Rəqəmsal hökmranlıq və sosial media monopoliyasına qarşı “Next Sosial”: Fərqli olan nədir?

 Rəqəmsal hökmranlıq və sosial media monopoliyasına qarşı “Next Sosial”:  Fərqli olan nədir?
49     10:03     11 09 2025    
Uzun müddətdir sosial media deyiləndə insanların ağlına “X”, “Facebook”, “Instagram”, “TikTok” kimi populyar platformalar gəlirdi. Milyardlarla insanın günün hər saatı məzmun istehsal etdiyi, istehlak etdiyi və qarşılıqlı ünsiyyət qurduğu bu rəqəmsal sahələr əslində olduqca “mərkəzləşdirilmiş” quruluşlardır. Yəni, bu platformaları yaradan və idarə edən şirkətlər istifadəçilərin nə görəcəyinə, hansı məzmunun ön plana çıxacağına və bəzən də nəyin senzura ediləcəyinə qərar verirlər.

Son illərdə isə qarşımıza bu hegemoniyaya və nizama meydan oxuyan yeni bir anlayış çıxdı: Mərkəzləşdirilməmiş sosial media. Xüsusilə Türkiyənin yerli sosial media təşəbbüsü olan “Next Sosial”ın elan olunmasından sonra bu anlayışı daha çox eşidirik.

Mərkəzləşdirilməmişlik nə deməkdir?

Mərkəzləşdirilməmiş sosial media əsas olaraq bir şirkətin və ya başqa bir mərkəzi hakimiyyətin mütləq nəzarəti altında olmayan, paylanmış şəbəkə quruluşuna sahib platformaları ifadə edir. Bu sistemlər adətən açıq protokollar (məsələn, “ActivityPub”) üzərində qurulur. Bu mövzuda ən yaxşı bilinən nümunələrdən ikisi “Mastodon” və “Twitter”in keçmiş CEO-su Cek Dorsinin qurduğu “Bluesky” kimi platformalardır.

Bu tip şəbəkələrdə məzmunlar tək bir mərkəzdə saxlanılmır. Dünyanın hər hansı bir yerində yaradılan serverlərlə nəzarət mexanizmləri paylanır. Beləliklə serverlərin idarəçiləri və ya icmalar öz məlumatlarını nəzarətdə saxlaya bilirlər. Mərkəzləşdirilməmiş quruluşa sahib platformalar sosial media ekosistemində diqqətçəkən alternativ təqdim edir. Bu platformalar istifadəçi məlumatlarının idarəsi, məzmun azadlığı və alqoritmlərin şəffaflığı kimi məsələlərdə mərkəzləşdirilmiş sosial media platformalarından ayrılırlar.

Ənənəvi sosial media platformalarının əksinə, mərkəzi hakimiyyətə bağlı olmadan işləyəcək şəkildə dizayn edilən “Mastodon” kimi platformalar “ActivityPub” adlı bir protokol vasitəsilə fəaliyyət göstərir. Bu quruluş sayəsində istifadəçilər məzmunlarını tək bir mərkəzdən idarə olunmadan paylaşa bilir, həmçinin üçüncü tərəf tərtibatçıların müxtəlif tətbiqlər və alqoritmlər yaratmasına imkan tanınır.

“Mastodon” infrastrukturundan istifadə edən “Next Sosial” platformasının açıq mənbə kodlu olması proqram təminatının xarici tərtibatçılar tərəfindən də əlçatan və inkişaf etdirilə biləcəyi deməkdir. Açıq mənbə kod müvafiq platformanın kodlarının hər kəs tərəfindən görülə, kopyalana və üzərində dəyişiklik edilə biləcəyini ifadə edir. Bu, sistemin təhlükəsizliyini artırmaqla yanaşı, istifadəçilərin də platformanın işləmə mexanizmini daha yaxından analiz etməsinə imkan yaradır. Bu yönü ilə “Mastodon” istifadəçi məlumatlarını mərkəzi serverlərdə toplamayan və yalnız müvafiq server və istifadəçi birliklərinin məlumatlar üzərindəki nəzarətini artıran bir quruluş təqdim edir.

Digər tərəfdən “Mastodon” infrastrukturu istifadəçilərinə standart və sərt alqoritmlər əvəzinə hər bir istifadəçi qrupu və ya serverin özünün müəyyən etdiyi filtrlərlə məzmun axınını fərdiləşdirmə imkanı tanıyır və bu yanaşma ilə məzmun təqdimatında şəffaflıq və fərdiləşdirmə kimi xüsusiyyətlər təmin olunur. “Next Sosial” platforması da məhz bu quruluşla inşa edilmiş formada işləyir.

Mərkəzləşdirilməmiş platformaların xüsusiyyətləri

Mərkəzləşdirilmiş sosial media platformalarını inkişaf etdirən X, “Meta” və “ByteDance” kimi nəhəng şirkətlər istifadəçi məlumatlarını tamamilə öz əllərində saxlayırlar. Bu məlumatlar adətən istifadəçilərə xüsusi reklam hədəfləməsi və ya alqoritmik yönləndirmələr üçün istifadə olunur. Halbuki mərkəzləşdirilməmiş platformalarda məlumatlar tamamilə yaradılan serverlərdə qalır. Məsələn, “X” bütün istifadəçilərin məlumatlarını tək bir mərkəzi serverdə istədiyi kimi manipulyasiya edə bilir. Amma “Mastodon” kimi platformaları istifadə edən sosial media şəbəkələrində minlərlə server yaradıla bilir və istifadəçi məlumatları yalnız həmin serverlərin sahibləri tərəfindən saxlanılır və qorunur. Məzmun idarəsi kimi fəaliyyətlər də yalnız müvafiq serverin idarəçiləri tərəfindən həyata keçirilir. Bundan əlavə, reklam hədəfləməsi kimi bir məqsəd olmadığından məhdud şəxsi məlumatlara ehtiyac duyulur.

Bundan başqa, mərkəzləşdirilməmiş platformalar senzura və filtrasiya siyasətlərinə imkan verməyən quruluşa sahibdir. “X” və ya “Meta” kimi şirkətlər bəzən dövlət siyasətləri səbəbi ilə, bəzən isə şirkət rəhbərlərinin təşəbbüsü ilə istədikləri məzmunu senzura edə bilir və “zərərli” hesab etdikləri söz və ifadələri filtrləyə bilirlər. Bunu edə bilmək üçün də alqoritmlərlə asanlıqla oynaya bilirlər. Halbuki mərkəzləşdirilməmiş platformalarda bu mümkün olmur. Açıq mənbə kodlar sayəsində alqoritmlər mövzusunda da şəffaflıq var.

“Next Sosial” platformasını “X” və bənzərlərindən fərqləndirən nədir?

“Mastodon” infrastrukturundan istifadə edən “Next Sosial” hələ ki, yalnız bir serverlə xidmət göstərir. İstifadəçilərin bu server üzərindən qoşulduğu şəbəkə “X”də olduğu kimi müxtəlif mövzularda müzakirələrə imkan yaradır və ya istifadəçilərin şəxsi məzmun paylaşa bildiyi bir məkan ola bilir. “Next Sosial” bir çox baxımdan “X” platformasına bənzəsə də, infrastruktur və alqoritmlər səbəbindən “X”dən böyük ölçüdə fərqlənir. Bunları qısa şəkildə belə ümumiləşdirmək olar:

“X”də məzmun qaydaları şirkət tərəfindən müəyyən edilir və zaman-zaman istədikləri kimi dəyişdirilə bilir. “Next Sosial” kimi “Mastodon” infrastrukturunu istifadə edən sosial media platformalarında isə hər server öz icma qaydalarını müəyyən edir.

“X” kimi platformalarda bəzi məzmunlar alqoritmik olaraq zəiflədilir və ya “shadow ban” (məzmunların görünməsinin məhdudlaşdırılması) kimi siyasətlərlə görünməz hala gətirilir. Yadımıza salaq, keçmiş dövrlərdə “Meta”nın türk istifadəçilərə tətbiq etdiyi “shadow ban” ilə məzmunlar senzura edilir və hesablar bağlanırdı. “Next Sosial”də isə mərkəzləşdirilmiş quruluş olmadığından və gizli alqoritmik sistem mövcud olmadığından bu cür tətbiqlər mümkün deyil.

“X” və “Meta” kimi platformalarda şirkət quruluşu və gizli əlaqələr səbəbi ilə bəzi dövlətlərin (ABŞ və İsrail kimi) tələbləri əsasında məzmunlar silinə bilir. Bunun çox nümunəsini gördük. Halbuki “Next Sosial” kimi platformalarda bu cür siyasətlər infrastruktur baxımından mümkün deyil.

Digər tərəfdən, “X” və digər xarici mənşəli sosial media platformaları Türkiyədəki istifadəçilərə qarşı kiber cinayət və ya rəqəmsal cinayətlərə qarşı lazım olan addımları ata bilmirlər. Hətta bəzən hüquqi proseslərdə problemlər yarada bilirlər. “Next Sosial” tamamilə Türkiyədə fəaliyyət göstərən bir platforma olduğu üçün bu kimi hüquqi problemlərə yol açmır.

Bunlara əlavə olaraq, “X” və digər platformalarda saxta hesab, bot hesab və anonim hesab kimi problemlər yaşanarkən, “Next Sosial”də buna şərait yoxdur. “Next Sosial”də bütün istifadəçilər real şəxsdir. Bu kimi platformalar hər hansı kiber cinayətkar və ya pis niyyətli şəxslərə təhqir və söyüş kimi davranışlar sərgiləyə biləcəyi bir mühit yaratmır.

Nəticə olaraq “Mastodon” kimi infrastrukturdan istifadə edən sosial media platformaları istifadəçiyə ifadə azadlığı və təhlükəsiz sosial media istifadəsi baxımından çox daha çox seçim təqdim edir. Potensial hüquqi problemlərdə isə “X” və digər xarici mənşəli platformalarda yaşanan çətinliklər və maneələr “Next Sosial” kimi şəbəkələr üçün keçərli deyil.

Mərkəzləşdirilməmiş sosial media “X” kimi hegemon şirkətlərin təsirini poza bilərmi?

“Next Sosial” platformasını danışarkən, müzakirə olunmalı mövzulardan biri də “X”, “Meta”, “ByteDance” kimi qlobal nəhənglərin nəyi necə danışacağımızı və paylaşacağımızı müəyyən etməyə çalışdığı bu nizamın hara qədər gedəcəyini sorğulamaqdır. Son 6 ildə dünya miqyasında gələcək vəd edən bir quruluş olaraq ortaya çıxan mərkəzləşdirilməmiş sosial şəbəkələr qlobal hegemoniyasını davam etdirən bu böyük şirkətlərin qurduğu nizamı poza biləcəkmi?

Bu sualın cavabı üçün hələ tez olsa da, uğur qazana bilmək üçün “Next Sosial”, “Bluesky”, “Mastodon” və hətta “Truth Social” kimi platformaların böyük səs-küy yaratması və dünya miqyasında çoxlu istifadəçi sayına çatması vacibdir. Mərkəzləşdirilmiş quruluşa sahib olan, alqoritmlərlə düşüncə və ifadə azadlığını məhdudlaşdıran “X” və “Meta” kimi nəhənglərin bu mövzudakı mövqeləri davam etdiyi müddətcə, gələcəkdə mərkəzləşdirilməmiş sosial medianın daha çox maraq görəcəyini söyləyə bilərik.

Gələcək dövrlərdə bir çox dövlətin öz yerli və milli sosial media platformalarını inkişaf etdirmək adına daha təsirli və sərt addımlar atması ehtimal olunur. Məsələnin yalnız istifadəçi təhlükəsizliyi və ifadə azadlığı olmadığını, məlumatların xarici ölkələrə getməsi baxımından ciddi bir milli təhlükəsizlik problemi olduğunu da vurğulamalıyıq. Bununla bağlı son aylarda Fransanın, Cənubi Koreyanın, Rusiyanın, Çinin və İranın xarici mənşəli tətbiq və platformaları bloklama cəhdləri bu problemin böyüklüyünü və ciddiliyini göstərir.
Strategyvision.org

Teq: Next-Sosial   Sosial-şəbəkə  


Oxşar məqalələr
Son əlavə olunanlar