr edəcəkləri, qüvvələrinin və vasitələrinin üstünlüyü, yeni naməlum silahlara malik olmaları, əsirlərə qarşı loyal münasibət göstərmələri ilə bağlı əks tərəfə müraciətlər ünvanlayır, şayiələr yayırdılar. Həmçinin özlərinin hərbi qüdrətinin daha artıq olduğunu nümayiş etdirən manevrlər edir, qoşunlarının yenilməzliyi və s. haqqında rəy formalaşdırırdılar.
Çingiz xanın hərbi yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaranmasına nail olurdular. Bu cür psixoloji təsir üsullarından Makedoniyalı İsgəndər, Teymurləng və başqa məşhur sərkərdələr də istifadə ediblər.
II Dünya müharibəsi zamanı Hitler və Stalin informasiya-psixoloji təsirin əhəmiyyətini dərindən anlamış, hətta bir çox taleyüklü əməliyyatın keçirilməsi zamanı qazanılan uğurları da məhz bu təsirin sayəsində qazanıblar.
Göründüyü kimi, tarixi baxımdan da informasiya təsiri düşmən əsgərlərinin və mülki əhalinin iradəsinə, şüuruna, hisslərinə informasiya təzyiqi göstərməklə, onların baxışlarını, münasibətlərini, davranışını dəyişmək, düşmənin mənəviyyatını pozmaq və beləliklə də öz məqsədinə nail olmaq üçün bütün potensialını səfərbər etmək üçün psixoloji şərait yaratmaq vəzifəsini yerinə yetirib.
Ekspertlərin fikrincə, informasiya tədricən təminedici vasitə funksiyasından çıxaraq müasir döyüşün mühüm növünə çevrilir. İnformasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə düşmən üzərində üstünlük əldə edilməsi üçün ən müasir texnologiyalar istifadə edilməkdədir.
Lakin informasiya texnologiyalarının sürətli təkmilləşdirilməsi və praktiki tətbiqi özünün şübhəsiz üstünlükləri ilə bərabər, sözün əsl mənasında, insanların həyat fəaliyyətinin bütün sahələrinə müdaxilə etməklə, ümummilli səviyyədə bir sıra strateji problemlərin yaranmasına da səbəb olub.
Bu problemlərin ən mühümü şəxsiyyətin, cəmiyyətin, dövlətin və dövlətçilik institutlarının informasiya təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədəki proseslərin analizi informasiya müharibəsində uduzmağın zərərinin fiziki müharibədəki məğlubiyyətdən geri qalmadığını göstərir. Milli-mənəvi dəyərlərin informasiya təhlükəsizliyinin təminatının etibarlı surətdə həyata keçirilməməsi cəmiyyətdə ictimai institutların tənəzzülünə, dövlət institutlarının iflasına səbəb olmaqla, istənilən etibarlı hesab edilən bir cəmiyyətin inkişaf perspektivlərini şübhə altına alır.
Dövlətin ümumi informasiya təhlükəsizliyi sistemində qoşunların informasiya təhlükəsizliyinin həll edilməsi mühüm əhəmiyyət daşıyır. Bu sahədəki digər mühüm istiqamətlərlə bərabər, şəxsi heyətin mənəvi-psixoloji sayıqlığının zəifləməsinə yönəlmiş psixoloji əməliyyat xarakterli proseslərin qarşısının alınması əsas fəaliyyət istiqaməti sayılmalıdır.
Buna görə də beynəlxalq təcrübədən yararlanmaqla informasiya təhlükəsizliyinin mahiyyəti və strukturu haqqında bəzi məsələlərə aydınlıq gətirilməsi vacibdir.
İnformasiya təhlükəsizliyi – informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəli olmasıdır.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi dedikdə vətəndaşın, cəmiyyətin və dövlətin həyati vacib maraqlarının qorunduğu informasiya mühiti vəziyyəti dərk edilir. Öz növbəsində, cəmiyyətin informasiya mühiti – informasiya resurslarının formalaşması, yayılması, istifadə edilməsi sisteminin və ümumilikdə, informasiya infrastrukturunun məcmusudur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 26 sentyabr 2012-ci il tarixli Fərmanı mühüm əhəmiyyət daşıyır. Həmin fərman ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Bunun üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb, uyğun hökumət strukturlarına fərmandan irəli gələn vəzifələrin icrası həvalə edilib. Faktiki olaraq, qeyd olunan sənədi Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi doktrinası kimi qiymətləndirmək lazımdır.
Silahlı qüvvələrin geniş informasiyalaşma şəraitində fəaliyyəti, qoşunların şəxsi heyətinin çoxsaylı müxtəlif mənbələrdən geniş informasiya alma imkanları ənənəvi hərbi işin inkişafında artıq keyfiyyət baxımından fərqli şəraitin yaranmasını səbəb olub.
Müasir elmi-texniki inqilab informasiya mübarizəsində əsl çevriliş yaratmış, köklü dəyişikliklərin yaranmasına gətirib çıxarıb, psixoloji əməliyyatlar daha fəal və qlobal xarakter alıb, radioelektron mübarizə daha da inkişaf etmiş, yeni informasiya texnologiyalarının tətbiqi sürətlənmiş, onun nəticələri daha nəzərəçarpan olub.
İnformasiya müharibəsi informasiya üstünlüyünün əldə edilməsi məqsədilə, özünün informasiyaya əsaslanan proseslərinin, şəxsi informasiya sistemlərinin və kompyuter şəbəkələrinin informasiya təhlükəsizliyini təmin etmək şərtilə, düşmənin informasiyaya əsaslanan proseslərə, informasiya sistemləri və kompüter şəbəkələrinə təsir etməkdir.
İnformasiya müharibəsinin iki istiqamətini fərqləndirmək lazımdır: texniki – məlumat istiqamətli və psixoloji – məlumat istiqamətli.
İnformasiya-texniki təsir – müxtəlif növ informasiya sistemlərinə telekommunikasiya vasitələrinə, kompyuter şəbəkələrinə qarşı radioelektron mübarizə, həmçinin, radioelektron kəşfiyyat, haker müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi, ilk növbədə, hərbi əlaqələndirmə və idarəetmə sistemləri, paralel olaraq düşmən dövlətin maliyyə-iqtisadi fəaliyyətli, dövlət orqanlarının rəsmi səhifələri və s. hədəfə alına bilər.
İnformasiya-psixoloji təsir – siyasi elita və əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Təbliğat “beyinlərin yuyulması” və psixoloji təsir informasiya-psixoloji təsirin növləridir. İnformasiya-psixoloji təsirin effektliyi, ilk növbədə, məqsəd və hədəflərin düzgün təyinindən, ona müvafiq səmərəli üsulun seçilməsindən asılıdır. İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin formalaşdırılması prosesi dayanır.
(Ardı var...)
Oxşar məqalələr
-
Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
2023-cü ilin İT trendləri| İnvestisiyalar ən çox hansı sahələrə yönəldilir?
-
Pekinin Rusiyanın bioloji müharibə dezinformasiyasına təbliğat dəstəyi – Kiyevə qarşı ittihamlar
-
Nüvə eskalasiyası və Rusiya təbliğatı – Peşəkar deqradasiya ağlasığmaz səviyyədədir
-
Putin 2 pis seçim qarşısında| Onları yalan və təhdidlərin artması tətikləyir?
-
Bu gün Ukraynada Stalinin vəsiyyətlərini kim və necə həyata keçirir?
-
Niyə Ukraynadakı müharibə Belarusda narahatlıqları artırır?
-
Qərb “köstəbəyi vurmaq”la məşğuldur| Dezinformasiyaya qarşı mübarizə necə təşkil edilməlidir?
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə