Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?

Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
328     10:20     07 08 2024    
Amerika Birləşmiş Ştatlarında (ABŞ) aparılan məhdud bir araşdırma Süni Zəka (SZ) menecerlərinin iş yerinin bəzi aspektlərində insan menecerləri ilə bərabər performans göstərdiyini aşkar etdi. Beləliklə, SZ idarəetmədə insanları əvəz etməyə başlaya bilərmi?

Kanadanın Vankuver şəhərində yaşayan Hannu Rauma deyir ki, 83 işçini idarə etmək stresi onu ruhdan salır və məyus edir. Rauma kiçik biznesə marketinq dəstəyi göstərmək üçün kollec tələbələrini işə götürən Tələbə Marketinq Agentliyində baş icraçı vəzifəsində çalışır. O deyir ki, şirkət noyabr ayından ABŞ-də yerləşən “Inspira” adlı şirkət tərəfindən hazırlanmış avtonom SZ menecerindən istifadə etməyə başlayıb və hər şey dəyişib.

SZ meneceri uzaq işçilərə cədvəllərini təyin etməyə və iş yüklərini əvvəlcədən planlaşdırmağa kömək edir. Robot menecerləri işçilərin təqvimlərini idarə edir və onlara iş vaxtı üçün xatırlatmalar göndərir. Bundan əlavə, müxtəlif müştərilərə sərf olunan vaxtı qeyd edir və onların düzgün hesablanmasını təmin edir. SZ, həmçinin menecerlərə yazılı ünsiyyətlərini təkmilləşdirmək üçün təkliflər verir, işlə bağlı suallara cavab verir və mərkəzi portalda bütün işçilərin inkişafını avtomatik yeniləyir.

Rauma deyir ki, SZ menecerinə keçid təkcə stress səviyyələrini azaltmır, həm də işçilərə daha sürətli və daha məhsuldar işləməyə imkan verir: “Mən şirkətin inkişafı və digər müsbət şeylərə diqqət yetirə bilirəm. Bunun ömrümü uzatdığından əminəm”.

Rauma qeyd edir ki, işçiləri ilə münasibətləri də xeyli yaxşılaşıb: “İndi biz daha bərabər şərtlərdəyik. Əvvəllər biz sadəcə olaraq problemləri həll etməyə çalışırdıq. Amma indi biz daha qayğısız müzakirələr apara bilərik”.

SZ insan menecerləri ilə işlədikdə, məhsuldarlıq artır

Rauma və onun 83 əməkdaşından 26-sı “Inspira” və ABŞ-nin Kolumbiya Universiteti, Arizona Əyalət Universiteti və Viskonsin Universitetinin alimləri tərəfindən aparılan və SZ menecerlərinin performansını insanlarla müqayisə edən tədqiqatın bir hissəsi olaraq SZ-dən istifadə ediblər. İştirakçılar üç qrupa bölündü: birinə insan menecer, digərinə SZ meneceri, sonuncu qrupa isə həm SZ, həm də insan menecer təyin edildi.

SZ meneceri işçiləri günlərini əvvəlcədən planlaşdırmağa məcbur etməkdə 44 faiz müvəffəqiyyət əldə etdi və işçilərin 42 faizində vaxtında işə getməyə həvəsləndirə bildi. İnsan menecerlər üçün bu göstəricilər 45 və 44 faizə çox yaxın oldu. Lakin SZ meneceri bir insan menecer ilə ortaq işləyərkən, işçilərin iş günlərini əvvəlcədən planlaşdırmaqda 72 faiz uğur qazandı və vaxtında başlama nisbəti 46 faizə yüksəldi.

Tədqiqatın əhatə dairəsi məhdud olsa da, SZ alətlərindən istifadə etməyə başlayan şirkətlər üçün maraqlı nəticələrə işarə edir.

Nəzarət alətinə çevrilməkdən çəkinmək lazımdır

UPS və “Dell” də daxil olmaqla, şirkətlər insanların gördüyü işlərdə SZ-dən istifadə etmək üçün bu il xeyli sayda iş yerlərini ixtisar edəcəklərini açıqladılar. Bununla belə, Nyu-Yorkdakı Kolumbiya Universitetindən professor Pol Turman idarəetmə rollarını tamamilə SZ ilə əvəz etməyin böyük səhv olacağını iddia edir:

“Orta idarəetmə istənilən şirkətdə ən kritik səviyyədir. Əgər bunlar dəyişməyə başlasa, siz qeyri-müəyyən bir səyahətə sürüklənəcəksiniz. İşçiləriniz davamlılıq hiss etmir, mentorluq və kouçinq almırlar... (Bunlar) insan menecerlərin SZ-dən daha yaxşı olduğu və əslində diqqət yetirmələri lazım olan bütün insan bacarıqlarıdır”.

Professor Turman bildirir ki, SZ menecerləri daha innovativ iş üsulları hazırlaya bilər.

Bundan əlavə, SZ komandada kimlərin geridə qaldığını və insan tərəfindən yaxın diqqətlə idarə edilməsi lazım ola biləcəyini müəyyən edə bilər. Eyni şəkildə, bu onlara daha çox təsdiqə ehtiyacı olan performans ulduzlarına diqqət yetirməyə imkan verə bilər.

Lakin Turman deyir ki, şirkətlər SZ menecerlərinin nəzarət vasitəsinə çevrilməsindən çəkinməlidirlər: “İnsanların nəinki vaxtında gəlmədiklərini, həm də nahara çox vaxt sərf etdiklərini və kifayət qədər salat yemədiklərini gördüyünüz bir nöqtəyə gəlmək istəməzsiniz. O qədər irəli getmək istəməzsiniz”.

Londonda insan resursları üzrə məsləhətçi Tina Rəhman xəbərdarlıq edir ki, SZ idarəetməsinə həddən artıq güvənmək şirkətləri insan aspektlərinə deyil, yalnız biznes nəticələrinə əhəmiyyət verməyə sövq edə bilər: “İşçilərə rəhbərliyi tamamilə yeni SZ sisteminə təhvil vermək və sonra “iş təcrübənizə əhəmiyyət veririk” demək çox çətin olacaq”.

Müəssisələrin xərcləri azalarkən, orijinallığını itirə bilər

“Bores” kibertəhlükəsizlik şirkətinin qurucusu Ceyms Bor deyir ki, SZ menecerləri üçün ən böyük narahatlıq insan problemlərindən deyil, kibertəhlükəsizlikdən qaynaqlanır:

“Əgər SZ meneceriniz varsa, siz şirkətinizin bütün biznes proseslərini, prosedurlarını və müəllif hüquqlarını onun üçün əlçatan etmiş ola bilərsiniz. Proqram təminatı onu kopyalamaq istəyənlər tərəfindən oğurlana bilər və fidyə tələb oluna bilər. Əgər siz bunlardan asılı vəziyyətə gəlmisinizsə və insanları SZ ilə əvəz etmisinizsə, bir az küncə sıxışmısınız, çünki artıq dayanıqlı deyilsiniz və insanlara bu bacarığı vermədiyiniz üçün geriyə dönüş də yoxdur”.

Bor deyir ki, insanlar SZ ilə daha səmərəli ola bilərlər, lakin bunun bəzi nəticələri olacaq: “Daha çox avtomatlaşdırdıqca, daha çox insanı ixtisar etdikcə, bəli, xərclərinizi azaldacaqsınız. Lakin siz həm də şirkətinizi daha çox əvəz edilə bilən hala gətirəcəksiniz”.
Strategyvision.org

Teq: SZ   İnsan  


Oxşar məqalələr
Son əlavə olunanlar