“Bəbir ləkəli qaya”: İnsanlığın ən böyük kəşfinə gedən yol

  “Bəbir ləkəli qaya”:  İnsanlığın ən böyük kəşfinə gedən yol
100     12:04     25 09 2025    
Marsda tapılan “Sapphire Canyon” nümunəsi həyatın izlərinə işarə edən ən güclü geoloji dəlil kimi qiymətləndirilir. Bu kəşf yalnız elmi bir müzakirə deyil, biotəhlükəsizlikdən iqtisadiyyata, iqlimdən qlobal diplomatiyaya qədər yeni müzakirə başlıqlarını da gündəmə gətirir.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Perseverance” aparatı Marsın Jezero Kraterində “bəbir ləkəli qaya” adlanan bir quruluş kəşf etdi. Canlı mənşəli birləşmələrlə və mikrob prosesi ilə əlaqələndirilə biləcək strukturlar ehtiva edən bu qaya Marsda milyardlarla il əvvəl həyat üçün uyğun mühitin varlığına işarə edən ən güclü geoloji sübut olaraq qəbul edilir. “Sapphire Canyon” adlanan bu nümunə dünya xaricində həyat axtarışında ümidverici bir addımdır. Lakin NASA qəti nəticə üçün daha çox nümunəyə və müstəqil təsdiqə ehtiyac olduğunu vurğulayır.

“Perseverance”ın 2021-dən bəri topladığı məlumatlar Jezero Kraterinin bir zamanlar su ilə dolu bir göl yatağı olduğunu təsdiqləyir. Bəbir ləkəli qayadakı quruluşlar mikrob həyatı izlərini xatırlatsa da, oxşar quruluş Yer üzündə bioloji olmayan proseslərlə də yarana bilir. Elmi dünya buna görə ehtiyatlı davranır: “Həyat tapıldı” demək əvəzinə, “həyat mümkün ola bilərdi” nəticəsinə diqqət yetirilir. Karl Popperin yanlışlanabilmə prinsipi ilə hər bir tapıntı sınaqdan keçirilməsi lazım olan fərziyyədir. Alimlər Marsdakı tapmacanı “Marslı” filmindəki Mark Vatninin dediyi kimi “Hər şeyi bir-bir həll edirsən, sonda evə qayıdırsan” məntiqi ilə həll etməyə çalışırlar.

Bundan başqa, bu kəşf yalnız Marsla məhdudlaşmır. Veneradakı fosfin qazı mübahisələri, “Europa” və “Enceladus”un buzaltı okeanları, “Titan”ın metan gölləri həyat axtarışını Günəş Sisteminin ümumi sahəsinə daşıyır. İnsanlığın “kainatda təkikmi?” sualı elmdən fəlsəfəyə, siyasətdən diplomatiyaya qədər qədim bir mübahisəni yenidən canlandırır.

Kəşf Yer üçün nə ifadə edir?

Marsdan Yerə nümunə gətirilməsi biotəhlükəsizlik risklərini də gündəmə gətirir. Xüsusilə pandemiya sonrası dövrdə mümkün mikrob qalıqlarının yarada biləcəyi təhlükələr dövlətləri əməkdaşlığa məcbur edir. 1967 Xarici Kosmos Müqaviləsi kosmosu “insanlığın ümumi irsi” elan etsə də, yaradılan biotəhlükəsizlik protokolları müasir ehtiyacları qarşılamır. Mars tapıntıları ABŞ ilə Çin arasındakı kosmos rəqabətini qızışdırmaqla yanaşı, ortaq risklər qarşısında əməkdaşlıq ümidini də artırır. Yeni beynəlxalq protokolların yaradılması labüddür.

Bundan əlavə, bir zamanlar suya və sıx atmosferə sahib olan Marsın bu gün quraq səhraya çevrilməsi, Yer kürəsinin iqlim gələcəyi üçün güclü xəbərdarlıqdır. Bu dramatik dəyişiklik planetimizi qorumadığımız təqdirdə bizi gözləyən sonu xatırladır. Marsın hekayəsi Paris İqlim Razılaşması kimi qlobal öhdəliklərə mənəvi dayaq verir.

Kosmos araşdırmalarının iqtisadi tərəfi də getdikcə daha aydın görünür. NASA və ESA-nın tapıntıları, “SpaceX” və “Blue Origin” kimi şirkətlərin bazar dəyərlərində dalğalanmalara səbəb olur. Kosmos mədənçiliyi, texnologiya və turizm yeni bir “kosmos iqtisadiyyatı”nın qapısını açır. Amma bu fürsətlər siyasi əngəllərlə də qarşılaşır. Məsələn, ABŞ-də təklif edilən büdcə ixtisarları “Perseverance”ın nümunələri Yerə gətirmə planını riskə sala bilər. Buna qarşılıq, Çinin “Tianwen-3” missiyası ilə Mars nümunələrini 2031-ə qədər gətirmə hədəfi və ESA-nın Mars “Sample Return” proqramındakı iştirakı qlobal rəqabəti və əməkdaşlığı balanslaşdırır.

Marsdakı bioloji materialların hüquqi statusu isə ayrı bir müzakirə mövzusudur. Mövcud müqavilələr kosmos qaynaqlarını “ümumi miras” kimi qəbul etsə də, bioloji materialların patentləşdirilməsi “genetik kolonializm” tənqidlərini gündəmə gətirir. Güclü dövlətlər və ya şirkətlərin Marsdakı mikrob DNT-sinə sahib çıxması dərman və biotexnologiya sahəsində inhisara səbəb ola bilər. Bu, XIX əsr kolonializmini xatırladan yeni bərabərsizlik yarada bilər. Yəni resurslar az sayda aktorun əlində toplanarkən digər cəmiyyətlər imkansız vəziyyətdə qala bilər. Məsələn, 1990-cı illərdə Havay adalarında yerli bitkilərin genetik materiallarının patentləşdirilməsi yerli icmaların hüquqlarının pozulduğu tənqidlərinə yol açmışdı.

Marsda oxşar ssenarinin yaşanması kosmos hüququnu sarsıda bilər. Bu səbəbdən bioloji materialların həqiqətən “ümumi irs” olaraq qorunması üçün yeni hüquqi nizamlamalar qaçınılmazdır. Bu məqamda Türkiyə kimi ölkələr bu hüquqi çərçivənin inkişafında konstruktiv rol oynaya bilər.

Mars elmi və iqtisadi sərhədlərin kənarında siyasi bir sərhəd olaraq da meydana çıxır. Kosmos dövlətlər və şirkətlər arasında yeni bir güc mübarizəsinin səhnəsinə çevrilir. ABŞ Mars missiyaları ilə texnoloji üstünlüyünü möhkəmləndirərkən, Çinin “Tianwen-1” proqramı və Hindistanın “Chandrayaan” missiyaları kosmosu yeni bir hakimiyyət sahəsi kimi təyin edir.

Bu rəqabət yalnız elmi deyil, ideoloji və strateji sərhədlərin də çəkildiyi bir məkan yaradır. Amma əməkdaşlıq imkanları da mövcuddur. Mars tapıntılarının paylaşımı Beynəlxalq Kosmos Stansiyasındakı ortaq fəaliyyətlər kimi dövlətləri bir araya gətirə bilər. Lakin eyni zamanda kosmosun militarizasiyası riski də artır. Peyk əsaslı silahlar və ya kosmos resursları uğrunda çıxacaq münaqişələr yeni bir Soyuq Müharibənin sərhədlərini göyə daşıya bilər.

İnsanlıq tarixinin ən böyük kəşfinə doğru

Marsdakı “bəbir ləkəli qaya” bu gün üçün həyatın qəti sübutu olmasa da, bu inkişaf insanlığın sərhədlərini yoxlayan bir aynadır. Əgər “Perseverance”ın Marsdan topladığı nümunələr Yerə gətirilib laboratoriyalarda dəqiqliklə incələndikdə bioloji izlər təsdiqlənərsə, bu yalnız elmi bir uğur deyil, həm də insanlıq tarixinin ən böyük kəşfi ola bilər. 1492-ci ildə Kristof Kolumbun Amerikaya çatması yeni bir dövr açmış, eyni zamanda kolonial bərabərsizlikləri də gücləndirmişdi. Marsdan gələcək bir təsdiq isə bu dəfə insanlığın ortaq irsini qoruma şüuru ilə elmi, diplomatiyanı və hüququ yenidən formalaşdıra bilər.

Göyə baxdığımızda əslində özümüzü görürük. Mars bu aynanın ən parlaq üzüdür. İnsanlığın kainatda yalnızlığına dair cavabı bəlkə də çox yaxında bu qırmızı planetin səssiz qayalarında tapacağıq.
Strategyvision.org

Teq: Mars   Həyat   Kosmos  


Oxşar məqalələr